Modern.az

“Televiziyalarda insanları təhqir edirlər”

“Televiziyalarda insanları təhqir edirlər”

15 Oktyabr 2015, 16:12

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərovun fikrincə,  Milli Televiziya və Radio Şurasının fəallığı özünü göstərmək üçün deyil. O, Modern.az saytına deyib ki, mövcud vəziyyət təhlil olunur: “Azərbaycanda ictimai, mənəvi mühit, gedən proseslər və televiziyalarımızda müəyyən verilişlərin buna nə dərəcədə cavab verib-verməsi ilə bağlı müzakirələr aparılır”.

Komitə sədrinin sözlərinə görə, bəzi verilişlər həddindən artıq şəxsi mövzular üzərində köklənir, onun da ictimai məzmunu olmur, olanda da ictimai şüura mənfi təsir edir: “Bu, ailə həyata ilə bağlı məsələlərdir. Əgər ailə məsələləri ictimai müzakirəyə çıxarılırsa, ictimai və analitik təhlil də olmalıdır. Yoxsa, konkret faciəvi hadisələri ümumiləşdirməklə, təhlil aparmamaqla problemləri həll etmək olmur”.

Nizami Cəfərov hesab edir ki, MTRŞ-nın iradları, hətta yasaqlar qoyması yaxşıdır: “İnsan aləmi olduqca mürəkkəbdir, rəngarəngdir, amma televiziyalarımız axtarışlar aparmırlar. Televiziyada insan təhqir olunur, amma təhqir olunduğunu özü başa düşmür. Təkcə verilişlərimizdə yox, bir çox seriallarda da belədir. Düşüncə, təfəkkür mükəmməl deyil, məişət üzərində həddindən artıq amorf şeylər var. Hər halda, ehtiyac səbəbindən Milli Televiziya və Radio Şurası belə addım atır və o, yalnız konkret olaraq bir-iki verilişi, hər hansı serialı qadağan etməklə kifayətlənməsin. Bizim televiziyalarımıza izah olunsun ki, bugünkü dünyanın tələbləri nədir, dünya insanı, dünyadakı ictimai-siyasi vəziyyət necədir”.

Deputat bu gün televiziyaların yayımladıqları verilişlərin tələbləri ödəmədiyini də xüsusi vurğulayıb: “Ona görə də bu cür məsələlər, əlbəttə, müzakirə olunmalıdır. Bu münasibət mətbuatda da var. Dərhal dedi-qodu səviyyəsinə endirilir. Bəzi mətbuat orqanlarımızın yazılarından belə çıxır ki, Nuşirəvan müəllimlə ANS arasında intriqa gedir. Belə deyil. Belə hadisələrin təhlili aparılmalı, həm də bu təhlil səviyyəli olmalıdır. Məsələ daha mürəkkəb, daha əhəmiyyətlidir”.

Aytən ZƏHRA

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi