Modern.az

Prezident təqaüdçüləri: “Bizim müəllimlər tələbələrə “siz” deyə müraciət edirlər” - MÜSAHİBƏ

Prezident təqaüdçüləri: “Bizim müəllimlər tələbələrə “siz” deyə müraciət edirlər” - MÜSAHİBƏ

Müsahibə

16 Dekabr 2021, 15:12

Bu il Azərbaycan Respublikasının ali məktəbələrinə qəbul olunmuş tələbələrdən 102 nəfər Prezident təqaüdünə layiq görülüb.

 

Onlardan 33 nəfər Bakı Ali Neft Məktəbində təhsil alacaq. Tibb Universitetinə qəbul olunan tələbələrdən 25-i, Bakı Dövlət Universitetində oxuyacaq tələbələrdən isə 15-i Prezident təqaüdçüsüdür. ADA Universitetindən 12, Azərbaycan Dövlət İqtisad Universitetindən (UNEC) 8, Dövlət İdarəçilik Akademiyasından 4, Azərbaycan-Fransız Universitetində (UFAZ) 2, Xüsusi təyinatlı ali məktəbdən 2, Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən (ADNSU) 1 nəfər gənc Prezident təqaüdçüsü kimi siyahıya düşüb.

 

 Bu tələbələr 210 manat Prezident təqaüdü alacaqlar.

 

Modern.az saytı “Prezident təqaüdçüləri” rubrikasına davam edir. Bu rubrikada 2021-2022-ci dərs ilində Prezident təqaüdünə layiq görülmüş I kurs tələbələrini sizə tanıdırıq. 

 

Tamara Ağarzayeva Həbib bəy Mahmudbəyov adına 2 nömrəli Texniki Humanitar Elmlər Liseyini bitirib. 667 bal toplayaraq Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Hüquq fakültəsinə daxil olub. 

 

- Tamara, uğurunu nəyə borclusan? Geriyə dönüb baxanda “uğurumun səbəbi bu olub” dediyin şey nədir?

 

- Düşünürəm ki, insan çox əziyyət çəksə bəhrəsini görəcək. Həm ailəmdə, həm özümdə bir fikir formalaşmışdı ki, mən bir şeylə - yalnız təhsilimlə yüksələ bilərəm. Düzdür, bəzən fikrim dəyişirdi ki, insan bacarığı və qabiliyyəti ilə də yüksələ bilər. Aşağı sinifdən başlayaraq çox çalışmışam. Dərsi, məktəbi çox sevmişəm, həmişə demişəm ki, kaş 6 gün dərs olardı. Uğurum illərimin, çalışqanlığımın səbəbidir. Çünki 2 il hazırlığa getməklə hər şey olmur.

 

- Məşğələ ilə eviniz arasındakı məsafə nə qədər idi? Yolda çox vaxt itirirdin?

 

- Öz evimiz Maştağadadır, 7-ci sinifə qədər ordan Səbaildəki məktəbə gəlirdim, təxminən 2 saatlıq yol idi. Şagird olarkən yollarda o qədər çətinlik çəkmişəm ki, yadıma belə salmaq istəmirəm. Artıq 8-ci sinfdə dedim ki, nənəmgildə-Yasamalda qalmaq istəyirəm, valideynlərim də nə qədər əziyyət çəkdiyimi gördükləri üçün qərarımı anlayışla qarşıladılar.

 

- Məşğələlərin qiyməti necə idi?

 

- Mən özüm kursda hazırlaşmışam və münasib qiymət olub. Hətta kursda kampaniyalar var idi, mən həm endirimə düşmüşdüm, həm də təqaüd alırdım.  Əlavə olaraq məktəb müəllimlərinin ikisinin yanına da hazırlığa da gedirdim. Onlar isə məni pulsuz hazırlaşdırırdı. Ancaq həqiqətən də qiymətlər çox yüksəkdir. Hazırda ingilis dili üçün kursa getmək istəyirəm, amma qiymətləri araşdıranda nə qədər yüksək olduğunu görürsən. Dərs sistemi o qədər çətindir ki, hazırlıqsız universitetə daxil olmaq mümkün deyil. Ona görə də repititorlar hər şeyi nəzərə almalıdır.

 

- Tamara, hüququ seçməyinə səbəb nədir?

 

- Uşaq vaxtımdan həmişə demişəm ki, mən prezident olacam. Müəyyən yaşa çatanda bu fikrimdən əl çəkdim. Sonra özümü hüquqşünas olaraq gördüm. Başqa peşələri də düşünmüşdüm, amma məsələn, müəllimlik çox şərəfli peşədir, di gəl ki, sinfdəki bütün uşaqların məsuliyyətini öz üzərimə götürə bilməzdim. Həkimliyə gəldikdə isə qandan qorxuram, qətiyyən həkim ola bilməzdim. Psixoloq olmaq istərdim, ancaq ölkəmizdə bu sahədə iş imkanları məhdud, baxış tərzi fərqlidir. Psixoloq yanına getmək istəyən insanları hamı dəli kimi qəbul edir. Son qərarım o oldu ki, hüquqşünas olacam.

 

- Bəs universitet seçimini necə etdin?

 

- Səbəbini bilmirəm, amma Akademiyaya xüsusi bir simpatiyam var idi. Həmişə də avtobusla məktəbə gələndə “burda oxuyacam” deyirdim. Müəllimlər, tələbələr hər biri özəldir. Konistitusiya hüququ müəllimimiz ilk dərsdə bizə dedi ki, "mən sizi özümdən aşağı səviyyədə görmürəm. Siz bir şəxsiyyətsiz və mən sizlə elə davranacam". Məsələn, başqa universitetdə təhsil alan tanıdıqlarım olub, bir daxil olduqlarına, bir də bitirdiklərinə seviniblər. Təhsil aldığım üçün demirəm, doğurdan da bizim ali məktəbin tələbələri həm təhsil, həm də mədəniyyət baxımından seçilir. Müəllimlərimin tələbələrı “siz” deyə müraciət etməsi möhtəşəm bir hissdir.

 

- Tələbə yoldaşlarınla münasibətin necədir? Müqayisə etsən, sinif yoldaşlarınla əlaqən yaxşı olub, yoxsa qrup yoldaşlarınla?

 

- Əyləncəni sevən biri olaraq ətrafımda əylənməyi sevir. Özünü böyük kimi aparan biri deyiləm. Ana uyğun olaraq, içimdən necə gəlirsə elə davranıram. Sinif yoldaşlarım əyləncəli, zarafcıl olublar, hər zaman əylənmişik. Qrup yoldaşlarım da eynən elədirlər.

 

- Tələbəlik həyatı xəyallarındakı kimidir?

 

- Mən elə düşünürdüm ki, universitetə daxil olduqsa, oxumaq bitir. Ancaq gəzib, əylənmək düşünmüşdüm. Universitetə daxil olanda bir neçə dil öyrənəcəm deyirdim. Hələ ki yeni başlamışam,  ümid edirəm ki, davam edə biləcəm. Ancaq çox oxusam da, dərslərimə sevgiylə hazırlaşıram.

 

- Tamara, gələcəkdə hüquq sahəsində nələr etməyi planlaşdırırsan? Dünyada, ölkədə qadınlara qarşı artan cinayətləri azaltmaq üçün səncə nələr etmək olar?

 

- Bu cinayətlər bəzilərinin qadınları aşağı səviyyədə gördükləri üçün başlayır. Sadə bir şey deyim ki, peşənin, rəngin  cinsiyəti ola bilərmi?! “Qadın polis olmaz, oğlanlar qırmızı geyinməz” kimi düşüncələr bizdə necə formalaşıb görəsən? Cinayətlərin azalması üçün düşüncə tərzini dəyişməliyik. Qadınlar heç kimin köləsi deyil, o anadır, bacıdır ən ötəsi candır. Balaca uşaqdan tutmuş qadına kimi hər kəsin şəxsi fikirləri var. Fərdlər ailə həyatı quranda ortaq həyatları olur, bununla bərabər, hər birinin şəxsi həyatı olur. Bu mövzu haqqında danışanda ağlaya da bilərəm. Kiminsə haqqı yoxdur ki, birinin həyatına son qoysun. Bu cinayətlərin azalması üçün hər bir qadın təhsil almalıdır, ayaqlarının üzərində durmalıdır, bütün qadınlar güclüdür. Ancaq bu gücü ortaya çıxarmaq lazımdır. Mən düşünürəm ki, gender bərabərliyi deyə bir şey yoxdur. Qadına qadın, kişiyə kişi kimi davranmaq lazımdır. İnsan olaraq da bərabər deyilik, qadınıq, amma bərabər deyilik.

 

- İmtahana hazırlaşan gənclərə nə demək istərsən?

 

- Öncə özlərinə inansınlar. Ətrafı dinləsinlər, ancaq öz istəklərinin arxasınca getsinlər. Sınaq imtahanlarında çox iştirak etsinlər. Əgər planlı çalışırlarsa, belə də davam etsinlər, yox, plan qurmayıblarsa da belə davam etsinlər. Çünki sonradan plan quranda vaxt itkisi yaranır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Anbaan görüntülər: Kamil Zeynallı belə azadlığa buraxıldı