“Belə jurnalistlər arasında dövlətdən ev alanlar da var”
Noyabrın 20-də Mətbuat Şurasının “Media və məsuliyyət: mövcud durum və perspektiv vəzifələrə baxış” mövzusunda təşkil etdiyi dəyirmi masada yalan informasiya yayan mətbuat orqanları kəskin tənqid edilib.
“Azərbaycan” qəzetinin baş redaktoru, deputat, Mətbuat Şurası İdarə Heyətinin üzvü Bəxtiyar Sadıqov bu və digər məsələlərlə bağlı Modern.az saytının suallarını cavablandırıb.
- Mətbuat Şurası reket jurnalistikadan narazılığını bildirir. Amma eyni zamanda, “qara siyahı”ya düşənlərin adlarını açıqlamır. Bu, bir növ onların qələbəsi deyilmi?
- Bu artıq sübut olunub ki, hər zaman düz əyrini kəsib. Bu gün Azərbaycanda mətbuat və söz azadlığı mövcuddur. Bu azadlıq mərhum Heydər Əliyev 1998-ci il avqustun 6-da mətbuata senzura nəzarətini ləğv edəndən sonra yaranıb.
Təəssüf ki, mətbuatımız müstəqillik dövründə təkcə azad, sərbəst olmadı, eyni zamanda mətbuat azadlığından sui-istifadə etməyə çalışan qruplar yarandı. Mətbuat azaddırsa, o demək deyil ki, kim ağzına, ağlına nə gəlir yaza bilər. Mətbuatın qanun və prinsiplərini unudanlar, vicdanı ilə alverə girənlər, başqa yerdən sifariş alanların olması reallıqdır. Mətbuat Şurasında bunlara qarşı mübarizə aparmaq üçün bizə elə bir vəzifə, səlahiyyət verilməyib. İctimai sifariş olaraq biz bunu qəbul etdik. Jurnalistlərin qurultayında müraciətimizə səs verildikdən sonra biz Mətbuat Şurasında reket jurnalistikaya qarşı mübarizənin strukturunu yaratdıq. Bu, nizamnamədə olmayan, mövcud gerçəklikləri nəzərə alaraq atdığımız addımdır.
- Bəxtiyar müəllim, bu gün Azərbaycanda reket jurnalistikanın siz dediyiniz kimi, əl-qol açmasının, “çiçəklənməsinin” səbəbkarı kimdir?
- Mətbuat Şurasının İdarə Heyətinin üzvü kimi etiraf edirəm ki, mənim də təqsirim var. Yəni 2015-ci ildə reket jurnalistikaya qarşı mübarizə biz tərəfdən zəiflədi. Bəzən “hüquq müdafiəçiləri”, “mətbuat qoruyucuları” beynəlxalq qurumlara, təşkilatlara dezinformasiya verərək şuranın fəaliyyətini mətbuat azadlığının məhdudlaşdırılması kimi qələmə verdilər. Onlara sərf edirdi ki, xaricə Azərbaycan mətbuatının mənfi imicini formalaşdıran anonslar göndərsinlər. Məhz buna görə bəzi qəzetlərin adını “qara siyahı”dan çıxarmaq məcburiyyətində qaldıq. “Bakı 2015” Avropa Oyunlarına 3 aya yaxın vaxt sərf edildi, bütün diqqət ora yönəldi. İkincisi, buna görə reket jurnalistlər arxa planda qaldı. Daha sonra 2 ay parlament seçkilərinə sərf edildi. Bu zaman yenə də “qara siyahı”ya əlavələr olmadı. Yəni ictimaiyyətə bunları açıqlamadıq.
Prezidentin jurnalistlər üçün ev verilməsi ilə bağlı qərarına qüvvət olaraq biz bəzi reket jurnalistlərin adını o siyahıdan çıxartdıq. Fikirləşdik ki, onlar islah olubsa, bu məqamdan yararlana bilsinlər. Bu, onlar üçün həm də bir mükafat idi.
- Belə çıxır ki, Mətbuat Şurası özü, göstərdikləri “xidmət”ə görə reket jurnalistləri mükafatlandırıb... Adlarının siyahıdan çıxarılması onlar üçün ən böyük mükafat deyilmi? Nəzərə alaq ki, illərdir jurnalistika ilə məşğul olan jurnalistlər hələ də kirayələrdə yaşayır...
- Ola bilər ki, siz məsələni belə qoyursunuz. Amma biz başqa cür yanaşırıq. Bu bir mərhəmət, humanizm idi. Çünki bu yoldan döndüklərinə israr etdilər. Biz də düşündük ki, onlar islah olublarsa, mənzil payından bəhrələnsinlər. Əgər siz hesab edirsinizsə ki, bu onlara mükafatdır, deməli, onlar əməllərindən qalmayıblar. Deməli, bizim onlara qarşı nümayiş etdirdiyimiz mərhəmətimiz öz nəticəsini verməyib. “MTN işi” ilə bağlı hadisələr də göstərdi ki, reket jurnalistika yaşayır, fəaliyyətdədir, hələ bir az da qol-qanad açıb.
Mən təəssüf edirəm ki, jurnalistlər bu yöndə araşdırmalarını dayandırdılar. “MTN işi”nə dəstək verən və müəyyən insanların “istintaq”a cəlb edilməsində xidmət göstərən jurnalistləri niyə aşkara çıxarmadılar?
- Əslində bu görəv üzvü olduğunuz Mətbuat Şurasına aid deyilmi?
- Mən sizinlə razıyam. Bunu Mətbuat Şurası etməlidir. Amma necə olur ki, mətbuat hər şeydə araşdırma aparır. Reket jurnalistikaya qalanda, bütün məsuliyyəti istisna hal kimi Mətbuat Şurasının üzərinə qoyur. Mübarizənin zəifləməsinin bir səbəbi də o oldu ki, reket jurnalistikaya qarşı mübarizə vəzifəsini Mətbuat Şurasının üzərinə qoydular. Mən çıxışlarımda demişəm ki, bu, yalnız Mətbuat Şurası ilə bağlı deyil, bütün jurnalistlərlə birlikdə öz təsərrüfatımızda qayda-qanun, təmizlik yaratmalıyıq. Həqiqi, mətbuata sədaqətli jurnalist öz təmiz adını qorumaq üçün reketlərə qarşı mübarizəyə dəstək verməlidir. Təəssüf ki, bu olmadı.
- Bir çox hallarda bildirilir və təsdiqini də tapır ki, reket jurnalistləri maliyyələşdirən, onlara sifarişli yazılar yazdıran yüksək vəzifəli məmurlardır. Onlar bir çox hallarda rəqibini “vurmaq” üçün bu cür “mətbuat nümayəndələri”ndən istifadə edirlər...
- Tamamilə doğrudur. Mən dəfələrlə demişəm ki, reket jurnalistikasını yaşadanlar içərisində biznesmenlər, dövlət məmurları, müxtəlif sahədən olan insanlar var. Faciə ondadır ki, kimsə kimdənsə qisas almaq, ona ziyan vurmaq istəyirsə, mətbuatı alətə çevirir, gizlicə kompromat ötürür. Əllərində fakt olmayan da vəsait ödəməklə “vurmaq” istədikləri adamlara qarşı total hücumlar təşkil edirlər. Reket jurnalistlər birləşib, onlar qrup şəklində fəaliyyət göstərirlər. Reket jurnalistikanı yaşadan budur. Onlara sifarişlər olmasa, mütəmadi muzdlar verilməsə, qəzetləri saxlanılmasa, yaşamaq iqtidarında olmazlar. Faktiki olaraq mətbuat bazarının bugünkü vəziyyətini siz də bilirsiniz, mən də gözəl bilirəm. İndiki tirajlarla qəzet çıxarmaq, onu saxlamaq çox çətindir, ağırdır.
Reket qəzetlərinin tirajı və yayımı elədir ki, onları ayaqda saxlamağa yetməz, özləri özlərini dolandıra bilməzlər. Onlar çirkli pullarla dolanır və yaşayırlar. Reket jurnalistikaya qarşı mübarizə xüsusilə 2013-2014-cü illərdə güclü getdi. Onların bir çoxu bağlandı. Bundan sonra isə fəaliyyətlərini internet mediaya, saytlara transfer etdilər. 2014-cü ilin avqust hadisələrindən sonra Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev tövsiyə etdi ki, saytların, elektron qəzetlərin də “qara siyahı”sı hazırlansın. Bu məsələdə yubanma oldu. Hələ ki işə başlamamışıq, həmin siyahını tərtib etməmişik. “MTN işi”ndə sübut olundu ki, elektron saytların bir çoxu tam reketləşiblər. Hətta “bazar” açılan kimi yeniləri yaranır və “MTN işi”ndən bəhrələnir. O sahə ilə kiçik bağlılığı olan müxtəlif insanlara zəng vuraraq hədə-qorxu gəlir, “sənin də bu işlərlə bağlılığın var, bu qədər vəsait ödə, yoxsa mətbuatda işıqlandıracağam” deyib təhdid edirlər. Yəni azacıq “münbit” şərait yaranan kimi onlar daha çox əl-qol açmağa, ağızlarına, ağıllarına gələni yazmağa başlayırlar. Bayaq dediyimiz qisasçılıq zəminində, əlinə fürsət düşmüşkən, pulu verib sifarişli yazılar yazdırırlar. Deyir “filankəs haqqında da yaz ki, o da bu dəstənin üzvüdür” və s.
- Necə düşünürsünüz, təhdid edilən şəxs günahkar deyilsə, niyə “jurnalist”in alətinə çevrilir?
- Bilirsiniz, hamının ailəsi var. İnsanlar belə məsələlərdə həssas olurlar. Çalışırlar ki, hansısa şəkildə şantaj edənlərin ağızlarını yumsunlar. Bununla reketlər yenidən qidalanmış olurlar. Ona görə mübarizə bütün sahələrdə - həm elektron, həm də çap mediasında getməlidir. Mübarizədə yalnız Mətbuat Şurası yox, jurnalist ordusu iştirak etməlidir. Eyni zamanda, bütün cəmiyyət bizə dəstək olmalıdır. Mətbuat Şurası bayaq sadaladığım səbəblərdən bir balaca diqqəti azaltdığı zaman reketlərin hamısı “çücərdi”, “boy atdı”. İndi əllərində “qılınc” insanlara hücum edərək həqiqi reketliklərini nümayiş etdirirlər. İnanıram ki, bu da keçici haldır. Dünən də qərar qəbul olundu. Bundan sonra monitorinq keçiriləcək, dərhal elektron medianın “qara siayhı”sı tərtib ediləcək.
Bir şeyi də nəzərinizə çatdırım ki, Azərbaycanda hamı hamını gözəl tanıyır, xüsusən də jurnalistlər. Hamımız gözəl bilirik reket jurnalist, təmsil olunduğu qurum hansıdır, sahibi, maliyyələşdirəni kimdir. Onların kişilikləri olsa, haqq-hesablarını mərdcəsinə çəkər. Kişi deyillər ki, kiməsə pul verib başqasını söydürür, böhtan atırlar. Düşünürəm ki, geriyə yolumuz yoxdur. Bu mətbuat bizimdir, haqq sözü qiymətləndirən jurnalistikanın təmizliyi uğrunda səfərbər olmalıyıq. Sonda sizin mənimlə razılaşmadığınız məqama gəlirəm. Bir daha reket jurnalsitlərə, reket mətbuata qarşı heç bir humanizm göstərmək lazım deyil. Onları müstəqil Azərbaycan mətbuatının sferasından təmizləyib çıxarmaq lazımdır. Vəssalam!
Gülşən RAUFQIZI