Modern.az

Deputat sorğusuna cavab verməyən dövlət rəsmisi, xalqın sorğusuna cavab vermir - MÜSAHİBƏ

Deputat sorğusuna cavab verməyən dövlət rəsmisi, xalqın sorğusuna cavab vermir - MÜSAHİBƏ

18 İyun 2021, 17:10

Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Elşad Mirbəşir oğlu Modern.az-a müsahibə verib. Onunla söhbəti təqdim edirik: 

 

- Elşad müəllim, 44 günlük Vətən Müharibəsi dövründə xalqın psixologiyası, yanaşması, orduya dəstəyi ilə indi arasında fərq hiss olunurmu?

- Azərbaycanın müstəqilliyinin ilk illərindən dövlət sərhədlərinə tam nəzarət etmək imkanları məhdudlaşmışdır. O zaman Ermənistan ona açıq-aşkar dəstək olan bəlli dairələrin himayədarlığı ilə Azərbaycan torpaqlarını işğal etməyə başladı. Biz müstəqilliyimizə demək olar ki, ərazilərimizi itirmiş vəziyyətdə qədəm qoyduq. Təbii ki, erməni işğalı xalqımızın həyatında ağıq iz buraxdı. Bir tərəfdən müstəqillik qazandıq, digər tərəfdən də bu müstəqilliyimizə böyük bir dərdlə qovuşduq. Bununla yanaşı,  Azərbaycan xalqının sosial - psixoloji durumuna təsir edən digər bir çox elementlər də var idi.


Dünya təcrübəsinə diqqət etsək görərik ki, xalq mühüm tarixi mərhələlərdə özü üçün düzgün yol müəyyənləşdirə bilmirsə, bu, həm dövlətin inkişafına, həm də cəmiyyətin əhvali-ruhiyyəsinə mənfi təsir göstərir. Bu mənfi təsir də daşlaşmış formada xalqın yaddaşında qalır. Əksər halda belə xalqlar  tərəqqiyə nail ola bilmirlər. Mən bunu təkcə Azərbaycan xalqı timsalında söyləmirəm, dünya xalqlarının təcrübəsindən çıxış edərək deyirəm.


Müstəqilliyimizin ilk illərində işğala məruz qalmağımıza baxmayaraq, inkişaf yolunda qədəm qoya bildik. Bu inkişaf yoluna qədəm qoymağımızın səbəbkarı Ümummilli liderimiz Heydər Əliyevdir. Belə bir öndər olmasa idi biz elə həmin illərin məğlubiyyətinin, acısının təsiri altında əzilib gedəcəkdik. Post-sovet ölkələrinin təcrübəsinə diqqət etsək görərik ki, hansı ölkədə normal siyasi elita varsa, o ölkələrdə siyasi sabitlik var. Sabitlik olmadan inkişaf yoluna qədəm qoymaq qeyri-mümkündür. Azərbaycan da Heydər Əliyevin iradəsi sayəsində sabitlik yarandıqdan sonra inkişaf prioritetini müəyyənləşdirə bildi. Atdığımız doğru addımlardan biri də 1994-cü ilin may ayında atəşkəs haqqında Bişkek protokolunun imzalanması oldu.

 

Ermənilər danışıqları nəticəsiz edirdi, buna baxmayaraq, biz onu aparırdıq...

 

- Bişkek protokolu bizə lazım idi? Bu, Azərbaycana nə verdi?

- Bişkek protokolu zəruri idi. Həmin dövrdəki durumumuzda atəşkəs haqqında razılaşmanın imzalanması sözün əsl mənasında “oksigen balonu” rolunda çıxış etdi. Ermənilər torpaqlarımızı işğal edirdilər, açıq şəkildə onlara beynəlxalq dəstək mövcud idi. Həmin dövrdə Azərbaycanın inkişaf potensialının formalaşması üçün zaman lazım idi. Bişkek protokolu imzalanan zaman ölkəmizə qarşı siyasi hücumlar edilirdi. Protokolda xalqımızın maraqlarına, iradəsinə zidd olan xeyli məqamlar olmuşdu. Amma Heydər Əliyev bu məqamları aradan qaldırdı, atəşkəs rejimi haqqında saziş imzalandı. Saziş imzalandıqdan sonra Azərbaycan müxtəlif istiqamətlərdə özünün gücünü yaratmağa başladı. Təkcə hərbi potensialı formalaşdırmaqla münaqişənin tənzimlənməsi istiqamətində addımlar atmaq qeyri-mümkün idi.  Ölkədə siyasi və hərbi potensial formalaşdı, diplomatik imkanlar genişləndirildi. Vətən müharibəsindəki qələbəmizin fundamental əsasları məhz ötən əsrin 90-cı illərinin ortasında Heydər Əliyev tərəfindən  qoyulmuşdu. Obrazlı desək, müəyyənləşdirilmiş bütün inkişaf yolları bizi Qarabağa aparırdı. Xalqın hər zaman istəyi, arzusu o olub ki, torpaqlarımız işğaldan azad edilsin. Torpaqlarımızın işğal altında olması inkişafımıza mane olan “məğlub xalq” sindromu formalaşdırmışdı. Ölkə daxilində və xaricdə bu faktın təsiri altında əzilirdik. Hər birimiz müşahidə etdik ki, ötən ilin 27 sentybrında və ona qədərki dövrdə  Ermənilərin təxribatına sərt şəkildə reaksiya nümayiş etdirməyimiz cəmiyyət tərəfindən çox böyük ruh yüksəkliyi və rəğbətlə qarşılandı. Azərbaycan xalqı -  böyükdən kiçiyə istinasız olaraq hamı ordunu dəstəklədi. Keçirilən ictimai rəy sorğusu da göstərirdi ki, münaqişənin həlli yolu kimi güc tətbiq olunması görülür. 30 ilə yaxın müddətdə danışıqlar apardıq. Nəticəsiz danışıqlar insanlarda ümidi zəiflədirdi və bunun davam etdirilməsi istənilmirdi. Prezident də dəfələrlə söyləmişdi ki, nəticəsiz danışıqları sona qədər davam etdirməyəcəyik. Onun tərəfindən beynəlxalq nüfuzlu tribunlardan səsləndirilən bu fikirlər dünyaya mesaj idi. 

 

- Demək, bilirdik ki, danışıqlar nəticəsizdir və onu aparırdıq...

 

- Bu, bizə çox ciddi siyasi divident gətirirdi. Bu prosesi əhəmiyyətsiz kimi qiymətləndirmək çox yanlışdır. Biz dünyaya göstərdik ki, münaqişənin dinc yollarla tənzimlənməsinin istəyirsinizsə, biz də bunun tərəfdarıyıq və  bu  yolla gedirik. Bəs, siz bunun müqbilində hansı addımlar atırsınız? Münaqişənin dinc tənzimlənməsi üçün Azərbaycandan başqa heç bir subyekt iradə nümayiş etdirmirdi. Vətən müharibəsində inamla hərbi mübarizə apardıq, Azərbaycana qarşı çox cılız, təsirsiz irdalar səsləndirildi. Bəlkə də  bu hadisə 90-cı illərin sonunda olsa idi, ölkəmizə qarşı ciddi hücumlar həyata keçirilərdi. Öz təmkinimizlə, uzun illər danışıqlara sədaqət nümayiş etdirməyimizlə ölkəmizə qarşı siyasi hücumları neytrallaşdırdıq. Bəzən detallı şəkildə proseslərin bütün eləmentləri səsləndirilmir, cəmiyyətin bir qismi də onun heç mahiyyətinə varmır. Bu məsələlər ciddidir. Dünyagörüşü olan  cəmiyyət üzvü dərk edir ki, danışıqlar prosesi bizə nə verdi? Müxtəlif istiqamətlərdə dövlətin atdığı addımlar hansı dvidendləri gətidi? Hərbi qələbəmizin siyasi elementləri uzun illər ərzində formalaşdırıldı. Cəsarətlə deyə bilərik ki, bu elementləri Ulu Öndər Heydər Əliyev, sonra isə Prezident İlham Əliyev formalaşdırdı. Son illərdə xarici siyasətimiz hücum diplomatiası xarakterini aldı. Hücum diplomatiası odur ki, daha israrla öz mövqelərimizi dünyaya qəbul etdiririk, arqumentləşdirə bilirik. Dünya Azərbaycanın mövqeyini qəbul edib, xalq da görür ki, Azərbaycan rəhbəri düz yoldadır. Həm siyasi komponentlər tətbiq etməklə, həm də hücum diplomatiyasının elementlərini yaratmaqla, eyni zamanda ordumuzu gücləndirməklə torpaqlarımızın işğaldan azad olunması prosesini faktiki həyata keçirirdik. Nəticə göz qabağındadır, buna nail olduq.

 

Gənclər  vətəninə bağlıdır, qorxmurlar 



- Elşad müəllim, son 17 ilin gəncliyi əvvəlki illərin gəncliyindən nəyi ilə fərqlənir?


- İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycan öz mövqelərini  israrla dünyaya qəbul etdirməyə başladı. Son 17 ildə Azərbaycan obyektiv elementlərin təsiri altında çox dəyişdi. İqtisadiyyatını, ordusunu gücləndirdi, həyat səviyyəsini inkişaf etdirdi. Heydər Əliyevin rəhbərliyi zamanı ölkə özünün müstəqilliyini möhkəmləndirməklə, dostlar arealını genişləndirməklə məşğul idi. Bunları etmədən növbəti mərhələyə keçid, uğur qazanmaq qeyri-mümkün idi. Heydər Əliyev prezident seçildikdən sonra ilk rəsmi səfərinin Fransaya etdi. O Fransa ki Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Minsk qrupunun həmsədr ölkəsidir və Ermənistanı açıq şəkildə dəstəkləyir. Həmin dövrdə Ulu Öndərin Fransaya səfərinin məqsədi Ermənistanın dostunu az da olsa neytrallaşdırmaq, öz dostumuza çevirmək idi. Həmin dövrdə Heydər Əliyev bu istiqamətdə xeyli oxşar addım atdı. Azərbaycanın dostlarını, hörmət edən dövlətlərin sayını əhəmiyyətli dərəcədə artırmış oldu. Taktiki görüşlərlə bu işləri həyata keçirdi. Biz bunları gənc nəsilə çatdırmalıyıq.  Əlbəttə, bu haqda məlumatlı gənclərimiz kifayət qədərdir. 1996-cı ildə Lissabon sammiti ərəfəsində Heydər Əliyev sammitdə iştirak edəcək dövlət və hökümət başçılarına fərdi şəkildə məktublar ünvanlayıb. Həmin məktublarda münaqişə vəziyyəti ilə bağlı reallıqlar öz əksini tapırdı. Həmçinin onlardan xahiş olunurdu ki, ədalətli mövqe sərgiləsinlər. Bütün bu və digər istiqamətlərdə atılan addımlar Azərbaycana intensiv siyasi dividentlər gətirirdi.


Maraqlı sualdır: 2003-cü ilə kimi formalaşmış Azərbaycan gəncliyi və ondan sonrakı gənclik biri-birindən nə ilə fərqlənir? Oxşar cəhət, hər iki dövrün gənci vətəninə qırılmaz tellərlə bağlıdır. Birinci Qarabağ müharibəsində oğullarımızın necə rəşadətlə döyüşdüyünü xatırlayırıq. Həmin dövrdə güclü texnikamız yox idi, Azərbaycan müstəqillik yolunda yenicə addımlayırdı. Nizami ordunun yaradılması, yeni texnikaların təchiz edilməsi hərbi sahədə addımların atılması ilə yanaşı,  strateji siyasi baxışlara da malik olmağı tələb edirdi. Bu addımlar bir-birini üzv şəkildə tamamlayırdı. 2003-cü ildən başlayaraq güclü Azərbaycan dövlətinin gəncliyi daha inamlı  görünürdü və ölkə həqiqətlərinin dünyaya çatdırılması istiqamətində bu gəncliyin xüsusi rolu var idi. Gənclərin də bu istiqamətdə yön almasında ölkə rəhbərliyin konseptual yanaşması çox təsirli rol oynayırdı. Xarici siyasətin prinsipləri bəlli idi, istiqamətləri dəqiq idi. Belə olan zaman gənclərdə Azərbaycanın prioritetləri haqqında aydın təssəvürlər formalaşırdı, biz öz məqsədlərimizə doğru gedirdik. Prezident onun rəhbərliyi dövründəki gəncliyin Vətən müharibəsində təsirli, həlledici rolunu önə çəkməklə vurğuladı ki, gəncliyin vətənpərvərlik ruhu güclüdür. Vətəndaş dövlətinə güvənirsə, onun gücündən ilhamlanırsa, özünü reallaşdırma imkanları görür. Bu zaman vətənin müdafiəsi  uğrunda daha təsirli və inamlı addımlar atır. Müharibə vaxtı gənclər könüllü cəbhəyə yollanmaq istəyirdilər. Vətən müharibəsi dövründə biz həm düşmənə, həm də bütün dünyaya xalqımızın güclü, sarsılmaz obrazını təqdim etmiş olduq. Terminoloji yanaşsaq, subliminal mesajlar verdik. Sözlərlə deyil, davranışlarla düşmənin, başqa subyektlərin alt şüurunda təssəvürlər formalaşdırmaq olur. Düşmən başa düşür ki, Azərbaycan xalqı öz torpağından imtina etmir, vətəninə bağlıdır, gözündə qorxu yoxdur. Müasir Azərbaycan gəncinin obrazı məhz belədir.

 

Zəfər tarixində xaricdə yaşayan azərbaycanlılar fərqləndilər

 

- Zəfər tarixində - müharibə dövründə xaricdə yaşayan azərbaycanlıların fəaliyyətini necə qiymətləndirirsiz? Onlar da fərqləndilərmi?


- Hesab edirəm ki, fərqləndilər. Bundan əvvəlki dövrlərdə fərqlənə bilmədiklərini desəm də ədalətli olmazdı. Xaricdə yaşayan vətəndaşlarımız hər zaman vətən sevgisi ilə yaşayıblar. Mən müxtəlif ölkələrdə olan zaman onlarla ünsiyyətimə söykənərək bunu deyirəm. Həmişə ölkələri ilə maraqlanıblar, dərdi ilə yaşayıblar. Xaricdə yaşayan azərbaycanlıların hansısa məqsəd uğrunda səmərəli fəaliyyət göstərməsini təşkilatlandırmaq vacibdir. Fərdi şəkildə hamının içində istək var, hansısa addımın atılması ilə bağlı iradə var, ancaq toplu şəkildə olmayanda bu, diqqəti cəlb etmir. Fərdi təşəbbüslər aydın müşahidə olunmur. Dəqiq koordinasiyalı və təşkilatlandırılmış şəkildə olduqda həm hədəflərimizə uğurla çatırıq, həm də dünyanın müxtəlif ölkələrində təşkilatlanmış azərbaycanlıların vahid məqsəd uğrunda fəaliyyətini görürük. Xarici ölkədəki soydaşlarımız fərdi və təşkilatlandırılmış şəkildə özlərini əsl azərbaycanlı kimi apardı.  Nümunə olaraq deyə bilərəm ki, müəyyən yardımların həyata keçirilməsi, maarifləndirmə işlərinin aparılması istiqamətində şəxsən mən bir neçə kampaniyanın iştirakçısı oldum. Gördüm ki, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar prosesdən xəbərdardılar, aydın təssəvürlərə malikdirlər, nigarançılıqlarını nümayiş etdirirdilər, nəsə edə biləcəklərini səsləndirirdilər.

 

- Yeri gəlmişkən, bu gün Azərbaycan xalqının dövlətçilik məsələsinə münasibəti qaneedicidirmi?


- Müxtəlif cəmiyyətlərin siyasi mədəniyyətləri arasında fərqlər var. Bəzən “siyasi mədəniyyət” söz birləşməsi düzgün qəbul olunmaya bilər. Burada insanın mənəvi dəyərlərindən, mədəniyyətindən söz getmir. Siyasi mədəniyyət deyəndə insanın ətrafında və ya cəmiyyətdə cərəyan edən prosesləri dərk etməsi, ona uyğun reaksiya göstərməsi başa düşülür. Təbii ki, cəmiyyətin bütün üzvləri cərəyan edən prosesləri dərk etmək, ona reaksiya göstərmək məcburiyyətində deyil. Bütövlükdə arzu olunandır ki, cəmiyyətin siyasi mədəniyyəti yüksək olsun. Dövlətçiliyin gücləndirilməsi məsələsi də insanın siyasi mədəniyyətdən birbaşa asılıdır.  Azərbaycan cəmiyyətinin siyasi mədəniyyəti yüksəkdir. Hər şeydən öncə insanlar vətəndaşlıq mənsubiyyətini, məsuliyyətini dərk edirlər. Bunlar isə dövlətin, dövlətçiliyin baza elementlərinin gücləndirilməsində hər bir kəsin əməyinin vacibliyini ehtiva edir. Xalq hər şeydən öncə dövlətinin güclü, müstəqil olmasını və dövlətinin suveren hüquqlarının inamla qorunmasında atılan addımların praktikliyini istəyir. Azərbaycan rəhbərliyi dövlətin bütün istiqamətlərdə gücləndirilməsi, suverenliyin bütün ərazimiz boyu təmin olunması və müstəqilliyimizin dönməz olması üçün bütün addımları atmaqdadır. Xalq da hər zaman ölkə rəhbərinin yanındadır.

 

Yaxşı deputat necə olmalıdır... 



- Sizcə, cəmiyyətin bu konteksdə deputatlara yanaşması, deputatların cəmiyyətdəki nüfuzu necədir?


- Yaxşı deputat necə olmalıdır? Düşünürəm ki, bu suala cavab versəm, sizin suala da müəyyən mənada cavab vermiş olaram. Hesab edirəm ki, yaxşı deputatın əsas kriteriası səlahiyyətləri və öhdəlikləri çərçivəsində addımlar atmasıdır. Deputatın müəyyənləşdirilmiş, təsdiq olunmuş səlahiyyətlər çərçivəsi var.


- Səlahiyyət və öhdəlik məsələsinə o çərçivədə əməl etsə, cəmiyyət onu yaxşı kimi qəbul edəcəkmi?


- Birmənalı cavab vermək çətindir. Cəmiyyətin bəzi üzvləri ola bilər ki, deputatın səlahiyyət çərçivəsi haqqında çox da aydın təsəvvürlərə malik olmasın. Bu zaman deputatdan çox gözləntilər olur. Düşünürəm ki, bizim cəmiyyətdə getdikcə deputatların məsuliyyəti və səlahiyyət çərçivəsi haqqında daha aydın təsəvvürlər formalaşmaqdadır. Səmərəli fəaliyyət göstərən deputat odur ki, məsuliyyətini dərk edir və öz öhdəliklərini dəqiq bilir və fəaliyyətini müvafiq formada qurur. Əlavə işlərlə seçicilərinin hansısa probleminin həllində iştirakçı olursa, kömək edirsə, bu müsbət haldır. İmkan daxilində, gücü çatacaq qədər hər bir məsələdə seçicisinin yanında olmalıdır. Mən seçki ərəfəsində insanlarla görüşən zaman konkret məsələlərlə bağlı heç bir vəd verməmişəm,  bunu seçki kampaniyasından qalmış materialları araşdıranda görmək mümkündür. Hər zaman yalnız bir vəd vermişəm ki, mən əlçatan deputat olacağam. Seçici istədiyi vaxt deputatını tapa bilirsə, onunla ünsiyyət qura bilirsə, hanısa məsələ ətrafında onunla müzakirə apara bilirsə, hesab edirəm ki, bu səmərəli fəaliyyətin çox mühüm elementini təşkil edir və bu vacib başlanğıcdır. 

 

- Normalda nazirlər deputatlara hesabat verməlidirlər, ancaq fərqli mənzərə görürük. Hətta belə bir ifadə yaranıb: “Jek” müdirləri deputatlardan hörmətlidir”. Razılaşırsınızmı?


- Cəmiyyətdə belə təsəvvürün yaranması təəssüf doğurur. Məsələyə fərdi yanaşamaq lazımdır. Hər bir deputat öz fəaliyyəti və davranışları, bilik-bacarıqları və dünyagörüşü sayəsində seçicilərlə iş qurmaq prinsiplərinə görə qiymətləndirilməlidir. Deputatın nüfuzunun aşağı olması haqqında Azərbaycan cəmiyyətində total olaraq belə fikir formalaşdığını düşünmürəm. Bununla yanaşı qeyd edim ki,  dövlət orqanları deputatın səlahiyyətləri, statusu haqqında  aydın təsəvvürlərə malik olmalıdırlar. Deputat qəbul olunmalıdır, sorğusuna cavab verilməlidir.   

 

Deputat sorğusuna cavab verməyən dövlət rəsmisi…
 

- O zaman deyə bilərik ki, deputatın sorğusuna cavab verməyən dövlət rəsmisi, xalqın sorğusuna cavab vermir?


- Deputat  hakimiyyət orqanları ilə xalq arasındakı körpüdür. Hakimiyyət orqanları deputatlar vasitəsi ilə xalqla öz kommunikasiyasını qurmalıdırlar. Əgər hansısa məmur bunu etmirsə, deməli,  deputatın statusu ilə bağlı təsəvvürlərə malik deyil. 2020-ci il mart ayının 10-da parlamentin ilk iclasında Prezident İlham Əliyev çıxış etdi, üzünü deputatlara tutaraq dedi ki, mövcud olan problemləri üzə çıxarmalısınız. Bunları icra orqanlarının qarşısına çıxarmalısınız, mərkəzi icra orqanlarının diqqətinə çatdırmalısınız.  Bu, birbaşa ölkə Prezidentinin tələbidir ki, icra hakimiyyəti orqanları deputatın sorğularına, təşəbbüslərinə həssas yanaşsın. Həsasslıq olmayan zaman “deputatın nüfuzu aşağıdır” təsəvvürü formalaşır. Deputat da məhz seçicilərinin məsələlərinin qaldırmalıdır, öz şəxsi məsələləri ilə bağlı hanısısa instansiyalara müraciət edirsə, düşünürəm ki, bu, yol verilməzdir və bu hal deputatın nüfuzuna mənfi təsir göstərir.

 

- Sorğuya cavab verməyən dövlət və qurum rəsmisi hansısa cinayət məsuliyyətinə cəlb oluna bilərmi?


- Yerli və ya mərkəzi İcra Hakimiyyəti orqanlarının sorğuya cavab verilmədiyi üçün cəzalandırılmasının hüquqi əsaslarına rast gəlməmişəm. Düşünürəm ki, dövlət qulluqçusunun etik davranış qaydalarından çıxış etmək lazımdır. Dövlət qulluqçusu, yerli və mərkəzi icra hakimiyyəti orqanlarının təmsilçiləri dərk etməlidirlər ki, deputat vasitəsi ilə cəmiyyətin bütövlükdə gözləntiləri haqqında məlumat əldə edirlər. Bu baxımdan da deputatın sorğularına həssas yanaşılmalıdır. Öz təcrübəmdən çıxış edim ki, əksər hallarda sorğularıma həssas yanaşıldığını görmüşəm. 

 

- Təşəbbüslə çıxış etmək olar ki, deputatların sorğusuna cavab verməyən məmurların siyahısı hazırlansın?


- Zaman-zaman deputat həmkarlarım bununla bağlı öz mövqelərini Milli Məclisin tribunalarında səsləndirirlər. Azərbaycanda cənab Prezidentin iradəsi ilə yeni bir mərhələ müşahidə olunmaqdadır. Dövlət idarəçiliyində həyata keçirilən kadr və instusional islahatlar yaxşı nəticələrin əldə olunmasını şərtləndirəcək.  Deputat-seçici, deputat-hakimiyyət orqanları münasibətləri keyfiyyətcə yeni bir mərhələyə qədəm qoyur. Yenə vurğulamaq istəyirəm ki, bir deputat olaraq sorğularıma əksər hallarda həssas yanaşma görmüşəm, xırda istisnaları səsləndirmək istəmirəm.

 

- Söhbətimizin əvvəlində yaxşı deputatın təxmini tərifini verdiniz. Yaxşı deputatlar Milli Məclisdə çoxdur, yoxsa az?


- Həmkarlarımı xarakterizə etmək cəsarətini öz üzərimə götürmək istəmirəm. Müşahidəm göstərir ki, VI Çağırış Milli Məclisin deputatlarının böyük əksəriyyəti seçicilərinə kifayət qədər həssas yanaşırlar. Biz bunu fərdi söhbətlərimizdə müşahidə edirik, onlar öz narahatlıqlarını bölüşürlər. Özünüz də müşahidə edirsiniz ki,  tez-tez regionlara səfərləri olur, görüşlər keçirilir. Hesab edriəm ki, bu, kifayət qədər vacib göstəricidir, gələckdə daha yaxşı nəticələrin başlanğıcıdır.

 

- Yaxşı deputat məsələsi dostlarınızın sayını artırıbmı?


- Bütün deputat həmkarlarımla kifayət qədər yaxşı münasibətlərim var. Statusundan, tutduğu mövqedən, baxışlarından asılı olmayaraq insanların xarakterləri çox fərqlidir. Bir platformada təmsil olunuruq və mütləq şəkildə dost olmalıyıq kimi yanaşma yanlışdır. Müxtəlif xarakterli insanlar var, həm şəxsi keyfiyyətlərinə görə, həm də peşəkar bacarıqlarına görə dost olmaq istədiyim insanlar var və onlarla demək olar ki, dostam. Yaxşı peşəkar, həmkar münasibətlərimiz mövcuddur. 

 

- Bu gün Azərbaycanın millət vəkilləri parlament diplomatiyası sahəsində üzərlərinə düşən yükün nə qədər fərqindədirlər? Və necə yerinə yetirirlər?


- Dünya təcrübəsinə söykənərək deyirəm ki, ölkənin milli maraqlarının qorunmasında parlament diplomatiyasının çox təsirli rolu var. Hətta, bir çox hallarda parlament diplomatiyasının rolu həlledici olur. Parlament diplomatiyamızın çevikliyi, təsirləri  getdikcə daha aydın müşahidə olunmaqdadır. Az öncə bu haqda danışdıq, Azərbaycan müstəqilliyinin elə ilk illərində işğalçılıq siyasətinə, mənfur qonşumuzun  təxribatlarına məruz qaldı.  Xarici siyasətimizin başlıca məqsədlərindən biri ondan idi ki, münaqişə vəziyyəti ilə bağlı həqiqətləri, Ermənistanın ölkəmizə qarşı törətdiyi cinayətləri təfsilatı ilə dünyaya çatdıraq. Bu istiqamətdə parlamentin həm Vətən müharibəsinə qədərki  mərhələdə, həm də sonra çox təsirli rolu olub. Bilirsiniz ki, parlamentlərarası işçi qrupları fəaliyyət göstərir. Mən özüm də Azərbaycan-Kuba  parlamentlərarası işçi qrupunun rəhbəriyəm. Pandemiya məhdudiyyətinə baxmayaraq, Kubanın Azərbaycandakı səfiri ilə 2 dəfə görüş keçirmişəm. Növbəti görüşün keçirilməsi təşəbbüsünü də irəli sürmüşəm. Bu görüşlərdə müzakirə etdiyim məsələ Ermənistanın Azərbaycana qarşı düşmənçilik, işğalçılıq siyasəti olub. Kuba parlamentinə öz işçi qrupumuz adından məktublar ünvanlamışıq. Milli Məclisin rəhbərliyi bu sahədə uğurlu koordinasiyanı həyata keçirir, bu da kollektiv şəkildə ümumi məqsədlər uğrunda mübarizə aparmağımızı şərtləndirib. Bir sözlə,  Azərbaycanın parlament diplomatiyası işləyir və bütövlükdə milli maraqlarımızın qorunmasında, dövlətimizin prioritetlərinin həyata keçirilməsində təsirli rol oynayır. 

 

- Beynəlxalq təbliğat və qiymətləndirmə məsələsində çox zaman ikili standartlardan gileylənirik. Bu hal fəaliyyətinizi zəiflədir?


- Əksər hallarda dünya həqiqətləri çox yaxşı bilir. Lakin susur. Məqsədli susur. Yəni, ikili standartlar siyasəti tətbiq olunur. Nümunələr gətirmək olar. Xocalıda 1992-ci ildə ermənilər qırğın törətdilər, insanları vəhşicəsinə qətlə yetirdilər, ondan bir-iki gün sonra xarici jurnalistləri dəvət etdilər, öldürdükləri azərbaycalıları kadrlaşdırıb dünyaya yaydılar ki, bunlar ermənilərdilər və onları azərbaycanlılar öldürüb. Ora gələn jurnalistlərin özlərinin də, təmsil etdikləri ölkələrin rəhbərlərinin də məsələ haqqında çox aydın təsəvvürləri var idi.  Onlar çox yaxşı bilirdilər ki, Xocalı Azərbaycan ərazisidir və Azərbaycana xalqına qarşı soyqırım həyata keçirilib. Azərbaycanın həqiqətlərinin  beynəlxalq arenaya çıxarmasına ehtiyac yoxdur, zatən özləri gözləri ilə görürdülər. Azərbaycanın yerlərində də ermənilər Xocalı soyqırımı kimi hadisələr həyata keçirdilər. Ağdaban faciəsi, Qaradağlı faciəsi və s. Bunların biri haqqında hansısa dövlət, beynəlxalq təşkilat mövqe sərgiləyib? Əlbəttə, xeyr!


Çox təəssüf ki, hər bir dövlət özünün marginal  maraqlarından çıxış edir. Əksər hallarda Azərbaycan xalqının psixoloji durumu, hissləri  onlar üçün maraqlı deyil. Dünyanın müxtəlif ölkələri və siyasi dairələri öz maraqlarının müdafiə olunması üçün ermənilərdən alət kimi istifadə edirlər. Ermənilər də bu alət rolunda məharətlə çıxış ediblər. Azərbaycan dünyanın məlumatlandırılması istiqamətində malik olduğu resurslar və söykəndiyi təcrübə çərçivəsində bütün addımları atır. Etiraf etmək lazımdır ki, informasiya məkanında Azərbaycanın mübarizə imkanları məhdud olub. Bir çox hallarda düşməndən zəif olmuşuq, amma bu, son illərə aid edilə bilməz. Son illərdə informasiya mübarizəsində inamla irəli çıxmışıq. Ermənistan kənardan ona verilmiş təlimatlar əsasında xalqımıza qarşı hibrit müharibə də aparıb. Təkcə silahla, hərbi yolla yox, dolayısı ilə də müharibə aparıb. Bunun çox mühüm bir hissəsini də informasiya mübarizəsi təşkil edir. Biz düşməni bu sferada artıq neytrallaşdıra bilirik. Ermənistana informasiya məkanında zərbələr endiririk. Vətən müharibəsində inamlı qələbə çaldıq, erməniləri sözün əsl mənasında əzdik. Müharibədən sonra ABŞ  “907-ci düzəliş”in təsirini növbəti dəfə dayandırdı. 1992-ci ildə ermənilər bizim torpaqlarımızı ardıcıl işğal etdiyi halda təcavüzkar Ermənistana qarşı deyil, Azərbaycana qarşı bu ədalətsiz düzəliş tətbiq edilmişdi. ABŞ Xocalı soyqırımını, Ağdaban və Qaradağlı hadisələrini görmürdümü? Siyasi məsələlərə və qərarlara qarşı çox emosional yanaşmaq lazım deyil. Reallıqlardan dərs götürüb biz də öz iradəmizi ortaya qoymalı idik və qoyduq. Azərbaycana qarşı əsassız iddialar irəli sürülə bilərdi ki, yenə erməniləri qırdınız. Bəli, biz erməniləri qırdıq, çünki təxribatlar törədirdiilər, yenə xalqımıza, ərazimizə qəsdlər edirdilər. Tovuz istiqamətində, cəbhədən uzaqda - Ermənistan-Azərbaycan dövlət sərhədində təxribatlar törədirdilər. Gözlənilən idi ki, yenə də ədalətsiz mövqe sərgiləyərək, ABŞ “907-ci düzəliş”i aktuallaşdırsın, amma təsirini dayandırdı. Vətən müharibəsində Ermənistanı əzdikdən sonra da növbəti dəfə dayanırdı. Güclü olan zaman ikili standartı aradan qaldıra bilirik, onun təsirini neytrallaşdırırıq. Ermənistan dünyanın ayrı-ayrı siyasi mərkəzlərinin Cənubi Qafqazda reallaşdırdığı layihədir. Digər ölkələr ondan istifadə edərək Cənubi Qafqazda öz maraqlarını təmin edirlər. Lakin ölkəmizə qarşı artıq istifadə edə bilməyəcəklər.

 

İndiki dünyanın qütbləri... 



- Elşad müəllim, indiki dünyanı neçə qütbə bölmək olar?


Bu gün dünyanı iki qütblü hesab etmək mümkün deyil. Tam oturuşmuş çox qütblü dünya haqqında danışmaq da hələ tezdir. Bütövlükdə dünya və beynəlxalq münasibətlər sistemi müəyyən mənada çox qütblü kimi səciyyələndirilə bilər. Məsələyə müxtəlif prizmalardan yanaşmaq lazımdır. Dünyada güc mərkəzlərini müəyyənləşdirərkən fərqli kriteriyalardan yanaşmaq fərqli mənzərəni ortaya qoya bilər. Hərbi gücünə görə ABŞ və Rusiya öndə gedən ölkələrdir, onlarla hansısa dövləti müqayisə etmək çətindir. İqtisadi gücünə görə Çin birincidir, baxmayaraq ki, ABŞ bunu qəbul etmək istəmir. Bu kriteriyalardan yanaşanda ayrı-ayrı parametrlər üzrə bu və ya digər dövlətin aparıcı rolunu görmək mümkündür.

 

- Yaxın vaxtlarda yeni bir qütb ortaya çıxa bilərmi?


- Hesab edirəm ki, dünyanın siyasi xəritəsində yer alan ölkələr özlərinin potensialını nümayiş etdirməkdədirlər. Geosiyasi proseslər əsasən ABŞ, Çin və Rusiya üzərindən gedib. İndiki geosiyasi reallıqdan çıxış etsək, deyə bilərik ki, Asiya, Sakit okean regionu dünya siyasətinin mərkəzinə çevrilməkdədir. ABŞ Asiyada, Sakit okean regionunda  maliyyə və iqtisadi sahəyə nəzarət etmək uğrunda uzun illərdir, mübarizə aparır. Həmin regionda Çinin və Rusiyanın da geosiyasi maraqları var. Dövlətin iqtisadi xarakterli fəaliyyəti onun hərbi siyasi xarakterindən ayrılmazdır. Müasir dövrdə əsas fəaliyyət prioriteti iqtisadi, maliyyə maraqları ilə bağlıdır. Bu maraqları da təmin etmək üçün hərbi, siyasi mexanizmlər tətbiq olunur. Tezliklə yeni güc mərkəzinin ortaya çıxacağını düşünmürəm. Bugünkü reallıq gələcək mənzərə haqqında təsəvvürlər yaradır.

 

- Azərbaycan həmin güc mərkəzlərinə münasibətdə  balanslaşdırılmış xətt yürüdür. Azərbaycanın üz çevirdiyi qüvvələr gələcəkdə bizə problem yarada bilərlər? Ölkəmizin beynəlxalq arenada yeri harada görünür?


- Azərbaycan dünya dövlətləri içərisində ən uğurlu və praqmatik xarici siyasət yeridən ölkələrdən biridir. Xarici siyasətimizin başlıca prinsipi bütün dünya ölkələri ilə bərabərhüquqlu münasibəti qurmaqdır, əməkdaşlıq sistemini yaratmaqdır. Sualınıza ən universal cavabı Prezident cənab İlham Əliyev verib ki, bizim bir dövlətlə münsibətimiz heç bir halda  digər dövlətə qarşı çevrilmir. Xarici siyasətimizin mahiyyətini, ana prinsipini ehtiva edən ən uğurlu yanaşma bundan ibarətdir. Diqqət etsək görərik ki, post-sovet ölkələrinin əksəriyyətinin qarşısında  siyasi yönünü bildirməsi ilə bağlı tələblər qoyulur. Azərbaycanın qarşısına belə bir tələb qoyan ölkə yoxdur. Çünki Azərbaycan özünü beynəlxalq hüququn bütün maraqlı subyektləri üçün cəlbedici edə bilir və Azərbaycanın mövqelərinin müstəqil qəbul olunmasının vacibliyini qəbul etdirə bilib. Ölkəmiz ABŞ-la da, Avropa İttifaqı ilə də səmərəli ünsiyyət qurub, əməkdaşlıq etməkdədir. Rusiya ilə də kifayət qədər bərabərhüquqlu siyasi münasibətlər və əməkdaşlıq qurub. Başlanğıcdan uduşlu yanaşmamız ondan ibarət olub ki, hansısa dairələrin təsirlərini öz üzərimizə buraxmamışıq. Bu, müdriklik, siyasi manevr etmək bacarığı tələb edirdi, dövlətimiz bu bacarığı nümayiş etdirə bilib. Bütün hallarda idarə olunanlar zəif dövlətlərdir. Azərbaycanın çox kombinasiyalı davranış imkanları mövcuddur, bu da bizə müstəqil siyasət yeritməyə imkan yaradır.

 

- Yeni Azərbaycan Partiyasının qurultayı keçirildi, struktur dəyişiklikləri edildi, İdarə Heyətinin tərkibi də yeniləndi. Dəyişən tək struktur oldu? Qurultaydan sonrakı partiyada daha nələr gözlənilir?

 

- Nəzərə alsaq ki, qurultay çox qısa zaman öncə baş tutub. Bu gün nəticələr haqqında danışmaq tezdir. Struktur dəyişikliyi haqda cəmiyyət kifayət qədər məlumatlıdır. Dəyişiklik ona xidmət edir ki, partiya daha funksional olsun, daha səmərəli fəaliyyət göstərsin, milli maraqlarımızın qorunması, ölkəmizin inkişafı istiqmətində daha böyük töhvələr versin. Cəsarətlə Yeni Azərbaycan Partiyasını Azərbaycanın xilaskar partiyası adlandırmaq olar. YAP o şəraitdə yarandı ki, xalqımız, dövlətimiz ciddi tarixi sınaqlar qarşısında idi. YAP sayəsində dövlət öz müstəqilliyini qorudu, inkişaf yoluna qədəm qoydu. Zaman sürətlə dəyişir, dünyada siyasi, iqtisadi, mədəni xarakterli dəyişikliklər gedir. İstənilən institut kimi siyasi partiyalarda cərəyan edən dəyişikliyin ruhuna uyğun olaraq fəaliyyət prinsiplərində, strukturunda dəyişiklik etməlidir. Əlbəttə, nöqsanlar da olur, harada fəaliyyət varsa, nöqsanlar olmalıdır. YAP bundan sonrakı mərhələdə yeni strukturu ilə daha dinamik fəaliyyət göstərəcək. Bu, yeni inkişaf mərhələsi pozitif elementlərlə zəngin inkişaf mərhələsidir. Biz işğaldan azad etdiyimiz ərazilərin  iqtisadi potensialını ümumi iqtisadi dövriyyəmizə cəlb edəcəyik. Ayrıca olaraq Azərbaycan geosiyasi proseslərin mərkəzinə çevrilib. Ermənistan torpaqlarımızı işğal altında saxlayan zaman Cənubi Qafqaz regionuna  dünyanın güc mərkəzlərinin münasibəti fərqli idi, indi tamam fərqlidir. Dünyanın iqtisadi nəhəngi olan Çin Cənubi Qafqaz regionunda özünün mövcudluğunu nümayiş etdirməkdədir. Çinin kifayət qədər güclü, təsirli “Huawei” şirkəti də Azərbaycan ərazilərinin quruculuq  prosesində iştirak edəcək. İqtisadi fəallıq geosiyasi mövcudluğa xidmət edir. Azərbaycanın iradəsi ilə gerçəkləşdiriləcək Zəngəzur nəqliyyat layihəsi Çinin həyata keçirməkdə olduğu “Bir kəmər, bir yol”  layihəsinin çox mühüm bir seqmentini təşkil edəcək. Çin artıq Azərbaycana Avropaya qapı kimi baxmaqdadır. Ölkəni hazırkı inkişaf nöqtəsinə Yeni Azərbaycan Partiyası gətirib.  Dövlətin bundan sonrakı  davranışlarının məsuliyyəti də məhz YAP-a aiddir. Azərbaycan həm beynəlxalq sistemdə, həm də əməkdaşlıq istiqamətində öz rolu və yeri ilə seçilən dövlətdir. YAP daha  böyük hədəflərə çatmaq üçün struktur və fəaliyyət baxımından fərqli obrazda görünəcək.

 

- Dəyişikliklər çərçivələri də müəyyən edir. Cəmiyyətdə də belə bir fikir yarandı ki, partiyada vəzifə tutan üzvlərin kənarda fəaliyyəti ilə bağlı müəyyən məhdudiyyətlər olacaq. Məsələn, ikili vəzifə tutanlar ikinci vəzifələrindən azad ediləcəklər. Partiya daxilində qaydaların sərtləşdirilməsi kimi mexanizm varmı?


- Bunu qaydaların sərtləşdirilməsi deyil, partiyanın fəaliyyətinin optimallaşdırılması kimi qəbul edirəm. Bir daha şahidi oluruq ki, partiyanın yeni mərhələdə daha səmərəli fəaliyyət göstərməsini təmin etmək prioritet kimi müəyyənləşdirilib. Partiyada vəzifə tutan, konkret funksiyaları həyata keçirən subyektlər məhz o istiqamətdə fəaliyyət göstərməlidirlər. Partiya işinə cəlb olunmuş şəxslərin  müvafiq istiqamətdə bilik və bacarıqlarının tətbiq edilməsi, enerjilərini sərf etməsi səmərəli fəaliyyətin mühüm əsasını təşkil edir.


- Siz özünüz alman və rus dillərini bilirsiniz. Xarici dillərdə məqalələriniz və elmi araşdırmalarınız da dərc olunub. Partiyanın 760 mindən çox üzvü var və bunlar vurğuladığınız kimi koordinasiya olunurlar. Partiyanın xarici informasiya siyasəti necədir? Xarici təbliğatı təmin edə bilirmi?


Yeni Azərbaycan Partiyası kifayət qədər əhatəli və səmərəli  beynəlxalq əməkdaşlıq qurmağı bacarıb. Beynəlxalq təmasların daha sıxlaşdırılması, bu təmaslardan dövlətimizin milli maraqlarının qorunması üçün faydalanılması YAP-ın fəaliyyətin vacib istiqamətlərindəndir.   Həqiqətlərimizin digər ölkələrin partiya funksianerləri vasitəsi ilə beynəlxalq səviyyədə ictimailəşdirilməsi ona dəlalət edir ki, informasiya mübarizəsində YAP-ın kifayət qədər təsirli rolu var.


- Faktiki olaraq münaqişə həll olunsa da  Ermənistanla qonşuluğumuz, təhlükəli bölgədə yaşadığımız reallığı davam edir. Bundan sonrakı dövrdə Azərbaycan necə etməlidir? Həm daxilindəki etnoslarıın birliyini qorumaq, həm də Ermənistanla mübarizə üçün Azərbaycanın siyasəti necə olmalıdır?


- Ermənistan-Azərbaycan münaqişəsinin səbəbi Ermənistanın Azərbaycana qarşı irəli sürdüyü əsassız ərazi iddiaları və həyata keçirdiyi işğalçılıq siyasətindən ibarətdir. Təbii ki, Ermənistan tərəfi münaqişəyə fərqli çalarlar da qatmağa çalışır. Bunu etnik münaqişə kimi, dini  münaqişə kimi təqdim etməyə çalışırdı. Azərbaycanda  etnomilli münaqişələrin baş verməsi qeyri-mümkündür. Xalqımızın xarakteri buna imkan vermir. Çünki biz müxtəlif xalqların nümayəndələri dinc yanaşı yaşamağı, onların milli mədəniyyətlərinə hörmətlə yanaşmağı bacarırıq. Azərbaycanın etnomilli koloriti göstərir ki, etnomilli münasibətlər sahəsində sabitliyi aydın göstərir. Ölkəmiz çoxmillətli dövlətdir və bütün xalqların təmsilçiləri özlərini çox rahat hiss edirlər, hər hansı ayrıseçkiliyə məruz qalmırlar. Heydər Əliyevin çox unikal bir yanaşması var idi. O söyləmişdi ki, Azərbaycanda yaşayan müxtəlif xalqlar bizim milli sərvətlərimizdir. Mən hansısa digər bir ölkə prezidentindən belə bir yanaşma görməmişəm. Ermənistan da bu reallığı dərk etdi və münaqişəni də etnik münaqişə kimi təqdim etmək iddialarından uzaqlaşdı. Bu gün Azərbaycan dünyanın ən multikultural, tolerant ölkəsidir. Ermənistana ən tutarlı cavabımız malik olduğumuz multikultural cəmiyyətimizdir. Bütün istiqamətlərdə üstün gücümüz isə, Ermənistanın istənilən təxribatlarının qarşısını almağa imkan verir. Artıq güc və zaman bizim tərəfimizdədir.


- Göygöl rayonunun hazırda icra başçısı hələlik təyin olunmayıb. Bu sizə çətinlik yaradırmı? Necə bir şəxsin icra başçısının təyin olunmasını istəyərdiniz?


- Deputat öz məsuliyyətini dərk edirsə, işini bilirsə, səmərəli fəaliyyət göstərəcək. Deputatın işi birbaşa rayon rəhbərliyi ilə əlaqəlidir. Bütün regionlarda deputat öz işini uğurla qura bilirsə, seçilərinin mövqelərindən çıxış edərək fəaliyyət göstərirsə, bu mqəsədlə israr və iradə nümayiş etdirirsə, mütləq şəkildə bunun yaxşı nəticələri olacaq. Rayonumuza isə cənab Prezident tərəfindən müəyyənləşdirilən ölkənin inkişaf prioritetlərinə çatılması istiqamətində səmərəli fəaliyyət göstərəcək, məsuliyyətli və vicdanlı bir kəsin icra başçısı təyin olunmasını istərdim.

 

Aysel Aslan

Humay İsgəndərova

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı