Modern.az

Jurnalistika fakultələri bağlanma təhlükəsində...

Jurnalistika fakultələri bağlanma təhlükəsində...

7 Dekabr 2015, 13:27

Jurnalist ixtisasına qəbulla bağlı yeni  ideya və təkliflər ilk dəfə prezident İlham Əliyevlə görüşdə gündəmə gələndə və qarşı tərəfdən çevik müsbət reaksiyalar ortaya qoyulanda, təsəvvürə gəlməzdi ki, mənzərə bu qədər gülməli, həm də acınacaqlı olacaq.

Jurnalist ixtisasına müsabiqə əsasında seçim aparmaq qaydası tətbiq olunduğu son iki il ərzində ortaya universitetlərin elmi ictimaiyyətini ciddi narahat edən bir sıra problemlər çıxarıb.

Birincisi, yaradıcı keyfiyyətlərin aşağı səviyyəsi qəbul planını tamamilə alt-üst edib, nəticədə bu gün dərs otaqları bom-boş qalıb. Fakultə rəhbərliyinin vəzifə kabineti 2-3 tələbəyə görə tədris auditoriyasına çevrilir. Sanki ali məktəb müəllimi ali məktəb tələbəsinə bir künc-bucaqda repititorluq edir.

İkincisi,  müəllimlərin dərs saatları tamamilə minimuma enib, yarımştat anlayışı onun da yarımı olan yeni bir anlayış qazanıb, maaşlar gülməli rəqəmə gəlib çıxıb, sonucda bu gün ali məktəb müəllimi 100 manat maaşı həmin qazana bilir ki, zərbə burada daha pis xarakter alır.  

Üçüncü, müəllimlərin kafedralar, dekanlıqla aktiv fiziki əlaqəsi də kəsilib ki, onların fəaliyyəti getdikcə mənasızlıq kəsb etməyə başlayır.  

Ali məktəblərin rəhbərliyi məsələnin ciddi ictimai müzakirəsinin tərəfdarıdır və TQDK da bu narahatçılığı bölüşür. Çünki əks təqdirdə müsabiqə məsələsində qərarlılıq struktur islahatlarının, yəni, bu fakultələrin bağlanması, müəllimlərin  ixtisarına böyük zərurətin sırasını  başladacaq. Bu isə ali məktəblərlə TQDK-nı və Mətbuat Şurasını ziddiyyətlərə, konfliktlərə aparıb çıxarır.    

Təbii ki, Mətbuat Şurasının istədiyi auditoriyaların qapısını bağlı qoymaq, müəllimlərin cörəyinə bais olmaq deyildi.

Müsabiqə ideyasının müəllifi və bu prosesin aparıcısı kimi MŞ mətbuata yaradıcı qabiliyyəti olan gənclərin axınını təmin etmək niyyəti ilə TQDK ilə birgə belə bir qaydanın tətbiqinə qoşulmuşdu. İki illik qəbul ortaya elə bir gülməli mənzərə çıxarıb ki, bu mənzərənin zərbəsini indi Bakı Dövlət Universiteti, Slavyan Universiteti, Xarici Dillər Universitetinin müəllim-dekan  kontingenti daha artıq hiss edir.

Söhbət ondan gedir ki, BDU-da təxminən, 500 nəfərlik qəbul yerinə, məlumatlara görə  hardasa, 50 nəfər, Slavyan Universitetində 60-70 yerə cəmi 2 nəfər  tələbə adını qazanmalı olub. Xarici Dillərdə isə bu il, ümumiyyətlə, birinci kurs yoxdur.

Bu universitetlərdə tədris həyatı yalnız TQDK-nın müsabiqəsiz apardığı qəbulla təhsil alan hazırkı üçüncü və dördüncü kurs tələbələrinin sayı hesabına qaynaya bilir.


İndi təhsil personalı arasında bir sual var: 3-cü, 4-cü kurs tələbələrinin təhsili başa çatdıqdan sonra nə olacaq?

Təbii ki, onların universitetlə vidalaşmasından və müsabiqə sonuclarının dəyişməyən mənzərəsindən  sonra bu fakultələr öz əhəmiyyətinin olan-qalan zərrələrini də itirməli olacaq. Hətta jurnalistikanın ilk və əsas məkanı olan BDU- da da eyni vəziyyət qaçılmazdır.  Bu isə daha çox həmin fakultələrdən cörəyini qazanan və burada diplomunu reallaşdıran müəllimlərin mənafeyinə zərbə vurur. Amma o demək deyil ki, ideyanın müəllifi MŞ vəziyyətin ciddiliyini vecinə almır.    

Problemin kökü nədən başlayır? Hələlik bu haqda heç kəs danışmaq istəmir, ya da məsələnin daha dərinliklərinə getmək təhsil uzmanlarının ağlına gəlmir.

Ortaya çıxan qüsurların kökü orta məktəblərdən və ibtidai sinifdən esse tapşırığının ənənəvi şəkildə valideynin, eyni zamanda internet imkanlarının öhdəsinə düşməsindən başlayır.

7-8-ci sinifdən sonra esse yazmaq tapşırıqları, ümumiyyətlə, yoxa çıxır. Uşağın öz əməyinin məhsulu olan cızma-qaralar keyfiyyətsizliyinə görə aşağı qiymətləndirilir ki, bu, nə şagirdi, nə də valideyni razı salır. Beləliklə, məktəblinin esse vərdişlərini, müstəqil cızma-qaranı bərbad sayan və internetə, köçürmə üsuluna istiqamətləndirən  müəllimlə valideyn birlikdə pozur.

Bundan başqa, təhsil nazirinin mütaliə ilə bağlı tövsiyyələri bədii kitab öhdəliyi məsələsini məktəblərdə formal səviyyəyə gətirib. Bu isə o deməkdir ki, söz bazası olmayan şagird ən yuxarı sinifdə də essenin öhdəsindən gəlməkdə acız duruma düşür.

Digər tərəfdən, valideyn-müəllim assosasiyaları məktəbin idarə olunması, təhsilin keyfiyyətinə pozitiv təsir üçün şagirdlərlə müştərək işləmək məsələsini hədəf kimi göstərsə də, ağlında birinci növbədə maliyyənin toplanmasını saxlayır. Halbuki şagirdin böyüyəndə hansı qrupa hazırlaşacağı sindromunu dağıtmaq, məhz kim olacağını şüurlarda oturuşdurmaq  məsələsinə, bu ab-havanın yaranması işinə  asossasiyalar töhvə verə bilər; onda istedad tələb edən bütün sahələr kimi jurnalistikaya hazırlıq da çox erkəndən başlayar və şagird məktəb divar qəzetinin, yaxud rayon, şəhər qəzetlərinin həvəskar yazarı kimi özünü göstərmək tələbindən qorxub-çəkinməz.         

Müsabiqələrdə meydana çıxan problemlərdən biri orfoqrafiyanın gözlənilməməsi idi. Bunun da özülü orta məktəblərdə qoyulur, üstəgəl az yaşlardan başlayaraq, texnoloji yeniliklərə düşkünlük, yəni, telefon aparatları üzərindəki alfavitlə latın əlifbası arasında yaranan uyğunsuzluq orfoqrafik səhvlərin şagirdlərin kövrək yaddaşında  pis bir vərdişə çevrilməsinə təsir göstərir.

Odur ki, ali məktəb pilləsində rüsvayçılıqların açılıb ortaya tökülməməsi üçün orta məktəblərdən axsayan təhsilin durumunu elə onun öz içindən başlayaraq müalicə etmək lazımdır.

Yoxsa, zərbə alan təkcə ali məktəb müstəvisində çörəyini qazanan  müəllimlər yox, həm də, bütövlükdə cəmiyyət olacaq.

...Beş-on il bundan qabaqkı jurnalistika istənilən dövlət rəsmisini savadlı və məntiqli suallarla nəfəs almağa qoymurdu. Günəşli yatağında baş verən qəza və çoxsaylı insan itkisi kimi ciddi bir hadisəyə həsr olunmuş mətbuat konfransında ARDNŞ-in vitse-prezidentini sanki monoloqda buraxan, məsələnin ciddiliyini dişli və təfsilatlara aparan  suallarla diqqətdə saxlamaq olarkən, candərdi sual ovqatı, sualı isə əhli-kef halda oturmaqla vermək etikası  gələcək jurnalistikanın pis taleyinin siqnalı deməkdir...  

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi