Modern.az

Prezident təqaüdçüləri: “Ən böyük istəyim xarici ölkələrdə çıxışlar edə bilməkdir” - MÜSAHİBƏ

Prezident təqaüdçüləri: “Ən böyük istəyim xarici ölkələrdə çıxışlar edə bilməkdir” - MÜSAHİBƏ

Müsahibə

10 Dekabr 2021, 10:20

Bu il Azərbaycan Respublikasının ali məktəbələrinə qəbul olunmuş tələbələrdən 102 nəfər Prezident təqaüdünə layiq görülüb.

 

Onlardan 33 nəfər Bakı Ali Neft Məktəbində təhsil alacaq. Tibb Universitetinə qəbul olunan tələbələrdən 25-i, Bakı Dövlət Universitetində oxuyacaq tələbələrdən isə 15-i Prezident təqaüdçüsüdür. ADA Universitetindən 12, Azərbaycan Dövlət İqtisad Universitetindən (UNEC) 8, Dövlət İdarəçilik Akademiyasından 4, Azərbaycan-Fransız Universitetində (UFAZ) 2, Xüsusi təyinatlı ali məktəbdən 2, Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən (ADNSU) 1 nəfər gənc Prezident təqaüdçüsü kimi siyahıya düşüb.

 

 Bu tələbələr 210 manat Prezident təqaüdü alacaqlar.

 

Modern.az saytı “Prezident təqaüdçüləri” rubrikasına davam edir. Bu rubrikada 2021-2022-ci dərs ilində Prezident təqaüdünə layiq görülmüş I kurs tələbələrini sizə tanıdırıq.

 

Yasəmən Nəsibova Bakıdakı 220 saylı məktəb-liseyin məzunudur. O qəbul imtahanlarında 672,2 bal toplayaraq Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyə ixtisası üzrə (tədris ingilis dilində) ali təhsil alır.

 

- Yasəmən, niyə maliyyə ixtisasını seçmək qərarı verdin?

 

- Maliyyə ixtisasına elə ixtisas seçimi üçün ayrılan 10 günlük vaxt ərzində qərar verdim. Əsl istəyim mühasibat  uçotu və auditlik idi. Lakin UNEC-də ikili diplom layihəsi haqqında məlumat aldıqdan sonra qərara gəldim ki, maliyyə ixtisasını seçib, ikili diplom layihəsi ilə mühasibat uçotu və auditliyi də bitirim.

 

- Ali məktəbə necə hazırlaşırdın? Sosial şəbəkələrdən istifadə edirdin?

 

- Bəlkə də çox eşitdiyim suallardan biri də budur. Hətta bəzən məndən daha uğurlu olan insanlar da bu sualı verirlər: "Necə uğur qazana bilərəm?". Belə bir sualın cavabı yoxdur. Çünki uğur insanın özüdür. Bacarıq, ağıl - hamısı insana bəxş edilib, sadəcə bunlardan istifadə etmək isə öz əlimizdədir.

Hazırlaşma proqramımı hər zaman həftə sonundan planlayırdım, həftə sonları dərslərimin böyük bir qismini edirdim və nəticədə həftəiçi həm dərs, həm də təkrar üçün kifayət qədər vaxtım olurdu. Bütün fənlərdə (riyaziyyat da daxil olmaqla) "öncə nəzəriyyə, sonra test", "düz və tez işləmək", "nə qədər çox yeni, müxtəlif sual, bir o qədər yaxşı", "tricklərə bax" - bu 4 prinsipimə əsasən hərəkət edirdim. Nəzəriyyəni müəllimlərim kimi danışmağa çalışırdım, hərçənd, etdiyimi də deyə bilmərəm.  Bütün misallarla tanış deyilik, amma qaydanı tam bilsək, tətbiq edib nəsə əldə edə bilərik. Müxtəlif vəsait kitablarından, hətta müxtəlif ölkələrdə istifadə olunan materiallar, youtube-da olan dərs izahlarından istifadə edirdim. Yeni testlər işləmək hər zaman önəmlidir, amma əsas məsələ testləri düz, sonra tez işləməkdir. Ən çox diqqət etdiyim məsələ mövzudakı "trick"lər idi. "Mövzunun hansı hissəsində səhv edə bilərəm?". Bu sualın cavabını hər yeni testdə həllə başlamazdan öncə yazıb çərçivələyirdim ki, unutmayım, beləliklə, daha az səhvim çıxırdı. Testləri həll edib bitirdikdən sonra yoxlayıb səhvlərimi bir dəftərə qeyd edirdim və səhvlərimin səbəbini yazıb o hissələri yenidən təkrarlayırdım. İmtahan ərəfəsində isə həmin səhvlərə baxırdım.

Sosial şəbəkələrdən istifadə etmirdim. Özümə hesab yaratmamışdım. Yayda universitetlə bağlı ehtiyacım olduğundan hesab açdım. Sosial şəbəkələrdə aktiv istifadəçi deyiləm.

 


- Gəlcəkdə ixtisasın üzrə nələr etməyi planlaşdırırsan? Xaricdə təhsil almağı düşünürsən?

 

- Bakalavr kimi xaricdə təhsilimi davam etdirməyin çətin olacağını düşünürəm. Magistr təhsil pilləsi üzrə xaricdə, xüsusilə də ABŞ-da təhsilimi davam etdirmək istəyirəm. Lakin imtahan sistemlərində iqtisadiyyat ixtisasında müəyyən qədər fərq olduğu üçün GRE ilə yox, GMAT ilə imtahan verib qəbul olunma şansım var. Ölkəmiz üçün yeni iqtisadi layihələr üzrə çalışmaq istəyərdim. Azchemconun son günlərdə təkmilləşdirdiyi az su ilə çox məhsul əldə etməyə yardım edəcək kimyəvi maddələri gördükdə həvəsim daha da artdı və iqtisadi sahədə ölkədə məhsuldarlığın artırılması üçün çalışmaq istəyərəm. Amma ən böyük istəyim həm ixtisasım üzrə, həm də qeyri-ixtisas fənlərimə aid olan elmi mövzularda xarici ölkələrdə çıxışlar edə bilməkdir.

 

- Qəbul imtahanında ən yüksək nəticəni hansı fənndən göstərmişdin? Sevdiyin fənn hansı idi? Xüsusi bir səbəbi varmı?

 

- Qəbul imtahanında ən yüksək nəticə göstərdiyim fənn riyaziyyat idi. Buraxılış və blok mərhələlərinin heç birində səhvim yox idi, nəticəm tam idi. Bu uğurumda həm məktəb, həm də hazırlıq müəllimlərimin payı böyükdür. Ən sevdiyim fənn də elə riyaziyyatdır. Çətin misalı həll edib cavabını tapdıqda sevinc hissini təsəvvür belə edə bilməzsiniz. Bu, qürur və uğurun birgə fəaliyyəti ilə yaranmış bir hiss kimidir. Bir də riyaziyyatda əsas məsələ cavabı tapmaq deyil, həll etməkdir. Teoremləri isbat edə bilmək, düsturları özün tapa bilmək mənə sevinc bəxş edən hadisələrdi. Kimlər üçünsə adi gəlsə də, mənim üçün tərifi olmayan bir hissdir.

 

- Prezident təqaüdünə layiq görüləcəyini düşünürdün?

 

- Əslində nəticəm yaxşı olsa da, düşünürdüm ki, təqaüdə layiq görülsəm belə 25-ci adam mən olaram. Statistika jurnalına baxdıqda ilk “14-lük”də olduğumu gördüm və inana bilmədim. Prezident təqaüdçülərinin adı açıqlanan sərəncamda adımı gördükdə sevinc hissi keçirdim. Ətrafımdakı insanların buna müsbət reaksiyalarını və qiymətləndirmələrini gördükdə yalnız təhsillə nələr etməyin mümkünlüyünü hiss etdim.

 

- Tələbə yoldaşlarınla aran necədir? Dərslərdən əlavə birlikdə vaxt keçirirsiz?

 

- Qrup yoldaşlarımın hamısının nəticəsi yüksəkdir.  Rəqabət varsa, dostluq olmaz deyirlər. Amma elə deyil. Sanki qrup yoldaşlarımı seçərkən bütün müsbət keyfiyyətləri düşünüb həmin keyfiyyətlərə sahib olan şəxsləri bir araya gətiriblər. Aramızda dostluq bağı var, özlərindən çox qarşısındakı düşünən qrup yoldaşlarım olduğu üçün şanslıyam. Həm dərs zamanı ,həm də dərsdənkənar zamanlarda əlaqələrimizi qoruyuruq. Birgə əyləncəli vaxt keçiririk.

 

- İmtahana hazırlaşan abituriyentlərə nə demək istərdin?

 

- İmtahana hazırlıq mərhələsində özünüzün bacarıqlarına uyğun hərəkət edin. Bir gün ərzində edə biləcəyiniz minimum dərsi düşünün və ondan daha çoxunu etdikdə özünüzdə güvən yaradacaqsınız. Həftəsonundan cədvəl qurun. Yeni dərsləri öyrəndikdə musiqiyə qulaq asmayın, təkrar etdiyiniz zaman qulaq asın. Səhvlərinizi və səhv edə biləcəyiniz hissələri və sualları qeyd edin.
İmtahana gedərkən heç bir şəkildə həyəcanlanmayın, stressə düşməyin, bir gün öncə musiqiyə qulaq asın, gülməli kinolara baxın ki, əhval-ruhiyyəniz yaxşı olsun. İmtahana hazırlaşan hər bir şagirdə bol şans arzulayıram, düzdür, sizin şansa ehtiyacınız yoxdur, sadəcə bir az təvazökarsınız: "Bu qədər balım olsun bəsdir",- deyirsiniz təvazökarlığınızdan. Amma hər zaman yüksəyi hədəfləyin ki, nəticəniz də yüksək olsun. Unutmayın ki, imtahan dünyanın nə əvvəli, nə də sonudur. Heç nə bitməyəcək, hər şey davam edəcək, siz də həyatla birgə davam edin yaşamağa, yaratmağa. Univeristet olmasa da olar, təki siz olun.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü