Modern.az

“Vətən müharibəsi ərəb-islam dünyasına xüsusi ruh verdi” - Səfirlə MÜSAHİBƏ

“Vətən müharibəsi ərəb-islam dünyasına xüsusi ruh verdi” - Səfirlə MÜSAHİBƏ

Müsahibə

3 Sentyabr 2021, 09:28

“Məhəmməd peyğəmbərdən rəvayət edilən bir neçə hədisdə Azərbaycanın adı çəkilir”

 

“Erməni kartından siyasi məqsədlər üçün asanlıqla istifadə etmək olur”

 

Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığındakı səfiri Şahin Abdullayevin Modern.az-a müsahibəsini təqdim edirik:

 

- Cənab səfir, bir qədər keçmişə nəzər salsaq, heç də ərəb dünyasının sizə yad olmadığını söyləmək olar. Hələ Sovet dövründən başlayaraq Yəməndə, Misirdə Küveytdə diplomatik xidmətləriniz olub. Ərəblər Cənubi Qafqaz, xüsusilə Azərbaycanla bağlı hansı düşüncədədir?

 

- Ərəblər üçün islam amili çox vacibdir. Məlumdur ki, islam dini meydana gəldiyi ilk dövrlərdən bu din Azərbaycanda yayılmağa başlayıb. Hətta,  Məhəmməd peyğəmbərdən rəvayət edilən bir neçə hədisdə belə Azərbaycanın adı çəkilir.

 

Məlumat üçün bildirim ki, bizim təşəbbüsümüz ilə tədqiqatçılar həmin hədisləri araşdıraraq, üzə çıxarmışlar. Azərbaycan tarixən ərəblər üçün həmişə maraqlı olub. Bu səbəbdən islam dini Azərbaycanda da yayılıb. Düzdür, bu gün bizim heç bir dövlətə qarşı ərazi iddiamız yoxdur. Sadəcə olaraq, son 30 ilə yaxın müddətdə işğal edilmiş 20% ərazilərimizi bərpa etdik. Bu da ərəb və islam dünyasında böyük ruh yüksəkliyi ilə qəbul olundu.

 

- Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına ərəblər susaraq reaksiya verməyib. Hər halda, ərəb dövlətləri və Azərbaycan arasında münasibətlərin tarixi kökləri  var. Bu barədə siz hansı düşüncədəsiniz?

 

- Azərbaycan ikinci dəfə müstəqilliyini əldə edəndən sonra Ərəb Dövlətləri Liqası yekdil qərar qəbul edərək müstəqilliyimizi tanıyıb. Ardınca diplomatik münasibətlər yaranmağa başlayıb və ərəb dövlətləri ilə əlaqələrimiz bu gün də qarşılıqlı əməkdaşlıq formasında davam edir.

 

1990-cı illərdə Azərbaycanın imkanları məhdud idi. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra  hər bir sahədə olduğu kimi, dövlətlərarası münasibətlər  də öz inkişaf  dövrünə qədəm qoydu. Heydər Əliyev belə bir istiqamət müəyyənləşdirdi ki, ərəb dövlətləri ilə münasibətlər yaxşı olmalıdır. Mərhum prezident Heydər Əliyev Sovet hakimiyyəti dövründə fəaliyyət göstərərkən bir çox məsələlərlə özü məşğul olub. Suriya, Liviya, Fələstin Azadlıq Təşkilatı, Misir kimi dövlətlərlə əlaqələrin qurulmasında birbaşa yaxından iştirak edirdi. Adını çəkdiyim dövlətlərdə təmsil olunan yüksək çinli rəhbərlər Heydər Əliyevi şəxsən tanıyır və ona hörmət bəsləyirdilər. Bu baxımdan, 1993-cü ildən sonra Azərbaycanın xarici siyasətində ərəb-islam dünyası xüsusi istiqamət götürdü. Məlum olduğu kimi, həmin vaxtlar güclü hərbi dəstək əldə etmək bir qədər çətin idi. Çünki, beynəlxalq münasibətlər sistemində proseslər başqa formada cərəyan edirdi. Lakin, siyasi və iqtisadi dəstək əldə etmək mümkün oldu. Səudiyyə Ərəbistanı və Küveyt kimi dövlətlər Azərbaycana humanitar yardım göstərdi.

 

- Siz həm də Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatında daimi nümayəndəsisiniz. Təşkilata üzv olan dövlətlərin Azərbaycanla bağlı mövqeyini və yanaşmasını necə müşahidə edirsiniz? Azərbaycanın inkişafı, qətiyyətli mövqeyi  və xarici siyasəti necə qiymətləndirilir?

 

- İslam Əməkdaşlıq Təşkilatında ölkəmizlə bağlı qətnamələr və qərarlar həmişə qəbul olunub. Çox zaman yanlış düşüncələrlə qarşılaşırıq. Bəzən elə iddialar olur ki, əgər sən müsəlman ölkəsisənsə, hamı sənə səs verməlidir. Bu, belə deyil. Təşkilatda savadlı və peşəkar siyasətçilər, diplomatlar prosesləri yaxından izləyirlər və yekunda qərar qəbul olunur. 30 ilə yaxın davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi təşkilatın daim diqqət mərkəzində olub. Ermənistan tərəfindən məscidlərin dağıdılması, məscidlərimizdə heyvanların saxlanılması ərəb-islam dünyasında narazılıq doğururdu. Ərəblər onu da nəzərə alırdılar ki, müsəlmanlar hər zaman digər dinlərə hörmətlə və tolerant yanaşıb. Ümumiyyətlə, İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlər arasında ölkəmizə münasibətdə formalaşmış müsbət mövqe mövcuddur. 44 günlük Vətən müharibəsi ərəb-islam dünyasına xüsusi ruh verdi. Görüşdüyüm şəxslər “nəhayət ki,  hansısa müsəlman ölkəsi öz torpaqlarını işğaldan azad edə bildi” deyirdilər. İslam Əməkdaşlıq Təşkilatı yeganə beynəlxalq təşkilatdır ki, Ermənistanı təcavüzkar dövlət kimi tanıyıb. İƏT Baş Katibliyi 44 günlük Vətən müharibəsi dövründə Azərbaycanı dəstəkləyən altı bəyanat yayıb. Təşkilat hər zaman ölkəmizin ədalətli mövqeyini dəstəkləyib.

 

 

- Burada bir məqamı vurğulamaq yerinə düşər. Bəzi ərəb dövlətləri arasında  nə sabitlik var, nə də əmin-amanlıq. Bütün bunlara baxmayaraq, hələ də birləşə bilmirlər. Sizcə, bunun kökündə nə dayanır?

 

- Bəzi ölkələrdə daxili sabitliyin olmaması eyni zamanda xarici müdaxilələrə yol açır. Amma, burada dövlətlərə ayrı-ayrılıqda yanaşmaq lazımdır. Aydındır  ki, bütün ərəb dövlətlərini din, ümumi tarix və oxşar mədəniyyət birləşdirir.  Əsas birləşdirici amillər islam dini və ərəb milliyyətinə mənsub olmalarıdır. İndi isə dünya dəyişib. Hesab edirəm ki, hər bir ərəb dövlətinə ayrı-ayrılıqda yanaşmaq lazımdır. Bu baxımdan hansısa ərəb dövlətini nə tənqid edə, nə də tərifləyə bilərəm. Çünki artıq dövlətlər güclənir. Ərazisinin həcmindən və əhalisinin sayından asılı olmayaraq, iqtisadi cəhətdən inkişaf edən dövlətlər var ki, dünyada gedən siyasi proseslərdə iştirak edirlər. Bunun da kökündə maddi imkanların artması dayandığından hansısa qruplaşmaları dəstəklədiklərinin şahidi oluruq. Bu zaman ərəb dövlətləri arasında müəyyən narazılıqlar meydana çıxır. 

 

Düşünürəm ki, şəxsi maraqlar ümumi maraqları üstələyir. Bu hansısa dövlət başçısının digər dövlət başçısına qarşı marağı, yaxud da hansısa dövlətin digər dövlətə şəxsi marağından yarana bilər. Əvvəllər hansısa məsələləri birgə həll etməyə üstünlük verilirdisə, indi isə “mən öz fikrimi diqtə edəcəyəm” kimi fikirlər önə çıxır. Bu da dünyanın inkişafı ilə bağlıdır. Hətta, ən kiçik dövlət belə özünə havadar (həmfikir) tapmağa çalışır. Ümumilkdə isə ərəb-müsəlman dünyası Azərbaycana qarşı çox müsbət yanaşır. Bu da ölkəmizin apardığı uğurlu siyasətin nəticəsidir. Azərbaycan hər zaman müsəlman dünyasının probemlərinin həllində çox yaxından iştirak edir. Təbii ki təmsil olunduğumuz təşkilatlarda sözümüzü deyirik və bizə dəstək olurlar. Bu da mövqeyimizin daha da güclənməsinə xidmət edir.

 

- Biz zaman-zaman bəzi ərəb ölkələrində ermənilərin özlərini nüfuz sahibi kimi təqdim etmələrinin şahidi oluruq. Sizcə, bu cür özündən əminliyin arxasında ərəblərin erməni sevgisi dayanır, yoxsa,  ermənilərin fəaliyyətdə olan hiylə maşını?

 

- Burada bir neçə məqam var. Bunlardan biri əvvəl də qeyd etdiyim kimi Körfəz ölkələrinin öz siyasi maraqları faktorudur. Bildiyiniz kimi, erməni kartından siyasi məqsədlər üçün asanlıqla istifadə etmək olur. Digər faktor körfəzli və erməni iş adamları arasında olan birgə kommersiya maraqlarıdır. Başqa bir amil Yaxın Şərqin Suriya və Livan kimi qeyri-sabit və iqtisadi cəhətdən zəifləmiş ölkələrində kompakt yaşayan ermənilərin Körfəz ölkələrinə miqrasiyasıdır. Həmin ermənilər Körfəz ölkələrinin işgüzar dairələrinə nüfuz edərək, dividentlər əldə etməyə çalışırlar. Bütün bunlara baxmayaraq, Körfəz ölkələrinin Azərbaycanla münasibətləri yüksək səviyyədədir. Bu baxımdan son illər Ermənistanın və Yaxın Şərqin bəzi ölkələrində kompakt yaşayan ermənilərin Körfəz ölkələrinə marağı artır. Bütün bunlara baxmayaraq, biz hadisələrin gedişini diqqətlə izləyir və hər bir halda Azərbaycanın Körfəz dövlətləri ilə münasibətlərinin düzgün məcraya yönəlməsi üçün səy göstəririk. Eyni zamanda, hər bir dövlət cəmiyyətin rəyinə diqqətlə yanaşır.

 

- Ermənilərin bəzi ərəb ölkələrində aktivliyini qeyd etdik. Ümumilikdə erməni lobbisi dünyanın bir çox ölkələrində özünə havadar qazanıb. Amma 44 günlük müharibədə Azərbaycan diasporu  erməni lobbisi ilə bağlı mifi darmadağın etdi. Bizə maraqlıdır, Səudiyyə Ərəbistanında  diaspor sahəsində soydaşlarımız əsasən hansı sahədə daha aktivdir?

 

- Səudiyyə Ərəbistanında diaspor fəaliyyəti ilə məşğul olan həmvətənlərimiz var.  Əksəriyyəti həkimlər və mühəndislərdir. Dünyanın ən böyük neft şirkəti olan ARAMCO şirkətində xeyli soydaşımız çalışır. Həmçinin, bir sıra transmilli korporasiyalarda həmvətənlərimiz idarəedici vəzifələrdə fəaliyyət göstərir və bütün bunlar bizi sevindirir.

 

- Cənab səfir, pandemiyadan əvvəl ərəb turistlərin Azərbaycana küləvi axını müşahidə olunurdu.  Maraqlıdır, ərəb turistlərin ölkəmizlə bağlı təəssüratları necədir? 

 

- Öncə onu qeyd edim ki, 2019-cu ildə Körfəz ölkələri arasında Azərbaycana ən çox turist Səudiyyə Ərəbistanından gəlib. Belə ki, bir il ərzində ölkəmizə gələn turistlərin sayı 108 min nəfər olub. 2020-ci ildə koronavirus pandemiyasının meydana gəlməsi və səyahətlərin məhdudlaşdırılması ilə Azərbaycana gələn ərəb turistıərin də sayı azalıb. Şübhəsiz ki, ölkəmizin tanıdılmasında turizmin də böyük rolu vardır. Bu gün Səudiyyə Ərəbistanında istər dövlət rəsmiləri, istərsə də sadə vətəndaşlarla görüşəndə Azərbaycandan olduğunuzu söyləmək onların ölkəmiz haqqında xoş təəssüratlarını sizinlə bölüşməsi üçün kifayət edir. Azərbaycanın çox güclü və inkişaf  edən dövlət olduğu kənardan daha aydın görünür. Ölkə başçısı cənab Prezident İlham Əliyevin dünya miqyasında güclü siyasətçi kimi tanınması ərəblərin də diqqətindədir. Onlar  hər zaman belə deyirlər: “Dövlət başçınız güclü dövlətlərin arasında Azərbaycanı çox gözəl və möhkəm idarə edir”.

 

- Cənab səfir, siz həm də Bəhreyn və Omanda akkreditə olunmusunuz. Ona görə növbəti suala da cavab verməyinizi xahiş edəcəyəm. Səudiyyə Ərəbistanı ilə müqayisədə Bəhreyn və Omanla əlaqələrimiz hansı səviyyədədir?

 

- Səudiyyə Ərəbistanı ilə müqayisədə Oman və Bəhreynlə münasibətlərimiz nisbətən yeni inkişaf edir.

 

- Buna səbəb nədir?

 

- Səbəb dedikdə nə Azərbaycanın qeyd olunan dövlətlərdə, nə də onların Azərbaycanda diplomatik nümayəndəlikləri mövcuddur.  Buna baxmayaraq, biz həmin ölkələrlə həm ikitərəfli qaydada, həm də BMT və İƏT kimi beynəlxalq təşkilatlar çərçivəsində faydalı və səmərəli əməkdaşlıq edirik. Eyni zamanda bizim həmin ölkələri öz çətiri altında birləşdirən Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurası ilə də fəal əməkdaşlığımız mövcuddur. Yaxın vaxtlarda Azərbaycan Respublikası və Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələrin İkinci İqtisadi Forumunun keçirilməsi nəzərdə tutulur. Düşünürəm ki, həmin forum zamanı körfəzli investorları Azərbaycanın işğaldan azad edilmiş ərazilərində layihələrin həyata keçirilməsi prosesinə cəlb etmək olar. Onu da əlavə edim ki, həm Oman, həm Bəhreyn Azərbaycana çox yaxşı münasibət bəsləyən dövlətlərdir və hər zaman ölkəmizi dəstəkləyirlər. Biz bəhreynli və omanlı iş adamlarını da bu məsələyə cəlb etmişik və ümidvarıq ki, onlar bu prosesdə yaxından iştirak edəcək, Azərbaycana gəlib burada işgüzar fəaliyyətlə məşğul olacaqlar.

 

Bir məsələni də qeyd edim ki, artıq Səudiyyə Ərəbistanı ilə Azərbaycanın Energetika Nazirliyi arasında məhsuldar işgüzar əlaqələr mövcuddur. Bu ölkənin ACWA Power enerji şirkəti Azərbaycanda külək enerjisi sahəsində layihələrin icrasına başlayıb.

 

- Ərəb dünyasında  qadınların baş örtüyündə gəzməsi bəzən yanlış düşüncələrə yol açır. “Ərəb qadını təhsilsizdir. Siyasətdə, parlamentdə ərəb qadınına rast gəlmək olmaz” və s. Bu kimi fikirlər səsləndirilir. Əslində real mənzərə necədir?

 

- Məlumatınız üçün deyim ki, Səudiyyə Ərəbistanı parlamentinin üzvlərinin 1/5-i qadınlardan ibarətdir. Hazırda ölkədə aparılan islahatlar qadınların yüksək idarəedici vəzifələrə təyin olunmasına şərait yaradıb. Artıq qadınlar arasında nazir müavinləri və səfirlər də var. Bu yaxınlarda hətta İki Müqəddəs Ocağın (Məkkədəki Məscid-ül-Haram və Mədinədəki Məscid-ün-Nəbəvi) administrasiya rəhbərinə qadın müavin də təyin edilib. Bu digər körfəz ölkələrində də belədir.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir