Şikayətçinin yeganə istəyi
“İntizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz, amma 2,6 il keçdikdən sonra mənim əmək müqaviləmə xitam verildi...” Bunu Modern.az-a müraciət etmiş şikayətçi deyir.
“Mən şöbə rəisi işləyirdim. Yeni direktor vəzifəyə gələnə qədər. O, vəzifəyə gəldikdən sonra öz adamlarını başına yığmağa başladı”, – Xəzər Dəniz Neft Donanmasının (XDND) Gəmi Təmiri zavodundan işdən çıxardılan Elçin Şahgəldiyev belə deyir. E. Şahgəldiyev 1999-cu ildən 2012-ci ilin aprelin 2-nə qədər XDND Gəmi Təmiri zavodunda işləyib. “Direktor mənə dedi ki, başqa yerdə iş var, keç ora. Məndə ərizəmi yazsam da, ora keçə bilmədim. Daha sonra 2-3 dəfə vəzifəm dəyişdi, vəzifəm getdikcə kiçildildi. Lap sonda elə vəziyyətə çatdı ki, fəhlə işləyirdim. Orada da imkan vermədilər. Mənə qarşı kampaniyaya başlatdılar. Dedilər ki, bu işi görə bilmirsən. Yüzlərlə bəhanə gətirdilər. Sonda da bildirdilər ki, təhlükəsizlik qaydalarını pozursan. Amma mən bütün bunlara riayət etmişdim”.
E. Şahgəldiyev işdən çıxarılandan sonra Səbael Rayon Məhkəməsində iddia ərizəsi ilə müraciət etsə də, məhkəmədə qalib gəlmir. Şikayətçi bildirir ki, məhkəmədə ona qarşı əsaslı dəlillər əvəzinə, yalançı şahidlərin ifadələrindən istifadə ediblər. E. Şahgəldiyev apellyasiyaya müraciət edib. Avqustun 2-də məhkəməsi olacaq.
Apellyasiya şikayətində isə bildirir ki, cavabdehin əmrdə istinad etdiyi əsaslardan biri “mənim tərəfimdən gəminin trapının qaldırılması və bununla əlaqədar təhlükəsizlik texnikası qaydalarını” pozmağımdır. Cavabdehin Əmək Məcəlləsinin 10-cu maddəsinin “c” bəndində nəzərdə tutulan “əməyin təhlükəsizliyi normalarına əməl etməmək” kimi əsası da qanunsuzdur. Belə ki, mən əməyin mühafizə qaydalarını pozmamışam və əgər pozmuşamsa, əmrdə hansı əməyin mühafizə qaydalarını pozmağım barədə normativ hüquqi akta əsaslanmalı və mənim həmin normativ sənədin hansı bəndini pozmağım göstərilməlidir. Cavabdeh isə heç bir normativ sənədə əsaslanmayıb, əmrdə əsaslandığı əməyin mühafizə qaydalarını pozmağım barədə sözlər isə ümumi sözlərdir və hər hansı bir sənədlə sübut olunmur. Göstərilən əsaslardan da bu əmr qanunsuzdur.
Şikayətçi bildirir ki, onunla bağlanmış əmək müqaviləsinə xitam verilmə əsaslarından biri kimi məxfi şöbənin rəisi vəzifəsindən azad olunarkən guya dozimetrlərin kompüterlərinə kod qoymağım və yeni təyin olunmuş şöbə rəisinə bu kodu deməməsidir. “Bu əsas da qanunsuzdur. Belə ki, Əmək Məcəlləsinin 187.3-cü maddəsinə əsasən intizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Mən 08.10.2009-cu il tarixdə məxfi şöbənin rəisi vəzifəsindən azad olunmuşam və bu səbəbdən də (hətta mən belə bir intizam xətasına yol verdiyim halda) 2,6 il keçdikdən sonra bu əsasla mənə intizam tənbehi verilə bilməz.
E. Şahgəldiyev qeyd edir ki, yeganə istəyi əmək müqaviləsinə xitam verildiyi tarixdən işə bərpa olunan günə qədər məcburi işburaxmaya görə orta əmək haqqının ödənilməsi barədə qətnamənin qəbul edilməsidir.
Ombudsman da əmək hüquqlarının pozuntusundan şikayətlənir
Azərbaycanın İnsan haqları üzrə Müvəkkilinə 2011-ci ildə əmək hüquqlarının pozulması ilə bağlı 1246 şikayət daxil olub. Bu barədə Elmira Süleymanovanın Milli Məclisə təqdim etdiyi 2011-ci il üzrə illik məruzəsində bildirilir. “Təhlillər göstərir ki, 2010-cu illə müqayisədə şikayətlərin sayı nisbətən artıb. Şikayətlər əsasən əmək müqaviləsi bağlanılmadan işə cəlb edilməsi, əmək müqaviləsi şərtlərinin yerinə yetirilməməsi, əməkhaqqının düzgün hesablanmaması, ödənilməməsi, natamam ödənilməsi və ya ödənişin gecikdirilməsi, işçinin razılığı olmadan uzunmüddətli ödənişsiz məzuniyyətə göndərilməsi, zəruri əmək şəraitinin yaradılmaması, son haqq-hesabın verilməməsi, həmçinin texniki təhlükəsizlik qaydalarına riayət edilməməsi ilə bağlıdır”, – hesabatda qeyd olunur.
“Dövlət Neft Şirkətində qanunlara riayət edilmir”
Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının (NHMT) sədri Mirvari Qəhrəmanlı əmək hüquqlarının pozulması hallarına daha çox Dövlət Neft Şirkətində müşahidə olunduğunu söyləyib. “Neft Şirkəti qanunlara riayət edilmir. Ümumiyyətlə, işçi işdən çıxarılarkən 2 ay əvvəldən xəbərdar edilməlidir. Qanunvericilikdə bu var. Amma bunlar xəbərdarlıq etmək istəmirlər”.
M. Qəhrəmanlı bildirib ki, hər bir insan işə qəbul olunanda onunla işə götürən arasında əmək müqaviləsi bağlanmalıdır. “Qanunvericliyə əsasən, əgər işin əvvəldən bəlli olarsa, daimi müqavilə bağlanmalıdır, müvəqqəti yox. Dövlət Neft şirkətində də işdən çıxarılmalar bu üsulla olur. Məsələn, bu insanla əmək müqaviləsini müvəqqəti bağlayırlar və onu vaxtında əvvəl işdən azad edirlər”.
Təşkilatın sədri təqaüd yaşında işdən çıxarılmaya da münasibət bildirib. “Milli Məclisin qəbul etdiyi qanuna görə, dövlət büdcəsi ilə maliyyələşən təşkilatlar işçiləri təqaüd yaşlarına gəldikdə işdən çıxarılmalıdır. Amma Neft Şirkəti büdcədən maliyyələşmir. Özünün gəliri hesabına yaşayır. Buna görə də işçiləri işdən çıxartmaq ixtiyarı yoxdur”.
“Biz bunlara cavab vermirik”
“Mən buna cavab vermirəm. Ümumiyyətlə, Mirvari Qəhrəmanlının fikirlərini qərəzli hesab edirəm”. Bu sözləri Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev deyib. O, əmək hüquqlarının pozulması ilə bağlı fikirlərə isə münasibət bildirmək istəmədi və suallarımızı cavabsız qoydu.
“Əmək hüquqlarının pozulması ölkədə baş verən qanun pozuntularının yarısını təşkil edir”
Əmək Hüquqları Müdafiəsi Liqasının rəhbəri Sahib Məmmədovun sözlərinə görə, ölkədə əmək hüquqları ilə bağlı pozuntular çoxdur. “Amma onların bərpa göstəricisinin vəziyyəti çox aşağı səviyyədədir. İstər məhkəmə yolu ilə, ya da başqa yolla da olsa, işçilərin yenidən işinə qayıtma təminatı çox aşağıdır”, – deyə, S. Məmmədov bildirib.
S. Məmmədov ümumiyyətlə, bütün pozuntuların təxminən 40%-ini əmək pozuntuları təşkil edirsə, işçilərin öz yerinə qayıtma təminatı 1-2% təşkil etdiyini söyləyib. “Bu da onunla bağlıdır ki, işə götürənlər daha güclüdür nəinki işçilər. Yəni işçilər heç özlərinə vəkil tuta bilmirlər. Nəticədə də özlərini, öz hüquqlarını müdafiə edə bilmirlər. Məhkəmələr də bir qayda olaraq, qərarı işə götürənlərin xeyrinə çıxardırlar”.
Əmək Hüquqları Müdafiəsi Liqasının rəhbəri əmək pozuntularının daha çox özəl müəssisələrdə olduğunu qeyd edib: “Çünki, burada əmək münasibətləri rəsmiləşdirilmir. Dövlət sektoru, dövlətin nəzarətində olan müəssisələrdə isə heç olmasa əmək müqavilələri bağlanır. İşçinin ən azından məzuniyyət hüququ var. Amma bu o demək deyil ki, dövlət sektorunda bunlar yoxdur”.
Əmək müqaviləsi niyə bağlanmır?
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlinin müavini Natiq Məmmədov məşğul əhalinin sayı ilə müqayisədə əmək müqaviləsi əsasında işləyənlərin sayı xeyli az olduğunu deyib. Onun sözlərinə görə, bu, onu göstərir ki, bir çox işəgötürənlər qeyri-leqal əmək münasibətlərinə yol verməkdə, bununla həm işçi hüquqlarını pozmaqda, həm də müvafiq vergini ödəməkdən yayınmaqda davam edirlər.
Nazir müavini qeyd edib ki, qeyri-formal məşğulluğun leqallaşdırılması sahəsində ciddi dönüş əldə olunması üçün konkret tədbirlərin görülməsinə artıq başlanılıb. “Belə ki, müvafiq qanunvericilikdə təkmilləşdirmələrin aparılması, belə hallara qarşı daha təsirli tədbirlərin görülməsi qərara alınıb. Həmçinin sosial tərəfdaşların təmsil olunduğu Milli Üçtərəfli Sosial Şuranın tərkibində qeyd olunan hallarla bağlı Komissiya yaradılıb”.
N. Məmmədov bildirib ki, mahiyyət etibari ilə qanunvericilik işəgötürənin onun fəaliyyəti üçün zəruri hesab etdiyi müəyyən işləri fiziki şəxslərlə mülki-hüquqi müqavilə bağlamaqla həyata keçirməsinə icazə verir. “Lakin qanunvericilikdə mülki-hüquqi müqavilə ilə əmək müqaviləsi arasında prinsipial fərqləri müəyyən edən birbaşa normalar göstərilməmişdir ki, bu da işəgötürənlərin işçilərlə əmək münasibəti yaradarkən daha çox mülki-hüquqi müqavilələrə üstünlük vermələrinə şərait yaradır. Əmək müqaviləsi əvəzinə mülki müqavilənin bağlanmasında məqsəd isə iş yerlərində əməyin mühafizəsi norma və qaydalarına əməl olunmasından, işçinin xüsusi geyim, fərdi mühafizə vasitələri ilə təmin edilməsindən, onu dövrü olaraq tibbi müayinədən keçirilməsindən yayınmaq, məcburi dövlət sosial sığorta haqqını fiziki şəxsin üzərinə qoymaqdır”, – deyə nazir müavini əlavə edib.
Qanunla isə...
Hüquqşünas Fariz Namazov bildirir ki, Əmək Məcəlləsinə görə, işəgötürənin təşəbbüsü ilə bu hallarda müqavilə ləğv oluna bilər: müəssisə ləğv olunduqda, işçilərin attestasiyası keçirildikdə, işçi əmək vəzifələrini kobud şəkildə pozduqda və işçi son yaş həddinə çatdıqda. “İşçi qanunsuz olaraq, işdən azad olunduqda məhkəmə yolu ilə işə yenidən bərpa olunduqda işdən çıxdığı vaxtdan işə bərpa olunan müddətə qədər əmək haqqını alır” – deyə hüquqşünas bildirib.
F. Namazov qeyd edib ki, işəgötürən məhkəmə qərarını icra etmirsə, o zaman qərarı icra etməməyə görə inzibati və cinayət məsuliyyəti daşıyır.
Sevinc İltifatqızı
Yazı Media Hüququ İnstitutu və Amerika Hüquqşünaslar Assosiasiyasının (ABA CEELİ) keçirdiyi jurnalist müsabiqəsinə təqdim olunur