Modern.az

Deputatlığa namizəd jurnalist: “Elə bilirdim indiki deputat özü gəlib mənə xeyir-dua verəcək” - MÜSAHİBƏ

Deputatlığa namizəd jurnalist: “Elə bilirdim indiki deputat özü gəlib mənə xeyir-dua verəcək” - MÜSAHİBƏ

Media

27 Oktyabr 2015, 16:08


Modern.az
saytnın müsahibi V çağırış parlament seçkilərində deputatlığa namizəd, jurnalist Natiq Qocayevdir. O, 10 saylı Binəqədi Üçüncü Seçki Dairəsindən deputatlığa namizədliyini irəli sürüb.

- 10 saylı Binəqədi seçki dairəsində namizədliyim qeydə alınıb.  Namizədliyimin qeydə alınması prosesində heç bir təzyiq, heç bir qeyri-adi hal baş verməyib. Hər şey  şəffaf şəkildə keçib. Rəqiblərimin ikisi bəlli idi, daha sonra digərləri də bəlli oldu. Namizədliyim qeydə alındıqdan sonra bir nəfər namizədliyini geri götürdü. Yerdə qalanların hər birinə hörmətlə yanaşıram və şəxsiyyətlərinə hörmətim var. Həmin dairədə Madər Musayev 25 ildir deputatdır. O, Azərbaycanın ziyalı ağsaqqallarından biridir. Sadəcə olaraq, hər şeyin əvvəli olduğu kimi sonu da olmalıdır. Buna görə də mən gözləyirdim ki, Madər müəllim özü bir ağsaqqal kimi mənə xeyir-dua verəcək. Ancaq bu, baş vermədi. Biz kənarda dost, yoldaş ola bilərik, bu öz yerində, amma seçkidə bir-birimizə rəqibik. Seçicilər kimə səs versə, o da qalib gələcək.

- Sizin rəqiblərinizin, xüsusən də ikisinin deputat seçilmə ehtimalı sizin deputat seçilmə ehtimalınızdan nisbətən də olsa çoxdur. Bunu bilə-bilə seçkiyə getməyi necə izah edirsiniz?

- Mən seçicilərin təxminən 30 %-ini əhatə edən 9-cu və 9A mikrorayon ərazisində böyümüşəm, orada yerləşən 267 saylı orta məktəbi bitirmişəm və hər zaman bu insanlarla ünsiyyətdə olmuşam. Ötən illərdə bizim çoxsaylı görüşlərimiz olub, təxminən 4000 adamla görüşmüşük. Mən o insanların dəstəyinə tam əminəm. Onlar məni tanıyırlar, savadıma, dünyagörüşümə bələddirlər. Məni şəxsən tanımayanlar isə valideynlərimi, qohumlarımı, nəsil-şəcərəmi tanıyırlar. Bizim haqqımızda müsbət fikirləri var, çünki bizim hər zaman xoş sədalarımız gəlib. Qeyd etdiyim bu səbəblərə görə mənim onların dəstəyinə inamım tamdır. Onlar bilirlər ki, lazım olanda bir mətbuat işçisi kimi səslərini ucaltmışam, problemlərini qabartmışam. Bu dəstək az deyil. Biləcəridə öz yaxınlarımdan, qohumlarımdan əlavə Biləcəri sakinlərinin də 20 ilə yaxındır problemlərinin həlli üçün çalışırıq. Binəqədi kəndinin də həmçinin. Onlar məni cəsarətli çıxışlarımdan, analitik məqalələrimdən tanıyırlar. Lakin daha çox böyüdüyüm ərazinin sakinlərinin dəstəyinə ümid bəsləyirəm.

- Tanınmaq, mənəvi dəstək almaq əsas rəqiblərə qalib gəlməyə imkan verirmi?

- Əlbəttə, imkan verir. Bəs son sözü kim deyir – xalq!  Mən seçki müraciətimdə də bir neçə nüansa toxunmuşam: 1979-cu ildən Binəqədi sakiniyəm və hər bir Binəqədi sakini kimi bu ərazinin problemlərinin qayğısı ilə yaşayıram. Mən də onlardan biriyəm. Onların probleminə öz problemim kimi yanaşıram. Mən jurnalistəm. Bir jurnalist kimi insanların qarşılaşdığı qayğıları, problem və uğurları araşdırmaq mənim peşəkar fəaliyyətimin tərkib hissəsidir. Onların səsini ucaltmaq, onların qarşılaşdığı çətinlikləri təhlil etmək və ictimaiyyətə çatdırmaq mənim işimin bir hissəsidir. Bu qəbildən mən istər sosial şəbəkələrdə, istərsə də televiziya və radioda dəfələrlə çıxış etmişəm. Təsadüfi deyil ki, mənim işgüzar fəaliyyətimdə qazandığım nailiyyətlər insanların problemlərinin həlli ilə bağlıdır. Bu gücü, qüvvəni, dəstəyi hiss etdiyim üçün mən əminəm ki, bu seçkilərdə qələbə qazana bilərəm. Ən güclü rəqibim Madər Musayevə gəldikdə isə, o, Azərbaycanın sayılıb-seçilən şəxslərindəndir. Ona və digər rəqiblərimə qarşı heç bir mənfi fikrim yoxdur və ola da bilməz. Layiq olan qazansın.

- Bilirik ki, siz mətbuat qurumunun rəhbərisiniz və əlinizdə mətbu orqanla yanaşı, bir neçə layihə də var. Bu işlərin çoxluğuna baxmayaraq, necə oldu ki, siz namizədliyinizi irəli sürmək qərarına gəldiniz?

- İşlərin çoxluğuna baxmayaraq, mənim belə bir fikrim hər zaman olub. Əgər mən peşəkar fəaliyyətimdə bu məsələlərin araşdırılması, monitorinqi və ictimaiyyətə çatdırılması ilə məşğul olurdumsa, niyə də problemlərin həllində birbaşa iştirak etməyim? Bu işdən hali olan bir insan kimi mən onların həllində də konkret qanunvericilik çərçivəsində iştirakımla dövlətçiliyimizə daha çox xeyir vermiş ola bilərəm. Digər rəqiblərimdən daha çox bu məsələlərdən xəbərdaram.

- Seçicilərinizlə görüşlər keçirmisiniz, bu zaman eşitdiyiniz şikayətlər hansı mövzuda olub?

- Biz bu şikayətləri qruplaşdırmışıq. Son zamanlar müəssisələrə audit orqanları tərəfindən yerli-yersiz müdaxilələrin edilməsi narazılığa səbəb olur. Bunun nəticəsində iş yerləri bağlanır və işini itirmiş insanların problemləri çox olur. Bu haqda möhtərəm prezidentimiz cənab İlham Əliyev də tənqidi fikirlərini bildirib. Məqsədimiz hər bir məsələdə olduğu kimi bu həllivacib məsələdə də prezidentimizin yanında olmaqdır.

Bundan başqa, dislokasiya ərazisində evlərin qeydə alınması ilə də bağlı narazılıqlar var. Kifayət qədər insanın mülkiyyətlə bağlı məhkəmə işləri var. Deməli, qanunvericilikdə müəyyən qədər dəyişikliklər etmək lazımdır ki, məhkəmələrin işi xeyli dərəcədə yüngülləşsin. Qanunvericilikdə boşluqlar olmasaydı, bu cür təzadlı məqamlar yaşanmazdı. Bu işlərin də həllində biz birbaşa iştirak etməyi planlaşdırırıq. Digər məişət problemləri də var. Biz öz çıxışımızda qeyd etmişik ki, millət vəkilinin işi qaz, su, yol çəkmək deyil. Təbii ki, o bu işlərin həllində iştirak edə bilər. Lakin o bu məsələlərdə vasitəçi rolunu oynamalıdır. Bu problemləri aidiyyatı orqanlara bildirə bilər və bu məsələnin həllinə sonuna qədər çalışar.

- Sizcə, Binəqədinin nəqliyyat problemi barəsində hansı işlər görülməlidir?

- Binəqədinin nəqliyyat problemi sözün hər mənasında çox qabarıq şəkildə özünü büruzə verir. İctimai nəqliyyat vasitələrinin əksəriyyəti yararsızdır, çox az sayda marşrutlar var, marşrutların hərəkət istiqamətləri düzgün qurulmayıb. Axşam saatlarında demək olar ki, marşrut tapmaq olmur və insanlar məcburən taksidən istifadə edirlər. Bu məsələlərin də həlli çox vacibdir. Bundan əlavə, təhsil sahəsində problemlər var. Əhali təhsil haqqının çox olmasından şikayət edir.

- Bir qədər də qərargahdakı iş prinsipindən danışın...

- Qərargahımız Yasamalda yerləşir, bizim redaksiyamızdır. Təbliğat-təşviqat işləri davam edir. Digər qərargahımız Biləcəridə Y. Hüseynov 1 küçəsində yerləşir. Orada da insanlar gəlirlər, arzularını, xoş niyyətlərini bildirirlər. Təkliflərini və narazılıqlarını bildirirlər və biz də bunları nəzərə alırıq. Biz hələ ki seçkinin nəticəsini müəyyənləşdirə bilmərik, lakin qalib gələcəyimə inanıram. Biz hələ seçkinin nəticəsini bilmirik, buna baxmayaraq, öz maliyyə məsrəflərimizi edirik, bundan çəkinmədən qərargah açırıq. Vətəndaşların etimadını qazanmaq, seçkilərdən əvvəl onlarla ünsiyyət qurmaq üçün bu addımı atmışıq. Bizim qərargahda insanlar özlərini rahat hiss edir, rahatlıqla öz problemlərini bizə bildirirlər. Bizim qələbədən sonra bir neçə qərargah açmaq fikrimiz də var.

- Seçkilərin nəticələri sizin düşündüyünüz kimi olmasa, planlarınız nə olacaq?

- İlk əvvəl cəsarətlə qalibi təbrik edəcəyəm. Ona işlərində müvəffəqiyyətlər arzulayacağam. Özüm isə jurnalistika sahəsində xalqıma və dövlətçiliyimizə xidmətimi davam etdirəcəyəm. Jurnalist elə millətin vəkili deməkdir.

Türkan BƏŞİR

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi