Modern.az

Həmkar bacılar

Həmkar bacılar

27 Fevral 2016, 10:49


Sizə iki bacıdan danışmaq istəyirəm- mediada və cəmiyyətdə  kifayət qədər tanınan bacılardan...Yox-yox, “Bəxtiyar” filmindən dilimizdə şirin yumora çevrilmiş Hüseynova bacılarını nəzərdə tutmuram. Qəhrəmanlarımın soyadı Kazımovadır. Media cameəsində yaxşı  tanınan Zeynab və Şəfaqət bacıları!

Biri Bakı Ali Neft Məktəbinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, digəri isə Azərbaycan Dillər Universitetinin İctimaiyyətlə əlaqələr departamentinin müdiridir. Tutduqları vəzifə, daşıdıqları soyad kimi eyni olsa da, xaraktercə fərqlənir bizim bacılar – Zeynab həddən ziyadə romantik ruhlu, bir az da şıltaq və incə qəlblidir. Şəfaqət isə hisslərini büruzə verməyə tələsmir, belə desək, daha təmkinli, hətta bir az da soyuqqanlıdır. Bu, onlarla ara-sıra təmasdan doğan ötəri müşahidələrimdir.  Yəni haradasa səhv də edə bilərəm. Ancaq etmək istəmirəm, çünki məqsədim bu iki maraqlı xanımın həm iş, həm də iç dünyasını sizə tanıtdırmaqdır. Bunu isə məncə onların özlərindən yaxşı heç kəs edə bilməz.                      

Başlayaq  fransızdilli, jurnalist-tərcüməçi, tədqiqatçı və mənim fikrimcə, çox yaxşı bir anadan

– Zeynab Kazımovadan. Yazımın bacılar üçün sürpriz olacağına qərar verdiyimdən, cavabları müsahibələrindən götürdüm. Xəyali söhbətimizə isə belə başladıq: -

- Zeynab xanım, Siz uzun illər jurnalist kimi çalışmısınız. KİV-də işləmək və və KİV-lə işləmək: prinsipial fərq nədədir?

-
Ali təhsil müəssisələri üçün onun fəaliyyətinə verilən qiymət, cəmiyyətin mövqeyi, ictimaiyyətin rəyi mühüm bir yer tutur. Ali məktəbin imicini düzgün formalaşdırmaq, cəmiyyətdə tutduğu mövcud nüfuzunu daha da yüksəltmək mütləq ali təhsil müəssisəsinin media ilə əlaqələrini lazımınca qiymətləndirməyi zəruri edir. Axı cəmiyyətlə ən yaxşı ünsiyyət, gənc nəslə birbaşa müraciət üsulu daha çox media ilə qurulur.

Gələcəkdə tələbə cəlb etmək, öz qapılarını savadlı, bacarıqlı və çalışqan gənclərə açmaq istəyən ali təhsil ocağında media ilə iş ön sıralarda durur. Ona görə də ali təhsil ocağı hər zaman ictimaiyyətə, xüsusən jurnalistlərin üzünə açıq olmalıdır. Hər bir universitet rəhbərliyi hər zaman jurnalistlərin işini yüksək qiymətləndirməlidir. Bu, ancaq işin xeyrinə olar. Bu gün gənclərə nüfuz etmək, onları anlamaq, duymaq üçün onların aləminə daxil olmaq labüddür. Bu gün onlar sosiallaşaraq şəbəkələrdə birləşirlərsə, demək, biz də orada olmalıyıq.

İndi isə, keçək Şəfaqət Kazımovaya.

Burada bir qədər haşiyədə çıxaq. 2010 – cu ildə - yəni yaradılandan cəmi il yarım sonra  ADU-nun Mətbuat xidməti ali təhsil müəssisələrinin analoji strukturları içərisində "İlin mətbuat xidməti” adını qazanıb. 2011-ci ildə isə həmin dövrdə şöbəyə rəhbərlik edən Zeynab Kazımova ”İlin mətbuat katibi” adına layiq görülüb. 2013-cü il - ali məktəblərin mətbuat xidmətləri arasında keçirilən sorğunun nəticəsinə görə ADU - nun Mətbuat xidməti yenə birinci olub!

Uğurlar isə bir deyil, iki deyil... Universitetin adına uyğun olaraq, seçilən “Poliqlot” adlı qəzetin  kifayət qədər oxucu auditoriyası var. Bu gün ADU-nun İctimaiyyətlə Əlaqələr Departamentinin müdiri Şəfaqət Kazımova, həm də qəzetin baş redaktoru, necə deyərlər, ənənə davam edir...

Və indi gəlib, çatdıq, bu yazını hazırlamağımın ən önəmli səbəbinə - axı bu ilin fevral ayında ADU-nun İctimaiyyətlə Əlaqələr Departamentinin yaradılmasından düz 7 il ötür.

Yəni bizim Kazımova bacılarının da hansısa mənada peşə doğum günüdür! Və artıq mənim də sayılır, çünki səkkiz aya yaxındır ki, mən bu mehriban kollektivin üzvüyəm. Hər iş günüm də elə Kazımova bacılarından biri ilə – Şəfaqət xanımla keçir. Onu da deyim ki, müşahidələrimə görə bizim gənc, enerjili müdirimiz və onun bu vəzifədə sələfi olan bacısı qayğıkeş həyat yoldaşı, mehriban ana olmaqla bərabər, həm də əsl dostdurlar. Bu isə bacılar arasında heç də həmişə rast gəlinmir.   

Şəfaqət xanım bizi həmişə öyrədir – materialın son notları optimist ruhlu və motivasiyalı olmalıdır. Ancaq bu dəfəlik üzrlü hesab etsin məni, bacarmadım. Mütləq yazmalıydım bundan...Axı  bizim bacıların iç dünyasının ən önəmli nüansı, onları birləşdirən, dərd ortağı edən məqam budur – anaları! O Ananı ki, bir müddət  əvvəl  cismani itiriblər.

Və....hələ də gözlərindəki sönməz kədər, içlərindəki yanar atəşlə arayırlar bu ananı...Zeynab bəzən Şəfaqətin də hiss edib, ancaq dilə gətirə bilmədiklərini deyir beləcə...   Anamın yanına aparın məni –

Ona sevdiyimi deyəcəm yenə. Onun saçlarına tumar çəkəcəm,

Onun gözlərindən öpəcəm yenə… Salam, ana, necəsən?

Demək istəyirəm... Nömrəni yığmaq və səsini eşitmək istəyirəm

Amma əlim getmir telefona
Bir “alo” eşitmək istəyimin önündə elə acizəm ki, ana…
dünyanın bütün naz-nemətinə dəyər bu istəyim,
Səni görmək istəyirəm…

Yox, söz  vermişəm. Optimist not mütləq olmalıdır.  Qoy  Zeynab xanımdan kömək istəyim.

- Mən o qədər sevinc, o qədər kədər yaşamışam ki… Mehriban, güləriz, səmimi insanları da görmüşəm. Onlara o qədər öyrəşmişəm ki, görəndə elə bilirəm, ən əziz adamımı görürəm.

Haqlısınız, Zeynab xanım. Haqlısınız, Kazımova! Siz  elə mənim kimi yolunu hələ yeni seçməkdə olan nə qədər insana düzgün istiqamət göstərən, şaxtada, istidə qucaq açan istinadgahsınız. Sağ olun ki, hər ikiniz varsınız!  

Şəhla Əhmədova,
ADU-nun İctimaiyyətlə əlaqələr Departamentinin əməkdaşı
   

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi