Modern.az

Mirvari Fətəliyeva: “İtirilmiş uşaqlığımı kimsə qaytara bilməz” - MÜSAHİBƏ

Mirvari Fətəliyeva: “İtirilmiş uşaqlığımı kimsə qaytara bilməz” - MÜSAHİBƏ

Müsahibə

2 Avqust 2021, 10:51

“28 ildən sonra torpağıma ayaq basanda dəhşətli hisslər yaşadım”

 

Azərbaycan diasporunun tanınmış nümayəndəsi, Fransada Azərbaycanın Dostları Assosiasiyasının baş katibi Mirvari Fətəliyeva bu günlərdə 12 yaşında erməni təcavüzü nəticəsində tərk etdiyi Qubadlı rayonunun Xanlıq kəndinə səfər edib.

 

Modern.az saytının qonağı olan Mirvari Fətəliyeva təəssüratlarını bizimlə bölüşüb.

 

- Mirvari xanım, bir neçə gün əvvəl Qubadlı rayonunun Xanlıq kəndinə səfər etdiniz. Bu səfər sizin 28 ildən sonra dünyaya gəldiyiniz doğma yurdunuza qayıdışınız idi. Hansı hissləri keçirdiniz? Təəssüratlarınızı bilmək istərdik...

 

- Ən əsası yuxularım çin oldu. Mənim taleyimi bir çox fransızlar bilir. Hətta tez-tez yuxularımda fransız dostlarımla doğulduğum kəndimizdə olurdum. Həmişə onlara deyirdim ki, “yəqin bir gün yuxum çin olar və sizinlə oralara gedərəm”. Amma o insanlarla torpağıma ayaq basanda keçirdiyim hisslər çox dəhşətli idi. Düşünürəm ki, mənim keçirdiyim hissləri o acıları yaşayanlar anlaya bilər. Çünki mənim yaddaşımda silinməyəcək izlər qalıb.

 

Biz kəndimizi tərk edəndə orada bir dağ vardı. Mən o dağa çönüb bir də baxdım. “Bəlkə bir də bu yerlərə qayıtmayacam” deyə düşünmüşdüm. O zamanlar 12-13 yaşım vardı və dərk edirdim ki, biz o yerlərə qayıtmaya bilərik. Həmin səhnə hər zaman gözlərimin önündə idi. 28 ildən sonra o yerlərə qayıtmaq, yurd yerini görmək, torpağa toxunmaq mənim üçün həm sevincli, həm də kədərli idi.

 

Təəssüf ki, atam o yerləri görə, torpağa qovuşmaq sevincini yaşaya bilmədi. Biz onu 2 il öncə itirdik. Atam torpağına bağlı insan idi. O yerlərin hər bir qarışını əzbər bilirdi. Həmişə bizə öz xatirələrini danışırdı. Məni incidən çox şeylər vardı. Övladlarım həmişə məndən soruşurdu ki, “hansı məktəbdə oxumusan?!. Harada doğulmusan?!”  Mən onların suallarına cavab verə bilmirdim. Çünki bir şəklim belə yoxdur ki, uşaqlığımı onlara göstərim. Bu danışdıqlarım başqaları üçün adi şeylər ola bilər. Amma mənim üçün çox dəyərlidir. Hətta bir neçə il bundan qabaq mənim bir uşaqlıq şəklim tapıldı. 4-5 yaşım olardı. O şəklə qədər bilmirdim ki, oğlum mənə bu dərəcədə oxşayır. Hətta oğlum uşaqlıq şəklimə baxanda özünü göstərib “mənəm” deyirdi. 1993-cü ildə kəndimizə hücum oldu və biz ancaq sənədlərimizi və özümüzü götürüb çıxa bilmişdik.

 

Mənim taleyim bir milyona yaxın məcburi köçkün həyatı yaşamış insanların taleyidir. Mən bu acıları tək yaşamış biri deyiləm. O insanların acılarını, kədərini, aldıqları psixoloji zərbəni çox yaxşı başa düşürəm. İtirilmiş uşaqlığımızı kimsə bizə qaytara bilməz.

 

“Maştağadan Fransaya gedən yolum açıldı”

 

- Həm də ən ağrılı situasiya üzərinizdə “qaçqın” damğasının olması idi. Mirvari Fətəliyeva o damğaya psixoloji olaraq necə qalib gəldi?

 

- Biz məcburi köçkün həyatı yaşamış insanlarıq. Amma dediyiniz kimi, o dövrlərdə bizə “qaçqın” deyirdilər. O damğa üzərimizdə idi. Həmişə düşünürdüm ki, axı biz istəyərəkdən bu taleyi yaşamadıq. Niyə görə bizə  qəribə baxış var, qaçqın damğası var.  Hər dəfə məktəb dəyişəndə ögey baxışları hiss edirdim və buna görə çox pis olurdum. Hər gecə yatanda ağlayırdım. Öz-özümə sual edirdim: “Biz nə etmişik ki bu hadisələr başımıza gəlib?!”. Təbii ki, yaşadıqlarımızı gücə çevirdim. Maştağa kəndində 187 nömrəli məktəbdə 2 il oxudum. O kənddə fransız dili müəlliməsi dili unutmamaq üçün mənə dərs deməyə başladı. O xanımın sayəsində mən fransız dilini öyrənməyə başladım. Bununla da fransız dilinə maraq göstərdim. Atam da fransız dilini və ədəbiyyatını çox sevir, bizə fransız ədəbiyyatından danışırdı. Özümə söz vermişdim ki, nə vaxtsa Vüktor Hüqonun “Səfillər” əsərini fransızca oxuyacam. Hər şey belə başladı. Maştağadan Fransaya gedən yolum açıldı.

 

 

- Ancaq siz Fransada  təkcə şəxsi həyatınız deyil, dövlət üçün də işlər gördünüz. Sanki həyatınızda hər şey təsadüfən baş verdi. Fransaya necə getməyiniz və orada diaspor sahəsindəki fəaliyyətiniz bizim üçün də maraqlıdır.

 

- Mən təsadüflərə artıq inanmıram. Bəzən elə olur ki, qarşımıza fərqli insanlar çıxır və bizim həyatımızı dəyişir. Mənim də həyatımda elə bir insan olmuşdu. Mən Azərbaycan Dillər Universitetini fransız dili üzrə bitirmişəm. Bir tərəfdən məcburi köçkünlük həyatı, digər tərəfdən ailəmin Fransada mənə təhsil vermək imkanının olmaması var idi. Mənim Fransada oxumağım uzaq və həyata keçməyən bir arzu idi. Amma həyat sürprizlərlə doludur. Elə bir insan mənə dəstək verdi ki, mən təhsilimi Fransada davam etdirməli oldum. 2002-ci ildə orada təhsilimi davam etdirməyə başladım. 2003-cü ildə Fransadakı fransız tələbələrlə birgə Azərbaycan-Fransa Gənclik Assosiasiyası yaratdıq. O zamanlar dövlətin qayğısı bugünkü kimi güclü deyildi. Diasporla İş üzrə Dövlət Komitəsi yeni yaranmışdı. Fransaya ilk getdiyim vaxtlardan etibarən Azərbaycanı təmsil etmək işi ilə məşğul olmuşdum. 2008-ci ildə ailə həyatı qurdum. 4 il müddətində Lion şəhərinə köçdüm. Lakin mənim Parisdə olmağım daha məqsədəuyğun idi. Ona görə də Parisə köçməli olduq. Elə həmin vaxtlardan etibarən bütün gücümü “Azərbaycan Evi” təşkilatının dirçəlməsinə yönəltdim. Bu ev 1992-ci ildə Temurçin Hacıbəyli və Ramiz Abutalıbov tərəfindən yaradılıb. Bu təşkilatı Ramiz müəllimdən icazə alaraq  dirçəltdik. Ramiz müəllim bu işdə bizə çox böyük köməklik göstərdi. Əsasən ətrafımıza Fransada yaşan azərbaycanlıları topladıq. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müxtəlif tədbirlər, nümayişlər həyata keçirtmişik.

 

- Sirr deyil ki, Fransa həmişə erməni lobbisinin güclü olduğu, ermənilərin sıx məskunlaşdığı ölkələrdəndir. Onlarla hər gün rastlaşmağın nə qədər çətin olduğunu siz yaxından hiss etmiş birisiniz. Fransadakı erməni aqresiyasını necə xarakterizə edə bilərsiniz?

 

- Bunun da səbəbləri var. Bu çox mühüm məqamdır. 20 ildir ki, Fransada yaşayıram. Hər bir işi dərinliyinə qədər açmaq imkanlarım var. Bəlkə də buradan bir çox məsələlər başqa cür görünür. Amma məsələnin içində olanda hər şeyin fərqli olduğu ortaya çıxır. Fransada 530 mindən çox erməni yaşayır. Azərbaycanlıların sayı isə qeyri-rəsmi olaraq 7-8 mindir. Hər halda fərqi özünüz də görürsünüz. Ermənilər Fransada böyük kütlədirlər. Onların təzyiqi ilə hər addımbaşı qarşılaşmaq mümkündür. İstər mediada, istər yaşadığım şəhərdə,  istərsə də siyasi müstəvidə ermənilərlə üz-üzə gəlirik. Fransada 6 erməni  mənşəli fransız deputat var. Media qurumlarında çox aktivdirlər və aparıcı vəzifələri daşıyırlar. Bu cür hallar qarşımıza çıxan ən mühüm maneələrdir. Hətta biz mədəni tədbir keçirmək istəyəndə belə ona mane olmağa çalışırlar. Bütün bunları gündəlik olaraq hiss edirik.

 

“Başımıza gələnləri fransızlara danışanda çox təsirlənirdilər”

 

- Siz həm də fransızların qarşısına çıxa biləcək hazır fiqur idiniz. Çünki məcburi köçkün həyatını, işğal faktını birbaşa yaşamışdınız. Onların baxışlarında məcburi köçkün olaraq necə təsvir olunmuşdunuz?

 

- Doğru qeyd etdiniz. Dəfələrlə məktəb, dəfələrlə ev dəyişmişik. O yaşadığım halların acılarını, psixoloji məqamlarını sözlə ifadə etmək belə çətindir. Mən başımıza gələnləri fransızlara danışanda onlar çox təsirlənirdilər. Ümumiyyətlə, fransızlar bu cür məsələlərə qarşı çox həssasdırlar. İnsan taleyinə biganə deyillər. Mən onlar üçün canlı nümunə idim. Kimsənin deyil, öz həyatımdan danışırdım. Bir var, baş verənləri bir diplomat danışır, bir var siyasətçi,  bir də var, o hadisənin içində yaşayan insan. Bu, təbii ki daha təsirlidir.

 

- Siz 28 ildən sonra Qubadlıya qayıtdınız. Amma qoyub getdiyiniz heç nə yerində deyildi. Bir də doğulduğun yeri xarabalığa çevrilmiş vəziyyətdə görməyin dəhşəti var.

 

- Biz birinci Füzuliyə getdik. Orada yazılmışdı: “Siz işğaldan azad edilmiş əraziyə daxil olursunuz”. Həmin lövhədən sonra böyük bir səhnə başlayır. Hər yer dağılmış, viran edilmiş bir mənzərə..

 

Fransızlar da bu səhnədən dəhşətə gəldilər. 30 ilə yaxın ərzində bu ərazilərdə heç bir inkişaf getməyib. Elə bilin ki, bir kinonun qəhrəmanısınız.

 

“Bu xoşbəxtliyi heç bir zaman unutmayacağam”

 

- Xarabalığı təsvir edən filmin yuxudan ayılmış qəhrəmanı üçün hər şey fərqli idi...

 

- Tamamilə eyni vəziyyət... Elə bil ki, bir yuxudur. Hər şey tamam dəyişmişdi. Hətta özümü çox pis hiss edirdim ki, evlərin ancaq divarları qalıb. Güclə də olsa mən öz küçəmizi və evimizi tapdım. Bu xoşbəxtliyi heç bir zaman unutmayacağam. Bu xoşbəxtliyi bizə bəxş edənlərə sonsuz minnətdaram.

 

- Təbii ki, bu qələbədə başda Ali Baş Komandan olmaqla, Azərbaycan Ordusunun və  xalqının birlikdə olmasının gücü var. Eyni zamanda, siz diaspor nümayəndələri də məskunlaşdığınız ölkələrdə düşmənə qarşı ayaqda oldunuz. Siz həm də ilk dəfə olaraq yumruq kimi birləşə bildiniz.

 

- Ali Baş Komandana və ordumuza təşəkkür edirik. Çünki bu proses bir günün içində olan məsələ deyil. İllərdir ki, bu torpaqların geri qaytarılması üçün işlər görülürdü. Dünyada yaşayan azərbaycanlılar 44 günlük müharibə zamanı birgə olmağı bacardılar.

 

Demək ki, biz birgə olmağı bacarırıq. Bunun üçün müəyyən bir stimul lazımdır. Bunu illərlə gözlədik. 30 ilə yaxın idi ki, harada olmağımızdan asılı olmayaraq mücadilə apardıq. Bu gün hər şey yuxu kimi görünür. Tarixdə belə hallar çox az olur. Torpaqların geri qaytarılması nadir hallarda baş verir. Bu nadir hal baş verdi. İllərlə ayaqlar altında qalan qürurumuz özünə qayıtdı.

 

 

- 28 ildən sonra doğma yurduna qayıdan Mirvari xanım, 28 ildən sonra Fransaya da fərqli düşüncədə, fərqli ab-havada qayıdacaq. Bu fərqi necə xarakterizə edə bilərsiniz?

 

- Bu dəfə Fransada görəcəyimiz işlər də fərqli olacaq. Ermənilərin içində Fransada yaşayan məcburi köçkün olaraq, bu gün onlarla bu damğanı üzərindən götürən biri kimi onlarla necə danışacağımı da artıq müəyyənləşdirmişəm. Əlbəttə ki, indiki Mirvari ilə, 3-4 gün sonra Fransaya qayıdan Mirvari fərqli olacaq. Hətta vaxtilə Fransaya gedən Mirvari də fərqli idi. Biz ermənilərin aqresiyasını dəfələrlə hiss etmişik. 2013-cü ildə mənə parlamentdə hücum olanda anlaya bilmirdim ki, Fransa kimi azad bir cəmiyyətdə bu necə baş verə bilər?! Həmişə deyirəm. Mən ermənilərdən iki dəfə zərbə almışam. Bir 1993-cü ildə məcburi köçkün olanda, bir də 2013-cü ildə Fransada təzyiqə məruz qalanda. İkinci hal da mənim üçün psixoloji zərbə idi. Çünki övladlarım orada idi. Düşünürdüm ki, əgər ermənilər mənə parlamentdə hücum etməkdən çəkinmirlərsə, küçədə də bunu edə bilərlər. Hardasa uşaqlarımın həyatının təhlükə altında qalmasını düşünmək mənim üçün çətin idi. İndiki situasiya isə fərqlidir. Məğlub tərəf bəllidir. Amma ermənilər artıq anlamalıdırlar ki, başqasının torpağına göz dikmək siyasətinin sonu belə olmalı idi. Yeri gəlmişkən, biz Şuşaya da səfər etdik. Çox qəribə hisslər keçirtdim. Şuşaya gedəndə yollar bərbad idi və normalda yorğun olmalı idim. Amma Şuşaya çatanda  heç bir yorğunluq hiss etmədim. Təbii ki, Şuşanın ab-havası, gözəlliyi, illər sonra ayaq basmaq sevinci yorğunluğu unutdurmuşdu. 28 ildən sonra o torpaqlara ayaq basmaq mənim üçün ən böyük hədiyyə idi.

 

“Diaspor Komitəsi bizi bir araya gətirmək üçün var gücü ilə çalışır”

 

- Biz sizi diaspor fəalı olaraq tanıdıq. Bu gün diaspor sahəsində yeniliklər göz önündədir. Bu sahədə görülən işləri necə qiymətləndirirsiniz?

 

İllər boyu Diasporla İş üzrə Dövlət Komitəsi ilə yaxşı münasibətlərimiz olub. Bu münasibətlər indi də davam edir. Mən Fransadakı diaspor təşkilatları və onlarla olan münasibətdən danışacam. Biz 44 günlük vətən müharibəsində diaspor təşkilatları olaraq birləşdik. Hər zaman da Dağlıq Qarabağ məsələsində bir olmuşuq. Təəssüf ki, başqa məsələlərdə bir ola bilmirik.

 

Diaspor Komitəsi bizi bir araya gətirmək üçün var gücləri ilə çalışır. Diaspor işi könül işidir. Bəzən sual verirlər ki,  “Mirvari niyə görə bu işləri görür?!” Cavabım isə sadədir. Bu işləri dövlətim  üçün edirəm. Hansısa şəxs üçün etmirəm. Mənim yaşadığım  o acılar, üzləşdiyim psixoloji gərginliklərin nəticəsidir ki, Fransada bizə qarşı olan haqsızlıqları görürdüm. Düşünürdüm ki, bu sahədə fəaliyyətimi genişləndirməyə çox böyük ehtiyac var. Bütün çətinliklərə, təzyiqlərə baxmayaraq öz işimi davam etdirdim və hələ də davam edirəm. Bu işləri görmək mənim borcumdur. Çünki bu gün Mirvariyəmsə, vətəndaşamsa, Azərbaycana borcluyam. Bir qədər gülməli səslənsə də mən Azərbaycan “məhsuluyam”. Məni yetişdirən də bu cəmiyyətdir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir