Modern.az

“Mən jurnalistəm, Bakıdan danışıram”

“Mən jurnalistəm, Bakıdan danışıram”

23 Sentyabr 2015, 16:56


Deyirlər söz vaxtına çəkər. 1997- ci ilin sentyabr günləri idi.Səhhətinin pisləşməsi ucbatından o, işə çıxmamışdı. Ad günü yaxınlaşırdı. Onu necə təbrik edəcəyimi düşünürdüm. İstəyirdim elə bir hədiyyə olsun ki, onu çox sevindirsin. Heç bir hədiyyə üzərində qərar tuta bilmədim. Birdən ağlıma gəldi ki, ona demədən onun haqqında bir yazı hazırlayım. Heç deməyə ehtiyac da yox idi. Çünki tələbəlik illərini birgə yaşamışdıq. Universiteti bitirəndən sonra da Azərbaycan radiosunda işləmişdik. İndi də “Azadlıq” radiosunda çalışırdıq. Arzularına ,istəklərinə, yaşam tərzinə,  sənət sevgisinə, böyük fədakarlığına  yaxından bələd idim. Onun ad günü üçün hazırladığım “Yaşıdım qızlar “ sərlövhəli  o yazı “ Xalq” qəzetinin 24 sentyabr tarixli nömrəsində dərc olundu.Yəni onun ad günündə. Həmin gün qəzeti oxuyanlar dərhal zəng vurub onu təbrik etmişdilər. O da qəzeti aldırıb yazını oxuyandan sonra mənə zəng vurub, titrək səslə dedi ki, “sən bu gün məni yamanca kövrəltdin”. Mən isə ona deyə bilmədim ki, gözümün qabağında şam kimi saaatbasaat əridikcə, sən də məni hönkür – hönkür ağladırsan. O vaxt o mənim yaşıdım idi. Bu gün o məndən 17 yaş cavandır. İllərin sürəti adamı heyrətə gətirir. Elə bil, dünən idi. Cingiltili səsi qulaqlarımda, çox vaxt  avazımış görünən çöhrəsi gözlərim qarşısındadır. Özü isə II Fəxri Xiyabandakı son mənzilində.

 Bəzən olur ki, mətbuat aləminə yenicə qədəm qoyan, bu aləmdə hələ özünü təsdiq etmək imkanı belə olmayan kimsə çox böyük şəstlə deyir ki,”mən jurnalistəm”. Amma haqqında söhbət açmaq istədiyim  Elmira Əmrah qızı ilk dəfə 1990-cı ilin qanlı yanvar günündə “mən jurnalistəm”dedi. Özü də  şəstlə, təkəbbürlə yox, nalə çəkə- çəkə, göz yaşından boğula -  boğula dedi.  

Bu adi bir nalə də deyildi. Bu günahsız  bir xalqın faciəsindən xəbər verən bir fəryad idi.

Məhz bu fəryadında  “Mən jurnalistəm Bakıdan danışıram”- dedi  Elmira. 

“ Bakını al qana boyadılar. Günahsız insanları gülləbaran etdilər. Heç kimə aman vermədilər. Nə qocaya, nə cavana, nə qıza, nə gəlinə. Bizim xalqa provakasiya hazırlayanlar qoy, bilsinlər ki, zülmün topu varsa, qələsi varsa , zülmün cəllad Qorbaçovu, fitnəkar Yazovu varsa , bu dünyanın erməni provakasiyası varsa, Azərbaycanın da, haqqın da dönməz üzü, əyilməz qolu vardır. Əməli haqq, məsləki haqq, ümidi haqq, Mədinəsi haqq olub, tanklar altına gedən 7 yaşlı, 10 yaşlı, 15 yaşlı, 70 yaşlı Babəki , Koroğlusu , Həcəri vardır.”

Bu fəryad öz xalqının  faciəsini  bütün varlığı ilə yaşayan  bir vətən övladının bağrından qopurdu. Bu fəryad o zaman Münhendən dünyanın bütün ölkələrinə yayılan”Azadlıq” radiosunun dalğalarında səslənirdi.

O qanlı yanvar günlərində  Elmira  Əmrah qızı Azərbaycanın informasiya blokadasını yaran birincilərdən oldu. O vaxtdan başlayaraq  Elmira hər gün Bakıdan danışdı. Bakı həqiqətlərindən danışdı. O cingiltili səsi hər axşam  dünyanın hər yerində,  həm də Azərbaycanda milyonlarla insan  səbrsizliklə gözlədi. Çünki o səsin dediklərini kimsə demirdi. O səsin yanğısı kimsədə yox idi.  İmişlidəki qaçqın düşərgəsindən hazırladığı  reportajda deyirdi ki, “uşaqlar dərdlərini  böyüklər kimi danışa, bölüşə bilmirlər. Uşaqlar məşəqqətli, acınacaqlı həyatı  giley- güzarsız necə varsa eləcə də yaşayırlar. Lakin ağrılı uşaq yaşantısı onun sınıq gələcəyinin bünövrəsini  qoyur. Uşaqların  üzündə - gözündə  həyatın acı , amansız  damğalarının izləri görünür. Mağara həyatından başqa heç nə görməyən , heç nə barədə təsəvvürü olmayan, ətdən, ət yeməyindən başqa heç nə arzulamayan  qaçqın balalarının bu faciəsi görəsən kimin ayağına yazılmalıdır?”

“ Azərbaycan  İnterneşnl” jurnalının baş redaktoru  Betti Bleyer Elmira Əmrah qızı haqqındakı xatirəsində yazır ki, “O əsil peşəkar və öz işinə sadiq bir insan idi. Biz həmişə onun mükəmməl , həqiqəti əks etdirən , analitik yazılarını, xüsusilə də siyasi və beynəlxalq proseslərlə bağlı məqalələrini maraqla oxuyurduq. O məsələnin mahiyyətini açıqlamağı bacarırdı.”

“Mən jurnalistəm. Bakıdan danışıram”.

O həm Bakı reallıqlarından, həm Bakı təzadlarından danışırdı. O qaranı  qara, ağı ağ görüb danışırdı. Düzü düz , əyrini əyri görüb danışırdı. Həm də sözün qədir- qiymətini bilib danışırdı. Çünki bu sənətə təsadüfən gələnlərdən deyildi. Xilqətən jurnalist idi. Həmkarlarının da heç bir uğuru onun diqqətindən yayınmazdı. O, 1997-ci ilin sentyabrında  “525-ci qəzet”ə verdiyi son müsahibəsində  müxbirin “ Bəzilərinin  Azərbaycanda professional jurnalist yoxdur deyiminə sizin münasibətiniz necədir” sualına belə cavab vermişdi.

“ Azərbaycan jurnalistlərinin indiki nəsli öz məktəblərini özləri yaradıblar və bu məktəb Azərbaycan torpaqlarının azad edilməsi  uğrunda mübarizədə, Azərbaycanın müstəqilliyinin əldə edilməsi və qorunub saxlanılması  uğrunda mübarizədə formalaşıb. Kənardan gələn jurnalistlər bu problemlərlə üzləşməyiblər. Biz öz evimizin problemlərindən, öz ağrılarımızdan bu ailənin üzvü kimi yazmaq məcburiyyətində qalmışıq. Kənardan gələnlər üçünsə bu özgənin ağrısını, faciəsini yazmaq olub. Məncə  bunların arasında fərq böyükdür. Demokratik ənənələrlə öyünən bir çox dövlətlərdə jurnalistlər daha çox hay- küy , sensaiya dalınca qaçırlar. Azərbaycan jurnalistikası isə daha çox ölkənin problemlərinin dalınca qaçmalı olub. Hərçənd indi Azərbaycan mətbuatına da boş  hay - küy , yalançı sensasiya dalınca qaçmaq mərəzi təhlükəli şəkildə sirayət etməkdədir. Bu da deyəsən mətbuatımızın  yaşamaq uğrunda mübarizə ehtiyaclarından doğur. Bütün hallarda mən mətbuatda boş hay- küy , yalançı sensasiyanı qəbuledilməz hesab edirəm. Professional  jurnalistikaya gəlincə isə fəxrlə demək olar ki, indi respublikamızda güclü bir jurnalist dəstəsi yetişməkdədir. Mən bunu xarici ölkələrə səfərlərdə olan və digər ölkələrin mətbuat nümayəndələrinin  səviyyəsi ilə tanış olan bir jurnalist kimi deyirəm və bir daha bəyan edirəm ki, Azərbaycan  jurnalistləri  MDB məkanında eləcə də digər ölkələrin mətbuat  nümayəndələri ilə müqayisədə qabaqcıllar sırasında getməyə layiqdirlər”.

“Mən  jurnalistəm. Bakıdan danışıram”

O, Bakıdan danışırdı. Amma Xocalıda gördüklərini danışırdı. Şaxtadan donan uşaqların faciəsindən danışırdı. Həm də  bir ana fəryadı ilə yana- yana danışırdı.

O, Bakıdan danışırdı , həm də Bakının gələcəyinə ümidlə , inamla danışırdı.  1998-ci ilin 27- fevral günündə isə  Bakıda hər kəs ondan danışdı. Hər kəs də bu itgiyə yana- yana danışdı. Hər kəs bu tale yazısından  gileylənib danışdı. Özü isə bu taledən razı idi. Bayaq   xatırlatdığım o müsahibədə “ Taleyinizdən razısızmı ?” sualına belə cavab vermişdi.

“Taleyi biz seçmirik. O bizi seçir. Biz ölərilər bir zaman çərçivəsində  bizi seçmiş taleyin daşıyıcılarıyıq. Ancaq əgər belə bir imkan olsaydı mən çox vaxt mərhəmətindən naşükürlük etdiyim  bu qəribə və mürəkkəb taleyimi  tərəddüd etmədən yenidən seçərdim”.

 Onu yaxından, çox yaxından tanıyan bir insan kimi tam qətiyyətlə deyə bilərəm ki, bu gün sağ olsaydı, yenə də bax, elə bu taleyini, bu sənətini seçərdi. Elmira sənətinə, jurnalistikaya son dərəcə sadiq idi. Onun üçün jurnalistika bütün sənətlərin fövqündə dururdu. Müstəqil jurnalist səlahiyyəti onun üçün ən böyük səlahiyyət idi. Ona dəfələrlə müxtəlif vəzifələr təklif olundu. Amma heç birini qəbul etmədi. Tərəfsiz jurnalistika onun əsas fəaliyyət prinsipi idi. 90- cı illərdə Azərbaycanda radio jurnalistikanın köhnə stereotiplərdən qurtulmağa çox böyük ehtiyacı var idi. “Ütülü” informasiyalar, “ütülü” reportajlar, radioşərhlər dinləyicilər tərəfindən artıq qəbul olunmurdu. Pafoslu, ritoruk cümlələri “həzm etmək” olmurdu. Elmira Azərbaycan radio məktəbinə beynəlxalq radiojurnalistikanın prinsiplərini gətirdi. Bu prinsiplərin ən başlıca mahiyyəti isə hər hansı bir hadisəni necə varsa eləcə “ bər- bəzəksiz” auditoriyaya çatdırmaq və istənilən bir informasiyanı bir neçə mənbədən dəqiqləşdirmək idi. Eyni zamanda informasiya və reportajların, radioşərhlərin dilinin sadələşdirilmasi idi. Bu sahədə Elmiranın xidmətləri böyük oldu. İşin digər çətin bir tərəfi isə ondan ibarət idi ki, dövrün həm reallıqlarını, həm təzadlarını, həm də çətin bir zamanda qazanılan uğurları  görüb dəyərləndirməyi bacarmaq lazım idi. Bir xarici radionun əməkdaşı olmaqla bərabər Azərbaycan vətəndaşı olduğunu unutmamaq gərək idi. Bax, bu böyük qeyrət tələb edirdi. Elmira Əmrah qızı o qeyrətin sahibi idi.

Etiraf etmək gərəkdir ki, Elmiranın jurnalistlik fəaliyyətinin 90- cı illər dövrü əslində Azərbaycanda siyasi proseslərin çox çətin bir dövrü idi. Azərbaycan həm daxildən parçalanmaq, həm də xaricdən müxtəlif təzyiqlərə məruz qalmaq təhlükəsini yaşayırdı. Belə bir məqamda əsl jurnalistin ən ümdə vəzifəsi çaşmamaq, yolunu azmamaq, heç bir siyasi qüvvənin təsirinə düşməmək, doğrunu görməyi bacarmaq idi. Elmira bunu çox böyük ləyaqətlə bacardı. Elmira Azərbaycanın bugünkü  parlaq gələcəyinə inandı. İlk növbədə də bu gələcəyə yalnız  Heydər Əliyev siyasi kursunun nəticəsi olaraq çatmağın reallığına inandı. Əslində bu inamın özü Elmiraya çox” baha” başa gəlirdi. Çox təzyiqlərə məruz qalırdı. Amma öz inamından, öz qətiyyətindən dönmürdü. Nəticə etibarı ilə Elmiranın bu inamı,  bu qətiyyəti qalib gəldi. Məhz Heydər Əliyev siyasi kursunun uğurları nəticəsində Azərbaycan dünyanın ən böyük dövlətləri ilə həm siyasi, həm də iqtisadi zəmində bir sırada addımlamağı bacardı. Təəssüf , min təəssüf ki, Azərbaycanın uğurlu gələcəyinə inanan Elmira onun bu gününü görə bilmədi.

Elmira üçün mövzu məhdudiyyəti yox idi. O ölkədə baş verən hadisələri ardıcıl olaraq izlədiyindən həm siyasi prosesləri çox gözəl şərh etməyi bacarırdı, həm də iqtisadi prosesləri. Çünki bu mövzular da bir- biri ilə çox sıx bağlıdır. O illərdə günün bəzən saatlarla davam edən ən mühüm tədbirlərində iştirak edib, həmin gün üçün operativ olaraq efir materialı hazırlamaq çox çətin idi. Çünki indiki texniki imkanlar yox idi. Nə kompyuter var idi, nə internet. Amma Elmira o çətinin öhdəsindən gəlməyi bacarırdı. Bəzən olurdu ki, verilişin efirə getməsinə 10- 15 dəqiqə qalmış tədbirdən gələrdi.Elə oradaca qeyd etdiklərini dərhal telefonla çatdırardı. Elə vaxtlar olurdu ki, nəinki yemək yeməyə, heç bir içim çay içməyə belə vaxtı olmazdı. Veriliş efirə gedəndən sonra sakitləşərdi. Aclığı, susuzluğu da onda yadına düşərdi.

O dövrün yaşantılarını və Elmiranın iş üslubunu göz önümə gətirəndə birmənalı şəkildə demək olar ki, o sözün əsil mənasında müstəqil jurnalist idi. O kimsəyə yarınmadan, kimsəyə baş əymədən, kimsənin maraqlarının təminatçısı olmadan çalışırdı. Öz məsləkinə , öz əqidəsinə sadiq qalaraq  çalışdı. Onun üçün şəxsi maraq anlamı yox idi. Azyaşlı uşaqlarını  evdə qoyub cəbhə bölgəsinə gedəndə heç düşünmürdü ki, qəfil gülləyə tuş gələ bilərdi, o uşaqlar kiçik yaşlarından anasız qala bilərdilər. 1995- ci ilin martında gecənin bir yarısı  Bakının 8-ci km. qəsəbəsindəki vətəndaş qarşıdurmasının  gərgin bir anında o məkana üz tutanda da həyatını təhlükəyə ataraq öz  övladlarını düşünmədi. Onun həyatından bu qəbil məqamları çox xatırlamaq olar.

Deyirlər fəlsəfə tarixində “ Kamil insan konsepsiyası” adlı  bir konsepsiya olub. Bilmirəm bu konsepsiyanın müəllifi kim olub. Amma bu məlumatı oxuyanda kimə kamil insan demık olar?  Kamillik  hansı yaş dövrünə xas olur? sualları yaranır. Çoxsaylı insan xarakterlərini göz önünə gətirəndə bu sualın ilk cavabı belə ola bilər ki, dünya malında, şan- şöhrətdə, var- dövlətdə gözü olmayan, öz “Mənini” çox erkən dərk etməyi bacaran, ilk növbədə özünə, sözünə sadiq olan, ətrafdakılarla təmənnasız münasibətdə olan, yıxılanı qaldıran, haqqın gözünə dik baxan, Tanrısına üsyan etməyəndir kamil insan. Kamillik yaşla gəlməz, qanla gələr, cana dolar. Elmira Əmrah qızı cəmisi 46 il yaşadı. Həyat şəraitini yaxşılaşdırmaq üçün hər cür ilmkanı var idi. Amma doqquz mərtəbəli evin 9-cu mərtəbəsində yaşadı. Aylarla lift işləmədi. Günlərlə yuxarı su qalxmadı, qaz olmadı. Bəzən metroda sıxıldı, bəzən avtobusda əzildi. Amma bunların  heç birini çox tez- tez görüşdüyü səlahiyyət sahiblərinin yanında dilinə gətirmədi. Bunların heç birini heç dərd də eləmədi. Dərdi tanklar altında qalan insanların faciəsi, işğal altında qalan vətən torpaqları, ev- eşiyindən didərgin düşən qaçqın uşaqlar , Xocalıda donan körpələr oldu. Ömrünün səkkiz ilini bu dərdlərlə yaşadı. Çox şeylərlə barışdı. Amma bu dərdlərlə barışmadı. Elmira qısa bir ömür yaşadı. Amma Kamil bir insan olaraq yaşadı. Kamil insanlar ruhən, mənən güclü olanlardır.

Bu gün Elmira Əmrah qızı cismən aramızda yoxdur. Amma harda haqq varsa, ədalət varsa, sədaqət varsa, cəmiyyətə təmənnasız xidmət varsa, böyük fədakarlıq varsa, həm də hardasa bitməz, tükənməz sənət sevgisi varsa Elmira da orada var. Əgər bu məntiqə inanırıqsa o zaman gəlin, ona AD GÜNÜN MÜBARƏK DEYƏK!


Zərxanım Əhmədli
 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi