Modern.az

“Şuşa, sən azadsan!”ın ssenarisini Ali Baş Komandan və əsgərləri yazıb - MÜSAHİBƏ

“Şuşa, sən azadsan!”ın ssenarisini Ali Baş Komandan və əsgərləri yazıb - MÜSAHİBƏ

Müsahibə

16 Noyabr 2021, 09:18

Rasim İsmayılov: “Qəhrəmanlarımızla Şuşa arasında bir bağlılıq gördüm”

 

30 illik Qarabağ həsrətinə son qoyan Zəfərimizin bir ilinin tamamında müxtəlif bədii və sənədli filmlər çəkildi, nümayiş olundu. Belə filmlərdən biri də Şuşanın azadlığına həsr olunan “Şuşa, sən azadsan” filmidir.

 

 

Modern.az “Şuşa, sən azadsan” filminin ssenari müəllifi Rasim İsmayılovla qısa müsahibəni təqdim edir.

 

- “Şuşa, sən azadsan!” uğurlu filminə görə həm sizi, həm tamaşaçıları təbrik edirik. Bu sənədli filmin ərsəyə gəlməsi ordumuzun, igid əsgərlərimizin savaşının nəticəsidir. Maraqlıdır, ideya necə gerçəkləşdi?

 

- Təşəkkür edirəm. İlk olaraq "Şuşa, sən azadsan!" filminin böyük yaradıcı heyəti ilə bağlı məlumat vermək istərdim. Filmin baş prodüseri Arzu Əliyeva, prodüserləri Orman Əliyev, Nazim Hüseynov, kreativ prodüser Fariz Əhmədov rejissor Cavidan Şərifovdur.

 

“Bakı Media Mərkəzi”nin əməkdaşları rejissor Cavidan Şərifovun rəhbərliyi ilə savaş zamanı döyüş bölgəsinə ezam olunmuşdu. Cavidangil artıq noyabrın 11-də səhər saatlarında Şuşada çəkilişlərə başlamışdılar. Yaxşı da çəkilişlər oldu. Qələbədən sonra “Bakı Media Mərkəzi”nin rəhbəri Orman Əliyev və Fariz Əhmədov məni çağrdılar ki, əla videomateriallar var. Təbii ki, müharibəni bir filmdə cəmləşdirmək mümkün deyil. Belə olan halda Orman müəllim təklif etdi ki, Şuşanın azad olunmasına ayrıca film həsr edilsin. Beləliklə, işə başladıq. “Bakı Media Mərkəzi” və “Salnaməfilm”lə birgə “Şuşa, sən azadsan!” filminin istehsalı başladı. Media Mərkəzini bir növ istismar elədik (gülür).

Bu arada Xüsusi Təyinatlı Qüvvələrin rəhbərliyinə təşəkkür edirəm. Həm 44 günlük savaşdakı qəhrəmanlıqlarına, həm də birgə işimiz zamanı səmimiyyətlərinə görə. Bu filmin uğurunun səbəblərindən biri də Xüsusi Təyinatlı qəhrəmanların səmimiyyəti oldu. Nəticə isə ortadadır.

 

- İllər sonra Şuşanı azadlıqda görmək və bu qələbəni ssenariləşdirmək necə hiss idi?

 

- Əslində bu ssenarini Ali Baş Komandan və onun əsgərləri yazıb. Biz onu qismən də olsa ekrana daşıya bildiksə, nə xoş bizə. Əvvəlcə qəhrəmanlarla söhbət elədim. Sözün həqiqi mənasında əfsanədilər. Onların peşəkar və səmimi müsahibələri imkan verdi ki, filmdəki ardıcıllıq, məntiqi tamamlamalar uğurlu alısın. Şuşanın özünü görəndən sonra bir ilğım bürüyür adamı. Uzaqdan baxırsan qayalıqların üzərində bir şəhər. Amma şəhərə girəndə başqa bir energetika adamı çulğayır. Fikirləşirəm ki, filmin bəyənilməsinin əsas səbəblərdən biri də məhz Şuşa energetikasıdır. Mən oradakı energetikaya inandım.

 

- Ssenari neçə günə tamamlandı?

 

 - Əslində, ssenari ardıcıllığı Şuşadakı çəkilişdən sonra böyük dəyişikliklə tamamlandı. Amma istehsalın sonuna qədər dəfələrlə dəyişikliklər oldu. Cavidanla o qədər mübahisələrimiz oldu ki... (gülür).

 

 

 

- Ssenaridə sizi ən çox duyğulandıran məqam hansı idi? Yaxud da, elə bir epizod oldumu ki, istədiniz, amma filmə daxil edilmədi?

 

- İstər Xüsusi Təyinatlılarla müsahibələr, istərsə də Şuşada çəkilişlərin hər anı duyğulu idi. Şəxsən mən qəhrəmanlarımızla Şuşa arasında bir bağlılıq gördüm. Elə bil bu adamlar yeriyən, danışan, nəfəs alan Şuşadırlar. Sizə obrazlı ifadə kimi gələ bilər. Amma bu ifadə olunmayan bir hissdir. Cavidanın çəkdiyi xeyli videomaterialdan istifadə etməmişik hələ. Materialımız boldur.

 

- “Şuşa, sən azadsan!”nı davam etdirəcək, çəkmək istədiyiniz başqa film olacaqmı?

 

- Biz hər zaman hazırıq. Nə tapşırsalar onu edərik. Burada seçim mənasızdır. Çünki bu film üzərində işləyən zaman savaşla bağlı müxtəlif coğrafiyalarda elə qəhrəmanlıqların izini gördük ki, hərəsi bir möhtəşəm filmdir.


 


 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir