Modern.az

Milli Məclisin yəhudi deputatı: “Müharibə zamanı yüzlərlə yaralını xilas etmişəm” - MÜSAHİBƏ

Milli Məclisin yəhudi deputatı: “Müharibə zamanı yüzlərlə yaralını xilas etmişəm” - MÜSAHİBƏ

Müsahibə

20 Aprel 2021, 09:50

Anatoli Rafaelov: “Azərbaycan və yəhudi lobbisinin əməkdaşlığı eməniləri qorxuya salıb”

Milli Məclisin yəhudi deputatı Anatoli Rafaelov Modern.az saytına müsahibə verib.


- Anatoli müəllim,  deputat seçilməyinizin 1 ili tamam olub. Qarşıda hansı planlar və görüləcək işlər var?


- Doğrusu, vaxt çox sürətlə keçir. Ötən il yaddaqalan hadisələrlə zəngin olub. İlk növbədə onu deyim ki, ötən il xalqımızın tarixinə  Zəfər ili kimi düşüb. 30 illik işğala son qoyulub və Vətən torpağı erməni işğalçılarından azad edilib. Ali Baş Komandanın, möhtərəm Prezidentimizin rəhbərliyi altında müzəffər ordumuz 200 ildə ilk dəfədir ki, Azərbaycan xalqının XX əsrin 90-cı illərində itirdiyi torpaqları qaytarıb. Artıq insanlar  öz  ata-baba  yurdlarına qayıdacaq.  Qarabağ ərazisində tikinti-yenidənqurma işlərinə başlanılıb. Bundan böyük sevinc ola bilərmi?

Bununla belə, təəssüf ki, ötən il koronavirun ortaya çıxması və yayılması ilə də yadda qaldı. Onu qeyd edim ki, bütün dünyada koronavirus xəstəliyi  geniş yayıldığından  bir çox insanların həyatına son qoymaqla yanaşı, həm də dövlətlərin iqtisadiyyatına böyük ziyan vurdu. Bütün bunlarla yanaşı, həyat davam edir və Milli Məclisin Səhiyyə komitəsinin üzvü, bir həkim kimi mən də Vətənimiz üçün əlimdən gələni etməyə çalışmışam və çalışıram. Vaxtaşırı KİV-də və sosial şəbəkələrədə müxtəlif mövzulara dair, o cümlədən səhiyyə ilə bağlı  çıxışlar etmişəm, müsahibələr vermişəm.

Bununla belə, əlbəttə mən ilk növbədə seçildiyim dairənin vətəndaşlarının qayğıları ilə maraqlanıram, onlarla tez-tez görüşürəm. Regionda olan və vətəndaşları narahat edən ümumi problemlərin həlli üçün çalışıram. Məsələn, son zamanlar bir çox hallarda, havaların quraqlıq keçməsi ilə əlaqədar Qusar rayonunun bəzi kəndlərində su problemi yaranıb. Biz çalışdıq ki, bu problemə dövlətin diqqətini çəkək. Bir müddətdən sonda cənab Prezident bu problemin həlli üçün kifayət qədər vəsait ayırdı. Bir müddət əvvəl Quba rayonunun dağlıq hissəsində yerləşən Xaltan kəndinin sakinləri ilə görüşdük,  onlar bir sıra problemlər qaldırmışdılar, biz bu problemlərin qanun çərçivəsində həlli üçün kifayət gədər səy göstərdik və müvafiq dövlət orqanlarına müraciət etdik.

2019-cu ildən başlayaraq bu günə kimi Milli Məclis də cox səmərəli və gərgin işləyir. Həyatımızın  bu və ya digər sahələrinə aid müxtəlif qanunlar qəbul edilib və edilməkdədir. Ötən illərdə qəbul olunmuş qanunlara yenidən baxmaq, yəni bəzi qanunlara yenidən dəyişiklik etmək zəruriyyəti ortaya çıxır.  Bir məsələni qeyd edim ki, həyat  davam etdikcə, ortaya müxtəlif problemlər çıxır. İş və inkişaf olan yerdə təbii  ki, problemlər də olur, bir deputat  kimi qayğılarımız da artır.

O ki qaldı qarşıdakı görüləcək işlərə, bizim üçün əsas xalqın yanında olmaqdır, onların problemlərini, qayğılarını öyrənmək və qanun çərçivəsində bu problemlərin həlli üçün çalışmaqdır. Bizdə bunu edirik.


- Sizi bir az da yaxından tanımaq istəyirik. Çünki  haqqınızda geniş informasiya yoxdur. Demək olarmı ki, Anatoli müəllim danışmağı çox sevmir?


- Doğrusu, müasir dövrdə kütləvi informasiya vasitələri, o cümlədən saytlar,  televiziyalar, özəl kanallar o qədər çoxalıb ki, bir insanın bütün bunları dinləməsi, oxuması, qulaq asması, izləməsi tam mümkün deyil. Əhalimizin ən çox izlədiyi  bütün kanallarda, oxuduğu əksər qəzetlərdə həyatımızın bu və ya digər sahələri ilə bağlı geniş müsahibələr vermişəm.

Deputat seçildiyim Quba və  Qusar  rayonlarında hamı məni əvvəllər  bir həkim kimi tanıyıb. Bu gün bir deputat kimi görüşə gedərkən vətəndaşlar digər məsələlər ilə yanaşı, səhhətləri ilə də bağlı mənə çox müraciət edirlər. Məsuliyyətim ikiqat artıb. Əgər əvvəlllər yalnız xəstələri bir həkim-travmatoloq kimi müalicə edirdimsə, bu gün yaxın dostlarıma, müxtəlif xəstəxanalara müracət  edərək  xəstələrin müalicələri üçün onlara kömək etməyi xahiş edirəm.  Mənim ailəmdə hamı həkimdir. Görünür, taleyimə belə yazılıb ki, həmişə biz insanların qayğısını çəkməliyik. Həkimlik çox ülvi peşədir. Gərək həmişə kiminsə qayğısını çəkəsən. Uzun illər mən travmatoloq-cərrah işləmişəm. Deputatlıqla həkimlik arasında bir növ yaxın sıx bağlılıq var. Həkim işləyəndə də daim kiminsə qayğısını çəkmişəm. Bu gün deputat olaraq yenə də insanların, seçicilərin qayğı və problemlərini çəkir,  hər bir seçicinin üzləşdiyi problemi  öz problemim, qayğım sayıram.


- Yeri gəlmişkən, sizi yaxından tanıyanlar Birinci Qarabağ müharibəsində həkim kimi aktiv iştirak etdiyinizi deyirlər. Bu barədə heç vaxt danışmamısınız. Yaxşı olardı ki, gerçəyi sizin dilinizdən eşidək
.


- Birinci Qarabağ müharibəsi zamanı bir cərrah kimi yüzlərlə yaralının həyatını xilas etmişəm. Yadımdadır, 1990-cı illərin əvvəllərində gənc həkim idim, elə gün olurdu ki, gün ərzində 10-12 saat fasiləsiz cərrahiyyə əməliyyatları aparmalı olurdum. Qarabağda ağır döyüşlər gedirdi, cəbhədən çox sayda yaralı gətirirdilər. Mən hələ o zaman müharibənin insan taleyinə vurduğu ağır zərbələrin şahidi olmuşam. Bəzən bütün günü ayaq üstə qaldığım üçün iş gününün sonuna yaxın ayaqlarım şişirdi. Başa düşürdüm ki, dayanmaq olmaz. Çünki hər dəqiqə, hər saat çox qiymətliydi, hər bir an kiminsə həyatı demək idi. O vaxtdan 30 ilə yaxın vaxt ötüb. Hazırda deputat seçilsəm də, sevimli və şərəfli peşəmdən ayrılmamışam.


- İkinci Qarabağ müharibəsindən qələbə ilə ayrıldıq. Ancaq müharibə itkisiz olmur. Şəhidlərimiz olduğu kimi, yaralı qazilərimiz də var. Hansı ki, onların bir çoxlarının müalicəsi bu gün də davam etdirilir. Bir həkim kimi qazilərimizə necə dəstək olursunuz?

- Bir cümlə ilə cavab verəcəm. Bu gün Vətən müharibəsində yaralanan əsgərlərimizin, qazilərimizin öz sağlamlıqlarını bərpa etmələri üçün əlimdən gələni edirəm.


- İkinci Qarabağ müharibəsi gedən ərəfədə Ermənistan tərəfi Gəncəni, Bərdəni raketlərlə hədəfə almışdı. Xeyli sayda dinc insan həlak oldu. Siz Gəncə bombardman olunandan sonra oraya getmişdiniz. O günləri necə xatırlayırsız?

- Erməni vəhşiliyi davam edirdi.  Ermənilər cəbhənin təmas nöqtəsindən xeyli aralıda olan Gəncə kimi böyük bir şəhərin dinc sakinlərini gecə saatlarında raket atəşinə məruz qoymaqla ağır hərbi cinayətə əl atmışdılar. Bu cinayəti törədənlər tarix qarşısında cavab verəcəklər. Mən Gəncədə dağılan evləri, qətlə yetirilən uşaq və qadınların, qocaların doğmalarının gözlərindəki ağır kədəri görəndə çox sarsıldım. Məni bu şəhərdə heyrətləndirən o oldu ki, sakinlər mənfur düşmənə qarşı çox qəzəbli, hiddətli olsalar da, heç kim panikaya düşməmiş, şəhəri tərk etmək fikrində deyildi. Gəncədə böyükdən kiçiyə hamıda Azərbaycan dövlətinə, onun liderinə, xalqımızın qələbəsinə dərin inam hissi vardı. Mən dahi Nizaminin Vətənində Azərbaycan xalqının düşmən təhlükəsi qarşısında yenilməzliyini, sonsuz qürurunu, böyüklüyünü bir daha müşahidə etdim.


- 30 ilə yaxın idi ki, hamımız “gələn ili Şuşada keçirək” arzusu ilə yaşayırdıq. Etiraf edək ki, Şuşanı görmək hamımıza yuxu kimi gəlirdi. Bu gün isə o yuxu gerçəkdir. Sizin də nə zamansa belə arzunuz olubmu?

- Uzun illər Şuşanın azad olunmasını və oranı ziyarət etməyi arzulamışam. Hətta qorxurdum ki, birdən  bu arzuma çatmaq mənə nəsib olmaz. Allaha şükür, indi gözəl və bənzərsiz Şuşamız azaddır. Fürsət düşən kimi, mütləq ora gedəcəyəm. Mən orada Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun 1992-ci ilin may ayının əvvəllərində Şuşanın müdafiəsi zamanı yağı düşmənə qarşı qeyri-adi şücaətlər göstərərək, həlak olduğu yerləri öz gözlərimlə görmək istəyirəm. Döyüş dostları Alberti Şuşanın əfsanəsi adlandırırlar. Nə gizlədim, bir yəhudi olaraq bununla fəxr edirəm. Bu gün isə Şuşanın bütün qəhrəmanları ilə fəxr edir, sonsuz qürur duyuram.


- Vətən müharibəsində Azərbaycanda yaşayan qeyri-millətlərin nümayəndələri də iştirak ediblər. Hətta yəhudilər də ermənilərlə savaşın mərkəzində idilər. Bu barədə nə deyə bilərsiniz?

- Əvvəla, qələbəmiz  tarixi qələbədir.  Bu tarixi Zəfər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti, Azərbaycan Ordusunun rəşadəti sayəsində mümkün olub. Tarixdə çox az dövlət xadiminə, eləcə də ayrı-ayrı xalqlara belə möhtəşəm zəfərlər qazanmaq nəsib olur. Etiraf edək ki, böyük qələbələr asan, rahat yolla əldə olunmur. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, bu müharibəni biz şəhidlərimizin canı, qanı bahasına, hərbçilərimizin şücaəti hesabına qazanmışıq. Qədirbilən Azərbaycan xalqı bunu heç vaxt unutmayacaq. Vətən müharibəsində Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri fədakarcasına vuruşublar, mərdlik, qəhrəmanlıq nümayiş etdiriblər. Yəhudi gənclərin müharibədə döyüşməsini qeyd etdiniz. Fəxrlə deyə bilərəm ki, bu müqəddəs savaşda yəhudi gənclər də fəal iştirak ediblər.


- Anatoli müəllim, İsraildə yaşayan yəhudilər bu gün Qarabağın azadlığı barədə nə deyirlər?  Çünki İsrail dövləti hər zaman Azərbaycanı dəstəkləyib. İkinci Qarabağ müharibəsində də İsrail Azərbaycanı dəstəkləyən dövlətlər arasında idi.

- İsraillə Azərbaycan arasında dostluq əlaqələrinin tarixi çox qədimdir. Dostluq münasibətləri qarşılıqlı maraqlara söykənir. Azərbaycan-İsrail arasındakı qarşııqlı faydalı münasibətlər dünyada və regionda sülhün və əminamanlığın möhkəmlənməsinə xidmət edir. Bilirsiniz ki, Azərbaycan dövlət müstəqilliyini elan etdikdən sonra onu tanıyan ilk dövlətlərdən biri də İsrail olub. 1992-ci il 7 aprel tarixindən etibarən Azərbaycanla diplomatik əlaqələr qurulub. İkitərəfli əlaqələr xüsusi olaraq təhlükəsizlik məsələləri, enerji ticarəti, eləcə də mədəniyyət və təhsil sahələrində sıx əməkdaşlıq fonunda ilbəil genişlənir.

Bu gün İsrail Azərbaycanın silah və yüksək texnologiyalarla bağlı əsas təchizatçısına çevrilib. Eyni zamanda, Azərbaycan İsrail dövlətinə dəstək verən bir neçə müsəlman ölkəsi sırasındadır. Azərbaycanın İsrailə, ölkəmizdə yaşayan digər xalqlara, o cümlədən  yəhudi icmalasına qarşı olan dost münasibəti bütün dünyada tolerantlığın ən gözəl nümunəsinə çevrilib.

Bilirsiniz ki, yəhudilərlə azərbaycanlıların dostluq əlaqələri böyük tarixi köklərə söykənir. Yəhudilərin İsraildən sonra kompakt şəkildə yaşadıqları yerlərdən biri də Azərbaycan, o cümlədən Quba rayonudur. Bu insanlar bir-birinin xeyrində-şərində yaxından iştirak edirlər. Kədərli günlərində bir-birinə həyan olur, şad günlərində sevinclərini  bölüşürlər. Qarabağın azadlığı uğrunda döyüşlərdə digər xalqların nümayəndələri kimi, yəhudi gənclər də fəal iştirak ediblər. Lazım olanda canlarından belə keçiblər. Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun adı bu gün hər evdə, ailədə hörmətlə çəkilir.


-Təəssüf ki, Azərbaycanın İsraildə səfirliyi yoxdur. Bunun üçün hansı addımlar atılmalıdır?

- Səfirlikdən söhbət düşmüşkən deyim ki,  bu gün Azərbaycan beynəlxalq aləmdə elə böyük nüfuz sahibidir ki, ən böyük super dövlətlər də müəyyən məsələlərin həllində Azərbaycanla hesablaşmağa məcbur olurlar. Doğrudur,  bir çox dövlətlərdə bizim  səfirliyimiz yoxdur. Düşünürəm yaxın gələcəkdə bu kimi məsələlər öz həllini tapacaq. Azərbaycanın İsraildə səfirliyi olmasa da İsrail dövləti ilə Azərbaycan dövləti arasındakı dostluq çox yüksək səviyyədədir. Hər il İsrailin 40 milyon barell  və ya 1,5 milyard  dollar dəyərində illik neft  idxalı Azərbaycandan tədarük olunur.

Bundan başqa, Azərbaycan və İsrail etibarlı hərbi tərəfdaşlıq münasibətlərinə malikdir. Azərbaycan İsraildən ən müasir silahlar alır və bu silahlar ərazilərimizin işğaldan azad edilməsində, ölkə sərhədlərinin qorunmasında çox böyük rol oynayır. Azərbaycan-İsrail əlaqələrinin yüksək səviyyədə olması, hər iki ölkənin daxili işi olmaqla yanaşı, ölkələrimizin inkişafına və təhlükəsizliyin təmin olunmasında böyük rola malikdir.

İsraillə yaxşı münasibətlər Azərbaycana beynəlxalq arenada da kömək edir. Belə ki, dünya miqyasında tanınan yəhudi lobbi təşkilatları qlobal müstəvidə Azərbaycanın maraqlarının təmin olunması üçün səy göstərir. ABŞ-dakı yəhudi lobbisi daim Azərbaycanın maraqlarını müdafiə edib. Yəni İsrail-Azərbaycan münasibətlərinin kökündə dərin, düşünülmüş, gələcək inkişafa və qarşılıqlı maraqlara söykənən siyasət durur. Hazırda Azərbaycan və yəhudi lobbisinin əməkdaşlığı eməniləri qorxuya salan əsas amillərdən biridir. Yekunda demək istəyirəm ki, Azərbaycan-İsrail dostluq və strateji əməkdaşlıq münasibətləri yalnız müsbət istiqamətdə və artım xətti ilə dinamik inkişaf edir və edəcək!

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir