Modern.az

Azərbaycan televiziyası - Hər birimizin televiziyası...

Azərbaycan televiziyası - Hər birimizin televiziyası...

13 Fevral 2016, 10:25

“Azərbaycan radio və televiziyası məhsuldar və şərəfli inkişaf yolu keçmişdir. Milli radio və televiziyamız fəaliyyət göstərdiyi bütün dövrlərdə Azərbaycan ədəbi dilinin yaranması və inkişafında, xalqımızın maariflənməsində, milli mədəniyyətimizin, ədəbiyyatımızın təbliğində, dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyalarının yayılmasında əvəzsiz rol oynamışdır”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

“Hər şey ondan başladı...”


20-ci yüzilliyin möcüzələrindən olan radio və televiziya texnologiyanın mədəniyyətə ən böyük hədiyyəsi oldu. Bu hədiyyədən bizə də pay düşdü: Azərbaycan Teleradiosu...

Azərbaycan Radiosunun yaranma tarixi hər il ölkəmizdə teleradio günü kimi qeyd olunur. 1926-cı il noyabrın 6-da indiki “İstiqlaliyyət küçəsi, 10” ünvanından, AMEA-nın əsas binasının 3-cü mərtəbəsində, cəmi üç otaqdan ibarət məkandan ”Danışır Bakı!” kəlməsi ilə dinləyiciləri heyrətləndirən, yalnız Bakı və Bakı ətrafında dinlənilən milli radionu indi bütün dünya eşidir. İlk vaxtlar cəmi bir saat “danışan” bu radio indi 24 saat efirdədir. Və hər gün saat 6-da Azərbaycan himni ilə başlayır verilişlərinə. Televiziyanın qarşısında yolu da məhz radio açıb. Radiodan 30 il sonra, 1956-cı il fevralın 14-də televiziya tamaşaçıların görüşünə gəlib. Hər iki tarix xalqımızın siyasi və mədəni həyatında böyük yenilik kimi yadda qalıb. Teleradio xalqımızın siyasi dünyagörüşünün formalaşmasına, mənəvi-mədəni həyatının yüksəlməsinə xidmət edib, onun ictimai-siyasi ideyalarının, yüksək əxlaqi dəyərlərinin, arzu və istəklərinin ifadəçisinə çevrilib...

Hər ikisi bir ilkə imza atıb! Hər ikisi birinci olub! Çətindir birinci olmaq! Həm də şərəflidir! “İlk”lər heç vaxt yaddan çıxmır, unudulmur! Bu tarixlər də onlarla başlayıb, onlarla tarixə düşüb, onlarla da tarixdə qalacaq! Onlarla da unudulmayacaq!..

Çünki hər şey onlardan başladı...

Doğmamız kimi daxil oldular evimizə, həyatımızın ayrılmaz parçasına çevrildilər. Ağlımız kəsəndən evimizdə ancaq onları gördük, onları eşitdik. Dünyanın dörd bir yanından gələn xəbərlərdən onlarla xəbər tutduq. Uşaqlar üçün proqramlarını dinlədik, verilişlərinə baxdıq, cizgi filmlərini intizarla gözlədik. Böyüdükcə özümüz də uşaq verilişlərinin qonağı olduq, şeir deyib, mahnı oxuduq, rəqs etdik. Xalqımızın dahi insanlarını da ilk dəfə bu “mavi ekran”da görüb tanıdıq, unikal filmlərimizə burada baxdıq. Bir sözlə, ona baxaraq, onu eşidərək əsl azərbaycanlı kimi tərbiyə aldıq, əsl azərbaycanlı kimi böyüdük...

Nə xoş halımıza ki, taleyimizə, həm də onun sıra nəfəri olmaq düşdü...

Teleradionun tarixinin qızıl dövrləri...

Fevralın 14-ü Azərbaycan Televiziyasının günüdür. AzTV-nin ilk “evi”, “mənzili” olan Bakı studiyası 30 kvadrat metrlik iki otaqdan ibarət olub. İlk verilişdə görkəmli sənətkarımız Nəcibə Məlikova “Göstərir Bakı!” deyə salamlayıb tamaşaçıları. İlk illər verilişlərə yalnız Bakıda baxmaq mümkün olub.

1957-ci ildən televerilişlər həftədə 5 dəfə 2 saat 20 dəqiqə həcmində yayımlanıb. 10 il sonra isə bu həcm 7 saata çatdırılıb. 1959-65-ci illərdə televiziyanın əhatə dairəsi genişlənərək bütün ölkə ərazisinə yayılıb. 1962-ci ildə teleproqramlar hər gün 7 saat yayımlanıb. 1971-ci il noyabrın 7-dən televiziya rəngli yayıma keçib. 2003-cü ilin sonlarından dünya efirinə çıxıb, 2005-ci ilin yanvarından 24 saatlıq yayıma başlayıb. Bu illər ərzində Teleradio müxtəlif adlar altında fəaliyyət göstərib. 1970-ci ildən Dövlət Radio və Televiziya Verilişləri Komitəsi, 1991-ci ildən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkəti kimi çalışıb. 2005-ci il martın  23-dən Prezident İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti kimi fəaliyyət göstərir. Zəngin inkişaf yolu keçən, bu gün Avropa, Şimali Amerika, Asiya, Afrika ölkələrinə, az qala bütün dünyaya yayımlanan Azərbaycan Teleradiosu ölkə teleməkanında yenə də liderliyini qoruyub saxlayır, seçilir, sevilir...

“Xalqın milli sərvəti...”

Teleradionun uğurlu fəaliyyəti də Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan Televiziyasını xalqın milli sərvəti adlandıran Ulu öndər onun cəmiyyət həyatında, dövlət quruculuğunda, ölkəmizdə gedən ictimai-siyasi proseslərdə, milli-mənəvi dəyərlərin təbliğindəki rolunu yüksək qiymətləndirir, siyasətin bu tribunadan xalqa çatdırılmasına böyük əhəmiyyət verirdi. Son 45 ildə Heydər Əliyevin müəyyənləşdirdiyi siyasəti hamıdan yaxşı “izləyən” televiziya olub. Televiziya bu proseslərə Azərbaycan xalqının gözü ilə baxıb. Sadəcə baxmayıb, onu “milli yaddaş” adlandırıla biləcək salnamə halına salıb, gələcək nəsillər də Heydər Əliyev siyasətinin böyüklüyünü, təntənəsini, məhz bu arxivdən görəcəklər. Nahaq demirlər ki, tarixi siyasətçilər yaradır. Televiziya, mətbuat isə tarixin salnaməsini yaradır. Bu mənada, müasir dövlət tarixinin, Azərbaycan mədəniyyətinin, Azərbaycan dilinin, ictimai-iqtisadi inkişafının canlı salnaməsi, məhz Azərbaycan Televiziyasıdır. Heydər Əliyev teleradioda çalışan yaradıcı insanlara da həssaslıqla yanaşıb, kollektivin qayğılarına böyük diqqət göstərib. Teleradio, məhz bu müdrik dövlət rəhbərinin qayğısı ilə indiki inkişaf mərhələsinə gəlib çatıb. Kollektiv bunu unutmur. Böyük öndərin televiziyanın foyesindəki büstü, “Heydər Əliyev Muzeyi” də onun xatirəsinə ehtiramı ifadə edir. Muzeydəki zəngin materiallar, sənədlər, fotolar, kitablar, bütövlükdə AzTV-nin videotekasındakı “qızıl lentlər” görkəmli dövlət xadiminin xalqı, milləti, dövləti üçün tarixi xidmətlərini bir daha insanlara xatırladır.  

Əsl tribuna...

Azərbaycan Teleradiosu bu gün də xalqın əsl tribunasıdır. O, ölkə vətəndaşlarına Azərbaycan həqiqətlərini təqdim edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil dövlət quruculuğu prosesi, davamlı və ardıcıl olaraq həyata keçirilən uğurlu islahatlar, ölkənin dinamik inkişafı, qazanılan nailiyyətlər bu kanalın gündəlik fəaliyyətində öz əksini tapır. Dövlət əhəmiyyətli ictimai-siyasi tədbirlərin operativ işıqlandırılması, dövlətimizin rəsmi mövqeyinin həm ölkə daxilində, həm dünyada tam dəqiqliklə yayımlanması Azərbaycan Teleradiosunun müstəsna xidmətidir. Artıq onun hədəfi təkcə Azərbaycan tamaşaçısı, dünya azərbaycanlıları deyil, dünya ölkələri, dünya tamaşaçısıdır.

Şərəfli missiya...

Dövlət siyasətinin mahiyyətinin xalqa çatdırılması, cəmiyyətin aktual problemlərinin müzakirəsi, qloballaşma dövründə milli-mənəvi, əxlaqi dəyərlərin qorunması, təbliği, günün nəbzinə uyğun verilişlərin hazırlanması bu teleradionun prioritetləridir. O, şərəfli missiyaya xidmət edir: Azərbaycanın qədim tarixini, zəngin mədəni irsini təbliğ etmək, dünya sivilizasiyasının müəlliflərinin arasında millətimizin də imzasının olduğunu bəyan etmək, dünya azərbaycanlılarının həmrəyliyinə töhfə vermək. Və bütün bunları peşəkarlıqla etmək, tamaşaçı və dinləyicilərə yüksək səviyyəli proqramlar təqdim etmək. Təsadüfi deyil ki, Prezident İlham Əliyev mədəniyyətimizin, ədəbiyyatımızın təbliğində, Azərbaycan ədəbi dilinin inkişafında, dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyalarının yayılmasında milli teleradionun əvəzsiz rolunu yüksək qiymətləndirir, onun inkişafına xüsusi diqqət göstərir. Dövlət başçısının birbaşa qayğısı ilə teleradioda aparılan islahatlar isə öz bəhrəsini verir.

Yeniləşmə, müasirləşmə...

Son 10 ili Azərbaycan Teleradiosunun həyatında böyük yeniləşmə, müasirləşmə dövrü kimi səciyyələndirmək olar. Burada mərhələli şəkildə aparılan ciddi islahatlar ölkəmizdəki dəyişikliklərlə sıx şəkildə uzlaşır. Hətta bu yenidənqurmanı ölkə səviyyəsində həyata keçirilən yeniləşmənin, dünya standartlarına uyğun müasirləşmənin, yüksəlişin kiçik bir modeli saymaq olar. Studiyalar, çəkiliş pavilyonları, montaj otaqları tamamilə yenilənib, mənəvi və fiziki cəhətdən köhnəlmiş avadanlıqlar yenisi ilə əvəz olunub, maddi-texniki baza büsbütün modernləşdirilib. Bütün studiyalar rəqəmsal çəkiliş avadanlığı və kompüterlə idarə olunan ən müasir işıq sistemləri ilə təmin olunub. Verilişlərin daha yüksək səviyyədə hazırlanması üçün müasir qeyri-xətti montaj avadanlıqları quraşdırılıb. Bu isə montaj olunan materialların lentə köçürülmə prosesi olmadan birbaşa efir serverinə ötürülməsinə imkan yaradıb. Rəqəmsal və “lentsiz texnologiya”ya keçid, qeyri-xətti montaj və kompüter qrafikası stansiyalarının tətbiqi, müasir proqram buraxılışı aparat otağının quraşdırılması – son 10 ilin uğurlarındandır.

2014-cü ildə isə Azərbaycan Televiziyasının yeni kompleksi – studiyalar binası tikilib istifadəyə verildi. 5 mərtəbəli bu bina çəkiliş studiyaları və redaksiya korpusudur. Burada 3 müasir studiya yaradılıb. 800 kvadrat metrlik ən böyük studiya tok-şoular, ictimai-siyasi verilişlər, intellektual oyunlar üçün nəzərdə tutulub. 450 kvadrat metrlik ikinci studiya sırf xəbərlər, informasiya proqramları, 290 kvadrat metlik üçüncü studiya isə “İdman Azərbaycan” kanalı üçündür. Kompleks zahiri görünüşü, müasir işıqlandırma sistemi ilə də diqqəti çəkir və ətraf binalarla harmoniya yaradır. Bu müasir studiya Azərbaycan Teleradiosunun yeni imicidir. Artıq Qərb standartlarına uyğunlaşan, bütün parametrləri ilə Avropa ölkələrinin teleradioları ilə rəqabət aparacaq səviyyədə olan Azərbaycan Teleradiosunun yeni imicinin əsas cizgiləri isə müasirlik, zamanın nəbzini tutmaq, həmçinin sabahkı inkişafa hazırlanmış irəliləyiş strategiyasıdır.

Zəngin yaradıcılıq imkanları...

Əsaslı yenidənqurma, həm də yaradıcılıq imkanlarının artırılması deməkdir, islahatlar verilişlərin mahiyyətində, məzmun və formatında da özünü göstərir. İndi Azərbaycan Teleradiosu təkcə maddi-texniki bazasının müasirliyi, istehsal imkanları ilə deyil, rəngarəng verilişləri, proqramları, sənədli və bədii filmləri, teletamaşaları, bir sözlə, zəngin fondu ilə də haqlı olaraq öyünə bilər. Bu fond Azərbaycan dəyərlərinin, adət-ənənələrinin, mənəviyyatının sayıq keşikçisidir. Bu fond auditoriyanı maarifləndirir, zənginləşdirir, zövqünü formalaşdırır, onları milli kökə, mənəvi dəyərlərə bağlamaq funksiyasını daşıyır. Tok-şoularda tamaşaçılar ciddi problemlərin müzakirəsinə dəvət olunur, tariximizin qaranlıq səhifələrinə işıq salınır. Elm, mədəniyyət, incəsənət xadimlərinin verilişlərdə ekspert kimi iştirakı tamaşaçıların inamını təmin edir. Görkəmli şəxsiyyətlərin, ziyalıların, bir sözlə, məşhur simaların aparıcı statusunda çıxış etməsi isə proqramların önəmini daha da artırır. Rəhbərliyin əvvəlki dövrlərdə də özünü doğruldan bu praktikaya üstünlük verməsi tamaşaçıların da ürəyincədir. Cəmiyyətin müxtəlif təbəqələrinin marağını təmin edən proqram siyasəti, yüksək efir mədəniyyəti, yaradıcılıq məsələlərinə peşəkar yanaşma, bir sözlə, bütün proqramları ilə Azərbaycan mənəviyyatına xidmət etməsi  Azərbaycan Teleradiosunu yenə də öndə saxlayır.

“Xəbərlər” proqramı...

Hər bir televiziyanın imicini daha çox xəbəryayma funksiyası formalaşdırır, xəbər proqramları onun simasının əsas cizgisi sayılır. AzTV-də xəbər buraxılışları 1960-cı ildə “Günün yenilikləri” ilə başlayıb, “Son xəbərlər”lə davam edib, 1967-ci ildən “Günün ekranı” kimi efirə çıxıb, bu gün “Xəbərlər”lə efirdədir.

AzTV-nin “Xəbərlər” proqramı informasiya çəkisinə görə digər kanalların anoloji proqramlarını üstələyir. Tamaşaçılar ən dəqiq və dürüst xəbərləri bu proqramdan alır. AzTV-nin efirində hər üç saatdan bir xəbər vaxtıdır. İnformasiya Proqramları Studiyası gün ərzində tamaşaçılara 8 xəbər buraxılışı təqdim edir. Saat 18-də rus, gecə saat 2-də ingilis, qalan buraxılışlar isə Azərbaycan dilindədir. Gün ərzində daha əhəmiyyətli hadisələr haqqında isə xüsusi buraxılışlar təqdim olunur. 2010-cu il sentyabrın 1-də Bakıda Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimi, 2013-cü il fevralın 8-də Azərbaycanın ilk telekommunikasiya peykinin – “Azərspase-1”in orbitə buraxılması, Heydər Əliyev Fondunun son dərəcə dəyərli layihələri, I Avropa Oyunları... Ölkəmizin saysız-hesabsız uğurları haqqında xüsusi buraxılışları, məhz AzTV-də qürurla izləmişik. AzTV-nin Türkiyə, İran, Gürcüstan, Rusiya, ABŞ, Kanadadakı müxbir məntəqələrindən, Qərbi Avropa ölkələri, Ukrayna və Şərqi Avropa ölkələri, Böyük Britaniya və Şimali İrlandiya Krallığı, Ərəb ölkələri və Şimali Afrika, Qazaxıstan və Mərkəzi Asiya ölkələri, Şərqi Asiya ölkələri, Yaponiyadakı bürosundan, eləcə də ölkəmizin bölgələrindən hər gün “Xəbərlər”ə çox sayda videomaterial daxil olur. “Xəbər otağı” isə müasir xəbərçilik standartlarına tam uyğunlaşdırılıb, xəbərin istehsalından tutmuş tamaşaçılara çatdırılmasına qədər bütün prosesi bir məkanda cəmləyib. Bu, xəbərlərin daha çevik istehsalına, tamaşaçılara daha çox informasiya çatdırılmasına imkan verir, vaxt itkisini aradan qaldırır, operativliyə təminat yaradır. Böyük bir kollektivi birləşdirən “Xəbər otağı” hər gün qaynar iş rejimində çalışır. “Ən operativ, ən dəqiq və ən vacib” prinsipini əsas götürən “Xəbərlər” dövlət tədbirlərini geniş işıqlandırır, ölkə həyatından, Azərbaycanda keçirilən mötəbər toplantılardan, cəmiyyətin aktual problemlərindən bəhs edən süjetləri, xaricdən və bölgələrdən xəbərləri, idman yeniliklərini operativlik və peşəkarlıqla tamaşaçılara təqdim edir. Günün aktual məsələsini, gündəmdə olan mövzunu “Xəbərlər”dən sonra “Günün nəbzi” ətraflı təhlil edir. Xəbər həftəsinə isə hər bazar günü “Həftə” analitik informasiya proqramı geniş təhlillə yekun vurur.

AzTV-nin qızıl fondu olan filmlər...

AzTV-nin qızıl fondunda tariximiz, dövlətçiliyimiz, müstəqilliyimiz, tarixi şəxsiyyətlərimiz haqqında mükəmməl sənədli filmlər var. Son 10 ildə bu fond rəhbərliyin təşəbbüsü ilə hazırlanan dəyərli siyasi filmlər hesabına daha da zənginləşib. 2011-ci ildə Azərbaycanın müstəqilliyinin bərpasının 20 illiyi münasibəti ilə AzTV-də 20-ə yaxın irihəcmli film hazırlandı. Həmin filmlər müstəqil ölkəmizin keçdiyi inkişaf yolunun, qazandığı uğurların əksidir. “Əbədiyyət” silsiləsindən onlarla film müasir Azərbaycanın qurucusu, görkəmli dövlət xadimi, Ulu öndər Heydər Əliyevin 1969-1982-ci, 1993-2003-cü illərdə ölkəmizə rəhbərliyi dövründə misilsiz tarixi xidmətlərindən bəhs edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə 2003-cü ildən indiyədək Azərbaycanın müxtəlif sahələrdə qazandığı möhtəşəm uğurlar, dövlət quruculuğu, müstəqilliyin möhkəmləndirilməsi, Ordu quruculuğu, iqtisadiyyat, sənaye, kənd təsərrüfatı, elm, təhsil, mədəniyyət, milli mənəvi, dini dəyərlərimizin qorunması istiqamətində görülən işlər, ölkəmizdə həyata keçirilən misilsiz abadlıq-quruculuq işləri, sosial sahədə əldə olunan nailiyyətlər isə AzTV-nin hazırladığı “21-ci əsrin salnaməsi” silsiləsindən filmlərdə öz əksini tapır. Hər ilin yekunu ilə bağlı hazırlanan filmləri də bura əlavə etsək, nə qədər zəngin və mükəmməl bir fond yarandığı aydın olar. Ümumilikdə, istər Prezident İlham Əliyevin, istərsə də Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Azərbaycanın tərəqqisi, dünyada tanıdılması, xalqımızın rifahı naminə böyük qətiyyətlə atdıqları addımlar AzTV-nin həmin filmlərin lentlərində gələcəyə ötürdüyü çox dəyərli yaddaşdır.           

Azərbaycan Radiosu – səs xəzinəsi...

Son 10 il radio üçün də texnoloji, istehsalat və yaradıcılıq dəyişiklikləri dövrü olub. Radionun maddi-texniki bazası da tamamilə modernləşdirilib, verilişlərin ideya-bədii məzmunu keyfiyyətcə yenilənib. Bu gün milli radio saf, təmiz, zəngin, gözəl Azərbaycan dilinin, ədəbi dilimizin qorunduğu yeganə radiodur. Bəli, heç kimin xətrinə dəyməsin, bunu etiraf etmək lazımdır. Müstəqillik dövründə yaranan özəl radiolar ona rəqib olsalar da, dinləyici auditoriyasına şərik çıxsalar da, onu üstələyə bilmədilər. Hansı radio “Axşam görüşləri”nin dinləyicisini əlindən ala bilər? Bəs “Bulaq”ın? Bəs hansı dinləyici “Lirika dəftərindən” kimi böyük yadigarı başqa verilişlə əvəz edər? Bəs Abbas Mirzə, Fatma Qədri, Sidqi Ruhulla, Mehdi Məmmədov... kimi ustadların səsini, ifasını, sənətkarlığını özündə yaşadan radiotamaşaları kim başqa verilişə dəyişər?..

Radionun “qızıl fondu”nda görkəmli sənətkarlarımızın ifaları qorunur. Əgər 1968-ci ildə onun fonetekasında 24 min, 1980-də 40 min musiqi və sənət incisinin lent yazısı vardısa, indi bu rəqəm 100 mindən çoxdur. Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Cəfər Cabbarlı, Səməd Vurğun, Seyid və Xan Şuşinskilər, Niyazi, Rəşid Behbudov... Bu dahilərin lent yazıları misilsiz sərvətdir.

Bu gün də Azərbaycan Radiosunun olduqca rəngarəng ədəbi-bədii, ictimai-siyasi verilişləri, maraqlı efir söhbətləri, maarifləndirici proqramları var. Dinləyicilər onlara mənəvi rahatlıq gətirən, onları xəbərdar edən, məlumatlandıran bu proqramları məmnunluqla dinləyirlər. “Sabahınız xeyir”, “Gəl, səhərim”, “Sənət söhbətləri”, “Radionun qızıl fondundan”, “Ovqat”, “Ürəklərə gedən yol”, “O səsin sorağında”, “Soruşun, cavab verək”, “Sözün sehri”, “Axşam görüşlərindən seçmələr”, “Gecə döyülən qapılar”, “Ailə həkimi”,  “Vaxtınız varsa”, “Elçi daşı”, “Dünya bu gün”, “Şəbəkə”, “Vətən yaşasın”, “Yurd yeri”, “Yadigar səslər”, “Səngərə məktub”, “Dünyanı tanıyın”, “Ünvanımız Azərbaycandır”, “İgidnamə”, “Boxça”, “Uşaqdan xəbər al”... Bu və digər onlarla veriliş Azərbaycan Radiosunun “hər kəsin radiosu” olduğunu təsdiq edir. Zəngin arxivə malik milli radiomuz xalqımızın rəngarəng söz, səs yaddaşıdır. 75 yaşlı Beynəlxalq Radio da fəaliyyətini uğurla davam etdirir, dünyaya müxtəlif dillərdə verilişlər yayır.

Bir sözlə, milli radiomuz bu gün ən çox dinlənilən radiodur, maraqlı verilişləri onun digər radiolara, üstəlik, İnternet resurslarına uduzmasına imkan vermir.

“Mədəniyyət” kanalı...

Uzun illər yalnız bir televiziya və radiodan ibarət olan Azərbaycan Teleradiosu indi özündə bir neçə kanalı, qurumu birləşdirən nəhəng bir strukturdur, müasir və möhtəşəm bir kompleksdir. Həmin kompleksin bir qolu olan “Mədəniyyət” kanalı “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin daha bir böyük uğurudur. 2010-cu ildə, AzTV-nin 55 yaşının tamamında onun nəzdində Azərbaycan ziyalılarının və sənətçilərinin çoxdankı arzusu olan “Mədəniyyət” kanalı ilk dəfə tamaşaçıların görüşünə gəldi. Bu kanalın ərsəyə gəlməsi Prezident İlham Əliyevin mədəniyyətimizə qayğısının daha bir təzahürüdür. AzTV-nin kifayət qədər təcrübəsi, zəngin fondu, müasir texniki təchizatı və peşəkar kadr potensialı kanalın uğurlu fəaliyyətinə zəmanət verirdi. Və zaman da bu faktın doğruluğunu təsdiq etdi. İndi “Mədəniyyət” kanalı Azərbaycan mədəniyyətini dünya mədəniyyətinin tərkib hissəsi kimi təbliğ edir, dünya mədəniyyətinin incilərini isə Azərbaycan tamaşaçılarına çatdırır. Bu kanalın verilişlərini izlədikcə bir daha bu qənaətə gəlirsən: mədəniyyətimizin elə parlaq inciləri var ki, onlar yüz illər sonra da Azərbaycanı yüksək mərtəbədən təmsil edə bilər. “Mədəniyyət” kanalı, həm də ona görə tamaşaçıların sevdiyi kanaldır ki, burada dünya mədəniyyətinin, incəsənətinin inciləri, parlaq simaları haqqında məxsusi verilişlərə də baxa bilirlər.

“İdman Azərbaycan” telekanalı...

1957-də AzTV-də ilk dəfə Respublika stadionundan futbol oyunu translyasiya olunub. Həmin reportajı rəhmətlik radiojurnalist Valid Sənani aparıb. O vaxt heç kimin ağlına da gəlməzdi ki, 52 il sonra bu kanal dünyanın hər yerindən birbaşa futbol yayımları təqdim edəcək. Bəli, 52 il sonra milli televiziyamızın nəzdində “İdman Azərbaycan” kanalı efirə vəsiqə aldı. 2009-cu il fevralın 1-dən efirə çıxan bu kanal idman ictimaiyyəti və idmansevərlərə gözəl hədiyyə oldu. Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan “İdman Azərbaycan” televiziyasının fəaliyyəti dövlətimizin idmana, gənclərin sağlam ruhda böyüməsinə verdiyi önəmin sübutudur. Artıq “İdman Azərbaycan” televiziyası efir məkanında öz yerini çoxdan təsdiqləyib və fəaliyyət göstərdiyi 7 ildə dövlətimizin idman siyasətinə uğurla xidmət edir. Kanal dünyanın hər yerindən bütün növ idman yarışlarını, müxtəlif çempionatları birbaşa, özü də yüksək peşəkarlıqla yayımlayır, idman xəbərlərini operativliklə tamaşaçılara çatdırır. İdmanın ayrı-ayrı növləri, məşhur idmançılar haqqında onlarla maraqlı veriliş hazırlayır, öz proqramları ilə tamaşaçıların diqqətini cəlb edir, eyni zamanda idmana marağı artırır.

2015-ci il oktyabrın 12-dən “İdman Azərbaycan” telekanalının verilişləri sutka ərzində yayımlanır. Əgər indiyədək kanalın efir proqramların illik həcmi 6 min saata yaxın idisə, hazırda bu rəqəm 8 min 700-ə çatıb. Hər gün kanalda tamaşaçılara canlı xəbər buraxılışları, orijinal verilişlər, beynəlxalq və ölkədaxili yarış və turnirlər təqdim edilir, çempionatlar canlı yayımlanır. “İdman Azərbaycan” kanalı dünyada yeganə idman kanalıdır ki, heç bir ödəniş olmadan tamaşaçılarına idmanın bütün növləri üzrə proqramlar təqdim edir və açıq yayımdadır.

İndi “İdman Azərbaycan”ın kadr potensialı, texniki heyəti, bacarıqlı şərhçilər komandası, demək olar ki, teleməkanın ən peşəkar komandasıdır. Bu danılmaz faktı 2015-ci ilin iyununda Azərbaycanın böyük uğurla ev sahibliyi etdiyi I Avropa Oyunları da təsdiq etdi...

I Avropa Oyunları və Azərbaycan Televiziyası...

I Avropa Oyunları tarix səhnəsinə Azərbaycandan çıxan bir ilk, müstəqil Azərbaycanın 24 ildə qazandığı uğurların təntənəsinə çevrildi. O təntənəni təkrar-təkrar xatırlamaq bu məmləkəti sevən hər kəsə çox xoş olacaq – hər zaman! Bir danılmaz fakt da tarix boyu etiraf olunacaq: “Müstəqil Azərbaycan dünya idman tarixinə, Avropa Oyunlarının tarixinə ilk möhürünü vurdu, Avropa Oyunlarının ilk və mükəmməl standartlarını yaratdı!”

I Avropa Oyunlarının məşəli Bakıda alovlandı. Bu məşəli Prezident İlham Əliyev yandırdı! Bu məşəl 5500 km yol keçib, ölkəmizin dörd bir küncünə salam verdi və yenidən paytaxtımıza döndü! Yenə ilk olaraq Dövlət başçısı qəbul etdi onu!..

12 iyun 2015-ci il. Dünyanın 120 ölkəsində canlı yayımlanan açılış mərasimi diqqəti Azərbaycana yönəltdi. 68 min nəfər əzəmətli Bakı Olimpiya stadionunda, ekran qarşısında isə yüz qat, min qat çox tamaşaçı ilk Avropa Oyunlarını izlədi. Bu anların sevincini bölüşmək böyük zövqdür. Prezident İlham Əliyevin dediyi kimi: "Belə anları bölüşmək təkcə sevincimizin ifadəsi deyil, eyni zamanda mühüm vətəndaşlıq missiyamızdır”. I Avropa Oyunları, sözün yaxşı mənasında, dünyanın gözünü Azərbaycana çevirdi, Azərbaycan dövlətinin qüdrətini, güclü potensialını, ən mürəkkəb vəzifələrin öhdəsindən layiqincə gəlmək bacarığını, Azərbaycan xalqının, Azərbaycan insanının nəyə qadir olduğunu dünyaya əyani nümayiş etdirdi. Bu fəxarəti bizə Azərbaycan dövləti, Azərbaycan Prezidenti yaşatdı! Bütün bunları isə Azərbaycan Televiziyası göstərdi, 17 gün ərzində Azərbaycana, dünyaya qələbə, məğlubiyyət və sürprizlərlə dolu bir idman həyəcanı yaşatdı! Dünyanın 50 ölkəsindən 6 min idmançının qatıldığı 20 idman növü üzrə yarışlarda idmançılarımız 21 qızıl, 15 gümüş, 20 bürünc – ümumilikdə, 56 medal qazanmaqla medal sayına görə Azərbaycanı ikinci etdilər. Prezident İlham Əliyevin, I Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın ailə üzvləri ilə birgə idman arenalarında ayrı-ayrı yarışları izləməsi, idmançılara dəstək olması, dövlət başçısının qalib idmançıları şəxsən mükafatlandırması... Bu təkrarsız görüntüləri Azərbaycan Televiziyası təqdim etdi, hər bir azərbaycanlıya sözlə ifadə olunmayacaq qürur dolu anlar yaşatdı! Bəli, bu işdə ən çətin yük və məsuliyyət AzTV-nin üzərinə düşdü! O, idman dili ilə desək, bu işdə də birinciliyini qorudu. Təbii ki, “İdman Azərbaycan” kanalı ilə birgə. Tamaşaçıların əksəriyyəti oyunları bu kanallarda izlədi, necə deyərlər, yarışların “dadını” bu kanallarda çıxardı. I Avropa Oyunlarının yayım hüququnun, məhz AzTV-yə həvalə edilməsi də təsadüfi deyildi. Əslində, bu mötəbər yarışların ölkəmizdə keçiriləcəyi məlum olandan sonra Azərbaycan Televiziyası “müsəlləh əsgər”ə çevrilmişdi. İstər oyunlara hazırlıqlar, möhtəşəm idman infrastrukturunun yaradılması prosesi, idmançıların yarışlara hazırlığı, eləcə də Azərbaycanın Birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə I Avropa Oyunlarının dünyanın müxtəlif ölkələrində keçirilən təqdimat mərasimləri böyük peşəkarlıq və operativliklə tamaşaçılara çatdırılırdı. 2015-ci il aprelin 26-da Atəşgah məbədində məşəlin alovlandırılmasından tutmuş oyunların sonuna qədər AzTV və “İdman Azərbaycan” kanalı böyük fədakarlıqla çalışdı. Silsilə veriliş və proqramlar, aidiyyəti qurum və təşkilatların fəaliyyətinin geniş işıqlandırılması hər kəsi bu işin uğuruna səfərbər etdi. I Avropa Oyunlarının xalqımızın milli elementlərini, mədəniyyətini, tarixi ənənələrini, müasir reallıqlarını Avropa rəmzləri ilə üzvi vəhdətdə əks etdirən, dərin fəlsəfi məna kəsb edən açılış və bağlanış mərasimlərini, bütün növ yarışları, Oyunlarla bağlı digər mühüm məqamları yüksək keyfiyyətlə, birbaşa yayımladı. AzTV sədrinin rəhbərliyi ilə peşəkar kadrlardan ibarət komandanın işi xüsusi qeyd olunmalıdır. Operativlik, çeviklik, dəqiqlik bu vahid komandanın hər bir üzvünə xas idi. Gərgin iş rejiminə baxmayaraq, yaradıcı qrup, redaktorlar, şərhçilər, reportyorlar, aparıcılar, rejissorlar, operatorlar, texniki heyət, bir sözlə, kadrda olan və kadr arxasında qalan hər kəs öz işinin öhdəsindən layiqincə gəldi. AzTV və “İdman Azərbaycan” kanalı bu böyük tarixi hadisənin mahiyyətini və miqyasını mükəmməl şəkildə dünyaya təqdim etdi. Və bu, təkcə təcrübə, peşəkarlıq deyildi. Bu, həm də dövlətimizə sevgi, dövlətçiliyimizə, xalqımıza sədaqətlə xidmət nümunəsi, əsl vətənpərvərlik idi. Beləliklə, I Avropa Oyunları Azərbaycanla yanaşı, AzTV-nin tarixinə də qızıl hərflərlə yazıldı. Bu, heç kimin diqqətindən yayınmadı. Hər kəs AzTV-nin fəaliyyətini gördü və qiymətləndirdi. Xatırlayaq...

Beynəlxalq İdman Yayımı Şirkətinin prezidenti Manolo Romero: “AzTV-yə xüsusi təşəkkürlərimi bildirirəm. AzTV böyük iş gördü, yayım prosesində fundamental rol oynadı. Yeni studiyalar, yeni otaqlar, texnikalar – burada hər şey yüksək səviyyədədir. Mən özüm də AzTV-ni izləyirdim, medalların Azərbaycan idmançılarına təqdim olunması fantastik idi. Düşünürəm ki, AzTV yayım baxımından digər Avropa ölkələri ilə ayaqlaşa biləcək səviyyədədir. Çünki bu işin öhdəsindən peşəkarcasına gəldi. AzTV-nin sədri oyunların yayımı məsələsində çox dəstək oldu. Biz də böyük məmnuniyyətlə AzTV kanalına, onun sədrinə və işçilərinə sertifikat təqdim etdik. Əgər biz gələcəkdə Azərbaycanla oyunların yayımında birgə çalışsaq, AzTV ilə əməkdaşlıqdan məmnun olarıq...”

Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki: “Oyunların Azərbaycan Televiziyası ilə yayımı möhtəşəm şəkildə keçdi. Yayım keyfiyyəti mükəmməl idi. Bunu hamı deyir və təqdir edir.”

I Avropa Oyunlarına gələn hər kəs Bakıdan gözəl xatirələrlə qayıtdı. Bu, təkcə dünyanın 50-yə yaxın ölkəsindən olan 6 min idmançının təəssüratları deyildi. Bu, təkcə mindən çox jurnalistin yazacağı həqiqətlər deyildi. Bu, təkcə I Avropa Oyunlarını canlı izləmək üçün ölkəmizə gələn minlərlə turistin, qonağın etiraf edəcəyi gerçəklik deyildi. Və... bu, təkcə Avropa Oyunları haqqında deyildi. Həm də Bakı haqqında idi, Azərbaycan haqqında idi, xalqımızın mədəniyyəti, qonaqpərvərliyi, mətbəxi, musiqisi haqqında idi. Milyonlarla tamaşaçı bu təəssüratları da, məhz AzTV-nin efirindən eşitdi. Təkcə “Xəbərlər” proqramında nə qədər əcnəbinin Azərbaycan haqqında heyranlıqla danışdığını gördü...

Avropa Olimpiya Komitələrinin vitse-prezidenti Janez Kosijancic: “Azərbaycan odlar ölkəsi, küləklər şəhəridir. Lakin mən buraya “gülər üzlü insanlar ölkəsi” ifadəsini də əlavə etmək istərdim.”

“Bakı-2015” I Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə Baş direktoru Saymon Kleq: “Azərbaycan gənc ölkə olmasına baxmayaraq, oyunlar zamanı özünü dünyaya yüksək səviyyədə tanıtdı. Zəngin tarixi, qonaqpərvərliyi, qədimliklə müasirliyin gözəl vəhdəti ilə qonaqlarını tanış etdi. Mən Azərbaycandan çox müsbət təəssüratlarla ayrılacağam. Azərbaycan ömrümün sonunadək qəlbimdə xüsusi yer tutacaq.”

Onlar Azərbaycandan Azərbaycanı gördükləri kimi danışdılar, tanıtdılar. Bu müsahibələri də “yaddaş”a çevirən, məhz Azərbaycan Televiziyası oldu...

“Nə? Harada? Nə vaxt?”, “Brain Ring”, “Parlaq zəka”, “Mən azərbaycanlıyam” – bu proqramları Prezident İlham Əliyev də izləyir...

İnternet əsri, hər gün bizdən xəbərsiz qapımızı açan saysız-hesabsız telekanallar seçimin böyüklüyü deməkdir. Eyni zamanda, tamaşaçının diqqətini çəkmək, reytinq toplamaq məsələsində TV-lərə çətinlik yaradır. AzTV-nin belə bir problemi yoxdur. Əksinə, yeni layihələri ilə auditoriyanı daha çox cəlb edir. Son illərdə televiziyada maarifləndirmə tendensiyası daha da güclənib, intellektual oyunlar, tok-şoular çoxalıb. “Nə? Harada? Nə vaxt?”, “Brain-rinq”, “Parlaq zəka”, “Mən azərbaycanlıyam”, “Əlaçı”, “61”, “Ailə həkimi”... Bunlar AzTV-nin sabit tamaşaçı auditoriyası olan reytinqli proqramlarıdır.

Ölkə rəhbərinin bu proqramları izləməsi, əlbəttə, çox sevindirici haldır. Prezident İlham Əliyev bu ilin yanvarında Azərbaycan Gənclərinin Birinci Forumunun 20 illiyi münasibətilə ölkə gənclərinin bir qrupu ilə görüşündə televiziyada izlədiyi verilişlərdən də danışıb. AzTV-nin “Nə? Harada? Nə vaxt?”, “Brain Ring”, “Parlaq zəka”, “Mən azərbaycanlıyam” intellektual oyunları Prezidentin izlədiyi verilişlər sırasındadır. “Onlar həm intellektual səviyyəni qaldırır, eyni zamanda vətənpərvərlik hisslərini artırır. Ölkəmizin tarixi haqqında həm oyunlarda iştirak edənlər, həm də ki, geniş auditoriya üçün maraqlı məqamları təqdim edir” fikri proqramı hazırlayanlara verilən ən böyük qiymətdir. 

“Səhər”, “Sevilənlər”, “Bu axşam”, “Ovqat”, “Səadət”, “Azərbaycan tarixi”, “Turan”, “Bizim planet”, “Muğam dünyamız”, “Kino-xəbər”, “Retro”, “Müasir Azərbaycan gənci”, “Təmas nöqtəsi”, “Dərsdən sonra”, “Dadlı dünya”, “Mən də uşaq olmuşam”, “Tələbə dünyası”, “Ədəbi abidələr”... Bu verilişlərin tamaşaçısı da çoxdur.

Təbii ki, hər auditoriyanın öz verilişi, hər verilişin də öz auditoriyası var. Elə proqramlar da var ki, cəmiyyətin bütün təbəqələri tərəfindən maraqla izlənilir. AzTV-də bu cür verilişlər çoxluq təşkil edir.

AzTV musiqi, teatr, kino sənətinə böyük töhfələr verən, ona başucalığı gətirən əsl sənət adamlarının görüş yeridir. Bu görüşlər o qədər səmimi, canlı olur ki, tamaşaçı veriliş boyu özünü qonaqların yanında hiss edir. Burada digər telekanalların verilişlərində olduğu kimi, nə hansısa bir müğənninin “dəbdəbəli” evini görürsən, nə də onların mənasız qeybətlərinə, dedi-qodularına qulaq asırsan. Burada sənət haqqında ciddi söhbətlər eşidirsən, dünyadan köçən korifey sənət adamları haqqında xatirələri dinləyirsən.

Telekanalda ötən illərin verilişləri də yeni formatda tamaşaçılara təqdim olunur və həmin illərin ab-havasını bu günümüzə gətirir. Bütün bunlar sübut edir ki, AzTV xalqımızın milli maraqlarını, mənəvi dəyərlərini ifadə edən əsl xalq televiziyasıdır. 

Yeni layihələr...

AzTV-nin musiqi layihələri həmişə böyük rəğbətlə qarşılanıb. Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan Mədəniyyəti Fondunun layihəsi, Azərbaycan Televiziyasının təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin iştirakı ilə keçirilən, muğam sənətini yaşatmağa, gənc istedadları üzə çıxarmağa xidmət edən “Muğam televiziya müsabiqələri” ölkəmizdən kənarda da böyük tamaşaçı sevgisi qazanıb. Bu, hər şeydən əvvəl, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın danılmaz xidmətidir. Azərbaycan Televiziyası isə muğam müsabiqələrini (artıq beş dəfə keçirilib – F.N.) yüksək peşəkarlıqla təşkil edib və yayımlayıb. AzTV bu “SMS”siz yarışma ilə ilk dəfə muğamların həm tədrisinə, həm də maarifləndirməyə doğru bir addım atdı. Hər yarışdan əvvəl dünyasını dəyişmiş korifey sənətkarların ifasını səsləndirmək bir tərəfdən gənc ifaçıları məlumatlandırmaq məqsədi daşıyırdısa, digər tərəfdən muğamın, əsl sənətkarın əbədiyaşarlığını göstərmək idi. Bu müsabiqə sərhədləri aşan, dinindən, dilindən asılı olmayaraq milyonlarla insanın qəlbini ovsunlayan Azərbaycan muğamının təntənəsi və qələbəsidir. Müsabiqənin bir qalibi var: Azərbaycan muğamı və ona dəyər verən dövlət.

Azərbaycan Televiziyası 2015-ci ildə daha bir uğura imza atdı. Dünya teleməkanının ən nüfuzlu mahnı müsabiqələrindən sayılan, dünyanın 50-dən çox ölkəsində yayımlanan “The Voice of” – “Səs” layihəsini ölkəmizə gətirdi. Televiziyanın müasir maddi-texniki bazası, peşəkar kadr potensialı Niderlandın “Talpa International B.V.” şirkətinə məxsus bu layihənin lisenziyasının AzTV-yə verilməsində də həlledici rol oynadı. Bir həqiqət yenə öz təsdiqini tapdı: televiziyanın mötəbər tədbirləri yüksək peşəkarlıqla təqdim etməsi inkarolunmaz faktdır. AzTV bu imtahana da ciddi hazırlaşdı, Azərbaycanı dörd dolandı, gənc istedadları səbrlə dinləyib, ifalarını ələkdən keçirdi. Beynəlxalq musiqi aləminə yüzlərlə unikal səs və maraqlı performans bəxş edən “Səs” layihəsinin Azərbaycan versiyasını peşəkarcasına gerçəyə çevirdi, böyük tamaşaçı ordusunu ekran qarşısına topladı. “Səs Azərbaycan”nın AzTV-də təqdimatı, heç şübhəsiz, zəngin musiqi dəyərləri olan ölkəmizin istedadlı insanlarının dünyada təbliği işində də müstəsna rol oynayacaq...

Yeniliklər davam edir... 

2010-cu ildə AzTV-nin nəzdində Televiziya Akademiyasının fəaliyyətə başlaması da yeniliklər sırasındadır. Məqsəd mövcud televiziya kadrlarının ixtisasının artırılması və təkmilləşdirilməsidir. Artıq Televiziya Akademiyası jurnalistika fakültəsini bitirən, praktiki təcrübə keçməyən jurnalistlər üçün bir mərkəz rolunu oynayır.

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti nəhəng bir strukturdur. ”Azərbaycantelefilm” Yaradıcılıq Birliyi də bu strukturun bir parçasıdır. Burada 1958-ci ildən sənədli filmlər çəkilir. 1965-ci ildə ilk cizgi filmi çəkilib. ”Azərbaycantelefilm” indi də hər il xalqımızın tarix və mədəniyyətinə, etnoqrafiyasına, incəsənətinə, elm və sənət xadimlərinə həsr olunan onlarla yeni sənədli və televiziya filmi istehsal edir. Son illərdə dublyaj studiyasının yenidən qurulması, müasir avadanlıqla təminatı da daha çox əcnəbi filmin yüksək səviyyədə dublyajına imkan yaradıb. Studiyanın uğurlu fəaliyyətini tamaşaçılar daha yaxşı hiss edirlər.

AzTV-dəki son islahatlardan biri də Teleteatra aiddir. 1975-ci ildən fəaliyyətə başlayan Teleteatr əsaslı yenidənqurmadan sonra yeni görkəmdə verilişlərin, tok-şouların çəkiliş meydanına çevrilib. Səyyar Televiziya Stansiyaları da təzələnib. Rəqəmsal avadanlıqla təmin edilən 8 və 10 kameralı müasir Səyyar Televiziya Stansiyalarının sayı ölkəmizin hər yerindən birbaşa yayım aparmağa, mühüm əhəmiyyətli tədbirlərin elə keçirildiyi məkandan tamaşaçılara çatdırılmasına imkan verir.

İndi Azərbaycan Teleradiosunun nəzdində, həmçinin ölkənin ən nüfuzlü musiqi kollektivləri – Niyazi adına Simfonik, Əməkdar kollektiv, Səid Rüstəmov adına Xalq Çalğı Alətləri, Tofiq Əhmədov adına Estrada-simfonik orkestrləri, Cahangir Cahangirov adına xor, Əfsər Cavanşirov adına “Bənövşə” uşaq xoru, Əhsən Dadaşov adına “Xatirə” Xalq Çalğl Alətləri ansamblı, Vaqif Mustafazadə adına “Sevil” vokal-İnstrumental ansamblı, Əhməd Bakıxanov adına Xalq Çalğı Alətləri ansamblı, Uşaq musiqili teatrı, “Qaytağı” instrumental ansamblı fəaliyyət göstərir.

Mükafatlar...

Azərbaycan Teleradiosu üçün ən böyük mükafat Prezident İlham Əliyevin göstərdiyi diqqət və qayğıdır. Bu qayğı hər gün hiss olunur. Dövlət başçısının  Sərəncamları ilə rəhbərliyin və əməkdaşların orden və medallarla təltif olunması, fəxri adlara layiq görülməsi, mənzillə təmin edilməsi teleradionun hər bir üzvü üçün stimula çevrilir. Kollektiv bu qayğıya görə ölkə rəhbərinə minnətdardır.

Son illərdə AzTV, eyni zamanda bir sıra beynəlxalq mükafatlara, müxtəlif dövlət strukturlarının, ictimai təşkilatların mükafat və diplomlarına da layiq görülüb.

AzTV 2007-ci ildə Avropaya yayımın texniki müvafiqliyinə görə “Avropa keyfiyyəti” medalı ilə təltif edilib. 2010-cu ildə İngltərənin nüfuzlu Avropa İşgüzar Assambileyası televiziyanı iki nüfuzlu mükafata layiq görüb: Avropa keyfiyyətinə və rəqabətliliyinə cavab verən keyfiyyət göstəricilərinə, eyni zamanda fəaliyyət sahəsi üzrə artımın inkişaf dinamikasına görə.

Teleradiomuzun uğurları qonaqlarımızın da diqqətindən yayınmır, istər yerli, istər əcnəbi qonaqlar burada gördüklərinə heyranlıqlarını gizlətmirlər. Yaxşı xatırlayıram, 2010-cu ilin yanvarında Bakıda keçirilən Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumunun iştirakçıları AzTV-dəki islahatlardan necə məmnun qalmışdılar, bunu müsahibələrində dilə gətirmişdilər. 2014-cü ilin sentyabrında “Rusiya Televiziya Akademiyası” və MDB ölkələri iştirakçılarının humanitar əməkdaşlığı üzrə Dövlətlərarası Fondların dəstəyi, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin təşkilatçılığı ilə “Tefi-Sodrujestvo” IV Beynəlxalq Televiziya Festivalının Bakıda keçirilməsi də, ilk növbədə AzTV-nin artan nüfuzundan xəbər verirdi. 11 ölkədən 11 teleşirkətin 19 nümayəndəsinin qatıldığı, “Birlik ölkələri teleefirində ən yeni tarix” mövzusunda keçirilən 3 günlük Beynəlxalq televiziya festivalının iştirakçıları da AzTV-ni heyrətlə gəzdilər. AzTV-nin istehsalı olan “Heydər Əliyev Fondu – 10 il”  filmi festivalın ən yüksək mükafatına layiq görüldü. Yeri gəlmişkən, AzTV 2011-ci ildə “Tefi-Sodrujestvo”nun Kiyevdə keçirilən I Beynəlxalq Televiziya Festivalının da mükafatını qazanmışdı.

2015-ci ildə isə Beynəlxalq İdman Yayımı Şirkəti I Avropa Oyunlarını keyfiyyətli və peşəkarlıqla yayımladığına görə AzTV-yə (AzTV-nin rəhbərliyinə və əməkdaşlarına) sertifikat təqdim etdi. Mükafatlar çoxdur, hamısını sadalamağa ehtiyac yoxdur, məncə...  

Mükafatlar, təkcə  beynəlxalq səviyyədə Azərbaycan gerçəklərini dünyaya çatdıran bir teleradionun uğuru deyil, həm də onu izləyən milyonlarla tamaşaçının uğurudur... 

Və nəhayət, hər şeyi kadrlar həll edir...

Azərbaycan Teleradiosundakı hərtərəfli dəyişikliklər, uğurlar göz önündədir. Bacarıqlı rəhbərlik, yüksək idarəçilik və təşkilatçılıq olmasaydı, bugünkü uğurlardan danışmaq olmazdı.

Son 10 ildə AzTV-də təkcə efirə və kanalın infrastrukturuna planlı şəkildə kapital qoyuluşu həyata keçirilmədi, həm də “insan kapitalı”na böyük “sərmayə” qoyuldu. Peşəkarlarla yanaşı, istedadlı gənclərə də meydan verildi, onların hazırlanması üçün hər cür şərait və imkan yaradıldı. Artıq rəhbərliyin diqqət və qayğısı ilə gələcəkdə də bu sferada uğurla çalışacaq çox sayda gənc kadr: aparıcı, müxbir, reportyor, redaktor, şərhçi, idman şərhçisi, rejissor, operator... yetişib.

Təbii ki, zaman yerində saymır, dəyişir, özü ilə yeniliklər gətirir. Nəsillər də bir-birini əvəz edir. Bu əvəzetmə, həm də yeninin köhnədən öyrənməsi prinsipinə əsaslanır. Azərbaycan Teleradiosunda peşəkarlar öz davamçılarını hazırlayıb sabaha ötürürlər. Burada peşəkar televiziya mütəxəssisləri və menecerlərdən ibarət komanda var. Və bu komandanın fəaliyyəti Azərbaycan Teleradiosunun uğurlarına ünvanlanıb. İndi məqsəd “Hər şey bizdən başladı” həqiqətini “Hər şey bizdən başlayır” devizi ilə davam etdirməkdir...

Azərbaycan Radiosu 90, Azərbaycan Televiziyası 60 yaşında...

Bu gün Azərbaycan Radiosunun 90, Azərbaycan Televiziyasının 60 yaşı var. “Birinci”, “məktəb”, “lider” statusunu isə yenə qoruyurlar. Bu uğurların kökündə ənənələr, bu ənənələrə sədaqət, bu ənənələri yeni ruhla davam etdirmək arzusu dayanır.

Və bu gün onların günüdür! Həm də onların xidmət göstərdiyi insanların günüdür. Dövlətimizi, xalqımızı sevənlərin günüdür. Onlar isə dövlətimizin, xalqımızın parlaq güzgüsüdür. Xoş niyyətlilər baxsın bu güzgüyə, dövlətimizi,  məmləkətimizi daha aydın görmək üçün...

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi