Modern.az

Paralimpiya çempionu: “Qələbəmiz düşmənə göz dağıdır”

Paralimpiya çempionu: “Qələbəmiz düşmənə göz dağıdır”

3 Sentyabr 2021, 14:16

“Tokioya döyüş bayrağı ilə yola salınmışdıq”

 

“Tokio-2020” Yay Paralimpiya Oyunlarında Azərbaycana qızıl medal qazandıran idmançılarımızdan biri də Hüseyn Rəhimlidir. Paracüdo yarışlarında bütün rəqiblərini geridə qoyaraq, kürsünün ən yüksək pilləsinə qalxan Hüseyn Yaponiyada tarixi uğura imza atıb. Onun möhtəşəm qələbəsi sayəsində dövlət himnimiz növbəti dəfə Tokioda səsləndirilib.

 

Bu gün haqqında fəxrlə danışdığımız paralimpiyaçı Hüseyn Rəhimli Modern.az-a müsahibəsində yarışa döyüş bayrağı ilə yola salındığını söyləyib.

 

 - Qalib ölkəyə qələbə ilə dönmək necə hissdir?

 

- Qələbə qazanmaq, çempion olmaq hər bir idmançının arzusudur. Ancaq 44 günlük müharibədən böyük zəfərlə çıxmış Vətənə qalibiyyətlə dönmək sözlə ifadə olunmaz bir hissdir. 5 yaşımdan idmanla məşğul oluram və əziyyətimin bəhrəsinin gördüm.

 

 

- Tokioya gedəndə qızıl medal qazanacağınıza əmin idiniz, yoxsa gözlənilməz oldu?

 

- Məqsədimiz qızıl medal almaq idi, yarışa qələbə üçün getmişdik. Elə ola bilər ki, ən güclünü uda bilərsən və ya ən zəifə uduza bilərsən. Diqqətli olmalısan, sadə bir səhv hər şeyi dəyişə bilər. Mən hər görüşə çıxanda özümü hazırlayırdım. Tək bədən cəhətdən yox, ruhən də qələbəyə köklənirdim.

 

- Qələbəni kimlərə həsr etmək istəyirsiniz?

 

- Biz yarışa döyüş bayrağı ilə yola salınmışdıq. Əlbəttə, qələbimizi şəhidlərimizə, onların ailələrinə və qazilərə həsr etməliyik.

 

 

- Azərbaycan torpaqlarını azad etdi, qalib oldu. Ardınca idmançılarımız böyük qələbə qazandılar. Sizcə, düşmən tərəfi  uğurlarımızdan necə təsirlənir?

 

- Yarışda onların komandası yox idi, cəmi üç nəfərlə iştirak edirdilər. Azərbaycanın hər uğuru onlar üçün göz dağıdır. Biz hər zaman zəfərimizlə tarix yazmalıyıq, düşmənə göz dağı olmalıyıq. Müharibədən sonra elə çöküblər ki, yarışı izlədiklərini belə düşünmürəm. Onlar nə vaxtsa ayağa qalxa bilməyəcək, layiq olduqları yerdə - aşağıda olacaqlar.

 

- Bəs ailənizin dəstəyini necə qiymətləndirirsiniz? 

 

- Mən cüdoya başladığım ilk gündən yanımda olublar. Hər əziyyətimə onlar şahiddir, haqları ödənməzdir. Olimpiadaya 3 ay qalmış qabırğam sınmışdı, buna baxmayaraq, məni dəstəklədilər, yarışa qatılmağıma əngəl olmadılar.

  

 Humay İsgəndərova

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?