Modern.az

Mənim MODERN.AZ-ım

Mənim MODERN.AZ-ım

1 Sentyabr 2015, 00:01

Dekabrın 4-də mənim 49 yaşım tamam olacaq. Bu tarixi yada salmağımdan elə düşünməyin ki, geniş bir ad günü  qeyd etmək fikrim var. Əsla. Uşaqlıqdan atam məni o qədər ərköyün bəsləyib ki, ad günlərindən xoşum gəlmir. İndi isə deyirəm: “Minnətin olsun, Mahir. Tamada xalq şairi Məmməd Rahim. Yanında həyat yoldaşı. Qonşular Bayram Bayramov, İsmayıl Şıxlı, Qasım Qasımzadə, Hüseyn Abbaszadə, Salam Qədirzadə, Əliağa Kürçaylı, Məsud Əlioğlu, Əkbər Ağayev, Orxan Çəmənzəminli, Bəxtiyar Vahabzadə, İsa Hüseynov...”. Burda deyiblər e... “Kiri, gədə. Sən qudurmusan”. Harda qaldım? Hə 4 dekabrda qeyd edəcəyim, ya etməyəcəyim 49 yaşımda. Yox. Qeyd etməyəcəyəm. Yoxdur onlar.

6 YAŞ

6 yaşım olanda sevinirdim. Əsasən 7 yaşı olanlar sevinirdi o vaxt. Çünki məktəbə, 1-ci sinfə gedəcəkdilər. Mən isə 6 yaşında sevinirdim. Məktəb yaşına 65 günüm çatmamasına baxmayaraq. Hazır idim məktəbə. Uşaq bağçasında (Mikayıl Cabbarov, ayıl!) Əlifbanı da, rəqəmləri də oxumağı, yazmağı öyrətmişdilər. Ona görə də məni 7 yaşım tamam olmamış, elə 6 yaşında 190 nömrəli məktəbin 1-ci sinfinə qəbul etdilər. Uzun sorğu-sualdan sonra. Onu da qeyd edim ki,  nə məktəbimizin direktoru Sona Tağıyevanın, nə də digər qadın müəllimlərimizin “bığı” vardı.  “Bığ” yox idisə, deməli onların “bığının altından da heç kim keçməmişdi”.  6 yaşı mən belə sevdim.

1 SENTYABR: BİLİK GÜNÜ, YOXSA SÜLH DƏRSİ?

Neçə  illər oxuyandan sonra aydın oldu ki, bəs 1 sentyabr təkcə təhsil ilinin ilk günü deyilmiş tarixdə. 1 sentyabr həm də 1939-cu ildə 2-ci Dünya Müharibəsinin başlandığı tarixdir. Almaniya Polşaya hücum etməklə bu müharibəyə start verilib. Bəlkə bu gün də kimdən soruşsan ki, 2-ci Dünya Müharibəsi nə vaxt başlayıb? Cavab verəcək ki, 1941-də başlanıb, 45-də də başa çatıb. Amma buna baxmayaraq yenə də 1 sentyabr bizim xatirimizdə  bilik günü qalıb.

İNTERNET ƏSRİ

Sonra internet əsrinə qədəm qoyduq. Aydın oldu ki, bəs 1 sentyabrda Kabardin-Balkar Respublikası qurulub, Özbəkistan müstəqilliyini elan edib, İtaliyada məşhur pitssa yeməyinin şərəfinə “Pizzafest” festivalı keçirilir,  Latviyada isə “Aristotel günü”dür,  İsraildə 1951-ci ildə MOSSAD yaradılıb, Beslanda terror aksiyası baş verib, Puşkinin əmisi Vasili Puşkin, Nobel mükafatı laureatı, yazıçı Fransua Moriak rəhmətə gedib. Boksyor, dünya çempionu Rokki Marçiano və digərləri anadan olub. Bu cür məlumatlar internetdə çoxdur.

1 SENTYABR BU GÜN

Nə vaxt idi 1 sentyabr mənim üçün əhəmiyyətini itirmişdi. Axı daha məktəbə getmirəm. Heç universitetə də... Mütəqilliyimizin Təhsil Nazirliyi 1 sentyabrı 15 etsə də, xatirələrdə yenə bizimçün “1 sentyabr” tarixdir . Amma onu da unuduruq. Amma onu da unuduram. Çünki artıq məndə də 49-dur.

Tale elə gətirdi ki, AzTV, Space, “Xalq qəzeti”ndən sonra Modern.az saytıyla əməkdaşlığa başladım. Tərifləməyəcəyəm. Şəninə alqışlar deməyəcəyəm. Azərbaycan mətbuatında oynadığı roldan danışmayacağam. Yaradıcıları olan Elşad Eyvazlı və Əfqan Qafarlını, onların başçılıq etdiklər kollektivi öyməyəcəyəm. Niyə vaxtınızı almalıyam ki? Pis olsaydı, layiq bilməsəydim ora yazılarımı, hekayələrimi, Leyla xanım Əliyevadan etdiyim tərcümələrimi verərdimmi? Əsla. Ona görə də tərifə ehtiyac yoxdur. İnkişaf, imic, reytinq göz qabağındadır. Bir də ki, 1 sentyabr tarixi yenidən mənimçün qiymətə minib. Çünki Modern.az saytı elə bu tarixdə dünyaya gəlib. Bu gün isə 6 yaşıdır.

6 YAŞIN MÜBARƏK!

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi