Modern.az

“Almanların Azərbaycanı bağışlaya bilmədikləri bircə şey var” - Səfirlə MÜSAHİBƏ

“Almanların Azərbaycanı bağışlaya bilmədikləri bircə şey var” - Səfirlə MÜSAHİBƏ

Müsahibə

21 Dekabr 2021, 08:44

Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniq Modern.az saytına müsahibə verib. Onunla söhbəti təqdim edirik:


- Cənab səfir, Almaniya ilə Azərbaycan arasındakı münasibətlər barədə soruşmaq istərdik. Siz bu münasibətlərin səviyyəsindən razısınızmı?


- Almaniya və Azərbaycan, Almaniyanın yenidən birləşməsindən təxminən bir il sonra, Azərbaycan Respublikası 1991-ci ildə müstəqillik əldə etdikdən bəri, sabit və etibarlı tərəfdaşdırlar. Diplomatik əlaqələr 30 il əvvəl, 1992-ci il fevralın 20-də bağlanıb. Bizi yalnız bugünkü Azərbaycan ərazisinə 200 il əvvəl gəlmiş alman mühacirləri ilə bağlı ortaq tariximiz birləşdirmir.  Biz ortaq gələcəyi də paylaşacağıq. Bu gün nikbinlik və səbirlə bütün tərəflərin sülh və birgə yaşayışın üstünlüklərindən faydalanan Cənubi Qafqazda uğurlu və dinc gələcəyə birlikdə baxa bilirik. Almaniya Azərbaycanı bir daha dost və tərəfdaş, investor kimi və tənqidi dialoqda tərəf müqabili kimi qətiyyətlə dəstəkləyəcək.


- Azərbaycanda alman dili xarici dil olaraq tədris olunur və onu tətbiq edən kifayət qədər gənc kadr var. Həmin kadrlara Almaniyada təcrübə keçmək üçün şərait yaradılırmı?


- Almaniya dünyanın hər yerindən gələn gəncləri məmuniyyətlə qəbul edir, o cümlədən Azərbaycandan olan dostlarımız da bura daxildir. 26.000-dən çox azərbaycanlı Almaniyada qısa və ya uzun müddətli tələbə, alim kimi yaşayır. Onların arasında təcrübəsini başa vurub gələnlər və uzun müddət Almaniyada yaşayanlar var. Biz çox şadıq ki, Azərbaycan kimi çoxdilli mühitdə 50.000-dən çox azərbaycanlı alman dilini öyrənir və bu da cəmiyyətlərimizin köklü bağlarına dəlalət edir. Pandemiyadan sonra Almaniya istər özəl, istərsə də ictimai təşəbbüslü beynəlxalq praktika proqramlarını tamamilə bərpa etməyi nəzərdə tutur. Bu yaxınlarda Alman Bundestaqının və Berlin universitetlərinin praktika və təqaüd proqramında (İPS) iştirak üçün Azərbaycandan 4 gənc seçilib. Biz 2022-ci ildə onları diqər stipendiatlarla birlikdə Almaniyada görüşəcəyimizi məmnunluqla gözləyirik. Alman Akademik Mübadilə Xidmətinin Yay məktəbi proqramı 2021-ci ildə olduğu kimi pandemiyanın məhdudiyyətləri altında həyata keçiriləcəkdir.


- Azərbaycanda yaşayan almanların ölkəmiz haqqında təəssüratları nələrdir, daha çox hansı məsələrə görə səfirliyə müraciət edirlər?


- Azərbaycanda yaşayan almanlar buradakı insanların qonaqpərvərliyindən və səmimiyyətindən sözün əsl mənasında zövq alırlar. Ölkəni tanıyan hər bir almanın bura ilə bağlı paylaşacaq bir hekayəsi vardır. Eyni zamanda pandemiya və son müharibə dövründə alman vətəndaşlarının sorğu-suallarını saytımız və sosial media vasitəsilə cavablandırmağa çalışırdıq.


- Azərbaycan və Ermənistan arasındakı münasibətlərin normallaşdırılmasında Almaniya rol oynamaq istəyirmi?


- Qonşumuz Fransa ilə birgə tariximiz göstərdi ki, həqiqi barışıq, bağışlama və əməkdaşlıq dünyanı nə dərəcədə dəyişə bilər. Əsrlər boyu “irsi düşmən” adlandırılan Fransa indi dünyada bizim ən yaxın dostumuzdur. Həm siyasi, həm sosial, həm də ictimai sahədə tərəfdaşlığımız var. Bu gün Fransa və Almaniya ümumi sahələri bölüşür, hər bir əhəmiyyətli və vəcab qərarlarda məsləhətləşirlər. Digər mühüm məqam beynəlxalq qərarlardan əvvəl tənqidi olsa belə, dostlar kimi bir-birimizə həqiqəti söyləməyimizdir. Bu gün biz Cənubi Qafqazda, bizim əvvəllər qonşularmızla apardığımız bir sıra müharibələrdən sonra qarşılaşdığımız vəziyyəti görürük. Ola bilər ki, bu gün Azərbaycanla Ermənistan arasında həqiqi barışıq o zaman bizim fransız qonşularımız ilə barışığımızın imkansız görsəndiyi kimi nəhəng və üstü qar basmış dağa dırmanmağa bənzəsin. Almaniya ATƏT-in Minsk qrupunun üzvü kimi həmişəkindən daha artıq sülhün təşviqi, hər iki tərəfin ən yüksək səviyyədə birbaşa danışıqları, gözlənilən məsələlərin həlli və nəhayət, inklüziv sülhə doğru irəliləməyə kömək etmək üçün üzərinə düşəni etməyə hazırdır. İkitərəfli əlaqələr sülh müqaviləsinin ərsəyə gəlməsini, hamı üçün iqtisadi artım, təhlükəsizlik, etimad və davamlı tərəfdaşlığı təmin edir.


- Alman futbol məktəbi dünyada məşhurdur, amma Azərbaycan bu sahədə çox da uğurlu deyil. Almaniya Azərbaycanda futbolun inkşafına dəstək verə bilərmi?


- Futbol bizim ikitərəfli dostluq münasibətlərimiz üçün nəzərəçarpan bir meydançadır. Bildiyiniz kimi, Berti Vogts təkcə Almaniyanın deyil, həm də Azərbaycanın milli məşqçisi olub. Almaniya millisinin sabiq qapıçısı Uli Ştayn köməkçi məşqçi olub. Bernhard Lippert 2020-ci ilə qədər Azərbaycanın gənclərdən ibarət milli komandalarının məşqçisi və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının rəhbəri olub. Mən xüsusilə şadam ki, 2010-cu ildə Almaniyanın “Bavariya” qadın komandasının keçmiş məşqçisi Sissi Raith baş məşqçi kimi ölkənizdə qadın futbolunun inkişafına kömək edib.

Lakin alman futbolsevərlərinin bağışlamağa çətinlik çəkdiyi bircə şey var: 1966-cı ildə Qərbi Almaniyanı “Dünya çempionu” titulundan məhrum edən məşhur “Wembley-qolu“ sovet futbol hakimi tərəfindən qeydə alınmışdı - onun adı Tofiq Bəhramov idi! Daha ciddi desək, aydın ümumi qaydaları olan ədalətli oyun səmərəli ikitərəfli əlaqələrimiz üçün yaxşı modeldir.

- Almaniya Qarabağın bərpasında iştirak edəcəkmi?

- Almaniya artıq 2020-ci ildən bəri Beynəlxalq Qızıl Xaç Komitəsi vasitəsilə 2 milyon avro dəyərində təcili humanitar yardımla işğaldan azad edilən ərazilərdəki insanlara dəstək verir. İqtisadi baxımdan alman şirkətləri artıq yenidənqurma layihələrinə sərmayə qoyublar. Bizim flaqmanımız AzVirt alman tərəfdaşı ilə avtomobil yolunun, eləcə də tikintisi başa çatmış Füzuli aeroportunun və planlaşdırılan Laçın hava limanının tikintisi üzrə birgə müəssisələr təsis olunmasına diqqət yetirir. Əminəm ki, sabit, dinc və firavan Cənubi Qafqazın təməl daşı kimi geri qaytarılan ərazilərin bərpasına kömək etmək üçün beynəlxalq ictimaiyyət, o cümlədən Almaniya, Aİ və qeyri-hökumət sektoruna daha çox imkanlar yaranacaq.

- Azərbaycan sizin üçün nə ifadə edir, hansı yerlərdə olmusunuz?

- Son vəzifəm olaraq Azərbaycanda səfir kimi işləmək şərəfinə nail olmuşam. 1992-1994-cü illərdə Bakıya ilk səfərim zamanı Almaniya Federal Xarici İşlər Nazirliyində, Azərbaycan üzrə şöbənin əməkdaşı olmuşam. Həyat yoldaşım və mənim üçün ölkə ilə bağlı çoxlu unudulmaz xatirələr var. Azərbaycan xalqı mehriban və həqiqətən də xoş insanlardır. Azərbaycanın təbiəti Abşeronun səhralarından başlayıb Şamaxının şərabçılıq torpaqlarından keçərək, Şəkinin mədəni irsinə və Cənub meşələrinə, Milli parklara qədər uzanan, toxunulmamış, bitməyən gözəllikləri olan Qafqaz sıra dağlarına malikdir. Göygölə və Şəmkirə səfərim zamanı yerli alman irsinin qorunma səviyyəsini görəndə heyrətləndim və buna görə Azərbaycana təşəkkür etmək istəyirəm. Bakının işgüzar parıltısı və extravaqant müasirliyindən tutumuş bir çox imperiyaların ənənəvi mədəniyyət nümunələrinə qədər çatan müxtəlifliyi  ən az tıxaclarda durmadığım zamanlar həmişə mənim ürəyimcə olub. Azərbaycan öz tarixi boyu çox vaxt müxtəlif istiqamətlərdə mərkəzləşmiş imperiyanın ən ucqar hissəsi olub. Bu, həqiqətən də ölkənin DNK-sında dərin kök salan və məni çox təsirləndirən Azərbaycan mədəniyyətinin açıq fikirliliyi və qəbulediciliyidir. Bu, həm də məni həqiqi sülhün mümkünlüyü ilə bağlı nikbinləşdirir.

 

- Azərbaycanda ziyarət etmək istədiyiniz yer var?

 

- Adlarını çəkməklə bitməz. Həyat yoldaşım və mən bu ölkənin füsunkar bölgələrindən və sehrli təbiətindən daha çox şey görə bilməyimizi istəyirik. Bu siyahını daraltmalı olsam, ən az Şəkinin qərbində yerləşən Gürcüstana yaxın olan sərhəd rayonlarına baş çəkməyi çox istərdim. Bu regionun məşhur gözəlliyini və eyni zamanda burada GİZ tərəfindən həyata keçirilən və KfW-inkişaf bankı tərəfindən maaliyyələşdirilən ekologiya üzrə alman layihələrinə görmək üçün səfər etmək istərdim.

- Bizim mühacirlər də daxil, miqrantların daha çox üz tutduğu ölkə Almaniyadır, bunun səbəbləri nədir?

-Artıq bildirdiyimi kimi, biz Almaniyanın bütün dünyada fəal insanlar üçün cəlbedici bir yer olduğunu görməkdən məmnunuq. Düşünürəm ki, bunun səbəbləri bir tərəfdən iqtisadiyyatla bağlıdir belə ki, Almaniya uzun müddətdir həyatında iddialı məqsədlərə çatmaq istəyənləri özünə cəlb edir.

Digər tərəfdən isə bizim siyasi və sosial mədəniyyətimizlə bağlıdır. Bizim konstitusiyamızın ilk cümləsi elə insan ləqayətinin toxunulmazlığından bəhs edir. Bu, bizim üçün, xüsusən də tariximizlə bağlı çox şey deməkdir. Vətəndaş azadlıqları, söz, toplaşmaq, fikir azadlıqları bizim üçün vacibdir.

İrqi, cinsi, dini mənsubiyyət və fiziki məhdudiyyətlərdən asılı olmayaraq azadlıqları yaşamaqdan söhbət gedir. Bütün bu dəyərlərə tam nail olunduğuna inanmıram, lakin onlar bizim hər gün, o cümlədən dövlət qulluqçusu kimi uğrunda mübarizə apardığımız məqsəddir. Mən həqiqətən inanıram ki, bugünkü Almaniyada hər növ təsəvvürlərə və müxtəlifliyə malik həyat planları həyata keçirilə bilər.

 
- Angela Merkel siyasətdən getdikdən sonra Almaniya siyasətində nələr dəyişəcək?

- Almaniya Federativ Respublikasının xarici siyasəti onilliklər boyu öz davamlılığı ilə səciyyələnir. Bununla belə, yeni hökumətlə bəzi düzəlişlər ediləcək. Planetimizi gələcək nəsillərin rifahı naminə qorumaq üçün iqlim dəyişikliyinə qarşı beynəlxalq mübarizə daha da gücləndiriləcək. Beləliklə, bərpa olunan enerjilər Azərbaycanla əməkdaşlığın daha vacib mövzusu olacaq. Yeni xarici işlər naziri Annalena Baerbock artıq diplomatik yanaşmasının qayəsinin insan haqları və demokratiya olacağını bəyan edib.

Almaniya ATƏT-in Minsk Qrupunun üzvü kimi gələcək nəsillər üçün bu yenidənqurma işində Cənubi Qafqaza əl uzatmağa, sülh və birgə yaşayışı təşviq edən hər kəsin yanında olmağa davam edəcək. Biz bilirik ki, Azərbaycan tarixinin şərtləri Avropanın digər bölgələrindəki müdafiə səviyyəsinə uyğunlaşmaq üçün müəyyən vaxt tələb edir. Fərqli fikirlərə toxunacağıq, amma biz ənənəmizə görə yüksək səsli siyasətdən çəkinəcəyik, çünki dostlar belə edir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir