Modern.az

Hamımızın Hikməti

Hamımızın Hikməti

Media

30 Oktyabr 2015, 11:34

Seçki kampaniyanın başlanğıcından, irəli sürülən namizəd bolluğu içərisində “Şükür, bu insanların da adı var” dediklərimin sayı elə də çox deyil. Düşünürəm ki, o namizədlərin Milli Məclisdə təmsil olunması, Azərbaycanın qanunverici orqanının tərkibinə sanbal qatar, ölkə daxilində və xaricində Azərbaycana üzağlığı gətirər. 

Bu qəbildən, namizədliyinə daha çox şad olduğum, Azərbaycanın millət vəkili adını daşımağa bütün kateqoriyalar üzrə gözəl örnək saydığım şəxslər içərisində, hörmətli həmkarımız Hikmət Babaoğlunun xüsusi yeri var. 

Parlament vizual görüntü sərgisi, “poz” vitrini deyil, sözü olanların meydanıdır. Hikmət Babaoğlu hər zaman sözü olan adamdır. Dərin savadı, ensklopedik zənginliyi, sınırsız mütaliyəsi ilə istənilən kürsüdə tutumlu söz deyə bilir.  


Hikmət Babaoğlu əsl tribundur.
Malik olduğu intellektual və  natiqlik qabiliyyəti ilə istənilən biganə, yorğun auditoriyanın diqqətini özünə cəlb etməyi, özünü dinlətməyi bacarır. Dəfələrlə bu məziyyətinin şahidi olmuşam: Əvvəlki natiqlərin çıxışından yorulmuş auditoriya növbəti natiqin – Hikmət Babaoğlunun söz növbəsində tribunaya diqqət kəsilib, hətta müəyyən olunmuş reqlamentin çoxdan aşıldığının fərqində olmayıb...    

Müasir deputatdan tələb olunan minimum siyasətçi keyfiyyəti Hikmət Babaoğlu üçün bir ixtisasdır, peşədir.  İstər, mənsub olduğu siyasi qüvvənin təəssübkeşliyini ictimai-siyasi mühitdə layiqli şəkildə həyata keçirməsi, istərsə də, opponentləri ilə mükalimədə ən gərgin durumda, təsirli arqumentlərlə çıxış etdiyi situasiyalarda belə tövrünü pozmaması, hər zaman etik davranması Hikmət Babaoğlunun yetkin siyasətçi olmasının isbatıdır. Məncə, siyasi görüşü hər nə olursa, siyasətdə olan və ya siyasətçi olmaq istəyənlər üçün örnək götürüləsi bir nümunədir.

Hikmət Babaoğlunun anadangəlmə uğurlarından biri, onun təbiiliyi, sadəliyidir. Həyatı boyu yaşadığı kənd və şəhər mühitinin vəhdəti, onda bitkin insan özəlliklərini tərbiyə edib. Ən müxtəlif dünya görüşlü müsahibi rahat şəkildə həmsöhbətinə çevirə bilir. Bu xüsusiyyətinə birlikdə olduğumuz xarici səfərlərdə də şahidlik etmişəm. Azərbaycan haqqında anlayışı olmayan insanlarda necə həvəslə ölkəmizlə bağlı maraq yaratmağa çalışması və bunu, həmin “quru müsahibin” maraq göstərə biləcəyi yöndən etməsi, mütləq şəkildə uğurla nəticələnir.    

Hikmət Babaoğlu görkəmli qələm sahibidir, qəzetçidir. Ölkə gündəmi, Azərbaycana münasibət, geosiyasətlə bağlı aktual məsələlər haqqında yazıları oxucuları ilə yanaşı, həmkarlarının da diqqət və maraqla oxuduğu, öyrəndiyi konseptual məqalələrdir. 

Hikmət Babaoğlu araşdırmaçı, tarixçidir. Son illərdə onun alban milli kimliyi, alban kilsələrinin mənsubluğu, xüsusilə, günümüz üçün aktual olan Akdamar kilsəsi ilə bağlı üzə çıxardığı möhtəşəm dəlillər, yalançı “erməni tarixçiliyi”nə dağıdıcı zərbələr vurdu...  

Həqiqi milliyətçi-yurdsevər, milli aydın Hikmət Babaoğlunun malik olduğu qabiliyyətlərlə Milli Məclisdə öz seçicilərini və xalqımızı layiqincə təmsil edəcəyinə inamlıyam.

1 noyabr parlament seçkisinə qalan müddət artıq saatlarla hesablanır. Namizədlər bəlli,  yəqin  ki, “sandıq başına” gedəcək seçicilərin seçimləri də bəllidir.

Əminəm ki, 19 saylı Nərimanov birinci seçki dairəsinin seçiciləri bu şansı lazımınca dəyərləndirəcək, 1 noyabrda məntəqələrə gedib “Məmmədov Hikmət Baba oğlu”na səs verəcəklər.

Bu seçimdən qazanan isə hamımız olacağıq.  

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi