Modern.az

“Mənə həmişə deyirlər ki, sən sovet tankı kimisən” - Şairə Nuridə Atəşi ilə MÜSAHİBƏ

“Mənə həmişə deyirlər ki, sən sovet tankı kimisən” - Şairə Nuridə Atəşi ilə MÜSAHİBƏ

4 Dekabr 2021, 10:00

“Ahıl yazıçıdan o hərəkəti görəndə dəhşətə gəldim”

“Azərbaycanda birini tənqid etdiyin zaman sən qatı düşmən elan olunursan”

Özünü tanımadan, şeirlərini sevdik, oxuduq. Sözlərinə yazılan mahnıları dinləməkdən usanmadıq. Daha sonra özünü, mübarizəsini tanıdıq, heyrət etdik və sevdik...

 

Modern.az-ın müsahibi şair, tarix üzrə elmlər doktoru, Berlin Qafqaz İnstitutunun direktoru, Almaniya PEN klubunun üzvü Nuridə Atəşidir.

 

- Yaşamış olduğunuz ölkələrdən- Rusiya, Almaniya, Türkiyə və Fransadan baxanda Azərbaycan ədəbi mühiti necə görünür?

 

- Kənardan seyr edərkən, Azərbaycan ədəbi mühitindəki gənc istedadlı nəsildə, bir canlanma hiss edilir, təbii. Lakin mövcud boşluqlar uzaqdan daha aydın görünür. Xeyli gənc, istedadlı yazarlar var və onlar tərcümə oluna, dünyaya çıxa bilmirlər.  Öz gücləri, az imkanları ilə kitab çıxarırlar və hətta kitablarını belə özləri satmağa, tanıtmağa çalışırlar. Belə olmamalıdır. Yazarlar sərgilərə gəlməli, xarici ölkələrə çıxış əldə etməli, əsərlərini tanıda bilməlidirlər. Xarici ölkənin yazarları ilə birgə layihələrdə iştirak etməlidirlər. Dünyaya açılma şansları olarsa, bu onlara daha çox qol-qanad açar məncə.

 

 - Azərbaycan PEN klubu ilə Almaniyadakı PEN-in fəaliyyətini müqayisə edə bilərik?

 

 - Qətiyyən yox. Azərbaycandakı PEN-in fəaliyyəti xaricdən o qədər də hiss edilmir. Buradakı PEN - Almaniya, Avropadakı PEN təşkilatları ilə birgə fəaliyyət apara bilər. Gənc istedadlı yazarlar Azərbaycandakı ədəbi mühitə çox təsir edə bilər, məncə. Vaxtı ilə Azad Yazarlar Birliyi vardı. Nə qədər aktiv üzvləri var idi...  Çoxu geniş, açıq fikirləri, düşüncüləri olan, yaratmaq istəyən yeni ideyalı gənclər idilər. Onlar indi haradadır? Hərəsini bir tərəfə vurub dağıtdılar, imkan  verilmədi, şərait yaradılmadı onlara. Hərəsi bir diyarda - bəziləri xarici ölkələrə küsüb getdilər, burada qalanlar isə öz günlük çörəklərinin dalınca qaçırlar. Bu belə olmamalı idi. Mən Almaniyada PEN klubunun üzvüyəm. O qədər arzu etdim, çalışdım ki, PEN-də Azərbaycan yazıçılarını üzə çıxaraq, əsərlərini tərcümə edək. Onların yazdıqlarını dünyaya tanıdaq, özlərini keçirdiyimiz tədbirlərə dəvət edək. Neçə il özüm dedim, özüm eşitdim. Və sonunda mən də boşuna külüng çalmaqdan vaz keçdim.

 

- Almaniyada bir yazıçının həyatı, maddi təminatı necədir?

 

- Orada dövlət sənətkarlar üçün “sənətkar kassası” deyə, bir büdcə ayırır. Sənətkarlar oradan maliyyələşir. Ayrı-seçkiliklə deyil, sənətkarın səviyyəsinə görə. Bir yazar xəyal etdiyi gözəl sənət əsərləri yazmaq, yaratmaq istəyirsə, onun ev, kirayə, çörək problemi olmamlıdır. Qədim yunanlarda deyirdilər ki, yazıçılıq ən çətin işdir. Yazıçı sadəcə yazmalıdır, yaradıcılıqla məşğul olmalıdır.  Bir yazıçı,  məncə, yalnız sosial problemləri olmadan, günlük keçinmə dərdi olmadan gözəl əsərlər yarada bilər. Nə dərəcədə bizim yazıçılara, xüsusən gənc yazarlara  sahib çıxılır, ona cavabım yoxdur. Sadəcə bu duruma çox təəssüf edirəm. İstedadlı yazarları görürəm, hiss edirəm, onlarla yaradıcı mühiti müzakirə edirik və çox vaxt təəssüf edirəm. Halbuki, mən bilirəm onlara şərait yaradılsa,  nələr yazıb-yarada bilərlər. Dəstək alan gənc yazarlar da az deyil. Ayrı-seçkilik olmasa, məncə daha gözəl nəticələr əldə edilə bilərlər.

 

- Azərbaycan gündəmini, yazarlarını izləyirsinizmi?

 

- Yaşadığım xarici ölkələrdən yalnız sosial media vasitəsi ilə  müəyyən qədər izləmə fürsətim olur. Son illər özümü sırf elmə həsr elədiyim üçün, daha çox elmi cəmiyyəti izləyirəm. Bir də, təəssüflər olsun ki, Azərbaycanda birini tənqid etdiyin zaman səni qatı düşmən elan edirlər. Sifarişlə nifrət dolu, hətta böhtançı yazılar yazdırırlar. İllərlə o kin, nifrətlə yaşayırlar. Və sənin bütün yollarına daşlar düzməyə başlayırlar. Dərhal hər tərəfdə üzünə qapılar bağlanır. Avropada belə deyil. İnanırsınız, mənim Azərbaycanda  bütün yazıçı, şair, jurnalist dostlarım hamısı məni nə vaxtsa tənqid edən insanlardır. Biz bir-birimizi tənqid eləməliyik. Çatışmayan xüsusiyyətlərimizi deməli, gənclərə yol açmalı, onlara şərait yaratmalıyıq. Xarici ölkələrdən gəldiyimiz zaman o tənqidləri, çatışmayan məqamları daha tez görürük. Gördüyümüz zaman da onları söyləməliyik, yazmalıyıq, müzakirələrə çevirməliyik.  Bundan ötrü bir-birimizin düşməninə çevrilməməli, nifrət bəsləməməli, bir-birimizin əleyhinə  sifarişlə yazılar yazdırmamalıyıq, yollarını bağlamamalıyıq. Əksinə, sağ ol deməlisiniz ki,  biz kənardan bu qüsurları daha aydın görür və daha gözəl ədəbi mühit yaradılmasını istədiyimiz üçün dəstək olmağa çalışırıq. Belə insanların ətrafında birləşməklə daha çox elmi, ədəbi ictimaiyyətimizə töhfə vermiş olarıq.

Adını çəkməyə gərək yoxdu, on il öncə gənc yazar dostlarımla  müzakirədə bir tənqidi fikir söyləmişdim: “Mən filan yazarın yerinə olsaydım, gedib bağımda, təbiətin qoynunda oturar, yalnız yaradıcılığımla məşğul olar və yerimi gənclərə verərdim”-demişdim. On il sonra  bu günlərdə  onun rəhbər olduğu yerə yolum düşdü və düşündüm ki, onu da ziyarət edim. Kabinetinə girərkən məni dünyada bəlkə də ən qatı düşməni olaraq qarşıladı. (Gələcəyimi bilirdi)  İşçiləri əllərində köhnə bir qəzeti divar projektöru ilə işıqlandırıb nümayiş etdirməyə çalışırdılar. Özü isə üzümə belə baxmadan əsəbi bir şəkildə onları tələsdirirdi. Projektor çalışmadığından qəzeti onlardan alaraq  önümə uzadaraq  nifrət və qəzəblə: “Al, oxu, bax, sən on il bundan qabaq mənim əleyhimə nələr demisən, sən də məni vurmaq istəmisən. Gör mən hələ də bu kreslomda oturmuşam”.  Şəxsinə o günə qədər böyük hörmət elədiyim ahıl bir yazardan bu hərəkəti gördüyümdə,  dəhşətə gəldim. Fikrət Qoca kimi hörmət etdiyim bir yazara mənim əleyhimə sifarişlə yazılan bu yazıda  2010-cu ildən söylədiyim fikirlər yer almışdı. Heç bir söz tapa bilmədim sadəcə: “İnana bilmirəm ki, siz  on il bu nifrət, kinlə yaşamısınız, yazıqlar olsun”, - deyərək, kabinetini təəssüf hissi ilə tərk etdim. İndi düşünün, hələ mən Azərbaycanda yaşamıram. Təsəvvür edin burada yaşayan, yazan  yaradan, obyektiv düşünən gənc yazıçıların yolları on illərdir nə qədər bağlanıb, onların inkişafına necə maneələr törədilib. Onun üçün bu misalı gətirdim ki, biz tənqidlərdən inciməyək. Tənqid insanın pasını təmizləyir, tənqiddən nəticə çıxarmaq lazımdır. Tənqid elədiyin insanla müzakirə eləməyi bacarmaq, tənqidi qəbul etmək, tənqidə açıq olmağı bacarmaq insana yalnız böyüklük gətirər və  yalnız o zaman cəmiyyət inkişaf edə bilər.

 

- Burada qalsaydınız, maneələr sizə qarşı da olacaqdı, yəqin...

 

- Əlbəttə, mən bütün bu maneələrdən keçmişəm, həm də ən çətin və məşəqqətli yollarla. 20 yaşımda tanındım və on il mənim şeirlərimə qadağa qoydular. İlk dəfə Nüsrət Kəsəmənliyə şeirlərimi göstərdim. Oxudu, dedi,  Nuridə, sən Azərbaycanın ən yaxşı yazan qadın şairəsisən. Nəriman Həsənzadə ilk dəfə anonim şeirlərimi oxuduğu zaman “Mən dahi kəşf eləmişəm” demişdi. Sabir Rüstəmxanlı isə “Sən gözəl şairəsən, amma bir qadını-səni, belə çap edə bilmərik. Sən bir kişi təxəllüs götür, o təxəllüslə çap edək”, - dedi. Bütün qapılar  illərlə üzümə bağlandı. Məcburən “Atəşi” təxəllüsünü götürdüm. Bu adla şeirlərim hər yerdə çap olundu, sevildi.  İlhamə Quliyeva mənim “Neylərsən” şeirimə yazılan mahnını oxuyanda heç kim- həyat yoldaşım belə bilmirdi ki, bu şeirlərin müəllifi mənəm və yaxud kimsə bilmirdi bu müəllif qadındır, ya kişi. Mən elə məşhur oldum. On il bu qadağa ilə yaşadım. Jurnalist olduğum zamanda da maneələr oldu. “Zerkalo-Ayna” qəzetində yazılarıma görə nə qədər mənə də, redaktoruma da hücumlar oldu. Sonra elmə gəldim, burada  isə üzərimə olan hücumlar daha da gücləndi. Buna baxmayaraq, nə onda, nə də indi heç kimlə düşmənçilik etmədim, kinli, ədavətçi məmurlara görə dövlətimə, ölkəmə qarşı çıxmadım. Bir-iki, hətta on məmur belə, dövlət deyil. Onlar dövlətin kreslosunda  müvəqqəti oturub bizim yollarımızı bağlamağı, bizə əngəllər törətməyi yalnız müvəqqəti olaraq bacara bilərlər. İndi o məmurların  böyük əksəriyyəti artıq o kresloda yoxdur. Dövlətə də, xalqa da  rəzil olaraq tarixin zibil qutusuna atılıblar. Amma biz  şairlər, yazarlar, elm adamları hələ varıq və əsərlərimizlə yaşayacağıq. Onlar xalqımızın  tarixində bir qonaqdırlar, biz isə ev sahibi. Sadəcə buna görə şairimizə, yazarımıza  elm adamımıza sahib çıxmağa dəyməzmi?

 

- Deyilənə görə, Almaniyada tanınmanıza səbəb oradakı şairlərin duyğularını açıq ifadə etməmələridir. Günter Kotte sizin haqqınızda yazırdı ki, “Nuridə Atəşi bir çox şeyləri elə dəqiqliklə deyir ki, heç bir alman qadın yazarı bunları söyləməyə cəsarət edə bilməz. Buna görə də Nuridə Atəşi bizim üçün və bizim ölkəmiz olan Almaniya üçün böyük bir tapıntı, iftixar və həm də çox gərəklidir”. Yürgen Veisleder  isə “Nuridə Atəşi alman poeziyasında duyğuların  rezonansını yaratdı”,- deyə yazmışdı. Alman soyuqluğu sizin çılğınlığınızın qarşısında aciz qaldı deyə bilərik?  

 

- Aciz qalmadı, etiraf etməyə məcbur oldu deyə bilərik, bəlkə. Göte, Heine, Şiller, Rilke kimi dahilərin ölkəsində yeni söz demək, ədəbi mühitinə daxil olmaq, PEN-in üzvü olmaq o qədər də asan deyil, bilirsiniz. Əslində bu mənim şansım oldu, məncə. Tənqidçilər tez-tez deyirlər “Nuridə Atəşi alman oxucularının qarşısına yalın çıxdı və orada qazandı”. Almanlar müasir şeirdə hisslərini gizlədirlər. Duyğularının üzərini örtüb, qapalı şəkildə ifadə edirlər. Alman ədəbiyyatına mən olduğum kimi gəldim və orada da qazandım. Yəni, mən buyam. Yazdıqlarımda, düşüncələrimdə duyğularımın, hisslərimin, arzularımın, yaşantılarımın  üzərini örtə bilmirəm. Beynimdə bir şeyi düşünməkdən utanmıramsa, onu yazmaqdan heç utanmıram. Mən yazdığım zaman təmizlənirəm, saflaşıram, oxucumun önündə soyunuram, özüm oluram. Təbii ki, mələk deyiləm. Bəlkə də başqa qadınlardan fərqliliyim ondadır ki, heç vaxt  mələk rolu oynamadım. Heç vaxt “hamı məni sevsin”, deyə bir dərdim, ehtiyacım olmadı. Mənim mən olmağa ehtiyacım var. Ona görə də hər zaman düşündüyüm kimi yazdım. İstədiklərimi, arzuladıqlarımı, bütün yaşantılarımı olduğu kimi qələmə aldım və alıram. Yazarlıq budur, məncə. Yoxsa xalqın önünə mələk libasında çıxıb, bütün ömrün boyu böyük, dahi yazar, böyük şəxsiyyət, müdrik insan rolu oynayıb, xəbis, miskin və maskalı bir ömür sürməyə özünü xalqın gözündə əbədiləşdirmək üçün tarix yazmaq və yazdırmaq deyil. Gələcək nəsillər onsuz hər kəsin adını özü qoyacaq.

 

- Alman ədəbiyyatında sizi improvizə etmək istəyən oldumu?

 

- Qadın yazar dostlarım hər zaman deyirlər ki, kaş biz də sənin kimi ustaca yaza bilək. Sən necə gözəl rahat yaza bilirsən. Alman ədəbi mühitində (elmində demirəm) heç vaxt qısqanclıq hiss eləmədim. Əksinə, mənə yollar açırdılar, çap edirdilər. Neçə-neçə alman almanaxında yazılarım çap olundu, kitab toplularına, ensiklopediyalarına əsərlərimi saldılar. Kitablarımı Drezden, Leipziq Dövlət kitabxanalarının kataloqlarına saldılar. Almaniya Jurnalistlər İttifaqının Berlin bərabər imkanlar komitəsinin sədr müavini oldum. Bu uğurlarıma dəstək olanların   çoxu da qadınlar oldu. Oxucu ilə yapyalın qala bilməyim, açıla bilməyim onları hər zaman heyrətləndirdi. Onların yanında belə yaza bilən bir qadının olmasına çox sevinirdilər. Mənə çox dəstək oldular.

 

- Elmi fəaliyyətinizdə necə qadağalarla qarşılaşdınız?

 

- Elə mənim bütün həyatım qadağalardan və bu qadağalara qarşı çıxmağımdan, mübarizə aparmağımdan ibarət oldu. İlk təhsilim mədəniyyətşünaslıq olduğu üçün sonradan fərq imtahanı verib, ixtisasımı tarix elminə dəyişdim. Son 15 ildə 6 dildə  (Azərbaycan, rus, türk, alman, ingilis və fransız) 5 ölkədə (Azərbaycan, Gürcüstan, Rusiya, Avstriya, Almaniya və  Fransa) tarixi- arxeoloji tətqiqatlar, araşdırmalar apardım. Bütün bu dillərdə yazılan ədəbiyyatları müqayisə elədim. Nə qədər elmi yenilikər ortaya çıxartdım. Azərbaycanlı alimlərin, arxeoloqların gedib işləmək, tətqiq eləmə imkanı olmayan Avropa muzeylərinin, arxivlərinin materiallarını  gətirdim. Xocalı -Gədəbəy mədəniyyətinin beynəlxalq tədqiqatlarını başlatdım. Son on ildə 50-dən artıq elmi məqalələr çap elədim. Bunların əksəriyyəti Tomson Roytersin indeksli Avropa nəşrlərində - Almaniya, Avstriya, Fransa, Brüsseldə dəfələrlə dərc olundu. Onlarla beynəlxalq konfranslara, konqreslərə dəvət edildim,  Cənubi Qafqazın, Azərbaycanın, Qarabağın, tarixini, Xocalı -Gədəbəy mədəniyyətinin tarixini elmi diskusiyalara çıxartdım. Bundan ötrü mənə “sağ ol” demək əvəzinə, AMEA-da Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda doktorluq elmi işimin müdafiəsinə qadağa qoyuldu. 6 il institutda doktorant oldum, dəfələrlə elmi işim müzakirələrdən keçdi, hətta seminarım  belə oldu. Dissertasiyam dəfələrlə Ali Atestasiya Komitəsinin Ekpert Şuralarında müzakirələrdən keçdi, heç bir əngəl tapılmayaraq müdafiəyə buraxılmağım barədə  VAK qərar imzaladı. Bütün bunlara rəğmən yenə müdafiəm əngəlləndi paxıl, intriqalı layihə oğrularının sayəsində. Lakin yenə də AMEA - nın 177 nəfər üzvündən ibarət akademik, institut direktorları, ölkəmizin ən görkəmli alimləri, arxeoloqları və tarixçilərindən ibarət bir qrup yaradılaraq, ölkə prezidentinə mənim elmi  nailiyyətlərimin obyektivliyi haqqında müraciət imzaladılar. Prezidentin Almaniya səfərində cənab İlham Əliyevə şəxsən şikayət ərizəsi verdim. Sağ olsun, Prezident dəfələrlə mənə haqsızlıqlar yaşadığım günlərdə dəstək verib. Azərbaycana gələn kimi Mədəniyyət Nazirliyinə, Diasporla İş üzrə Dövlət Komitəsinin sədrinə, AMEA-ya göstəriş verdi ki, Nuridə Atəşinin Azərbaycanda problemi olmasın. Diasporla İş üzrə Dövlət Komitəsinin əvvəlki rəhbəri Nazim İbrahimov  bir çıxışımda onun xarici fəaliyyətini haqlı olaraq, tənqid elədiyim üçün 10 il mənimlə xüsusi ədavət apardı və məni diaspor fəaliyyətindən rəsmən iyrəndirdi. Prezident mənim layihəmin maliyələşdirilməsi  üçün Mədəniyyət Nazirinə göstəriş vermişdi. Xocalı-Gədəbəy mədəniyyətinə aid materiallar Almaniya müzeylərində üzə çıxarılsın, sərgilər təşkil edilsin. Dəfələrlə mənim müxtəlif layihələrim üçün ayrılan vəsaitlər yeyildi. Nəinki vəsait, mənim haqqım yeyildi. Zamanım, zəhmətim yeyildi. Ən gözəl, ən məhsuldar illərim yeyildi... Bütün bu haqsızlıqların, ədalətsizliklərin qarşısında mən yenə sınmadım, əyilmədim, vətənimdən küsmədim, dövlətimə qarşı çıxmadım. İlahi ədalətə və ədalətli insanların bir gün qarşıma çıxacağına və gördüyüm işlərə dəyər verəcəyinə inandım. İnanırdım ki, bir nəfər, beş nəfər, heç on nəfər məmur da dövlət demək deyil. Bir gün onların gedəcəyinə və öz səbrimə inandığım üçün sakitcə mübarizəmi davam etdirdim. Həmin 177 alimin müraciətini alman, ingilis, fransız dillərinə tərcümə edib, bütün dünya elmi ictimaiyyətinə göndərdim. Avropanın ən mötəbər 4-5 universitetindən mənə dəvətlər gəldi ki, gəlin bizim universitetimizdə dissertasiyanızı  müdafiə edin. Onların arasında Fransanın Lyon Universitetini seçdim. Bu universitet Avropada Qafqazşünaslıq üçün çox işlər görüb. Yeganə şərtləri o idi ki, fransız dilində müdafiə edim. 6 dil öyrənməyimə rəğmən, 55 yaşımda fransız dilini öyrənməyə başladım. İnsanın iradəsi, qətiyyəti olunca hər şey əldə edə bilir. Bu ədalətsizliklərin cavabını verməli və mənə olunan etimadı doğrultmalı idim.  Avropa elmində ən yüksək diplom sayılan “Habilitation de Direction Recherches” adlı elmi dərəcəni qazandım.  Avropada Qarabağın, Xocalı-Gədəbəy mədəniyyətinin tarixini tanıtdım.  Mənim bu səssiz cavabım Azərbaycan elmini, mədəniyyətini dünyaya rəzil edən o qaragüruhçu danosçuların üzünə vurulan sərt bir şillə idi əslində. Əcaba bunu anladılarmı?

 

- Bu səfəriniz digərlərindən fərqli idi. Bu dəfə qalib Azərbaycana səfər etdiniz. Qarabağa bir sıra səfərlər təşkil edildi. Bununla bağlı sizə hansısa təkliflər oldu?

 

- Mənim anam Ağdamdandır. Uşaqlığım orada keçib. Ən böyük arzum yenidən Ağdama getmək, oraları görmək, doğmalarımın evini, məzarını tapmaqdır. Həmişə Avropada gözükölgəli gəzirdik. Qalibiyyətdən sonra küçədə kişiləri xüsusən vüqarlı, qürurlu görürəm. Bunu yaşamaq gözəldir. Zəfərin ildönümünü burada qeyd elədim. Mənim üçün çox qürurverici hisslərdir. Biz orada  müharibənin gedişatını, Prezidentin bütün çıxışlarını izləyirdik, beynəlxalq qurumlara məktublar yazırdıq, əlimizdən gələni edirdik. Açığı deyim ki, mən inamımı itirmşdim. Həmişə deyirdim ki, Təbrizi, Göyçəni, Dərbəndi itirmişik. Onların davasını kim çəkdi? 50 ildən sonra unudulub getdi. Qarabağa qayıtmaq ümidini də itirmişdim. İndi hamı deyir ki, yox mən bilirdim, qayıdacağıq. Bu qayıdışdan sonra dövlətə, Prezidentə olan sevgim, inamım daha da artıb. O bunların hamısına layiqdir. Bu çox böyük bir hadisədir. Əzilmiş, məğlub millət olmaqdan qurtulduq. Azərbaycanda olanda mənə Qarabağa getməklə bağlı təklif gəlmədi. Yəqin ki, bunu da xeyli gözləyəcəyəm. Necə də olsa, gözləməyə öyrəşmişəm artıq. Ən önəmlisi nəticədir.

 

- Elmi fəaliyyətiniz məncə, ədəbi fəaliyyətinizi bir az üstələyir. Elm ədəbiyyatı çox sıxışdırır?

 

- Mən ya çox xoşbəxt, ya da çox kədərli olduğum, yaxud da aşiq olduğum zamanlar daha çox yazıram. O durumlarda yaradıcılığım içimdən bir fantan kimi coşub daşır. O zaman elm çəkilir bir kənara. Həmin vaxt sırf yazıram. Bir-iki il durmadan yazıram, yaradıram. Elmlə məşğul olanda da yazıçılığım kənara çəkilir və mənə “get elmlə məşğul ol”, - deyir. Həyatın içində bir neçə həyat yaşayıram: şair, jurnalist, yazar, tarixçi və sənətkar həyatı. Hətta rəsm, heykəltaraşlıq ilə də məşğulam. Son illər özümü tamamilə elmə həsr eləmişəm. Bəzi elm adamları da bunu mənə irad tutur: “Sən şairsən, get şairliyini elə”, - deyirlər. O qədər mənasız baxışdır ki... Şair olmaq üçün 6 vacib və önəmli diploma ehtiyacım yox idi ... Bütün həyatım boyu oxumuşam, təhsil almışam, elmlə məşğul olmuşam. Şairliyimin elmimə nə dəxli var? Əksinə, sevinməlidilər ki, belə bir şair gör necə alim oldu. Mən özüm buna çox sevinirəm. Çox vaxt deyirlər ki, sən şair kimi tarixdə qalacaqsan, alim kimi yox. Bəzi insanlar mənim şairliyimi daha çox bəyənirlər. Mən bilirəm ki, Azərbaycan ədəbiyyatında qalacam. Maskalı, özünü xalqa müdrik, böyük şəxsiyyət kimi göstərən xudbin, simasız yazar kimi deyil, hər zaman özü olaraq qala bilən Nuridə Atəşi olaraq. Hətta mühacir yazar olaraq  alman ədəbiyyatında da qalacam. İlk dəfə mən Azərbaycanın min illik ədəbiyyatını alman dilinə tərcümə etdim. Mədəniyyət naziri Əbülfəs Qarayev mənim burada da haqqımı yedi. 2008-ci ildə Almaniyada Azərbaycanın mədəniyyət ili təşkil edildi. Layihə verdim. Azərbaycan klassik ədəbiyyatını alman dilinə tərcümə etdik. 30 min avroluq büdcə ayrıldı. İki il alman şairi Jan Veinard ilə gecə-gündüz Nizami, Füzuli, Məhsəti Gəncəvi və digər klassikləri ilk dəfə alman dilinə tərcümə etdik. Fars dilini bilməyimə rəğmən, bir fars ədibindən də dəstək aldıq. Bərabər çalışdıq. Almaniyanın görkəmli nəşriyyatı hesab edilən “Metteas & Seitz”ədəbi nəşriyyatından icazə alıb çap etdik. Mənim qonararım bir tərəfə, alman şairinin qonararını belə ödəmədilər. Hətta nəşriyyatın xərcini ödəməkdən belə imtina etdilər. Elə bilməyin ki, o məmurlar artıq yoxdur deyə danışa bilirəm. Müsahibələrimdə onların baltalarının önü də, arxası da rüşvət paraları kəsdiyi zaman belə, mən əsl həqiqətləri deyirdim. Hazırda həmin kitab  “Pərvanə və şam: Azərbaycanın minillik məhəbbət poeziyası” alman kitabxanalarında və arxivlərində qorunur. İndi  tərcümələr lazım olanda o kitabdan istifadə edirlər, çox hallarda isə qısqanclıqdan yenə də mənim  adımı yazmırlar. Tarix var, “yazılan qalır” deyə bir hikmət var. Onu necə gizlədə bilərsiniz? Mənim yazdıqlarımı, əsərlərimi, bütün bu fəaliyyətlərimi necə gizlədə bilərsiniz?  Mən Fransada müdafiə etdiyim zaman yüksək rütbəli bir məmur mənə Azərbaycanda müdafiəmə qadağa qoyulmasını, heç yerdə deməyim, yazmayım deyə bir ultimatum verdi. Mat-mat üzünə baxdım və təəcüblə mən tərcümeyi halımda 2010-2016-cı illərdə  AMEA-nın rəsmən  dokdorantı olduğum bu illəri harada gizlədim bəs, nə yazım dedim?

Şairin, yazarın, alimin qüdrəti də məhz onun qələmində, zəkasında, əsərlərindədir. Ona görə həmişə deyirəm: Məni yüz il sonra anlayacaqlar, yüz il sonra dərk edəcəklər və yüz il sonra dəyər verəcəklər.

 

- Nuridə Atəşi özünü daha çox harada rahat hiss edir, elmdə, ya ədəbiyyatda?

 

- Ədəbiyyatda özümü dəryada üzən balıq qədər rahat hiss edirəm. İnsan sonradan şair olmur, şairlik öyrənilmir, mən şair doğuldum. Şair olaraq da qalacam. Amma elmdə əziyyət çəkdim, illər boyu oxudum, tədqiq etdim, cəfalar çəkdim, necə deyərlər bütün elmi adlarımı dişimlə, dırnağımla cırmaqlaya-cırmaqlaya qazandım.  Şairlik Allahın vergisi oldu, amma elm əziyyətim və zəhmətim oldu. Elə vaxt olurdu ki, kompüterin qarşısında 15 saat durmadan çalışırdım. Min bir zəhmətimin bahasına bu diplomları aldım. Təslim olmaq mənim xislətimdə yoxdur.

 

- Bir işiniz beyinlə, biri də ürəklə bağlıdır. Ciddi qərarlar verəndə hansını dinləyirsiniz?

 

- Artıq beyinlə qərar verirəm. Ürəyimin dediklərinə əməl etmirəm, eşitməzliyə vururam. Ürəyimin, hisslərimin üstünü çox zaman bərk-bərk basdırıram. Bunu da Almaniyada öyrəndim. Daha çox beynimlə yaşayıram demək olar ki....

 

- Yaş sevgiyə mane olur?

 

- Yox, qətiyyən. Heç bir zaman mane olmur. İnsan həmişə, hər yaşda sevə bilər. Hər dəfə aşiq olanda elə bilirsən ki, bu sonuncudur. Bir daha kimsəni belə sevməyəcəksən və heç zaman da kimsəni belə sevməmisən. Mən sevdiyim zaman dünya gül açır, dünyanın rəngi dəyişir. Mənim sevgi haqqında tərifim belədir: İnsan sevdiyi zaman dünya öz oxu ətrafından çıxır və yalnız onun ətrafında fırlanır. Birdən-birə hər şey dönüb “O” olur. Hər şeyə onun gözləri ilə baxırsan. Elə ki, eşq bitir, ox “O”nun ətrafından çıxır, yenə sakitcə dünyanın ətrafında fırlanmağa başlayır. Dünya öz gedişatına geri dönür.

  

- Bir zaman siz qızınız Ayanı xilas etmək üçün Almaniyaya getdiniz. Amma əslində həm də Ayan sizi xilas etdi...

 

- Ayan da həmişə elə deyir. Deyir, ana sən mənim həyatımı xilas elədin, mən də sənin. Körpə Ayanımla mənim aramda sanki qadın həmrəyliyi oldu o zaman.

 

- İndi Ayanla münasibətləriniz necədi?

 

- Avropa Ayanı çox dəyişdi. Xəstəliyi, çəkdiyi əziyyətlər onu daha güclü və sərt elədi. Hərdən təəccüblənirəm, mən onun yaşında bu qədər ağıllı, soyuqqanlı və sərt deyildim. Şadam ki, onu xilas edə bildim və eynisini o da mənim üçün etdi. Əgər, Azərbaycanı tərk etməsəydim, mən də gücsüz, zavallı olaradımmı deyə düşünürəm. Mənə həmişə deyirlər ki, sən sovet tankı kimisən. Buradan önünü kəsirlər, başqa bir yer tapıb çıxırsan. Məncə o mübarizlik insanın canında varsa, bir yerdən çıxacaq. Amma necə bir Nuridə Atəşi olardım, bilmirəm.

 

- Qızınızın həm də sizin kimi şairəliyi də var.

 

- Ayanın şeirlərini Azərbaycan dilinə mən tərcümə edirəm. Son şeirlərini tərcümə edə bilmirəm, məndən küsür. O qədər ağrılı yazır, bəzən onun şeirlərini oxuya bilmirəm. Yazdıqlarını nəşr etdirmir.

 

- Gənc qızın o cür ağrılı yazmağının səbəbi nədir, uşaqlıq travmalarının izi demək olarmı?

 

- Əlbəttə. O çox travma yaşadı. Vətənindən, atasından, qardaşından ayrıldı. Ən böyük travması xəstəliyinə görə oldu. Bədəninin bir tərəfi məhdudiyyətlidir, heç zaman ana ola bilməyəcək, bir qolu fəaliyyət göstərmir. Hərdən oturub ağlayır. Deyir, ana belə bir dərdlə mən necə yaşayacam. Üzünə baxıb gülümsəyirəm. Deyirəm, betərin betəri var, qızım. Buna da şükür. “Səni öldürməyən şey səni güclü edir”, ifadəsi doğrudur. Bütün bunlar onu güclü etməklə yanaşı, həm də acımasız, sərt və zalım elədi. Mən də artıq eləyəm...

Ayan mənim nələr yaşadığımı, nələri bacardığımı gördü. Mənim qazandıqlarımı o xəstəliyinə görə edə bilmir. Digər tərəfdən, mənə qarşı olan haqsızlıqların hamısını gördü. Bütün bunlar onu sərtləşdirdi. Mən onun bu yanaşmasından çox qorxuram. Amma uşaq vaxtından bütün hər şeyi görüb. Bu illər ərzində mənim acılarımın yeganə şahidi o oldu. Bəzən deyir sənə çəkdirənləri sən bağışlasan da, mən heç vaxt bağışlamayacağam. Oğlum isə bir mələkdir. Hamını, hər şeyi bağışlayır. Çox xoşbəxtəm ki, balalarımı gözəl yetişdirə bildim və məni çox sevirlər.

 

- Nuridə xanım Bakını və itirilən o illəri bağışladımı?

 

- Mən kinlə yaşamıram. Kin bir duyğudur. Bu mənim enerjimi, gücümü alır. Sevmədiyim insanları həyatımdan birdəfəlik kəsib atıram. İllərin kinini, nifrətini özümə yükləmirəm. Bakımdan, Vtənimdən mən heç zaman küsmədim.  Hər zaman mənə qucaq açan yeganə isti bir yuvamdır Azərbaycan.

 

- Azərbaycan qadını haqqında yazmağı düşünürsünüzmü?

 

- Mənim həyatım çox Azərbaycan qadının həyatıdır. İndiyə qədər çap olunan həyat hekayəm çox qadınların yaşadıqları, lakin dilə gətirə bilmədikləridir. Mən yazanda sanki, o qadınları hiss edirəm. Həyatımı oxuyan alman, türk film adamlarından dəfələrlə həyatım haqqında film çəkmək, kitab yazmaq təklifləri almışam. Nə qədər güclü olsam da, bütün bu yaşadıqlarımı yazmağa, danışmağa hələ hazır deyiləm. 20-25 il öncə olan ağrıları, vurulan zərbələri artıq hiss eləmirəm, yeni ağrılar, açılan yaralar hələ də toxunulduğu zaman qanayır, incidir.  Onları yazmaq mənə hələ çox çətindir. Artıq ağlaya-ağlaya yazmaq istəmirəm, beyinlə, şüurla yazmaq istəyirəm. Budur yazar və alim olmanın taleyi...

 

- Siz bütün bu bilik və bacarığınız, təcrübənizlə ölkəmizin mədəniyyətinə, elminə daha çox şey qazandıra bilərdiniz və hələ də bilərsiniz. Sizcə burada itirən daha çox Azərbaycan olur yoxsa siz?

 

- Düşünürəm ki, mən əgər sussaydım, mübarizə aparmasaydım, yazmasaydım, çox şeylər qazanardım,  amma əminəm ki, yazsam, Azərbaycan və gələcək nəsillər daha çox qazanacaqlar.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir