Modern.az

Milli Ensiklopediya barədə yeni xəbərlər var

Milli Ensiklopediya barədə yeni xəbərlər var

5 May 2011, 12:21

Ölkə başçısının 2004-cü il yanvarın 12-də imzaladığı «Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında» sərəncamının icrası istiqamətində işlər davam etdirilir.

Azərbaycanın universal milli ensiklopediyasının birinci və ikinci cildlərinin Almaniyada çap olunmuş abunə variantı yaxın günlərdə Azərbaycana gətirələcək. Bu barədə Modern.az saytına "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzinin direktor müavini Afiq Sultanov məlumat verib.

“Ensiklopediyanın birinci cildi (kitabxana variantı) 2009-cu ildə çapdan çıxmışdır. 2010-cu ilin noyabrında mətbəəyə verilmiş ikinci cildin isə artıq həm kitabxana, həm də abunə variantları hazırdır”.

Ensiklopediyanın hər cildinin ümumilikdə 35 min nüsxə olacağını bildirən A.Sultanov, qeyd edib ki, bunların 25 minini kitabxana variantı, 10 minini isə abunə-satış variantı təşkil edir.

Hazırda Almaniyada nəşr olunmuş birinci və ikinci cildlər ensiklopediyanın  abunə hissəsidir. Ensiklopediya cildlərinin kitabxana variantı isə Azərbaycanda nəşr olunur.

A.Sultanov qeyd edib ki, hazırda Azərbaycanın universal milli ensiklo­pediyasının üçüncü cildi (“B” hərfi üzrə) üzərində redaktə və dizayn işləri aparılır. Eyni zamanda gələcək cildlərin ümumi və mövzu sözlükləri hazırlanaraq rəy və təkliflər üçün ölkənin elm ocaqlarına, müxtəlif təşkilat və müəssisələrinə göndərilib”.

2007-ci ildə nəşr olunmuş "Azərbaycan" xüsusi cildinin ölkə başçısı İlham Əliyevin tapşırığına əsasən rus dilində çapa hazırlanması işi də davam edir. A. Sultanovun sözlərinə görə, tərcümə materialları demək olar ki, hazırdır. Azərbaycan haqqında bütün məlumatları özündə cəmləşdirən 884 səhifəlik bu kitabda Azərbaycanın tarixi və mədəniyyəti, elmi və iqtisadiyyatı obyektiv şəkildə işıqlandırılıb.

A. Sultanovun sözlərinə görə, Azərbaycanın çoxcildli milli ensiklo­pediyası həm materialların əhatəli və obyektiv olmasına, həm də kitabların illüstrasiya baxımından yüksək səviyyədə tərtibinə görə başqa ölkələrdə buraxılan analoji universal ensiklopediyaların bir çoxundan üstündür.

Qeyd edək ki, ümumilikdə universal milli ensiklopediyanın 25 cilddə nəşr olunması nəzərdə tutulub.

Sədaqət SÜLEYMANOVA

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU