Modern.az

Qulu Məhərrəmlinin “SƏHƏR”İ

Qulu Məhərrəmlinin “SƏHƏR”İ

21 Fevral 2016, 12:02

Mahir Qabiloğlu


Günlərin bir günü operator Ramiz Mirzəyevlə qocaman operator, 70 yaşlı  Muxtar Məmmədov AzTV-də “enerqoblok” deyilən yerin qabağında söhbət edirdilər. Mən də yanlarındaydım. Ramiz Mirzəyev:

- Muxtar dayı, sən çoxdan burda işləyirsən?

- Hə, Ramiz.- deyə Muxtar dayı cavab verdi. Deyəsən sual xoşuna gəlmişdi. Xatirələr onu ağuşuna aldı, - Ramiz, Mahir, bax onda bu bina yox idi. İşdən sonra biz də tikintidə işləyib, kömək edirdik. Onda hələ bünövrə qoyurdular.

- Muxtar dayı, belə çıxır ki, AzTV-nin bünövrəsini sən qoymusan? – deyə Ramiz növbəti sualını verdi.

- Hə,  Ramiz. Belə çıxır da...  -  Muxtar demək olar ki, kövrəlmiş halda cavab verdi.

- Muxtar dayı, filankəsi tanıyırsan?

- Hə, tanıyıram. Deyəsən Xudiyev bu gün işdən qovub onu.

- Bəs o, bizimlə sağollaşanda dedi ki, AzTV-nin bünövrəsini qoyanın var-yoxunu .....

Bu misalı əvvəldə elə-belə çəkmədim. Çünki hamı üçün tanış məqamdır. İstənilən idarədə birini işə götür  “can” deyəcək,  işdən çıxarılanda isə ...... Amma indikilərin binada, bünövrədə  işləri yoxdur, nişangahda rəis, müdir, direktor, sədr..............

Mən AzTV-ni çox sevirəm. İlk dəfə 4 yaşında qədəm qoymuşam bu məkanın kandarına. 33 saylı uşaq bağçasından radionun “Sandıqça” verilişinə müəlliməm gətirmişdi məni. Sonra 10-cu sinifdə Tariyel müəllimin apardığı  televiziyanın “Kamillik” verilişinin iştirakçısı-çıxışçısı oldum.

Bizim nəsil üçün “AzTV-ni sevirəm”  ifadəsi artıq  sayıla bilər. Axı başqa televiziyalarımız yox idi. Bir AzTV idi. Vəssalam-şüttəmam. Müasir iqtisadiyyat terminiylə desək AzTV monopolist idi. Kim ki, bu televiziyanın ekranına çıxırdısa həmən məşhurlaşırdı, ulduz olurdu. Hansı müğənnini unudub toya çağırmırdılarsa, efirə çıxıb özünü yada salırdı.

Bu televiziyanın “setka”sı vardı.  “Setka” nədir? Təsəvvür edin ki, bazara gedirsiniz əlinizdə “setka”, zənbil. Həm ət alırsınız, həm kartof-soğan, həm süd alırsınız, həm də qatıq, xama, kəsmik, həm çörək alırsınız, həm də qənnadı, şirniyyat, daha nələr, nələr. Evə qayıdanda qabağınıza uşaq qaçır. Ona “setka”dan çıxarıb şirni və ya oyuncaq verirsiniz. Televiziya dilində desək uşaq verilişləri, multfilim. Mətbəx işlərinə,  təmizliyə  baxan arvada müxtəlif ərzaqlar, yuyucu toz, sanitar-gigiyenik ləvazimatlar... Nə başınızı ağrıdım, televiziya da böyük bir bazardır. Orda hər kəsin zövqünə uyğun verilişlər hazırlanır ki, hər bir tamaşaçının təlabatına cavab versin. Yox, burda bir balaca yanlışlığa yol verdim. O monopolist AzTV həm də yüksək zövq formalaşdırırdı. İndiki televizyaların  seçim meyarı isə 100 faiz tamaşaçı zövqüdür. Tamaşaçı zövqü televiziyanı formalaşdırır.  Əvvəllər təlabatı Bazar müəyyənləşdirirdi, indi isə  bazar  münasibətləri  və  pul. İndi uşaqlar, məktəblilər multfilmə, uşaq verilişlərinə yox, daha çox seriallara baxırlar.

Mətləbdən çox da uzaqlaşmayım. AzTV-nin bütün verilişlərini sevirdim. Bir az da dəqiq ifadə etsəm, AzTV-ni orda çalışanlar sevdirmişdilər bizlərə. Öz yüksək zövqləriylə. Çünki nəsillərin biri-birinə hörməti vardı. Yaşlı nəsil həm də müəllim idi. Müəllimlik edirdi, baxmayaraq ki, bu nə onun borcu, nə də ki, vəzifəsiydi.  AzTV başqa bir aləm idi. Şənbə günləri “Retro” kinozalına baxırdıq. Amma əvvəlcədən aləmə car çəkmirdilər ki, filan film olacaq. Oturub gözləyirdin ta veriliş başlayana qədər. Bəs görəsən “Retro” kimin verilişiydi? Əlbəttə ki, Ayaz Salayevin, daha sonralar Həmidə Ömərovanın. Bəs “Dalğa” kimin idi? Osman Mirzəyev, Yusif Günaydın, Nadejda İsmayılova, İlqar Qasımovun... (çox üzr istəyirəm, birinin adı yadımdan çıxıb. Allah ona rəhmət eləsin). Bəs “Səhər görüşləri” adlı verilişin yaradıcıları kim idi? Heç onları o vaxt tanımamışam da. Sonralar AzTV-də işləyəndə ikisinin  adını öyrənə bildim – Rafiq Səməndər və Mülatif Adurov. Onu da təsadüfən.

HAŞİYƏ:  Bunu bir məclisdə Rafiq Səməndərin dilindən eşitmişəm. O vaxt Mərkəzi Komitənin 1-ci katibi Heydər Əliyev tez-tez rayonlara səfərə edər, tarlada əməkçilərlə görüşər, onların qayğılarıyla maraqlanardı. Belə görüşlərin birində pambıqçı qızlar ondan bir xahiş edirlər. Ki, “Səhər görüşləri” səhər efirə gedəndə biz artıq sahədə - iş başında oluruq. Ona görə də bu maraqlı verilişə baxa bilmirik. Mümkünsə onu gecə təkrar versinlər. Onların bu xahişi yerinə yetirilir. “Səhər görüşləri”nin təkrarı axşam da yayımlanmağa başlayır. Rafiq Səməndər danışırdı ki, “bir problem qalmışdı, o da videoyazıyla gedən verilişdə tamaşaçıları salamlamaq məsələsiydi. Təsəvvür edin gecə saat 11-in yarısında aparıcı deyir ki, “Sabahınız xeyir, əziz tamaşaçılar”. Ona da əlac tapdım. “Hər vaxtınız xeyir” ifadəsi onda meydana gəldi. İndi isə yeri gəldi-gəlmədi bu ifadəni işlədirlər”. (SON)

AzTV-nin bu cür verilişləri çox idi. Onlardan biri də 20.00-da efirə gedən “Günün ekranı” verilişi idi. Onun da adını çevirib “Xəbərlər”qoydular. Zaman keçdikcə verilişlər və onların adları da tarixdən silindi. Sadəcə yaddaşlarda qaldı. Ancaq bir veriliş bu gün də televiziyamızın ekranını bəzəməkdə, hər gün bizə “Sabahınız xeyir” deməklə xoş əhval-ruhiyyə bəxş etməkdədir. Bu bizim AzTV-nin “Səhər” proqramıdır.

Mən onda AzTV-də işləmirdim. Heç bilmirdim ki, bu verilişin rəhbəri kimdir. Çünki bir verilişdə o qədər aparıcı olurdu ki, qalırdın çaş-baş, görəsən bunlardan hansı rəisdir? Esmira Çərkəzqızı, İlhamiyyə Rza, Zərifə, Afaq, Kəmalə, Dünya Ənvərqızı, Məxfurə, Rövşanə, Nəcibə, Aytən Səfərova,  Fatimə, Elnur Əşrəfoğlu, Elnur, Rauf, rusca, ingiliscə xəbərlərin, “Mətbəx” verilişinin  aparıcıları... Axı kim idi bunlardan ən böyüyü. Hiss olunmurdu.  Çünki hamısı öz işinə elə doğma, diqqətlə, canla-başla yanaşırdılar ki, bunu efirdən sezmək  mümkün deyildi. Bütün rubrikalara, studiyaya dəvət olunan qonaqların söhbətlərinə də diqqətlə,maraqla baxılır, maraqla qulaq asılırdı. Hamısı da gənclər idi. Gözəl, yaraşıqlı, hazırlıqlı, hazırcavab, məhdud çərçivəyə salınmayan, yaradıcı, indi dəbdə olan  sözlə desək – POZİTİV. Bir də ki, əsas məsələ: “Səhər” efirə canlı çıxırdı. Canlı efirin məsuliyyəti isə çox böyükdür.

Amma bir qəribə əhvalat məni “Səhər” proqramıyla daha da yaxınlaşdırdı. Bunu xatirələrimdə də yazmışam. Amma indi də xatırlamağım yerinə düşər:

“1996-cı il avqustun 12-si idi. Atamın 70 yaşı tamam olurdu. Axşam qonaqlar gələcəkdi. Atam səhər saat 8-dən  televizoru qoşub “polnı xod”  vermişdi. Efirdə Az.TV-nin “Səhər” proqramı gedirdi. Ta saat 10-dək gözünü çəkmədi ekrandan. Proqram qurtaran kimi zəng elədi 09-a, - telefon-məlumat xidmətinə. Əsəbi şəkildə televiziyanın “Səhər” proqramının telefon nömrəsini istədi. Zəng elədi. Proqramın rəhbəri Qulu Məhərrəmlini soruşdu. Uşaqlar da sağ olsunlar Qulu müəllimi tez tapıb calaşdırdılar. Onda Qulu müəllimin 40 yaşı vardı. Xalq şairi Qabildən 30 yaş kiçik idi.
- Qulu müəllim, səhərdən oturmuşam televizorun qabağında. Deyirəm ki, indi məni göstərərlər, bu dəqiqə göstərərlər. Amma hamını verdiz, məni vermədiz?
- Nəyi verdik, nəyi vürmədik, Qabil müəllim?
- Necə yəni... Bu gün mənim ad günümdür. Ad günüm yox e, 70 illik yubileyimdir. Fidel Kastronu (12 avqust Fidelin ad günüdür) saqqalından sürüyüb Kubadan gətirib çıxartdın AzTV-nin efirinə, “Təqvim” rubrikasında düz 3 dəfə ad gününü təbrik etdin, amma burdan-bura məni bir dəfə də təbrik eləmədin.
Səhərisi günü “Səhər” proqramı “səhv”ini düzəltdi. Əslində onlarda da taqsır yox idi. Onda da, indinin özündə Qabilin bütün təqvimlərdə ad günü avqustun 15-i yazılıb. Sonralar mən Az.TV-də işləyəndə xatırlatmanı özüm edirdim. Qulu müəllimə bircə işarə bəs edirdi: “Qulu müəllim, sabah Fidel Kastronun ad günüdür ha…”.

Bu hadisədən sonra atam hər ad günündə - ölən gününə qədər  - düz 10 dəfə Qulu Məhərrəmlini dəvəti ilə “Səhər”in şənbə qonağı oldu.

Sonralar mən AzTV-nin “Xəbərlər”proqramına işə düzəldim. Səhər tezdən qızlarımı məktəbə yola salıb işə gəlirdim. “Səhər” proqramıyla bir mərtəbədə yerləşirdi redaksiyamız. Onların gərgin işinin həm səhər, həm də gecə şahidi olurdum. Artıq efirdə görünənləri yox, arxa planda qalanlarıda tanımağa başladım. Onda bildim ki,  həftənin 6 gününü 3 saat canlı efirə çıxan bu proqramın rəhbəri çox hörmətli Qulu Məhərrəmlidir. İlham Alışanov, Rafiq Savalan, Salar Aslanov, Valid Sənani kimi jurnalistləri, Natiq Ağayev,  Hikmət, Samir, Arzu kimi gənc rejissorları, rejissor assientlərini, montajorları, qrim ustasını onda daha yaxından tanımağa başladım. Amma həm də bizim “Xəbərlər”in redaktoru olan Esmira Çərkəzqızının paralel işlədiyi “Səhər” proqramı haqqında dediyi xoş sözlərdən sonra mən bir müşühidəçiyə çevrildim.  Rejissorların efir gedə-gedə yeni priyomlara əl atdıqlarının şahidi oldum. Birini misal da çəkim.

Deməli, atam Qabilin 2000-ci ildə 74 yaşı tamam olurdu. Şənbə qonağı kimi “Səhər”ə dəvət etmişdilər. Esmira Çərkəzqızı da aparıcı idi. Birdən yadıma düşdü ki, bəs axı bu gün həm də atamla anamın Qızıl Toyudur. Bunu rejissora dedim. O da həmən assisenti Nəzakət Ağayevanın  qulağına nəsə pıçıldadı. O da ildırım sürətiylə rejissorskidən  çıxdı. Bir dəqiqədən sonra  əlində Betekam kasset geri qayıdıb, maqnitafona saldı. Hansı dəqiqənin başlanğıcına qoyulmalıdır, onu dedi. Bundan sonra rejissor Esmiranın qulağına “Esi, Mahir deyir ki, bəs bu gün həm də “Qızıl toyudur Qabil müəllimin” pıçıldadı. Esmira bu hadisəni təqdim edəndə, maqnitafonun  düyməsini basdılar. “Vağzalı” sədası gəlməyə başladı. Bəlkə bunsuz da olardı. Amma bu, iki daşın arasında bir rejissor tapıntısı idi.

“Səhər”in yaradıcı heyəti yaradıcı imkanlarını göstərmək baxımından çox sərbəst idilər. Bəlkə də ifrata varıram. Axı Dövlət Televiziyasında sərbəstlik məfhumu yolverilməzdir? Bəlkə də nisbətdə deyirəm. Digər redaksiyalarla müqayisədə. Amma yox. Məncə ifratsız, nisbətsiz, müqayisəsiz – “Səhər”  super televiziya verilişiydi, öz super yaradıcı heyətiylə. Əlbəttə ki. Qulu Məhərrəmli başda olmaqla. Yadıma indi düşdü. Yalnız bir qadağa vardı. Musiqi nömrələrinin siyahısını  Musiqi Verilişləri Baş redaksiyası verirdi. 

Nizami Xudiyev yenicə sədr seçiləndə, 1-ci günlər  Kollegiya zalında  iclaslar keçirirdi. Bu iclasların birində mən də iştirak etmişdim. Demə Nizami müəllim təzə gələn vaxt “Səhər” proqramını bağlatdırmaq istəyirmiş.  Niyəsini deyə bilmərəm. Bəlkə də Qulu Məhərrəmli Arif Alışanov dostluğuna “suka”ların adekvat reaksiyasıymış bu. Çünki o vaxt xəbər yayılmışdı ki, bəs Arif müəllimin işləri fırığdır, çıxaracaqlar onu. Əgər onun işi çətinə düşübsə, “Yaşın oduna quru da yanmalıdır”.  Amma iclasda Nizami müəllim “Səhər” proqramının fəaliyyətinə toxunanda bir söz dedi: “Yazıçılar Birliyində yazıçılarla görüşdəydim. Onların fikirlərini, təkliflərini öyrənməyə getmişdim. Onların əksəriyyəti “Səhər” proqramından danışdı. Müsbət fikirlərini bildirdilər. Təkliflərini, arzularını söylədilər.  Mən də elə bilirdim ki, bu “Səhər”ə təkcə evdaq qadınlar baxır. Demə ziyalılarımız  diqqətlə izləyirmişlər”.

Bu iclasdan sonra bir məsul şəxsin Qulu Məhərrəmliylə  dəhlizdə söhbətinin şahidi oldum.

- Qulu, təbrik edirəm.

- Çox sağ ol. Amma 3 saat elədilər efiri. Əvvəl iki saat çıxırdıq. Qonorar fondu 150 “şirvan” idi. İndi Nizami Xudiyev 3 dəfə artırdı -  4 milyon yarım oldu. Amma yükümüz də artdı.

Bu, “yeni verilişlər edin” deyə-deyə qalan Nizami Xudiyevin üzərində nişangahda ola Arif Alışanovun dostu Qulu Məhərrəmli və onun komandasının qələbəsi idi. “Səhər”in uğur qazanmasının sirrini sonralar anladım. Daha doğrusu bu bir böyük sirr də deyilmiş. Sovet dövrü “Dalğa” proqramı həftədə bir dəfə efirə çıxırdı. 4 müəllif-aparıcısı olurdu. Hər həftəyə də biri ssenari yazırdı. Çox gözəl metoddur:  bir ay fikirləş, ortaya gözəl veriliş qoy.

“Səhər”də isə 3 aparıcı vardı. 6 gün ərzində hər aparıcıya 2 veriliş düşürdü.  Onlar da çalışırdılar ki, öz yeniliklərini ortaya qoyub, biri-birilərindən fərqlənsinlər. Həm də tamaşaçının gözü bir aparıcıya baxa-baxa mazol olmurdu.


HAŞİYƏ:
Avqust ayı idi. Atam yenə də “Səhər”in şənbə qonağıydı. Zəng etdi mənə ki, bəs Qulu müəllimlə danışmaq istəyirəm, telefon nömrəsini ver. Təsadüfdən mən də,  Qulu müəllim də çayxanadaydıq. O İlhamiyyə xanımla çay  içirdi. Yaxınlaşdım onlara və cib telefonumu verdim Qulu müəllimə.

- Qabil müəllim, salam. Əvvəlcədən təbrik edirəm ad gününüzü.

- …….

- Sabah  aparıcı …….  xanımdır. Telefonunuzu verəcəm zəng edib əlaqə saxlayacaq sizinlə.

- …………

- Başüstə, Qabil müəllim,  necə istəyirsiniz. Esmira olar aparıcı, - deyə Qulu müəllim  sözünü bitirib üzünü mənə tutdu,- Mahir, get özün Esmiraya de ki, sabah efirdədir. Atan məhz aparıcı Esmira Çərkəzqızının qonağı olmaq istəyir. (SON)

2007-ci ilə qədər AzTV-də işlədim. Orda işləyənlərin hamısını çox gözəl tanıyırdım. Hamısını çox istəyirdim və indi də çox istəyirəm. Orda qalıb işləyənləri də, İTV-yə küçənləri də,  işdən uzaqlaşanları və ya uzaqlaşdırılanları da. “Səhər”proqramını isə xüsusilə  çox istəyirəm. Çünki 20 ildən çoxdur ki, özünü, adını, səviyyəsini  qoruyub saxlayıb.  Üç sədrin etimadını qazanan “Səhər” AzTV-nin ən qədim, ən baxımlı  proqramıdır. Digər televiziyalarımızdakı Səhər verilişlərinin isə USTADI. Mən isə onu qısa, yaradıcısının adı ilə  çağırıram: Qulu Məhərrəmlinin “SƏHƏR”i  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi