Nəzirməmməd Zöhrablı: “Həyatımın ən uğurlu məqamı müstəqil Azərbaycan Respublikasının yaranması dönəmində yaşamağımdı”
Jurnalist-publisist Nəzirməmməd Zöhrablı 2015-ci il oktyabr ayının 31-də 50 yaşını yola salmağa hazırlaşır. Bu münasibətlə həmkarımızı təbrik etmək üçün onunla həmsöhbət olub həyat yoluna bir nəzər saldıq. Onun ömür yolundansa təkcə söhbətimiz yox, həm də yazıya əlavə olunmuş fotoşəkillər sizlərə bilgi verəcək.
- Nəzirməmməd müəllim, yarım əsri adlamağınız – 50 yaşı yola salmağınız münasibətilə sizi təbrik edirik.
- Bilmirəm mənmi yarım əsri adlayıram, yoxsa yarım əsr məni küncə sıxışdırıb yola verir, hər halda rəqəmlər dəyişir. Belə deyək ki, tarix təzələnir, siz məni yada salırsız, buna görə Modern.az-ın bütün kollektivinə təşəkkür edirəm.
- 50 yaşın içində sizə uğurlu və uğursuz görünən ən yaddaqalan hadisələr...
- Bilirsiniz, bizim yaşıdlarımıza həm xoşbəxt, həm də məhrumiyyətlərlə dolu bir ömür qismət oldu. Təbii ki, həyatımızın ən uğurlu məqamı müstəqil Azərbaycan Respublikasının yaranması, yarana bilməsi dönəmində yaşamağımızdı. Amma bu da faktdır ki, paralel olaraq bu ömrə başda torpaq itkisi olmaqla, keçid dövrlərinin görün hansı miqyasda “ərməğan” elədiyi yaşantılar da nəsib olub.
- Bu yaşda həyat necə görünür: bədbinsiz, yoxsa nikbin?
- Bədbinliklə bir o qədər də aram yoxdu. Daha doğrusu, onunla münasibəti daha çox öz içimdə həll etməyə öyrəncəliyəm. Doğmalara, dostlara bunu hiss etdirsəydim, yəqin saçlarım bu qədər tez ağarmazdı (gülür). Onu da deyim ki, mən naşükür adam deyiləm. Nikbinəm ki, Tanrının verdiyi ömür payı davam eləyir. Övladlarım oxuyur. Ətrafımda hələ də səmimi doğmalar, dostlar var. Səmimi olmayanı da var. Həyat yekcins deyil. Buna öyrəncəliyik.
- Jurnalistikanı sevirsiniz?
- Övladlarım qədər. Özünüz də şahidsiz ki, iki il mətbuat xidməti, beş il qeyri-hökumət sektorunda çalışanda da jurnalistikasız qala bilməmişəm. Sizlər bunu ancaq yazılarım çap olunanda görmüsünüz. Amma gündəlik həyatımda jurnalistikanın yeri... bunu heç nəyin əvəz edə bilməyəcəyinin qənaətindəyəm. Oxucu və peşəkarlıq baxımından...
- Jurnalist kimi fəaliyyətə hansı media qurumunda başlamısınız?
- Hələ Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə qəbul olunmazdan öncə Masallının “Çağırış” adlı rayon qəzetində o dövrün yazı nümunələrinə uyğun məqalələrlə çıxış etməyə başlamışam. Sonra tələbəlik dövründə respublika mətbuatında yazılarım davam edib. Jurnalist kimi ilk rəsmi işimə o vaxtkı Vətən Cəmiyyətinin “Odlar Yurdu” qəzetində başlamışam. Sonra Nazirlər Kabinetinin orqanı olan “Respublika” qəzetində, daha sonralarsa “Panorama”, “Yeni Zaman”, “Xəzər”, “Vətəndaş həmrəyliyi” və başqa qəzetlərdə müxtəlif vəzifələrdə, eləcə də televiziyalarımızda çalışmışam. Loğman Tibb Məktəbinin mətbuat xidmətinin rəhbəri, AVCİYA-da Söz Azadlığını Müdafiə Fondunun (SAMF) layihələr üzrə koordinatoru olmuşam. Bu təşkilatda doğma Azərbaycan dilimizin qorunması yolunda Şamaxının millət vəkili Elxan Süleymanovun dəstəyi, böyük şairimiz Musa Yaqubun təşkilatçılığı, Vüqar Tofiqli, Gülbahar Qurbanova ilə birgə fəaliyyətimizin xalqımıza, dilimizə hörmət prizmasından əvəzsiz dəyərinə görə özümü çox xoşbəxt sayıram. Bu illər ərzində gödüyümüz işlərin, apardığımız araşdırmaların Azərbaycan xalqı qarşısında çox böyük xidmət olduğunun fərqindəyəm. Bax, fəaliyyətindən, işindən zövq almaq və üstəlik də cəmiyyətə nəsə çatdıra bilmək buna deyirlər. Təəssüf ki, indi o layihələr dayandırılıb. Amma o layihələrin faydalılığı nə maddiyyatla, nə də ki, zamanla ölçülər. Bu yaxınlarda istedadlı jurnalist Ləman Əliəşrəfqızının internet üzərindən mənim dilimizlə bağlı həyəcan təbilimdən bir sitatı ANS kanalında səsləndirməsi də dediklərimə əyani sübutdur. Deməli, zaman-zaman işimin əsl mahiyyətinə işıq sala biləcək sağlam təfəkkürlərin, sağlam fikirlərin şahidi olacağam. Deməli, o layihələr üçün kollektiv şəkildə göstərdiyimiz çabalar heç də hədər getməyib. Bax budur səmimi, gərəkli fəaliyyətin nəticəsi. Ləman xanıma da saytınız vasitəsilə təşəkkür borcumuzdan çıxmaqla, buna sevinməmək olarmı?!
Bu illər ərzində həmçinin “Üçrəngli bayrağa bürünmüş şairə” və “Hər yarpaq bir sözümüz” adlı iki kitabım çap olunub. Onlarla ədiblərimizin, eləcə də dünya ədəbiyyatından tərcümə olunmuş kitabların dilimizə çevrilmiş versiyalarının redaktoruyam.
- Doğma peşənizin hazırkı durumu necə, qaneedicidirmi?
- Çeşid baxımından təbii ki, qaneedicidi. Ancaq məzmunca... Sizə bir şey deyim. Biz jurnalistikaya qədəm qoyduğumuz ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan mediasında bir “qaynama” dövrü yaşanırdı. Amma bu qaynamanın içində necə gəldi yazıb qəzetə, efirə vermək heç ağlımıza da gəlmirdi. Zatən oxucu qınağından da ehtiyat edirdik deyə, SÖZ-ün sərhədlərini gözləyirdik. Həm də sözü uca tuturmuşuq yəqin...
Yaxşı xatırlayıram ki, o zamanlar jurnalistika prinsiplərinə bizim yarızarafat, yarıciddi qəbul etdiyimiz iki ifadə ayaq açmışdı. Bunlar o dövrçün novator rus jurnalistikasından əxz olunmuşdu: “darnı” və “bezdarnı” yazılar. Başqa sözlə, mütləq nəsə verən və ya heç nə verməyən fikirlər, yazılar. Biz bu prinsipi diqqətdə saxladığımızdan formaca ən zəif hesab etdiyimiz yazılarda belə, əsasən onun cəmiyyətə nəsə verdiyinin fərqində olmuşuq həmişə. Düşünməmişik ki, bu yeri dolduraq, bu “planı” başa vuraq, gedib qonorarımızı alaq. Onsuz da bizə verilən qonorarlar da çoxsaylı problemlərimizin həllində heç vaxt yetərli olmayıb. Başqa bir tərəzimizsə “Söz demək xatirinə söz deməmək” kimi nüanslar idi. İndi bəzən medianın artıq oxucuya təqdim etdiyi xəbəri oxuyursan, sona çatırsan, ancaq ya məlum olmur ki, nə baş verib, ya məlum olmur ki, harda baş verib, ya da məlum olmur ki, necə, hansı şəraitdə baş verib. Dəfələrlə bu əsas prinsiplərin pozulduğunun şahidi olmuşam. Amma nə etmək olar? Bu da yəqin günümüzün reallıqlarındandır.
- Bəlkə informasiya bolluğu, texniki imkanlar jurnalistlərimizi tənbəlləşdirir...
- Yəqin ki, bu da faktdır. Bu günün jurnalistikasında bir tənbəlləşmə hiss olunur. Yəni, intensiv - məzmunca tənbəlləşmə. Bəlkə də ona görə ki, peşəkar jurnalistlərin çoxu bu sahəni atıb getdilər, bəlkə də başqa səbəblər var, amma fakt odur ki, indi jurnalistikanın sifəti hesab olunan araşdırma yazılarının sayı barmaqla sayılacaq həddə düşüb. Bu isə jurnalistikanın demokratik cəmiyyətdəki, hüquqi dövlətdəki məşhur rolunu belə heçə endirir. Amma internet-medianın operativliyi jurnalistikanı ayaqda saxlaya bilir. Hələlik operativliyi ilə...
- Bəs telejurnalistikanın hazırkı durumu? Səhv etmirəmsə, bu istiqamətdə bir neçə tənqidi və təqdiredici yazılar yazmısınız...
- Televiziyalarımıza gəldikdə isə... Televiziya bir qədər fərqli jurnalistika tələb edir. Telejurnalistika təbii ki, rejissorluq, operatorluq, montajçılıq və s. ilə vəhdətdə sənət nümunəsidir. Amma yenə birinci növbədə jurnalistika, SÖZ olmalıdır orda da. İndi isə telejurnalistikanın bu ən vacib ünsürü – SÖZ və onun daşıyıcıları olan jurnalistlər elə onların öz dilində desək, onlar “za kadr” deməyi xoşlayırlar, yəni “arxa planda” qalmış kimi görünürlər. Təsəvvür edin ki, televiziyada bu növün əsas meyarı olan sözlə işləməyi tapşırıblar incəsənətçilər başda olmaqla, müxtəlif sahələrdən parıltıya axışanlara. Televiziya, elektron KİV təkcə parıltıdan, şit şoumençilikdən ibarət olmalıdı? Mən bir neçə yazı yazmışam bu əsnada, elə sizin Modern.az saytında çap olunub onlar. Verilişlərin, yazıların tutduğu yerə, efir dəqiqələrinə sərf olunan vaxt və vəsaitlərə, bütün maliyyənin öz xalqının cibindən cıxdığına, yumşaq desək, rəhmi gəlməlidir media rəhbərlərinin...
- Deyəsən, özünüzdən çox uzaqlaşdıq. Özünüz haqqında məlumat vermədiniz...
- Azərbaycanımızın cənub bölgəsində - Masallı rayonunun Qədirli kəndində anadan olmuşam. Atam feldşer işləyirdi. 8 uşağı bizim indiki iki uşağı dolandırdığımızdan pis saxlamırdı. Zəhmətkeş ailə idik. Günümüzü boş-boşuna xərcləmirdik heç birimiz. Təsərrüfat işlərində daim valideynlərimizə yardımçı olurduq. Bu da yəqin ailə büdcəmizin stabil qalmasında öz rolunu oynayıb. Böyük qardaşım Hacı Fərəc Ağayev Masallı rayonunda çox tanınmış həkimdi. Atam istəyirdi ki, mən də həkim olum. Nəsə bu istək məni cəlb eləmədi. Jurnalistikanı seçdim. Azərbaycan təhsilinin məbədi hesab elədiyim Bakı Dövlət Universitetinə qəbul oldum. Şəkillərdən görəcəksiniz ki, müəllim və tələbələrimizdən ölkə mediasının çox tanınmış, həm də dəyərli üzvləri ilə tələbəlik həyatımızı paylaşmışıq. Tələbəlik illərimiz Azərbaycanda bütün mənalarda dəyişikliklər dövrünə təsadüf edib. İdeoloji dəyişiklik, ölkə dəyişikliyi, pul islahatları, qiymət, bahalaşma dəyişikliyi və s.
- Xanımınız, övladlarınız...
- Xanımım Səadət Quliyeva ixtisasca kitabxanaçıdı. İki övladım var. Allah bütün balaları qorusun. Qızım Aygül Quliyeva həkimlik peşəsini seçib. Çox yüksək – 622 balla Azərbaycan Tibb Universitetinə qəbul olunub. Bu qəbul üçün 179 saylı məktəbin kollektivi ilə yanaşı, “Hədəf” kurslarının da pedaqoji kollektivinə minnətdaram. Hazırda üçüncü kurs tələbəsidir. Oğlum Firdovsi məktəblidir hələ. O da həkim olmağı hədəflədiyini deyir. Onların seçiminə hörmətlə yanaşmağımla bərabər, rəhmətlik atamın arzularına işıq salmaq istədiklərinə rəğmən sevinirəm də. Səmimi deyirəm. Peşəmi davam etdirməklərini arzulamamışam. Dəqiq elmləri oxumalarını tövsiyə etmişəm daim. Ümumiyyətlə düşünürəm ki, əksəriyyət balalarımız dəqiq elmləri bilsələr yaxşıdı. Bu, bir insan kimi də, dövlət, xalq kimi də irəliyə getməyimizdə daha yaxşı bir açar rolunu oynaya bilər. Həkimliksə öz seçimləridi. Yəqin burda instinkt rol oynayıb.
Özüm Bakıda yaşasam da, kəndimə, yurduma çox bağlıyam. Böyük mənada Vətənimə bağlı olduğum qədər.
Bu yəqin ki, ilk şəklimdi. 1970-ci ildə çəkilib. Soldan ikinci mənəm. 5 yaşın içində. Atam, anam, məndən kiçik qardaşım və böyük bacımla. Bu şəkildəkilərdən yalnız bacımla mən sağıq.
Birinci sinfi başa çatdı. 1973-cü il. Müəllimin solunda oturan mənəm.
Məktəbin şərəf lövhəsi mənsiz olmazdı. Müxtəlif illərin xatirələri.