Modern.az

Mülatif müəllim, 75-in mübarək!

Mülatif müəllim, 75-in mübarək!

Media

25 Avqust 2015, 22:12

Əvvəlcədən qeyd edim ki,  bir çoxları  kimi mən də jurnalistikanın incəliklərində, yazılmamış qaydalarında öyrənib, püxtələşənlərdənəm. Nə qanadlarım olan mələyəm, nə də ki, Şeyx Nəsrulla. İndi sual oluna bilər ki, “Ölülər” əsərinin qəhrəmanı Şeyx Nəsrullanın jurnalistikaya nə dəxli? Deyim də... Şeyx Nəsrulla gündə bir xurma yeyib dolanırdı. Mənim də jurnalist kimi aldığım maaş “xurma”ya çatırdı, amma axşamlar evdə “plov” yeyirdim.

Düzünü desəm bu sahəyə  böyük marağım var. Nə az, nə çox 16 il rəsmi, 4 il də qeyri-rəsmi  (çoxu məni Modern.az saytının əməkdaşı bilir) stajım olsa da, bu gün də bu sahədən uzaqlaşa bilməsəm də, mən şəxsən özümü jurnalist hesab etmirəm. 20 illik təcrübəmə nəzər yetirsəm telejurnalistikanı qəzetçilikdən üstün tuturam. Çünki AzTV qaynar qazan idi. Təkrara yol verməyim, qısa deyim: məktəb idi. Və bu məktəbdə Mülatif Adurov  baş müəllimlərimdən biri, birincisiydi. Onun haqqında 70  yaşı tamam olanda “Nəsir İmanquliyevin yetirməsi – Bizim Mülatif müəllim” adlı yazı yazmışdım. Ürəyimi açıb kağıza boşaltmışdım. Ərkyana şəkildə. İnciməmişdi. Özü açıq, səmimi, incə yumoru sevən, yalanı sevməyən adam olduğu üçün, səmimi sözləri də elə olduğu kimi qəbul edir.  

Sentyabrın 1-də isə 75 yaşı tamam olur. Soruşa bilərsiniz ki,  ay Mahir, indiki zəmanədə adam öz ad gününü belə yadından çıxarır. Necə oldu ki,  nə vaxtsa “Xəbərlər”in baş redaktor müavini və baş redaktoru kimi rəhbərin olmuş Mülatif Adurovun doğum günü tarixi  heç yadından çıxmır. Deyim də niyə? Avqustun 30-u baş redaktor Həsən Həsənovun, sentyabrın 1-i isə Mülatif müəllifin doğum günüdür. 1997-ci ildən bəri onların hər ikisini avqustun 31-də təbrik etməyə öyrəşmişəm. Onların verdiyi cavablara da. Biri deyirdi ki, “ad günüm dünən idi”, O birisi də “ad günüm sabahdır” söyləyirdi.

Mülatif müəllim 75-ni haqlayır.  Çox gözəl yaşdır. Ürəklə Mülatif müəllimin üzünə “qoca kişi” demək olar. Səsi də çıxmayacaq, etiraz da edə bilməz.  (Çünki 75 yaş rəsmi statistikada qocalığın başladığı həddir.) Amma bir anlıq duruxuram. Mən Mülatif müəllimi tanıyanda cəmi 30 yaşım vardı, onun da 56. İndi belə çıxır ki, mən də qocalmışam? Axı artıq 50-nin astanasındayam. Bu kövrək və sevindirici notlarda  qocaman jurnalist, ömrünü jurnalistikamıza həsr edən, Prezidentin fərdi  təqaüdçüsü, ata, baba, dost Mülatif Adurovu təbrik edib, ona cansağlığı, uzun ömür arzulayıb yazıma nöqtə qoya bilərdim. Amma xatirəsiz bu  yazının nə ləzzəti? Belə xatirələrdən  AzTV-nin həyatında bilirsinizmi nə qədərdir? Sadəcə yazan yoxdur. Mən isə hərdən çaşıb yazılmamış qanunları pozuram. Yazıram, özü də adlar çəkərək.

AzTV-də işlədiyim müddətdə buraxdığım səhvlər də çox olub. Amma qəribəsi budur ki, heç vaxt buraxdığım səhvlərə görə yox, etmədiyim “xəta”lara görə danlaq yemişəm, ya da töhmət almışam. Sədrimiz Nizami Xudiyev yaxşı adam idi, işdən qovmağı xoşlamazdı, güzəştə gedərdi. Mənə isə həm də bir şair oğlu kimi münasibəti xüsusiydi. Axı atamın xətrini çox istəyirdi. Ümumiyyətlə isə bütün jurnalistlərə tapşırmışdı ki, tədbirlərə gedəndə birinci sırada otursunlar. Axı biz Azərbaycanın 1 nömrəli televiziyasının işçiləriydik. Bunu elə-belə xatırlatmadım, məqsədim var.

2000-ci il idi. Montajdaydım. Baş redaktor məni təcili otağına çağırdı:

-         Mahir, nə oyun çıxarmısan Təhsil Nazirliyində?

-         Heç nə. Başım xarabdır? Bilmirəm ki, təhsil nazirini əvəz edən Əhməd Abdinov kimdir?

-         Bəs niyə səndən sədrə şikayət edib?

-         Bilmirəm.

-         Onda Mülatif müəllimlə gedib yerində ayırd edin. Nizami müəllim də, mən də  inanmırıq ki, sən belə hərəkət edəsən.

Nə “hərəkət”? Hansı “hərəkət”? Mülatif müəllimin otağına girdim. Dedi ki, maşın çağırmışam, gödəkçəni geyin, çıx enerqoblokun qabağına. Dediyi kimi də elədim. RAF-a minib yol aldıq “Domsovet”ə. O vaxt Təhsil Naziriliyi Hökumət evində yerləşirdi.  Pörtmüşdüm. Həyəcan keçirirdim ki, axı neyləmişəm ki, təhsil nazirini əvəz edən Əhməd Abdinov məndən gələcək qudası Nizami Xudiyevə şikayət edib... AzTV-də Əhməd Abdinov “xatalı adamlar” siyahısındaydı. Bir sözü bəs edə bilərdi ki, Nizami müəllimin  qəzəbinə tuş gələsən. Artıq üç nəfər və o cümlədən “Xəbərlər”in redaktoru  Əli Nəcəfxanlı da “töhmət” almaq şərəfinə layiq görülmüşdülər. Səhv etmirəmsə “iclas” sözünün yerinə səhvən “müşavirə” yazdığına görə. Bunları bilirdim. Ona görə də üç gün qabaq Təhsil Nazirliyinin kollegiya iclasını çəkməyə gedəndə “gələcək qohuma” qarşı çox diqqətli idim. Bu da axırı. Hüquq-mühafizə orqanlarının diliylə desək, “üzləşməyə” gedirdim. Fikirləşirdim ki, görəsən Əhməd Abdinovun şikayəti nə olub?


Başladım çəkiliş gününü anbaan yadıma salaraq göz önümdən keçirməyə. Deməli operator Esmira Məmmədovayla maşına mindik. Getdik. Orda düşdük, maşını buraxdıq. Yuxarı qalxdıq. Bizi mətbuat katibi olan bir qadın mehribanlıqla qarşıladı. Həmişə çəkiliş apardığımız zala girdik. Bu dəm mənim yadıma sədrimizin “1-ci sırada oturun!” tapşırığı düşdü. Heç vaxt yadıma düşməzdi e... amma, indi nədənsə yadıma düşdü. Birinci sırada olan 10 yerdən birini seçib  küncdə əyləşdim.  Zal da yavaş-yavaş  dolmağa başladı. Bu dəm zala  daxil olanlardan biri mənə yaxınlaşıb “Bura mənim yerimdir, dur yerimdən!” dedi. Əvvəl sədrimizdən sitat gətirib ayağa qalxmaq istəmədim. Hələ üstəlik nümayişkaranə olaraq  “Əhməd müəllimin gələcək qohumunun işçisinə bu nə hörmətsizlik edirsiniz?” söyləmək istədim.  Amma susdum, yerimdən də durmadım. Həmin şəxs təkid etdi. Mən də onun acığına nə etsəm yaxşıdır. Durub dəhlizə çıxdım, mətbuat katibinin otağından stul götürüb, yenidən zala qayıtdım. Stulu düz həmin adamın qarşısında qoyub oturdum. Bir-iki dəfə də çönüb turşumuş bürokrat sifətinə baxdım ki, bir çırt-mırt eləsin, cavabını verim. Cınqırını da çıxarmadı. Hirsim soyumadı. Gedib 2-ci stulu da gətirdim – operator üçün. Öz stulumla yanaşı qoydum.

Sonra Əhməd müəllim və digərləri zala daxil olub rəyasət heyətində əyləşdilər. Kollegiya iclası başladı. Mən də qeydlərimi apardım. 15 dəqiqə keçmişdi ki, Əhməd müəllim böyük hörmətlə “iclasımızı AzTV-nin “Xəbərlər” proqramından işıqlandırmağa gəliblər. Onlara minnətdarlığımızı bildiririk. Mətbuat katibi, xahiş edirik, qonaqları yola salasınız”. Zaldan çıxdıq. Operator mənə baxdı. Birdən pıqqıltım götürdü dəhlizi.

-         Esmira, bu nə danışır?  Nə “yola sal!”. Başım xarabdır? Nizami müəllim eşitsə işdən qovar e... bizi.

Demə Əhməd müəllim “yola sal”ı əsli mənada, “maşın verin, getsinlər” deyibmiş, mən də məcazi mənada “hörmət eləyin”, yəni ki, “şirinlik qoyun ciblərinə” (əvvəldə dedim də, maaşa – 4 “şirvana” - gündə bir xurmayla dolana bilərdin?)  mənasında başa düşmüşəm.  Bu sözümü mətbuat katibi də eşitdi.  Nə isə, aşağı düşüb maşına əyləşdik. Qayıtdıq işə. Üç dəqiqəlik, gələcək qohuma layiq təmtəraqlı bir mətn yazdım. Qoydum baş redaktorun stolunun üstünə. O da mətnin üçdəbirini pozub elədi 50 saniyə. Qorxumdan tüklərim biz-biz durdu:

-         Həsən müəllim, neyləyirsən? Əhməd Abdinovun tədbiriydi e...

-         Bilirəm. Get montaj elə.

Heç nə demədim. Montajı eləyib, Həsən müəllimə xronometrajı barədə məlumat verdim. Baxdım ki, plana salınmayıb. 20.00  buraxılışına da az qalıb. Həsən müəllimə Əhməd Abdinovun tədbirini çəkdiyimi bir də xatırladıb otaqdan çıxdım. Getdim evə. Səhər işə gələndə gördüm ki, süjet efirə getməyib. Həsən müəllim gələn kimi yenə otağına girdim.

-         Mahir, materialın efirə getməyi sənlik deyil.

-         Ay Həsən müəllim, bu Əhməd Abdinov “xatalı adamdır”, vallah bir zibili çıxacaq.

-         Şair oğlu, narahat olma. Nizami müəllimin də xəbəri var. Onun iştirakıyla olan süjet bir gün qabaq getdiyi üçün, Nizami müəllimlə belə qərara gəldik ki, 2 gündən sonra verək. Özü də kollegiya iclasıdır. Geciksə də olar.

Düzü anlamırdım kollegiya iclasıyla tədbirin fərqini. Amma Həsən müəllim, Nizami müəllim böyük olduğundan gedib sakitcə oturdum yerimdə. 2 gündən sonra isə süjet nəhayət ki, efirə getdi.

Başqa heç nə yadıma sala bilmədim. Başa düşmədim ki, məni niyə “üzləşməyə” aparırlar.Təhsil Nazirliyinə çatana qədər yenə də  anbaan  bütün hər şeyi göz önümdə canlandırdım. Amma neqativ bir şey tapmadım. Nə edəcəkdim, birdən Əhməd Abdinov üzümə desəydi ki, “bəs Mahir pul istəyib”. Dedi dedi də... Üç nəfər ona görə  töhmət alıb, dördüncü də olum mən. Hələ mən Allahıma şükür etməliyəm ki, Nizami müəllim həmən qərar verməyib. Məsələni araşdırmağı ağsaqqal Mülatif müəllimə tapşırıb. Beynimdə əks planlar cızmağa başladım. Birdən şərləsə, atama deyəcəyəm. O da bilir kimə deyəcək. Düzdür mən AzTV-dən çıxacam, amma Əhməd Abdinovun da təhsil naziri olmaq arzusu ürəyində qalacaq, hələ müavinlikdə qalıb-qalmayacağını demirəm.

Daxilimdə Əhməd Abdinova müharibə elan edə-edə gəldik nazirliyə. Qalxdıq kabinetinə. Paltomuzu soyunduq. Katibə deyəndə ki, “buyurun, keçin içəri”, səhərdən təmkinini pozmayan, məndən heç bir izahat istəməyən Mülatif müəllim mənə qəbul otağında gözləməyi əmr etdi. Artıq əsəbimdən tir-tir əsirdim. Bunu görürdü. Mülatif müəllim dediyi kimi də elədim. Oturdum qəbul otağında. Üstündən 10 dəqiqə keçmişdi ki, Mülatif müəllim kabinetdən çıxdı. Katibəylə sağollaşaraq:

-         Mahir, getdik, -  dedi. Dəhlizə çıxdıq.

-         Mülatif müəllim, bəs mən..?

-         Sənə dedim ki, getdik. Mən əvvəldən başa düşürdüm ki, anlaşılmazlıq olub. Söhbət bitdi. Əhməd müəllim də zəng edib Nizami müəllimlə özü danışdı.

Nə “anlaşılmazlıq”, nə “söhbət bitdi”? Mən indi-indi “müharibəyə başlamaq” istəyirdim. İşə qayıtdıq. Mülatif müəllimin otağında həmişə yaxşı çayı, şokolad konfetləri olurdu. Bir stəkan süzüb qoydu qabağıma. İçdim, özümə gəldim. İçəridə baş verənləri başladı nağıl eləməyə.

-         Əhməd müəllim dedi ki, bəs Mahir süjeti 3 gün gecikdirib. Cavab verdim ki, bu Mahirlik deyil. O həll etmir bu məsələləri. Day Nizami müəllimi qatmadım ortaya. Dedim ki, mən gecikdirmişəm, dalbadal olmazdı vermək. Deyərdilər ki, Nizami müəllim qohumbazlıq edir indidən – toy olmamış. Ağlına batdı Əhməd müəllimin. Onda dedi ki, bəs niyə xırda bir süjet getdi, həmişə 3 dəqiqə gedir axı? Cavab verdim ki, o da Mahirlik deyil. Özüm azaltdım. Kollegiya iclası əslində qapalı bir şeydir. Amma sizə hörmət əlaməti olaraq çəkdik və balaca informasiya verdik. Mahir, Əhməd müəllim bir az da fikrə getdi və “müxbir sonra da çıxıb dəhlizdə mənim “yola sal” sözümü lağa qoyub” dedi. Heç nə cavab vermədim. Gülümsədim. Əhməd müəllim yenə fikrə getdi və dedi ki, “yaman kobud işçiniz var. Bu başa düşmür ki, kollegiya iclasında kollegiyanın üzvləri, idarə rəisləri qabaqda oturmalıdır. Buna deyiblər ki, dur! Gedib otaqdan stul gətirib qoyub həmin kollegiya üzvünün qabağına, oturub. Hələ bir saymazyana  süzüb də...”.

-         Mülatif müəllim, özünüz də şahidsiniz ki, Nizami müəllim tapşırıq verib. Mən də onun sözünü yerinə yetirmişəm.

-         Yox, Mahir, mən elə demədim. Dedim ki, “Əhməd müəllim, inanıram. Mahir bunu edər”. O da məəttəl qaldı ki, nə əcəb, səhərdən səni müdafiə edirəm, indi əks getdim. Sözümə davam edib deyəndə ki, “çünki şair Qabilin oğludur”, Əhməd müəllim heç nə söyləmədi. Gülümsündü. Dəstəyi götürüb Nizami müəllimə zəng etdi. Səni də bilirsən nəyə görə içəri qoymadım? Əsəbiydin. Elə söz deyə bilərdin ki, işləri lap korlayardın. Mən bilirəm ki, sənin təqsirin yoxdur.

Mülatif müəllim mənə digər xırdalıqları da başa saldı. Onda anladım ki, Əhməd müəllim süjetin efirə getmədiyi bu üç gündə nə hisslər keçirib.  Təhsil naziri vəzifəsinin icraçısı kimi təhsil naziri kürsüsünün bir addımlığında olan bir vəzifəli şəxsin süjetinin AzTV-nin “Xəbərlər”ində efirə verilməməsi vurulmuş adam anlamı verirdi o vaxt. Ehtiyat edib, heç Nizami müəllimə də zəng etməyib. Yalnız süjet efirə gedəndən sonra məndən şikayət yox, gileylənmək bəhanəsiylə zəng edib ki, bəs görəsən məsələ nə yerdədir. Nizami müəllim də gələcək qohumuna deyə bilməyib ki, “gecikmə mənlikdir”. Bu şikayəti  “müxbirin nəsə umub” kimi qiymətləndirərək, söhbəti dəyişib.

Belə. Bu da Mülatif müəllimlə bağlı kiçik xatirə. Müəllimim, qocaman jurnalist Mülatif müəllim, 75 yaşın mübarək!

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi