Modern.az

Vətən müharibəsində yaralanmış jurnalist: “Məlum oldu ki, sağ və sol ayağında 9 qəlpə var” - MÜSAHİBƏ 

Vətən müharibəsində yaralanmış jurnalist: “Məlum oldu ki, sağ və sol ayağında 9 qəlpə var” - MÜSAHİBƏ 

Müsahibə

5 İyul 2021, 12:59

Bir var tarixi yaradanlar, bir də var bu tarixi yazanlar. Ötən ilin 44 günündə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında  Azərbaycan Ordusu tariximizin ən şanlı səhifələrini yaratdılar.  Ordunun bu qəhrəmanlığını yazıya və görüntüyə alanlar isə jurnalistlər oldu. Milli Mətbuat günü ərəfəsində Azərbaycanın 44 günlük şərəf tarixini yazanlar, savaş jurnalistləri ilə bağlı layihəmiz davam edir.

Modern.az-da növbəti həmsöhbətimiz Dövlət Televiziyasının (AzTV) savaş müxbiri, uzun illər hərbi proqramlarda çalışmış Anar Şuşalıdır.   


-
Anar, bilmirəm artıq şəxsiyyət sənədlərinə görə rəsmən soyadınmı, yoxsa sadəcə yaradıcı təxəllüsünmü, amma elə soyadından şuşalı olduğun hər kəsə bəlli olur. İşğaldan öncəki Şuşanı necə xatırlayırsan? Ümumiyyətlə, xatırlayırsanmı? Çünki bildiyim qədər Şuşa işğal olunanda sənin yaşın çox az olub. 

- Şuşanı 10 yaşlı bir uşağın xatırlaya biləcəyi  qədər xatırlayıram. Qədim və gözəl, səliqəli bir şəhər kimi. Uşaq olsam da xatirələrim böyükdür. Məktəbə getdiyim küçə, oynadığımız məhləmiz ... Bir də nədənsə Şuşada “pekarnıda” aldığım çörəyin qoxusunu, dadını heç vaxt unutmadım. Hər gün o çörəkdən yemək, yenə o uşaqlıq illərinə qayıtmaq istəyirəm. Həyətdə bayram tonqalı, qapılara atdığımız papağı da xatırlayıram. Sevinclə papağa qoyduqları bayram sovqatını açıb uşaqlar arasında bölüşürdük. Çox az bir hissəsi qalıb yadımda. 


- Sən Xəbərlər Departamentində çalışmırsan, amma müharibə boyu səni xəbərlərdə qaynar nöqtələrdən canlı bağlantılara çıxarkən gördük. Cəbhə bölgəsinə getmək təklifi rəhbərlikdənmi gəldi, yoxsa özünmü təşəbbüs göstərdin? 


- 20 ilə yaxındır ki, hərbi layihələr edirəm. Hər zaman da ən böyük arzum işğaldan azad olunan torpaqlarımızdan ilk reportaj etmək olub. Şükürlər olsun ki, qismət oldu. Azad olunan torpaqlardan ilk canlı bağlantını da, reportajı da şuşalı olaraq mən verdim. Düşmən tərəfindən qənimət kimi götürülən texnikanı da mən lentə aldım, həm də onun üzərində stand up edərək. Müharibə başlayan andan təmas xəttinə getmək üçün rəhbərliklə dayanmadan danışırdım. Axır ki, razılaşdılar və Füzuliyə yola düşdüm.  Oradan da bütün istiqamətlərə sərbəst hərəkət etməyimi və hərbçilərlə əlaqələrim olduğu üçün mümkün olduğu qədər içərilərə irəliləyərək döyüşlərdən reportaj etməyimi istədilər. Düzünü deyim, özümü çox xoşbəxt hiss edirdim. Həm qalib Azərbaycan əsgəri ilə birlikdə irəliləmək, həm də neçə il həsrətində olduğum torpağa ayaq basmaq... Bu sözlə ifadə olunmayacaq bir hissdir. Ondan sonra xəbərlər üçün həm canlı yayın etmək, həm də reportajlar hazırlamağa başladım. Bu arada mənə güvəndiyi üçün rəhbərliyə də təşəkkürümü bildirirəm. 



-
Mütəxssislər bu müharibənin dünya hərb tarixinə ən sürətli savaşlardan biri kimi düşdüyünü deyirlər. Belə vəziyyət sözsüz ki, jurnalistlərin işinə də təsir edir. Operativliyi necə təmin edə bilirdiniz? Əsas çətinlik nədə olurdu? 


- Əlbəttə, şanlı ordumuz doğrudan da tarix yazdı. Dünya hərb tarixinə yeniliklər gətirdi. Yeni taktikalar, yeni strategiyalar və döyüş mexanizmini dəyişəcək qədər yeniliklər gətirdi. Yuxarıda qeyd etdiyim kimi uzun illərdir hərb sahəsində layihələr hazırlamışam. Əsgər heyətindən tutmuş general heyətinə qədər tanıdığım, dostluq  etdiyim insanlar var. 2016-ci ildə də həmin tanışlıqlar sayəsində bizim komanda daha ön mövqelərdə çəkilişlər apara bilirdi. Vətən müharibəsində də həmçinin. Demək olar ki, bir çox telekanaldan daha irəli gedir, döyüşləri birbaşa izləmək şansım olurdu. Bu da kanalın həm operativliyinə, həm də çevikliyinə səbəb olurdu. Yenə də qeyd etmək istərdim ki, şəxsi tanışlığım hesabına çəkilişlərdə problem yaşamırdım. Belə bir epizod da olmuşdu. Polislər postlar qurmuşdular və təhlükəsizlik baxımından heç kimi müharibənin baş verdiyi yerə buraxmırdılar. Xəbərlər Departamentinin rəhbəri Mehriban xanım telefonda ərkyana dedi ki,” Anar səndən çox şey gözləyirik, niyə qabağa getmirsən?”.  Mən də yarızarafat dedim ki, “Mehriban xanım, polislərlə heç vaxt çəkilişdə olmamışam, onların postunu adlamağa şərait yaradın, qalanları mənim boynuma”. Həmin icazələr alınandan sonra mən sevdiyim işimə başladım . Bir də bizim catısmazlığımız hərbi jurnalistikaya aidiyyatı olmayanların oraya ezam olunmaları idi. Doğrudur,  onlar  da işlərini görürdü, erməni vəhşiliyini dünyaya çatdırırdılar, ancaq hərbçilərimizə də mane olurdular. Düşünürəm ki, ölkəmizdə hərbi jurnalistikanın inkişaf etdirilməsinə ehtiyac var. 


- Ümumiyyətlə, jurnalistlərin fəaliyyəti üçün yaradılan şərait qənaətbəxş idimi? Sən uzun müddət televiziyalarda hərbi proqramlarda çalışmış biri kimi olar-olmazları daha yaxşı bilirsən. 


- Bilirsiz, gərək jurnalist də ezam olunduğu yerin mahiyyətini anlasın. Şou göstərənlər də var idi, ürəklə işləyənlər də. Nazirlik təhlükəsizlik baxımından çox ciddi tədbirlər görmüşdü. Əslində, düz edirdi. Çünki bizim jurnalistlər müharibədə çəkilişlər aparmayıb. Ümumiyyətlə, həmin vəziyyətdə necə işləməyi çoxu bilmirdi. Bu da əlavə maneələr yaradırdı. Misal olaraq deyə bilərəm ki, çəkilişlər zamanı, xüsusilə xarici mediada, koordinat  verilə biləcək reportajlar hazırlanırdı. Bunun mahiyyətini bəziləri başa düşmürdü. Düşmən də həmin reportajı və ya canlı yayımı izləyərək strateji yetəri atəşə tuturdu. Buna görə də həm administrasiya, həm də Müdafiə Nazirliyi xüsusi qruplar hazırlamışdı və ezam olunan jurnalistlərə  də təhlükəsizlik tələblərinə riayət etməklə  bəzi strateji nöqtələrdə çəkilişlər   aparmağa icazə verilirdi. Ümumiyyətlə, deyə bilərəm ki, çəkilişlər üçün hər cür şərait yaradılmışdı. 


- Amma hərbçilərimizin, təhlükəsizlik qüvvələrimizin sizi nə qədər qorumasına baxmayaraq jurnalistlər də zaman-zaman atəş altına düşüb və hətta eşitdiyimə görə sən bir dəfə yaralanmısan da. Bu necə və harada baş verdi?
 


- Bizimlə müharibə edən dövlət çox şərəfsiz bir dövlətdir. Çünki məğlub olduqca suda boğulan saman çöpündən yapışan kimi bunlar da mülki yaşayış yerlərini vurmağa başlayırdılar. Yəni, atım, qarşı tərəf itgi versin, dəxli yoxdur bu hərbiçidir, yoxsa mülki şəxs. Gəncə, Mingəçevir, Tərtər, Bərdədə hərbi obyekt olmadığı halda şəhər və rayonları vururdular. Ona görə də təhlükənin hansı tərəfdən gəldiyini bilmirdin. İstədikləri yerə qadağan olunmuş  bomba və raketlərdən belə istifadə etməklə zərbələr endirirdilər.  Amma biz bir idik, hamımızın amalı eyni idi. Ona görə də sınmadıq, qorxmadıq. Mən yaralandığım gün Ağcabədiyə gedirdim. Orada rayon ərazisini, kəndləri yenə istifadəsi qadağan olunmuş kasetli bomba və raketlərlə atəşə tutmuşdular. Bakıdan dedilər ki, oradan reportaj hazırla. Elə həmin vaxtlar şirkətdən bölgələr üzrə koordinator dedi ki, “Ağdamı şiddətli atəşə tutublar, ora  gedə bilərsənmi?”.  Dedim, “hə, çıxıram”. Qayıtdım Ağdama. Artıq uzaqdan mərmilərin belə düşdüyü yerləri görürdük. Bir neçə kəndi çəkdik. Sonra rayon İcra Hakimiyyətindən dedilər ki, Bənövşələr qəsəbəsi deyilən yeri atəşə tutmağa başlayıblar.

 

Yollandıq oraya. Bənövşələr qəsəbəsində həm bütün əsgərlərə, həm də biz jurnalistlərə qucaq açan Şamama Ananın evi var idi. O, Birinci Qarabağ döyüşlərində iştirak etmişdi. 44 günlük Vətən Müharibəsində o qadın həm mülki insanlara, həm də hərbçilərə yemək bişirirdi. Qızı Maya isə müxtəlif istiqamətlərdən gələn yardımları döyüşçülərə çatdırırdı. Ora cəbhə xəttinə yaxın olduğu üçün həm də sanki bir qərargah idi. Biz qəsəbəyə çatanda mərmilərin ikisi həmin evdən qarşı tərəfə düşdü. Biz yenə həmin evə getdik. 5-10 dəqiqə keçmədi ki, yenə erməni silahlı birləşmələri yaşayış yerlərini müxtəlif artilleriya qurğuları ilə vurmağa başladılar. Mərmilərdən biri də həmin evə düşdü. Hərə bir tərəfdə uzanmışdı. Şamama Ananın qolundan və başından qan axırdı. Maya da yaralanmışdı. Onları oradan çıxarıb uzaqlaşdırmaq lazım idi. Bizim maşın isə demək olar ki, tam yarasız vəziyyətə düşmüşdü. Ev də xeyli ziyan görmüşdü. İstədim ki, ayağa qalxım, mərminin ikincisi bizdən 5-6 metr məsafədə qarşı tərəfə düşdü. Məni və digərlərini hardasa 5 metr kənara  tulladı. Qalxdım ayağa, Şamama Anaya kömək etdim. Çölə çıxanda artıq maşının yararsız vəziyyətə düşdüyünü gördüm. Amma yenə də maşını işə salıb onu həkimə apardım. Həkim birdən mənə baxdı və dedi, “sən yaxşısan?”. Həmin vaxt sanki bədənimdən tər gedirdi kimi bir hiss vardı məndə. Həkim dedi, “sənin ayaqların qanın içindədir”. Sonra məlum oldu ki, sağ və sol ayağımda 9 qəlpə var.  4-nü çıxardılar, 5 -i sinir damarına yaxın olduqu üçün hələ də mənimlə birlikdədir.



-
Qeyd etdiyim kimi sən çəkilişlərdə xəbər proqramı yox, daha böyük xronometrajlı proqramın əməkdaşı kimi iştirak edirdin. Bu verilişlərin çəkilişləri də xəbərlərdən fərqli, daha detallı olur. Nə kimi eksklüziv görüntülər lentə ala bildiniz? 


- İlk qalib əsgəri, azad olunmuş ilk ərazini, düşmən texnikasının məhv olunması və qənimət kimi götürülməsini biz çəkdik. Əlbəttə ki, bütün bunların qüruru bir başqadır. Bu həm də bizim bir mediada birliyimizin nəticəsi idi. Xalq kimi biz bir yerdə işlədik. Bundan gözəl nə ola bilər ki?! Onu da vurğulayım ki, ayrıca veriliş  hazırlayanda sizin də  qeyd etdiyiniz kimi, daha geniş və detallı olur. Bu da tamaşaçı üçün daha baxımlı veriliş deməkdir. 


-
Anar necə düşünürsən, bu savaşda Azərbaycan mediası yalnız yerli publikanın informasiya təlabatını ödədi, yoxsa beynəlxalq KİV üçün də xəbər xammalı ötürə bildi? Ümumiyyətlə informasiya savaşında yerli medianın rolunu necə qiymətləndirirsən? 


- Sizə deyim ki, 2016-cı ildən fərqli olaraq bu dəfə həm də informasiya müharibəsində biz qalib olduq. Dünyaya öz haqq səsimizi çatdıra bildik. Yəqin ki, belə olmasaydı Türkiyə, Rusiya  və ərəb kanalları məlumatları bizdən almazdı. Mən demək olar ki, hər iki saatdan bir Türkiyə mediasında canlı bağlantılya çıxırdım. Düşünürəm ki,  bizim media da dünyaya haqq səsimizin çatdırılmasında böyük rol oynadı. 


-  Yəqin ki, artıq doğulduğun şəhərdə olmusan. Nə vaxt gedə bildin Şuşaya? 28 il sonra doğma torpağa qovuşmaq necə bir hiss idi? 


- Şuşaya həm bir şuşalı, həm də bir media nümayəndəsi kimi ilk dəfə mən getdim. Yuxarıda qeyd etdiyim kimi AZTV olaraq media adından bayrağı saçdım. Bu əvəzolunmaz hissdir. Şuşa azad olunandan bir həftə sonra Şuşada oldum. Bakıdan düz Şuşaya qədər çox həyacanlı idim. Evimizi, küçəmizi, məktəbimizi görəcəkdim. Cümə günü idi, Siz inanın, Şuşa məscidində necə namaz qıldığımı bilmədim. Göz yaşlarımı saxlaya bilmirdim. Çox həyacanlı idim, çox. Bu xoşbəxtliyi bizə yaşatdığına görə Ali Baş Komandana, zabit və əsgərlərimizə minnətdaram. Torpağa qovuşmaq hissi tam başqa bir hissdir. Sözlə ifadə olunmayacaq qədər gözəl... Onu nə yazmaq olur, nə də danışmaq. İndi də danışanda, inanın, ürəyim sanki yerindən çıxır. 28 ildən sonra o yolları yenidən getmək, böyüdüyün evə girmək sevincini yaşamaq.... bilmirəm, ifadə edə bilmirəm... Mənimlə gedən hərbiçilərin belə gözləri dolmuşdu, mənimlə birlikdə sevinirdilər. Sizə də təşəkkür edirəm ki, həmin hissləri yenidən yaşatdınız mənə. Çox saqolun. 



Azadə Balayeva

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir