Modern.az

Xankəndili xanımın müraciəti: “...biz birlikdə yaşaya bilərik” - MÜSAHİBƏ

Xankəndili xanımın müraciəti: “...biz birlikdə yaşaya bilərik” - MÜSAHİBƏ

Müsahibə

12 Noyabr 2021, 11:03

Xankəndi sakini, 17 yaşında öz doğma yurdundan köçkün düşən landşaft işləri və konsultasiya mütəxəssisi Bahar Orucova Modern.az-a müsahibə verib.

 

-  Bahar xanım, Şuşaya getmişdiniz, doğulduğunuz Xankəndi oradan necə görünürdü?

 

- Bir az dəyişikliklər vardı. Amma mənim qəlbimdə həmin Xankəndidi, bir tək ermənilərin orada yaşaması məni narahat edir. Xatırlayıram ki, Xankəndidən Şuşaya 10 km vardı, uşaq vaxtı tez-tez Şuşaya gedərdik. Bizim ev dağın ətəyində idi deyə, Şuşaya gedən qala aşırımını görərdik. Həmişə evdən Şuşanın işıqlarına baxardım. Bizi ayıran sadəcə bir dərə idi. Amma uşaq vaxtı heç düşünməzdim ki, Xankəndiyə həsrət qalacam, bir gün Şuşadan Xankəndiyə həsrətlə baxacam. Amma mən uşaqlığımın Xankəndisini yenidən gördüm.

 

Şuşaya dostlarınızla birlikdə getmişdiniz?

 

- Şuşaya işlə bağlı getmişdim. Ona görə də tək idim. İndiyə qədər iki dəfə səfərim olum, hər dəfəsində Xankəndiyə baxanda içimdə boğulurdum. İnanmazsınız, rayonlarımız işğaldan azad olunanda necə həyacan keçirirdik. Hər dəqiqə gözləyirdik ki, Xankəndi xəbəri gələcək, fikirləşirdim ki, mən onu necə qarşılayacam... Şuşanız azad edilməsi xəbərini artıq eşidəndə az qala ürəyim partlayacaqdı. Ardınca Xankəndinin adının gələcəyinə çox əmin idim. Sonda bir az məyusluq keçirdim, amma düşündüm ki, o günə də az qalıb. Şuşaya gedəndə də özümü boğub saxlayırdım ki, insanların arasında ağlamayım, bunu əslində bacardım. Şuşada gəzəndə sadəcə keçmiş yaddaşımı canlandırmaq istəyirdim. Cıdır düzündə gəzişəndə yerdən bir neçə kəklikotu dərdim, o an mən öz hisslərimə hakim ola bilmədim. Hönkür-hönkür ağlamağa başladım. Amma inanıram ki, Xankəndi həsrəti bir gün bitəcək. 

 

Bahar xanım, sovet dövründə Xankəndidə yaşayan azərbaycanlıların əksəriyyəti qeydiyyat problemi ilə üzləşib, sizdə də belə problem olub?

 

- Bizi qeydiyyata almırdılar ki, bizim sayımız az görünsün. Bizi Xankəndidə mümkün olduğu qədər sıxışdırmağa çalışırdılar. Ümumiyyətlə, bizlərə qarşı bir aqressiya vardı. Mənim atam ticarət işçisi idi, ona nə əzablar verirdilər qeydiyyat üçün. Ticarət işçisi olduğu üçün biz 9 il ev növbəsi gözləmişdik. Bizi o qədər çətinliklərə salmağa çalışırdılar. Mən həmişə evdəkilərə sual verirdim ki, niyə doğulduğum yerin adı kimi  Xankəndi yazılmayıb. Onlar həmişə deyirdilər ki, ermənilər maneə yaradırdılar, ona görə də sənin sənədini Laçından qeydiyyata aldırmaq məcburiyyətində qaldıq. Hətta azərbaycanlı olduğumuz halda sənədlərimiz rus və erməni dilində olurdu. Bir sözlə, Xankəndidə azərbaycanlılara qarşı həmişə aqressiya olub. Təsəvvür edirsiniz, orada yaşayan azərbaycanlıları qeydiyyata almırdılar. Ermənilər hər cür vacitə ilə azərbaycanlıların Xankəndidə yaşamasına mane olurdular. 

 


Ermənilərin sizə bu münasibətinin haradan qaynaqlandığını bilirdiniz?


- Ermənilərin aqressiyasını özümüzdə çox his edirdik. Bağçada erməni qrupuna gedirdim. Xankəndidə sadəcə bir Azərbaycan qrupu vardı. Biz ermənilərlə bir yerdə otururduq, demək olar ki, öz torpağımızıda azlıq kimi yaşayırdıq. Bizi həmişə incidirdilər, həmişə “tork” deyə çaöırırdılar. Müəllimlərin də əksəriyyəti ermənilər idi. Onlarda uşaqlara şərait yaradırdılar ki, bizə qarşı nifrət bəsləsinlər. Əslində müəllimlərin özləri də bizə “tork” deyirdi. Biz də o sözün nə olduğunu bilmirdik. Evdəkilərdən soruşanda onların özü də bilmirdi ki, bu söz nədir. Çünki valideynlərim də sovet maşınının yetirmələri idi. O sözün mənasını ancaq yuxarı siniflərdə bildik. 8-ci sinfə çatanda bizim bir tarix müəllimimiz vardı, o bizə hər şeyi danışdı, amma qorxa-qorxa. Əslində biz ümumiyyətlə, türklərin bizim dildə danışdığından xəbərsiz idik. Mən ilk dəfə türk dilini Zeynəb Xanlarovanın mahnısında eşitmişdim. Onda anladım ki, biz eyni dildə danışırmışıq, amma heç vaxt qardaşlarımızdan xəbərimiz olmayıb. 

 

 

- Valideynlər bu məsələyə nə deyirdilər?

 

- Əslində uşaqlar ailənin aynasıdır. Erməni uşaqlar ailədə elə görürdülər və bizə qarşı elə hərəkət edirdilər. Ermənilər uşaqlıqdan istiqamətləndirirdilər ki, azərbaycanlılar sizin düşməninizdir, onları hər zaman döymək, söymək lazımdır. Amma bizim ailədə onlara qarşı bir nifrət öyrədilmirdi. 

 

- Xankəndini o zaman Azərbaycan, yoxsa Ermənistan şəhəri kimi bilirdiniz?


- Ətraf rayonlarla əlaqəsi olanlar bilirdi ki, bura Azərbaycan şəhəridir, amma biz Bakıya köçəndə "haralısan" sualına "Xankəndili" cavabını verəndə, "siz də Ermənistandan gəlmisiniz", deyə soruşurdular. Amma bilirdik ki, biz Azərbaycan torpağındayıq. Sovet ideologiyası bir tərəfdən guya xalqlar dostluğunu yayırdı, amma ermənilər bunu heç veclərinə də almırdılar. 

 

-  Ermənilərin arasında fərqli düşünən, azərbaycanlılara qarşı təcavüzü pisləyənləri var idimi?


-  Dostluq etdiyimiz ermənilər vardı. Çünki buna məcbur idik. Onlar da məcbur idi. Dörd bir yanımız erməni uşaqları idi. Əslində heç vaxt məktəbə və ya evə tək getmirdik, qorxurduq ki, indi hardansa bir erməni çıxıb bizi döyəcək, təhqir edəcək. Bizdə artıq bu fikir formalaşırdı. Amma bizim qonşuluğumuzda bəzi ermənilərlə dostluq münasibətlərimiz vardı. Hətta Xankəndinin işğalı zamanı bizim evə hücum olanda iki nəfər erməni qadın hücum edənlərə demişdi ki, azərbaycanlılardan nə istəyirsiniz, sizə nə ediblər? Amma elələri çox az idi, hətta ermənilər elələrini özləri linc edirdilər.

 

- Necə düşünürsünüz, bundan sonra azərbaycanlılar və ermənilər Xankəndidə birlikdə yaşaya bilər?

 

- Çətin sualdır... Bəlkə də biz yaşaya bilərik, amma onların içindəki kin məncə, bitməz. Halbuki, bütün bu tökülən qanlara görə ermənilər təqsirkardır. 

Yəqin ki, birlikdə yaşayarıq. Əlbəttə ki, bu, daha çox qarşı tərəfin reaksiyasından asılıdır. Bizə qarşı niyyətləri yenə pis olarsa, istəyirlərsə, bizimlə birlikdə yaşamasınlar. Amma biz bunu aqressiya ilə də etməli deyilik. Bizim onlara qarşı göstərdiyimiz münasibət bəlkə erməniləri  utandırar. Amma onlar da gözəl anlayırlar ki, 30 ildə görünməmiş pisliklər ediblər və bizdən isti bir münasibət gözləmirlər. Gəlib görəndə ki, bizim münasibətimiz fərqlidir, tamamilə fikirləri dəyişə bilər. Bir şey də var ki, o dövrün ermənilərindən çox qalmayıb. Çoxu hadisələrdən sonra köçüb getmişdi. Özləri deyir ki, Xankəndidən azərbaycanılar gedəndə sonra ermənilər də çıxıb. Çoxları özləri boynuna alırdı ki, o mühitdə artıq yaşaya bilmirlər. Biz xeyli unutqanıq... Bu, məni çox narahat edir.  

 


Bəlkə sovet ideologiyası yoxdu deyə, bundan sonra unutmayacağıq?

 

-  Onu zaman göstərəcək...

 

Xankəndidən olan dost-tanışlarla heç Bakıda toplaşırsınızmı?

 

- Əlbəttə, görüşürük. O günləri xatırlayırıq. İçimizdə həsrət var. Həsrətlə gözləyirik ki, biz də nə vaxtsa, Xankəndidə belə toplaşacağıq. Amma biz bilirik ki, ermənilərin başqa bir yolu yoxdur, bir gün oradan çıxacaqlar. Bəlkə də onlardan bir neçəsi qalıb yaltaqcasına yaşamaq istəyəcək, amma mütləq çıxacaqlar. İnanıram ki, tez bir zamanda Xankəndiyə qayıdacağıq.  

 

-  Bahar xanım, Xankəndidə erməni və azərbaycanlıların ailə qurma məsələsi necə idi?

 

-  Xankəndidə bizim oğlanlardan erməni qızları ilə evlənənlər çox idi. Amma qızlarımız barmaqla sayılacaq qədər idi ki, erməni oğlanlara ərə gedirdi. Onlara da pis baxırdılar ki, erməni ilə evləniblər deyə. Bizim kişiləri erməni qadınlar idarə edirdi, demək olar ki, onlar erməniləşirdilər. Ümumiyyətlə, bizim kişilər başqa xalqın nümayəndəsi ilə evlənərkən tez uyğunlaşırlar. Onların övladlarına baxıb görürdük ki, artıq onlar azərbaycanlı deyil. Amma qadınlarımız fərqlidir. 

 

-  Erməni dilini bilirdinizmi?

 

- Bütün ermənilər bizim dili bilirdi, bəli, demək olardı ki, biz də olanların dilini bilirdik. Əslində, Qarabağda erməni ləhcəsi rəsmi erməni dilindən fərqlənirdi. Qarabağ erməni ləhcəsində Azərbaycan, türk, fars və rus sözləri çox idi. Ümumiyyətlə, özlərinə dönmə deyirdilər. Dilləri bizim dilə çox oxşayırdı.   

 

- Bahar xanım, Xankəndidə yaşayan ermənilərə nə demək istəyərsiniz?


- Mən demək istəyərdim ki, biz axı birlikdə normal yaşamışdıq. Bayramlarımız, toylarımız, yaslarımız  bir idi. Bunu yaşamışıq, bir belə ömür keçib, niyə həmin nöqtədən başlamayaq? Təbii ki, olanları unutmaq olmaz. Amma dünya modelinə baxanda görürük ki, həll yolu yalnız sülhdür. Siz bizə qarşı törətdiyiniz soyqrımı tanıdıqdan sonra birlikdə yaşaya bilərik. Mən hesab edirəm ki, Azərbaycan qanunlarına tabe olan Xankəndi ermənisi orada yaşaya bilər. Əks halda, onlar Azərbaycan ərazisini tərk etməlidirlər. 

 

- Heç düşünmüsünüz, Xankəndi digər bölgələrimizdən nə ilə fərqlənir?

 

- Bizlərin çox sakit bir təbiəti var. Yaxşı təhsili, tərbiyəsi olan insanları ilə məşhurdur Xankəndi. Bizim insanlarda daha çox təmkinlilik var. Xan nəslindən olan soydaşlarımız çox əfəndi idilər. Onlar o qədər ağayana idilər ki, hətta ermənilər onlara sayğı göstərməyə məcbur olurdular. Ermənilər o insanların Xankəndinin sahibi olduğunu qəbul edirdilər.  

 


 Xankəndidən olanlar daha çox harda məskunlaşıb?

 

-  Xankəndi işğal olunanda insanların çoxu Bakıya gəlmək istəmirdi. Hamı ətraf rayonlara gedirdi. Elə bilirdik ki, hər şey yenidən düzələcək. İndi isə çoxu xaricdədir.

 

-  Ermənilərlə bağlı unutmadığınız xatirəniz varmı?

 

-  Bir unutmadığım an var. Uşaq vaxtı bağçaya gedirdim. Yolun bir tərəfində bağça, digər tərəfində isə atamın işlədiyi yer idi.  Hasardan gördüm ki, atam içəri girir, tez onun yanına getmək istədim. Bağçadan qaçıb atamın iş yerinə getdim. Atamın da bir erməni satıcısı vardı, o da ordaydı. Ermənidən soruşdum ki, atam bura gəlib? O mənə dedi ki, atan heç burda olmayıb. Erməni mənə icazə vermədi atamın otağına keçəm. Bağçada isə məni axtarırmışlar. Amma o erməni ağzını açıb heç kimə demədi ki, mən uşağı görmüşəm. Hələ də xatırlayanda tüklərim biz-biz olur. Təsəvvür edirsinizmi?

 

Müsbət hadisə isə Novruz bayramında etdiyimiz işlər idi. Düzdür, nə qədər qadağalar olsa da, bayramlar keçirirdik. Ermənilər Novruz bayramını böyük səbirsizliklə gözləyirdilər. Bizim şirniyyatlarımız üçün ürəkləri gedirdi. Xankəndidə yaşayan ermənilər gəlirdilər, tonqalın ətrafına yığışırdıq, azərbaycanlılardan daha çox onlar bizə papaq atırdılar. 

 

Sizin uşaqlarınız ermənilərlə birlikdə yaşamaq istəyərlər?

 

- Əslində Xankəndi bizim ərazidir. Ermənilər düşünsün ki, bizimlə birlikdə yaşamaq istəyirlərmi?

 

- Xaricdə olanda heç erməni ilə söhbət etmisiniz?

 

-  Mən bir dəfə Parisə getmişdim. İlk dəfə olduğu üçün bir az həyacanlı idim. Tədbirlə bağlı getmişdim və öz qrupumu tapmağa çalışırdım. İçəridə gördüm ki, rusdilli qrup gəzir. Qrup rəhbərinin  yanına gedib gözlədim ki, danışığını bitirsin, bundan məlumat alım. Bu qadın rus dilində məndən soruşdu ki, sən hardansan? Mən azərbaycanlı olduğumu dedim. Danışığından qafqazlıya oxşayırdı deyə, yaxın hiss edirdim. O da dedi ki, ermənidir. Bunu deyəndə özüm-özümə dedim ki, niyə mən buna yaxınlaşdım. Amma o məni sakitliklə qarşıladı. Ekskursiya bitəndən sonra ona pulunu təklif eləsəm də, məndən pul götürmədi.  Dedi ki, "gedək, bir kofe içək. Mənim üçün maraqlıdir bir azərbaycanlı ilə danışmaq". Razılaşdım, bir şərtlə ki, kofenin pulunu mən verəcəm. Bu başladı mənə köç tarixindən danışmağa. Mən də dedim ki, sizə görə öz torpaqlarımdan olmuşam, mən qarabağlıyam. Bütün başımıza gələnlərin hamısını ona danışdım. Qadın isə mənə deyir ki, belə bir şey ola bilməz. Xocalı hadisələrin hamısını açıb ona göstərdim. Bir də gördüm ki, qadın başladı ağlamağa. Dedi ki, "mən üzr istəyirəm, bizə belə demirlər. Bizə bunun tərsini deyirlər ki, azərbaycanlılar bunları edib". İnsani cəhətdən bunu izah edəndə normal insanlar bunu anlayır. Bundan sonra necə olacaq, mən də bilmirəm, amma inanıram ki, hər şey düzələcək və biz yenidən qayıdacağıq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhədimiz pozuldu - Saxlanılanlar var - ANBAAN GÖRÜNTÜLƏR