Modern.az

“Türk dünyası beynəlxalq güclərin qarşısında vahid televiziya ilə dayana bilər”

“Türk dünyası beynəlxalq güclərin qarşısında vahid televiziya ilə dayana bilər”

Media

20 Avqust 2015, 15:41


“Bu çox vacib ideoloji işdir. Dini kitablarda deyilir ki, min şəhidin görə bilmədiyi işi bir damla mürəkkəb görür. Televiziya da yüzlərlə digər kütləvi informasiya vasitəsinin görə bilmədiyi işi görə bilir, insanları səfərbər edə bilir. Bu, damarından türk qanı axan hər bir kəsin arzusuna uyğundur. Bundan güclü və ağıllı addım təsəvvür etmək olmaz”.  

Bunu Modern.az saytına deputat, professor Fəzail İbrahimli Beynəlxalq Türk Xəbər Kanalının yaradılması ilə bağlı imzalanan protokola münasibət bildirərkən deyib. Qeyd edək ki, avqustun 18-də Azərbaycan Türkiyə, Qazaxıstan və Qırğızıstanın milli televiziya kanalları Astanada Beynəlxalq Türk Xəbər Kanalının yaradılması ilə bağlı protokol imzalayıblar. Tədbirdə ölkəmizi Azərbaycan prezidentinin köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunub.  

Deputatın sözlərinə görə, türk dünyası beynəlxalq güclərin qarşısında duruş gətirmək üçün məhz bu cür vasitələrdən istifadə etməlidir:  

“Dünya açıqdır və heç bir gizli şey yoxdur. Bu gün zorun hüquqa diktə etdiyi bir dövrdə yaşayırıq. Beynəlxalq hüquq normalarının tamamilə pozulduğu bir dövrdə yaşayırıq. Ona görə də bu gün qazananlar iqtisadi cəhətdən güclü, siyasi cəhətdən sabit, bir sözlə, hər bir parametrlərinə görə güclü olan dövlətlərdir.

Bu görüşün əhəmiyyətini daha qabarıq formada çatdırmaq üçün bir müqayisə aparardım: ABŞ güclü dövlətdir ki, dünyaya diktə edə bilir, Rusiya güclü dövlətdir deyə ABŞ-a qarşı dura bilir. Türkiyə də güclü dövlət olduğu üçün çox yerdən ona caynaq uzadırlar.

Hətta daxilində də nə qədər caynaqlar var. Bir tərəfdən PKK, o biri tərəfdən adı soyadı-türk, özləri isə erməni xislətli olan insanların qarşısında Türkiyə güclü ölkə olduğu üçün dayana bilir.

Vaxtilə Atatürk deyirdi ki, türkün türkdən başqa dostu yoxdur. Bu əvvəllər bizə qəribə görünürdü. Amma zaman fikrin doğruluğunu göstərdi. Bu gün Türkiyənin, Azərbaycanın, Qazaxıstanın və Mərkəzi Asiyadakı digər türk dövlətlərinin qüdrəti imkan verir ki, onların birgə dediyi sözü dünyaya eşitdirə bilsinlər. Bu dövlətlər bir anlığa bir-birlərinə çiyin söykəsələr, dünya bunların qabağında söz eşitmək məcburiyyətində qalar. Dünya ehtiyatla davranar. Vaxtilə dünyada vahid türk xətti mövcud olub.

Bu xətt Türkiyədən, Azərbaycandan keçib Orta Asiyaya və möhkəmlənib. Sonradan bir xətt ayrı –ayrı vaxtlarda Qazaxıstanda Azərbaycanda və başqa dövlətlərdə aparılan işğalçı siyasət nəticəsində qırıldı. Bu gün o xətti coğrafi baxımdan olmasa da, siyasi, ideoloji, mənəvi, elmi, mədəni baxımdan birləşdirmək olar. Əgər bu olmasa, bayaq dediyim o caynaqlar, o mənfur baxışlar ayrı-ayrılıqda bütün türk dövlətlərinə xəta yetirə bilər. Bu səbəbdən də mən atılan addımı çox yüksək qiymətləndirirəm. Bu çox vacib ideoloji işdir”. Bu məsələ ilə bağlı növbəti tədbir Bakıda keçiriləcək.  

Elmin NURİ

 
Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi