Musavat.com saytının baş redaktoru Xalid Kazımlının 50 yaşı tamam olur. Bu münasibətlə Modern.az saytı Xalid Kazımlıdan müsahibə götürüb. Müsahibəni təqdim edirik.
- Xalid bəy, öncə doğum gününüzü təbrik edirik. 50 yaş həm də yubiley yaşıdır. 50 yaşın üstünə yaş gəldikcə bəzən qorxu hissi özünü biruzə verir. Yəni, bir çox insanlar hiss etdirməsələr belə qocalmaqdan qorxurlar. Bu gün Xalid Kazımlı həmin o qorxu hissinə məğlub olmaqdan çəkinmir ki?- Qocalmaq elə də qorxulu deyil, amma xoşagəlməz şeydir. İnsanın aktivliyi azalır, enerjisi tükənir, əvvəlki kimi şən ola bilmir və sair. Amma qocalığın bir üstünlüyü də var ki, insan istər-istəməz müdrikləşir, ölçülü-biçili olur. Bir təsəlli var ki, bu qocalıq tək sənin başına gəlmir, hamı yaşlaşır, qocalır. Bu baxımdan məndə rahatlıq var.
Ümumiyyətlə, qocalıq da, ölüm də o qədər də qorxulu bir şey deyil. 100 il, 1000 il əvvəl yox idik, 100 il, 1000 il sonra da həyatda olmayacağıq. Əsl kədərli olan şey insanın öz sevdiklərindən əbədi ayrılmasıdır.
- Müdrik yaşda olmaq insanı həm də müdrik düşünməyə vadar edir. İndiki yaşda doğulduğunuz Füzuli rayonu necə görünür? Məsələn, Azərbaycan ərazisini itiribsə, siz torpaqla bərabər isti yuvanızı itirmisiniz. Ona görə sizin baxış bucağınız da fərqli olmalıdır.
- Doğma torpağı xatırlamaq duyğusal məsələdir. Hər il yayda adamın ürəyi şan-şan olur. Məsələn, kollektivdə deyirlər, bu saat kəndimizin allı-güllü vaxtıdır, gərək bir 3-4 gün gedim dincəlim. Onda yurdunu itirmiş adamlar məhzun-məhzun oturur, bir şey deyə bilmirlər. Bu il kəndimizə xeyli yaxın getmişdim.
Təmas xətti kəndimizdən keçir. Təpənin başına çıxıb baxdım ki, xarabadır. Ancaq kəndimizin torpaqları çox bərəkətldir, bu il də yazda yağmur çox olub, ot-ələfin içində atlı girsə görünməzdi. Hər tərəf yaşıllıq idi. Çox qüssələndim. Adamsız, boş torpaqları görmək ağır idi.
- Təəssüf ki, vətən həsrəti sizinlə birgə addımlayır. Amma, taleyinizdə 26 yaşlı “Müsavat”la bir addımlamaq da var. 26 yaşlı müasir “gəncin” kaprizləri ilə baş-başa gəlmək çətin deyil ki? Həmçinin, 26 yaşlı “gəncə” öyrətdikləriniz və ondan öyrəndikləriniz çox maraqlıdır.
- Mən 20 ildir ki, bu qəzetdə çalışıram. Bundan iki il əvvəl isə yazılarım çıxırdı. Məsələn, bir yazım da 4 iyun qiyamı günü çıxmışdı və başlığı beləydi: "Siyasi revanş: gediş qırmızılarındır". Yazıda söhbət qiyam təhlükəsindən gedirdi.
- 50 illik ömrün 20 ilini bir mətbu orqana həsr etmək onu göstərir ki, sıravi "əsgər"dən “general” rütbəsinə qədər yüksələ bilmisiniz. Maraqlıdır, ailədə mətbuatdakı mövqeyinizə görə sizi anlaya bilirlərmi?
- Kollektivim mənə böyük hörmət qoyur. Sağ olsunlar. Keçmiş iş yoldaşlarım da həmçinin. Hoca deyənlərim var, ustad deyənlərim var, abi deyənlərim var. Məncə, bir jurnalist üçün ən böyük titul elə hoca adlandırılmasıdır. Ailəyə gəlincə, övladlarım jurnalist olmağımla fəxr edirlər.
Namidə BİNGÖL