Modern.az

Aqil Abbas, Rəşad Məcid, yoxsa Türkiyə?

Aqil Abbas, Rəşad Məcid, yoxsa Türkiyə?

27 Noyabr 2015, 20:56


Neçə gündür qalmışam odla su arasında. Yox, elə bilməyin ki, Türkiyə ilə Rusiyanı deyirəm. Əsla. Siyasət mənlik deyil. Vuruşacaqlar, dalaşacaqlar, söyüşəcəklər. Sonra da heç nə olmamış kimi qucaqlaşıb, barışacaqlar. SSRİ ilə Almaniya barışan kimi.  ABŞ-la Yaponiya barışan kimi... Siyahını uzadıb başınızı ağrıtmağa ehtiyac görmürəm. Tarixi hamınız yaxşı bilirsiniz. Türkiyəylə Rusiya həmişə belə olub. Sonda isə təpik altında biz qalmışıq. Bu son münaqişədə də qorxulu heç nə yoxdur. Ruslar demişkən “təyyarənin pulunu ver, kompensasiya ödə. Bir də de ki, “radi Boqa, izvini””. Vəssalam, şüttəmam.

Mənim odla su arasında qalmağımın əsas səbəbkarı Rəşad Məcidlə Aqil Abbasdır. Bilmirəm ki, Rəşad Məcidlə Aqil Abbasın dediyi fikirlərə görə tərəflərini saxlayım, yoxsa tənqid edim. Tənqid etsəm ağıllı adamlar deyəcəklər ki, SSRİ-nin uşaq bağçasına, məktəbinə, universitetinə getdiyin, Leninə “Lenin baba” deyib oktyabryat, komsomol nişanı gəzdirdiyin, pioner qalstuku taxdığın, döş cibində Sovet İttifaqı Kommunist Partiyasının biletini daşıdığın, Dövlət Təhlükəsizlik Komitəsinin Sərhəd Qoşunlarında iki il sərhədçi olduğun, ailə qurduğun, 4659 rubl, yəni əvvəlcədən 40 faiz, qalan 60 faizi (hardasa 8000 rubl) 25 ilə ödəmək şərtiylə kooperativ, iki otaqlı, təmirli  mənzil  sahibi olduğun, 25 il yaşadığın o illər sənə haram olsun. Hələ onu demirəm ki, universiteti bitirəndən sonra Abşeron rayon Partiya Komitəsində instruktor vəzifəm də hazır idi. Atamın dostu, raykomun 1-ci katibi Sadıq Murtuzayev ayırmışdı o yeri mənimçün. Bütün kriteriyalara cavab verirdim: kommunist, ali təhsilli, ailəli, “KQB ordusu”nda iki il nümunəvi xidmət etmiş bir adam, üstəlik də ehtiyatda olan zabit – leytenant.  Hətta o günləri mənə bəxş etməyinin müqabilində SSRİ boyda dövlətə dönük çıxaraq Azadlıq meydanında “Azadlıq, azadlıq!” qışqırdığıma görə hələ məni qınayacaqlar da...

Yaxud da ki, əksinə... Əgər Aqil Abbasın “Türkiyə üzr istəməlidir” və ya  Rəşad Məcidin “Türkiyə üzrxahlıq etməlidir” sözlərinin əleyhinə çıxıb, onları az qala “Vətən xaini” adlandırsam, Rusiyanın tərəfini tutsam... onda da deyəcəklər ki, Mahir haram olsun Türkiyənin çörəyi sənə. Yadındadır, müstəqilliyin ilk günlərində ac qalmışdın.  İş tapmırdın. Qazandığın azadlığı uşaqlara çörək əvəzinə yedizdirə bilmirdin.  Day işləmədiyin idarə qalmamışdı. Özün filoloq idin, amma Bakı Süd Kombinatı, Nərimanov Ticarət və İctimai İaşə İdarəsində kadrlar üzrə inspektor, “Lalə” kooperativində paltarbiçənin köməkçisi, fəhlə işləyirdin a... o vaxt Türkiyədən bizə “Love is”, “Turbo” saqqızı, “Bakuş” biskviti, “Tadella”, “Tatbol”, “Mini, Simi, Cimi” şokoladları, “Petibör“  peçenyesi göndərdilər ki, sən də qapı-qapı, dükan-dükan düşüb  başladın “arşınmalçı”lığa. Ailənə çörək qazandın, əlində diplomun, sənədin və geridə qalan 25 illik sovet həyatın ola-ola. Erməni də bu müstəqillikdən bəhrələnib gəldi dayandı qulağının dibində.  Çünki rus əlini sənin üstündən götürdü. Erməninin - zəncirdə olan itin zəncirini açdı, buraxdı.

Sonra isə bir təhər televiziyaya düzəldin. Yaxşı ki, atan vardı. Onun hesabına gəlib çatdın 49 yaşa. Hansı yaxşıdır? Sovet, yoxsa müstəqillik?  Rusiya, yoxsa Türkiyə? Ayı, yoxsa Boz qurd? Ateist olmaq, yoxsa dindar? Şimal, yoxsa Qərb? Sovet dövründə yaşadığın 25 il, yoxsa həyatının müstəqillik dövrünün 24 ili?

HAŞİYƏ: Atamın “Türkün qəbri” adlı şeiri var. 20-ci əsrin əvvəllərində Azərbaycana gələn xilaskar Türk ordusunun Şamaxı ərazisində ermənilərlə vuruşda ölən Türk əsgərinə həsr olunub.

Xain qonşu
Çəpərləri qırdı, sökdü.
Öz xıltını, illətini
Açıb tökdü.
Gözlərini qan örtdü
Bu nadürüstün.
Silahlıydı,
Kəmfürsətdi,
Orda-burda
Millətimə gəldi üstün.
Od saldılar
Kürəklərdə samovar da
Qaynatdılar
Əl çaldılar...
Sinələrdə
“Dasni çors” da
Oynatdılar...
Eşidincə bu dəhşəti,
Bu zülmü, bu zilləti,
Bu təhqiri, qəbahəti
Ağlasığmaz rəzaləti
Qonşuluqda xəyanəti,
Tərgidilməz,
Tərk edilməz,
Bu şakəri, bu adəti -
Ay-ulduzlu bir diyarın
Bu dağlara o dağlardan
Əhməd gəldi, -
Dilimiz bir.
Məhməd gəldi, -
Dinimiz bir.
Orxan gəldi, -
Çölümüz bir.
Sərxan gəldi, -
Gülümüz bir.
Tural gəldi, -
Sazımız bir.
Cəlal gəldi, -
Sözümüz bir.



Türkiyə ilk dövlət olaraq Azərbaycanın müstəqilliyini tanıdı. Azərbaycan 2-ci dəfə müstəqillik qazananda da 20-ci əsrin əvvəllərindəki kimi eyni vəziyyət idi. Ermənilər torpaqlarımızda at oynadırdı. Atam demişkən “o dağlardan bu dağlara Əhməd, Məhmət, Sərxan, Tural” gəldi. Amma əlində silah yox, treyler dolu saqqız, peçenye, şokolad, pal-paltar. Özü də ki, satmağa. Yadımdan çıxmışdı lap... Fərman Dəmirkol kimilər də gəlmişdi. Çevriliş etməyə. Killer Həsən Tokular da gəlmişdi. Sui-qəsd törətməyə...(SON)

Qarşıma mizan-tərəzi qoyuram. Bir gözünə o 25 ili, bir gözünə bu 24 ili qoyuram.  Tarazlıq pozulmur. Heç meh də əsmir ki, birini o birisindən 1 santimetr də yüksək eləsin. Çünki mən Azərbaycanın yarımçıq vətəndaşıyam. Sözün elə əsli və məcazi mənalarında. Həyatımın yarısı orda keçib, yarısı da burda. O həyat mənə savad, təhsil, bilik, ədəb-ərkan, qabiliyyət, qanacaq verib. Bu həyat isə belələrini sevmir. Çünki kapitalizmə gedirik. O həyat mənə deyirdi ki, “sən istəsən də, istəməsən də səni yaşadacağam.”  Bu həyat isə mənə deyir ki, “bacarırsan yaşa, bacarmırsan öl!”

Mövzudan kənara çıxdım deyəsən. Qayıdaq Rəşad Məcidlə Aqil Abbasa. Mənim kimi yarımçıq Azərbaycan vətəndaşlarına. Bu adqoymamla razı olsalar da, olmasalar da...

HAŞİYƏ: Bir qəbiristanlığın bir qarovulçusu olur. Qış-yay həmişə kürk, sapoq geyinir. Başına qulaqlı papaq qoyur. Bundan soruşurlar  ki, ay kişi, qışı başa düşdük – soyuqdur. Bəs yayda niyə qalın geyinirsən? Cavab verir ki, “bax bu qəbiristanlıqda 30 ildir gözətçi işləyirəm. Bir dəfə də görməmişəm ki, kimsə istidən ölsün. hamı soyuqdan ölür”. (SON)

İndi mən də, Aqil Abbas da, Rəşad Məcid də, külli bizim nəslimiz, lap elə indiki nəsil də bir dəfə də eşitməmişik ki, rusla dost olmağa, rus dilində danışmağa, rus sözləri işlətməyə, ruslarla isti münasibətlərə  görə adamı Mikayıl Müşfiq kimi güllələsinlər, Hüseyn Cavid kimi Sibirə sürgün eləsinlər, Xəlil Rza kimi Lefortovo zindanına salsınlar. Əksinə, Türkçülük, pantürkist damğaları mövcud olub ki, bunun da sonu edam və katorqaymış. Özünə rus desəydin, yaxud da rus, erməni, ukrain millətindən arvad alsaydın, hamıdan bir addım irəlidə gedərdin. Bu gün də ov-yev rus familiyasını daşımırıqmı? Ayağa duranda “bu gün noyabrın 28-i 2015-ci il deyib”, İsa peyğəmbərin mövludunu yad etmirikmi? 37-ci iləcən pasportda türk yazıb, müstəqillik dövründə yenidən “türkəm” deməyib, niyə azərbaycanlıya çevrildik?  Rus məktəblərini, ali məktəblərdə rus dili kafedralarını niyə  bağlamadıq? Çünki biz sovet vətəndaşıyıq. Son sovet vətəndaşı bu dünyadan köçməyənə qədər başımız üstündə sovetin qırmızı bayrağı dalğalanacaq. İkibaşlı qartalın təsvir olunduğu gerbi demirəm hələ.

Sovetin, rusun xofu isə bu gün də yaşayır. Müstəqillik dövründə doğulan uşaqların qəlbində belə. Özümüz aşılayırıq bu xofu onlara: 20 Yanvar, Xocalı soyqırımı, 31 Mart–soyqırımı günü, Şuşanın, Ağdamın, Laçının, Kəlbəcərin, Cəbrayılın, Zəngilanın, Qubadlının, küllən Qarabağın işğal günlərində. Sözümüzün əvvəli də, sonu da “Azərbaycan xalqının başına olmazın müsibətlər açdılar” xitabı olmaq şərtiylə. Qan yaddaşı adıyla qorxunu-ürkünü gələcək nəsillərin qanına yedirtmişik, erməninin, onun havadarı rusun  qabağında artıq gözünü qorxuzmuşuq.

HAŞİYƏ: Rus dünyaya azərbaycanlı dühalar yetişdirib bəxş etdi. Dünyaya açılandan sonra isə hərənin əlində bir telefon, bir planşet ... yalnız süni təfəkkürlü insanlar yetişdirməklə məşğuluq. Bir Qori seminariyası (sonradan Qazax seminariyası) açmaqla hələ çar Rusiyası Azərbaycana Üzeyir Hacıbəyovu, Müslüm Maqomayevi bəxş etdi. Opera sənətinin əsası qoyuldu. İki Musiqi akademiyası, saysız hesabsız musiqi məktəbləri isə bu gün nəinki Bülbül, heç qaşqaldaq da yetişdirə bilmir. Bu seminariyanın son nümayəndəsi İsmayıl Şıxlı isə 20 ildir ki, rəhmətə gedib. Qazaxdan isə hələ də Səməd Vurğunlar çıxmır. (SON)

Çox başınızı ağrıtdım. Nəriman Nərimanov hələ 20-ci əsrin əvvəllərində deyirdi ki, “Azərbaycanın əbədi səadəti Rusiyayla bağlıdır”. Düz deyirdi, yalan deyirdi... bilmirəm. Atalar da deyib ki, “Uzaq qohumdan, yaxın qonşu yaxşıdır”. Onların da yalan və ya düz dediyini siz deyin.

Aqil Abbasla Rəşad Məcidə də dillənə bilmirəm.  Axı, totalitar Sovet dövlətində yaşamırıq. Müstəqillikdir, demokratiyadır və plüralizm. Hamı öz fikrini açıq deyə bilər. Hamı da bir-birinin fikrinə hörmətlə yanaşmalıdır. 

Mənim isə danışmağa heç ixtiyarım yoxdur. Ortadayam, lap  tən ortada. Bir ayağım orda, bir ayağım burda. Bizdən keçdi. Bazar iqtisadiyyatına keçid dövrü də belə bitdi. Kapitalizm başlayır.  Allah, nəvələrimizi, nəticələrimizi, kötükçələrimizi qorusun.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi