Modern.az

“Vüsalə Mahirqızı ilə yüksək tonda danışdığımız yadıma gəlmir” - MÜSAHİBƏ

 “Vüsalə Mahirqızı ilə yüksək tonda danışdığımız yadıma gəlmir” - MÜSAHİBƏ

24 Fevral 2016, 16:43


Bu gün “Azəri-Press”(APA) İnformasiya Agentliyinin baş direktoru Nurşən Quliyevin 42 yaşı tamam olub. O, uzun müddət bir sıra mətbuat orqanlarında çalışandan sonra, 2004-cü ildən  APA-da fəaliyyət göstərir. Modern.az saytı tanınmış jurnalistdən ad günü təəssüratlarını öyrənib, onu söhbətə çəkib.

- Nurşən bəy, öncə sizi doğum günü münasibətilə təbrik edirik. 42 yaşınızda özünüzü necə hiss edirsiniz? 

- Əsas odur ki, özümü 42 yaşlı biri kimi hiss etmirəm. Hələ uşaq olanda mənim üçün 40 yaşlı kişi az qala ağsaqqal təəssüratı yaradırdı. Amma görürəm ki, yanılmışam, 40 yaşlı kişilərə qarşı haqsızlıq etmişəm. Özümü 42 yaşdan daha gənc, daha gümrah hiss edirəm. Amma sən nə hiss etməyindən asılı olmayaraq, ömür gedir, yaş üstünə yaş gəlir, ən pisi də odur ki, sən illərin əlində acizsən.
Ad günümü xüsusi bir mərasimlə qeyd etməyi düşünmürəm. Bu gün səhərdən iş yoldaşlarımdan, dostlarımdan xeyli təbriklər, isti sözlər almışam. Hətta tanımadığım insanlar belə, sosail şəbəkələrdə təbriklər ünvanlayırlar. Demək ki, 42 illik ömrü havayı yaşamamışam. Fürsət düşmüşkən, təbriklərə görə hər kəsə minnətdarlığımı bildirirəm.

- İxtisasca jurnalistsiniz, əvvəllər də bir çox media orqanlarında çalışmışınız. Bu gün işlədiyiniz APA İnformasiya Agentliyində xüsusi xidmətləriniz var. APA-da “görünməz əl" olmağınız sizi müəllif olaraq aktiv jurnalistikadan çoxmu uzaqlaşdırıb?

 - Yox, mən yenə aktiv jurnalistəm. Jurnalistliyin redaktorluq tərəfi ilə məşğulam. Amma o cəhətdən haqlısınız ki, yaza bilmirəm, yazmıram. Bunun üçün sadəcə, vaxtım yoxdu. Bilirsiniz, məncə, nəsə yazırsansa, keyfiyyətli yazmalısan. Keyfiyyətli yazmaq üçün isə daha çox vaxt və sərbəstlik lazımdır. Hələlik bu səbəbdən siz dediyiniz aktiv jurnaslitikadan uzaq düşmüşəm.

- APA hazırda hansı media qurumlarını özünə rəqib görür?

 - Xəbər istehsalı ilə məşğul olan hər bir media qurumunu  APA-nın rəqibi sayıram. Bu sırada hətta sosial şəbəkələr də var. Müxbirlərdən tələbimiz həm də budur ki, xəbər sosial şəbəkələrdə yayılmamış birinci APA-da getməlidir. Deməli, artıq sosial şəbəkələr də rəqiblərimiz sırasına qatılıb. Amma sosial şəbəkədə gördüyün hər cümləni xəbər kimi media orqanında təqdim etməyin də tərəfdarı deyiləm. Sosial şəbəkədə və mətbuatda məlumat yaymağın məsuliyyətini eyniləşdirmək olmaz.

- Uzun müddətdir, tanınmış jurnalist Vüsalə Mahirqızı ilə birgə çalışırsınız. Sizcə, xanım rəhbərlə işləməyin hansı müsbət və çətin tərəfləri var?

- Rəhbərin xanım və kişi olması əsas deyil. Əsas odur ki, bir yerdə çalışdığın insanlarla eyni fikirləri, eyni düşüncələri bölüşəsən. Vüsalə xanımla uzun illərdir bir yerdə çalışırıq. Bir yerdə müxbir kimi də işləmişik, birgə müsahibələrə getmişik, yazılar hazırlamışıq. Sonra tale elə gətirdi ki, birgə fəaliyyətimiz davam etdi, APA yarandı. Aramızda hər zaman sağlam münasibətlər olub. Bir-birimizlə yüksək səs tonunda danışdığımız yadıma gəlmir. Onunla işləmək mənim üçün çox rahatdır.

- APA-nın redaktorları bəzən media orqanlarını xəbər oğurluğunda günahlandırırlar. Siz belə hallarla bağlı nə deyə bilərsiniz?

- Bu barədə danışmaqdan yorulmuşam desəm, yəqin inanarsınız. APA fəaliyyətə başlayan gündən müəllif hüquqları uğrunda mübarizə aparır. Artıq 12 ilə yaxın vaxt keçir, amma bu problem hələ də qalır, ən pisi isə budur ki, belə hallar getdikcə artır ki, azalmır. Plagiat problemi ilə təkcə APA üzləşmir, bu, ümumilikdə, bütün mətbuatın problemidir. Bəziləri məsləhət görür ki, oğurluq faktlarını məhkəmə müstəvisinə daşıyaq. Ancaq onda gərək biz işimizi-gücümüzü ataq, günümüzü məhkəmələrdə keçirək. Açığı, mən artıq bununla mübarizənin mexanizmini görmürəm. O ki qaldı plagiatlıq edənlərin adına, məncə, ad çəkməyə başlamasam yaxşıdır. Siyahı çox uzundur.

- Mətbuatdan getmək məcburiyyətində qalsaydınız, başqa hansı sahədə çalışardınız?

- Hələlik özümü mətbuatdan kənarda görmürəm. Ona görə də bu barədə düşünməmişəm.

 -Bu il APA-da hansısa yeniliklər olacaqmı?

- Dünyada və ölkədə gedən istisadi proseslər təbii bizim də fəaliyyətimizə təsirsiz ötüşmür. Reklam bazarı zəifləyir, gəlirlər azalır. Buna baxmayaraq, biz vəziyyətdən çıxış yolları axtarırırq. İndi əsas məsələ şirkətimizdə iş yerlərinin saxlanması, ixtisarlara yol verilməməsidir. Bu məqsədlə müxtəlif layihələr üzərində iş aparılır. Qeyd etdiyim kimi, yeni layihələr var, ancaq hələlik açıqlamaq istəmirəm. Bundan başqa, APA-nın ABŞ-da müxbir postunu bərpa etməyi düşünürük. Bilirsiniz ki, APA-nın uzun illərdir Rusiya, Türkiyə, Fransa və Gürcüstanda müxbir postları fəaliyyət göstərir. Ötən il İranda müxbir postu yaratdıq, əməkdaşımız artıq çalışmağa başlayıb. Əvvəllər agentliyimizin ABŞ-da da müxbiri var idi, sonra müəyyən səbəblərdən onun fəaliyyəti dayandı. Artıq APA-nın ABŞ bürosunun bərpası istiqmətində də işlərə başlanılıb.

Ağa AKİFOĞLU

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi