Modern.az xəbər verir ki, bunu bağlanan “Gündəlik Teleqraf” qəzetinin keçmiş şef redaktoru Taleh Şahsuvarlı bildirib.
O deyib ki, holdinqə bağlı saytlarda qalmağı üçün təklif olunan maaş dolanışığına, xüsusən də kredit öhdəliklərinin yerinə yetirilməsinə kifayət etmirsə, o zaman başqa yol qalmırdı.
“Ancaq "benzin pulu"na, gündən-günə marginallaşaraq çalışmaq olmaz, hər kəsin maddi məsuliyyəti, mükəlləfiyətləri var. Düşünürəm ki, ən qısa zamanda münasib bir iş tapacam”.
Taleh Şahsuvarlı iş üçün hakimiyyətə də müraciət edib:
“Belə ki, illərlə səmimi, təmənnasız, ardıcıl və birmənalı şəkildə müdafiə etdiyim siyasi hakimiyyətin mənim potensialımı və vəziyyətimi nəzərə alacağına inanıram.
Əlbəttə, heç kim istəməzdi ki, iş yerləri bağlansın, medianın ümumi vəziyyəti çətinləşsin. Əgər dərd, necə deyərlər, ellə gəlibsə, o zaman ümumi situasiyada media sektoru olaraq maksimum həmrəylik göstərməliyik.
Mənim tabeliyimdə onlarla qabiliyyətli, istedadlı jurnalist çalışıb, hər birinin bacarığına, düzlüyünə, işgüzarlığına başımla cavabdehəm, digər saytlarda da iş yerini itirənlər var.
Əgər digər media strukturlarında vakansiyalar varsa, təcili bu cür şəxslərin işlə təmin edilməsi gərəkdir. İnanın ki, özümdən çox, iş yerini itirmiş həmkarlarımın qayğısını çəkirəm, onların çoxu ailəlidir, uşaqları, problemləri var.
Azərbaycanın sosial-iqtisadi münasibətlər sistemində hamıya bəlli problemlərin yaranmasında onların heç bir rolu, günahı, məsuliyyətləri yoxdur və buna görə də "ilk zərbə"nin mediaya dəyməsi, yumşaq desək, heç də yaxşı hal deyil. Mən yenə də nikbinəm və Folknerdən fərqli olaraq, düşünürəm ki, sabah- bu günün bir başqa adı olmayacaq”.
Modern.az