Modern.az

Prezident təqaüdçüləri - Yüksək balla qeyri-populyar ixtisası seçən tələbə: “Həvəsim və sevgim vardı”

Prezident təqaüdçüləri - Yüksək balla qeyri-populyar ixtisası seçən tələbə: “Həvəsim və sevgim vardı”

Müsahibə

23 Dekabr 2021, 11:24

Bu il Azərbaycan Respublikasının ali məktəbələrinə qəbul olunmuş tələbələrdən 102 nəfər Prezident təqaüdünə layiq görülüb.

Onlardan 33 nəfər Bakı Ali Neft Məktəbində təhsil alacaq. Tibb Universitetinə qəbul olunan tələbələrdən 25-i, Bakı Dövlət Universitetində oxuyacaq tələbələrdən isə 15-i Prezident təqaüdçüsüdür. ADA Universitetindən 12, Azərbaycan Dövlət İqtisad Universitetindən (UNEC) 8, Dövlət İdarəçilik Akademiyasından 4, Azərbaycan-Fransız Universitetində (UFAZ) 2, Xüsusi təyinatlı ali məktəbdən 2, Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən (ADNSU) 1 nəfər gənc Prezident təqaüdçüsü kimi siyahıya düşüb.

 

 Bu tələbələr 210 manat Prezident təqaüdü alacaqlar.

 

Modern.az saytı “Prezident təqaüdçüləri” rubrikasına davam edir. Bu rubrikada 2021-2022-ci dərs ilində Prezident təqaüdünə layiq görülmüş I kurs tələbələrini sizə tanıdırıq. 

 

Nuridə İsmayılova Tovuz rayonunun Əlimərdanlı kəndindəki M.Musayev adına orta məktəbi bitirib. Qəbul imtahanlarında 664 bal toplayıb. Hazırda Bakı Dövlət Universitetinin Filologiya fakültəsində ali təhsil alır.

 

- Nüridə, belə yüksək bal topladığın halda Filologiya fakültəsini seçmisən. Bilmək olarmı niyə?
Düşünürəm ki, tək səbəb uşaqlıq arzusu deyil, başqa bir səbəb də var.

 

- Həm arzum olub, həm də Ana dilimizə olan məhəbbətimə görə bu fakültəni seçmişəm. Həmçinin,  Azərbaycan dili və ədəbiyyat fənlərindən iki dəfə Respublika Fənn olimpiadalarında medal qazanmışam. Bütün bunlar məni daha da həvəsləndirdi ki, filologiya ixtisasını seçim. Hüququ seçib gələcəkdə həvəssiz çalışmaqdansa, sevdiyim fakültəni seçib həvəslə çalışmağı daha üstün gördüm. Məncə gənclərin hamısı belə etməlidir. İnsan həvəsi və sevgisi olan peşəni seçməlidir.

 

- Hazırlıqlara getmisənmi? Nə qədər müddətə hazırlaşmısan?

 

- İki il hazırlıqlara getmişəm. Amma düşünürəm ki, yaxşı nəticə toplamaq üçün orta məktəbdə də dərslərə ciddi hazırlaşmaq lazımdır. Hazırlıqlar bildiklərini ümumiləşdirmək və təkrar etmək üçün lazımdır. Orta məktəbdə bütün fənləri oxumuşam və məktəbi də qızıl nişanla və fərqlənmə attestatı ilə bitirmişəm.

 

- Yüksək nəticən səncə nəyin sayəsində oldu?

 

- Ən başda ailəmin və müəllimlərin dəstəyi ilə. Onların mənim üçün etdiklərini heç vaxt unuda bilmərəm. Əlbəttə, çəkdiyim zəhmət də nəticəyə təkan verdi. Uğurun tək bir səbəbi yoxdur. Uşaqlıqdan hədəfim bu idi ki, yüksək nəticə əldə edim. Hədəf dəqiqləşəndə sağlam addımlar da atmaq olur. Uğurlu kəslərin hər biri bu sözü deyir.

 

- Nuridə, ailənizdə səndən başqa ali təhsil alan var?

 

- Hazırda bacım da BDU-da oxuyur. Atam da ali təhsillidir. Bacım da, mən də zəkamızın atamızdan keçdiyinə inanırıq. Zəkanın keçici olduğuna inanıram.

 

- Ali təhsili bitirdikdən sonra nə etmək istəyirsən? Öz sahən üzrə çalışmağı planlaşdırırsan?

 

- Müəllimlik dünyanın ən şərəfli və çətin peşəsidir. Ancaq mən müəllimliyi çətin bir peşə olaraq görmürəm. İnsana sevdiyi heç nə çətin deyil. Gələcəkdə öz sahəm üzrə çalışacam. Orta məktəbdə əldə etdiyim bilikləri və bundan sonra qazanacaqlarımı şagirdlərimə öyrətmək ən böyük arzumdur. Özümü əsl pedoqoq kimi görürəm.

 

- Prezident təqaüdçüsü olmaq, yüksək nəticə göstərmək necə hissdir? Düzdür, bu hislərin tərifi yoxdur, ancaq fikirlərin maraqlıdır?

 

- Gözəl hislərdir. Ən əsası, üzərimdə əziyyəti olanları qürurlandırdığım üçün xoşbəxtəm. Hər il prezident təqaüdünə düşənlərin siyahısına baxıb orada özümü xəyal edirdim. Xəyalım gerçəyə döndüyü üçün çox xoşbəxtəm.

 

- İmtahana hazırlaşdığın dövrdə sosial şəbəkələrdən istifadə edirdinmi?

 

- Dərslərə məsuliyyətlə yanaşırdım. Düzü, heç vaxt gərgin oxumamışam, həmişə fasilələrlə oxuyurdum. Çünki yorğun olanda saatlarla öyrəndiyimi dincələndən sonra uzağı 1 saata öyrənirdim. Sosial şəbəkələrdən istifadə edirdim. Məncə, bu, oxumaq üçün heç bir maneə yaratmır, əksinə, baş verənlərdən xəbərdar olmaq insanın dünyagörüşünü artırır.

 

- Gələcəkdə imtahan verəcək gənclərə motivasiya məqsədi ilə nə demək istərsən?

 

- Həvəslə çalışsınlar. Çətinliklə rastlaşanda ruhdan düşməsinlər. Həmişə məqsədlərinə çatacaqları günü xəyal etsinlər. Nə qədər çox əziyyət çəksən, bəhrəsi də bir o qədər şirin olar.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!