Mühacirətdə olan tanınmış jurnalist Elbəyi Həsənli Tərtər rayonunun sabiq icra başçısı, Tərtər özünümüdafiə batalyonunun komandiri olmuş mərhum Sərdar Həmidovla bağlı
maraqlı xatirələrini bölüşüb.Modern.az xəbər verir ki, Elbəyi Həsənli Sərdar Həmidovla bağlı aşağıdakı əhvalatı danışıb:
“Haradasa 15 il əvvəlin söhbətidir. Sərdar bəy həbsxanadan xəbər göndərib ki, "bəy gəlsin, ona müsahibə verəcəm. Amma girişdə özünü təqdim etməsin. Pulunu verib keçsin".
Rauf Arifoğlu ilə danıdım. Razılıq verdi. Getdim həbsxanaya. Oranın adı dəqiq yadımda deyil. Çöl-biyaban bir yer idi. Dədə-baba qaydası ilə rüşvətimizi verib keçdim içəri.
Sərdar bəy məni gözləyirdi. Bizim içün ayrılmış otağa keçdik. Təbii ki, o, bu otağa görə də pul ödəmişdi. Xeyli söhbət etdik. Gedəndə dedi ki, "yazını hələ vermə. Vermək lazım gələndə xəbər göndərəcəm…".
Bu görüşün üstündən bir xeyli keçəndən sonra yenə xəbər göndərdi ki, "bəy gəlsin, söhbətin davamı olacaq". Təbii ki, özümü ona çatdırdım. Bu dəfə də keçən dəfəki kimi rüşvəti verib içəri keçdim…
Bu söhbətimiz də uzun çəkdi. Onun dediklərini yazıya köçürüb həbsxanadan siqnal gözləyirdim. Sərdar bəy istəyirdi ki, müsahibə siyasi baxımdan münasib bir məqamda getsin. Onun düşüncəsinə görə, əgər belə olsa, onu prezident Heydər Əliyev əfv edə bilərdi…
Bir gün xəbər gəldi ki, yazı getsin. Həmən çapa verdik. Səhərisi aləm bir-birinə dəydi. Həmin həbsxananın rəisi rütbə baxımından yüksəlməli idi. Müsahibədən sonra isə o, ciddi problemlərlə qarşılaşdı…
Heç hazırladığım müsahibə də Sərdar bəyə xeyrinə olmadı. Əksinə, onu həbsxanada karsa saldılar…
Onu da deyim ki, həmin vaxt İsgəndər Həmidov da həbsdə idi…
Allah Sərdar bəyə rəhmət eləsin…”.
Modern.az