Modern.az

Televiziyalardan hərbçilərin iradına cavab gəldi

Televiziyalardan hərbçilərin iradına cavab gəldi

19 Avqust 2015, 15:49

 

Cəbhə bölgəsində xidmət edən hərbçilər televiziyalarda hərbi vətənpərvərliklə bağlı verilişlərə, sosial çarxlara çox az təsadüf olunduğunu və bu məkanda şou əhlinin “at oynatdığını” bildiriblər.

İctimai Televiziyadan Modern.az-a bildirilib ki, hərbiçilərin söylədiklərini müzakirə etmək istəmirlər.  Onun sözlərinə görə, hər bazar günü “Salam əsgər” hərbi-vətənpərvərlik verilişi yayımlanır: “Verilişdə Azərbaycan əsgərinin döyüş hazırlığı, mənəvi psixoloji durumu işıqlandırılır.  

Azərbaycanın milli qəhrəmanlarının döyüş yolundan bəhs edən “heç kim unudulmur, heç kim yaddan çıxmır” video çarxı gündəlik efirə verilir. Azərbaycanın milli qəhrəmanlarının həyat və döyüş yolundan bəhs edən filmlər isə hər ay yayımlanır.

Ay ərzində Azərbaycanın hərb tarixindən, görkəmli sərkərdə və generallarımızın həyatından bəhs edən ən azı 10-12 film müntəzəm olaraq efirə verilir.  Bir sözlə, deyə bilərik ki, İTV öz ictimai borcundan ləyaqətlə çıxır”.   

ANS Şirkətlər Qrupu prezidentinin media üzrə müşaviri Mais Məmmədov məsələyə bu cür münasibət bildirib: “Mirşahin Ağayev, Vahid Mustafayev və mən də cəbhədə olmuşam. Biz də əsgərimiz şəhid olanda mütləq reportaj hazırlayıb veririk. Efirdə vətənpərvərlik ruhu aşılayan verilişlərin olmamağı barədə söylənilən fikirlər heç də həqiqət deyil. Bu yalandır, təxribatdır. Vahidin qardaşı Çingiz Qarabağda rəhmətə gedib. Bizdə şou yoxdur, hamısı vətənpərvərlik verilişləridir”.  

Tanınmış jurnalist Rövşən Cahangirov məsələyə münasibətində bildirib ki, İTV, ATV, ANS, “Space”  və digər televiziyalarda hərbi-vətənpərvərlik ruhunda verilişlər, sosial çarxlar hazırlanır: “Düşünürəm ki, sadəcə olaraq, bu məsələnin qabardılmasında peşəkarlıq çatmır, verilişlərin keyfiyyətini bir qədər də artırmaq lazımdır.

Telekanallarda milli ruhu aşılayan verilişlərin olmamağı barədə söylənilən fikirlər isə heç də həqiqətə uyğun deyil. Bunu da nəzərə alaq ki, gün ərzində yalnız hərbi-vətənpərvərlik xarakterli verilişlərə yer ayrıla bilməz. 

Ümumiyyətlə, televiziyalarda vətənpərvərlik ruhunda proqramlara xüsusi yer ayrılır, telekanallarda həftə ərzində müxtəlif adlarda hərbi-vətənpərvərlik ruhu aşılayan verilişlər yayımlanır”.    

Vüsalə Qəzənfərqızı  

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi