Hər bir jurnalist fəaliyyəti dövründə ictimai-siyasi, ədəbi-mədəni həyatda xüsusi çəkiyə malik şəxslərdən müsahibə götürmək istəyir. Lakin nəticə hər zaman istədiyimiz kimi olmur.
Modern.az saytı 2015-ci ilin sona çatdığını nəzərə alaraq, bəzi jurnalistlərdən kimlərdən müsahibə götürmək arzusunda olduqlarını öyrənməyə çalışıb.
Virtualaz.org saytının redaktoru Famil Cəfərli deyir ki, hər bir jurnalistin fəaliyyəti dövründə adının qabağında təəssüf hissi ilə minus işarəsi qoyduğu, qrafasını boş saxlamağa məcbur qaldığı potensial müsahiblər var:
“Bu təbiidir, olub, olacaq da. Konkret 2015-ci ilə gəlincə isə məncə, bu ilin ən maraqlı müsahibi sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov olardı. Ondan müsahibə almaq istərdim. O da olmasa, general-mayor Akif Çovdarov və yaxud da Beynəlxalq Bankın keçmiş prezidenti Cahangir Hacıyev. Ona görə ki, vurulan damğalarda bu şəxslərin adları daha aydın oxunur ”.
"Yeni Azərbaycan" qəzetinin müxbiri Nardar Bayramlı elə bir müsahibin olmadığını bildirib: “Adətən, millət vəkillərindən müsahibələr götürürəm. Nə zaman onlara müraciət etmişəmsə, həmişə müsbət cavab almışam. Demək olar ki, müsahibə almaq istəyib ala bilmədiyim kimsə olmayıb”.
Müstəqil jurnalist Natiq Cavadlı prezident İlham Əliyev və Baş nazir Artur Rasizadə başda olmaqla, hökumət rəsmilərindən müsahibə almaq istədiyini söyləyib:
“Həbsdə olan vicdan və siyasi məhbuslardan, eyni zamanda, adı siyasi səhnədə olub, fəaliyyəti olmayan Lalə Şövkətdən müsahibə almaq istərdim, amma cəhdlərim nəticəsiz qalıb”.
Modern.az saytının əməkdaşı Aqşin Kərimovun fikrincə, hər bir jurnalistin arzusudur ki, daha yüksək ranqlı, ictimai-siyasi, mədəniyyət həyatında xüsusi ağır çəkisi olan şəxslərdən müsahibə götürsün: “Bir jurnalist kimi, mən də bu arzuları peşə düşüncəmdə daşıyıram. Müsahibə götürmək istədiyim tanınmış çox insan var. Amma müəyyən səbəblərdən bunun gerçəkləşməyəcəyini də bilirəm.
Çox istərdim ki, Azərbaycan Prezidenti İlham Əliyevdən sərbəst üslubda bir müsahibə götürüm. Nə qədər qəribə və reallıqla uzlaşmayan bir istək olsa da, hər halda bu, bir jurnalist kimi mənim arzumdur. Bununla belə, hələ də özümdə bir əminlik var ki, mən respondent siyahımda olan şəxslərin bəziləri ilə görüşə, onlarla söhbətlər edə bilərəm. Məsələn, AXCP sədri Əli Kərimlidən sərbəst üslubda müsahibə götürmək heç də pis olmazdı. Azərbaycan daxilində siyahını bir qədər də artırmaq olar. İstəklərimin ölkə sərhədlərini aşan hissəsini də demək istərdim.
Hesab edirəm ki, bu, cavabımın daha da konkretləşməsi üçündür. Dünya liderlərindən müsahibələr etsəydim, özümü jurnalist karyeramın zirvəsində olmasa da, ona yaxın bir yerdə hiss edərdim. Rusiya prezidenti Vladimir Putin və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla səmimi atmosferdə söhbət formatında müsahibə aparmaq düşünürəm ki, çox maraqlı olardı. Digər liderləri də bu siyahıya əlavə edərdim. Müsahibə götürmək istədiyim fiqurlardan biri də İranın ali dini lideri Ayətullah Seyid Əli Xamneyidir. Özü də heç istəməzdim ki, belə müsahibələr sırf siyasi proseslər ətrafında cərəyan edən hadisələr üzərində köklənsin. Sərbəst müsahibə daha oxunaqlı və məqsədəuyğundur. Amma bilirəm ki, bütün bu dediklərim hələ ki, xəyal dünyamın məhsuludur. Kim bilir, bəlkə də nə vaxtsa reallaşdı...”.
AzNews.az-ın əməkdaşı Bahar Rüstəmlinin sözlərinə görə, 2015-ci ildə Azərbaycan mədəniyyəti və incəsənətində böyük narazılıqlar yaranıb və o da bu konteksdə müsahibə almaq istərdi: “Azərbaycan mədəniyyəti və incəsənətində narazılıqlar xüsusilə teatr aləmində daha da pik həddə çatıb. Düşünürəm ki, bu problemlərin yeganə məkanı Mədəniyyət və Turizm Nazirliyidir. Buna görə də məhz nazir Əbülfəz Qarayevlə görüşmək, ondan müsahibə almaq istərdim. Amma dəfələrlə buna cəhd etsəm də, cəhdlərim nəticəsiz qaldı”.
Lent.az saytının redaktoru Səbuhi Məmmədli bildirib ki, hər bir jurnalist kimi onun da müsahibə almaq istədiyi, amma buna nail ola bilmədiyi şəxslər var: “Bəşər Əsəd və Əbu Bəkr əl-Bağdadidən müsahibə almaq istəyərdim, amma hələ ki mümkün görünmür”.
"Ekspress” qəzetinin parlament müxbiri Aqil Aslan: "
“Şərq” qəzetinin əməkdaşı Anar Bayramoğlu belə bir müsahibinin olduğunu və cəhdlərinin hələ də nəticəsiz qaldığını bildirib: “Belə müsahiblərdən biri xalq yazıçısı Anardır. Bu il çalışmışam müsahibə götürüm, bir neçə dəfə cəhd etdim, amma nəticəsi olmadı. İl ərzində müxtəlif vaxtlarda müraciət etdim, AYB-nin mətbuat xidməti ilə də danışdım. Müsahibə almaq istəyimə birmənalı olaraq “yox” cavabı verilməsə də, “Anar müəllimin bu həftə vaxtı yoxdur ” , “bir qədər gözləyin ” və s. deyilib. Çox istərdim ki, il bitməmiş, Anar müəllim müsahibə üçün razılıq versin. Bundan başqa demək olar ki, istədiyim hər kəsdən müsahibə götürmüşəm”.
Gün.az saytının müxbiri Kamil Həmzəoğlu bu cür problem yaşamadığını deyib:
“Doğrusu, bu il elə bir problem yaşamamışam. Adətən kiminlə müsahibə nəzərdə tutmuşamsa, gec də olsa, belə alınıb. Ona görə də narazılıq edə bilmərəm”.
ATV-nin əməkdaşı Səbuhi Turançı maraqlı informasiya verə biləcək hər bir şəxsdən müsahibə almaq istədiyini deyib: “Maraqlı informasiya verə biləcək hər bir şəxs jurnalist üçün maraqlı müsahib ola bilər. Məncə, xəbər jurnalisti üçün bu əsas olmalıdır. Bu baxımdan, Prezident İlham Əliyevdən Çin səfərinin təfərrüatları barədə müsahibə almaq istəyərdim. Türkiyədə çəkilişdə olanda heç gözləmədiyim halda ədliyyə naziri Bəkir Bozdağ qarşıma çıxdı. Mikrafonu uzatdım ona tərəf, etiraz etmədi, suallarımı verdim, o da cavablandırdı. Ümumiyyətlə isə, müsahib qarşıma çıxarsa suallarımı verirəm, yoxsa əvvəlcədən müsahibə götürmək xəyalları qurmuram”.
AzVision.az-ın müxbiri Hafiz Əhmədov 6 aydır müsahibini gözlədiyini bildirib: “Artıq uzun müddətdir ki, müsahibə üçün bir nəfəri gözləyirəm. Bu ilin axırına söz verib. Adını desəm müsahibədən yayına bilər. Ona görə çox üzrlü sayın. Deyə bilərəm ki, bu, özəl müsahibdir. İstədiyim hər kəsdən müsahibə götürmüşəm. Amma mənə müsahibə verməyənlərin aqibətini də görürəm. Bu gün mənə müsahibə verməyən, sabah özü müsahibə üçün zəng vurur. Amma bu ölkənin gündəmi elə tez dəyişir ki, bu gün insan bildiyimiz sən demə, xain imiş. Ona görə də müsahiblərimi son dərəcə həssaslıqla seçirəm. Heç kəsə inam qalmayıb. Amma düşünürəm ki, nazir övladlarından müsahibə götürsəm, yaxşı olardı”.
Qafqazinfo.az saytının əməkdaşı Murad Əhməd sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovdan müsahibə almaq istədiyini deyib.
Report-un redaktoru İmdad Əlizadə sorğumuza cavab olaraq Prezident İlham Əliyev, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi, general-polkovnik Vaqif Axundovdan müsahibə almaq istədiyini bildirib.
“Gündəlik Teleqraf” qəzetinin əməkdaşı Nemət Orucov Rusiya prezidenti Vladimir Putin və İranın Ali Dini Şurasının rəhbəri Ayətullah Seyid Əli Xamneyidən müsahibə almaq istədiyini deyib:
“Düzdür, bu şəxslər əlçatan deyil. Putin əsasən dünyanın ən öndə gedən media orqanlarına və ya özünün müəyyən etdiyi mətbuata müsahibə verir. Hər halda, ortada Dağlıq Qarabağ problemi olduğundan, habelə Azərbaycanın ən böyük qonşusu Rusiya olduğundan Putinlə müsahibə almağa dəyər. Həm də, müsahibədə səmimi atmosfer yaradaraq, daha çox bilgi almaq mümkündür. Fikrimcə, Putinə elə suallar vermək olar ki, onun Azərbaycan və Qarabağ problemi ilə bağlı niyyətini müəyyənləşdirmək mümkün olsun. İran qədim dövlətdir, burada daim mühafizəkarlar və liberallar arasında “mübarizə” gedib, çevik, bic və uzaqgörən diplomatik təcrübəyə malikdir. Ayətullah Seyid Əli Xamneyi azərbaycanlıdır, İranda isə milyonlarla azəri türkü yaşayır. Ayətullah Seyid Əli Xamneyi ilə İranın daxili siyasəti, azərbaycanlıların kompakt yaşadığı regionlarla bağlı geniş müsahibə etmək olar. Hesab edirəm ki, bu iki dövlət adamının Azərbaycana münasibətinin necə olmasından asılı olmayaraq, onlarla müsahibə etmək, məmləkətimizdə onları daha yaxından tanıtdırmaq maraqla qarşılanar”.
Vüsalə Qəzənfərqızı