Modern.az

İnternet, sosial şəbəkələr ailə dəyərlərimizi sürətlə dağıdır - Komitə sədrilə MÜSAHİBƏ

İnternet, sosial şəbəkələr ailə dəyərlərimizi sürətlə dağıdır - Komitə sədrilə MÜSAHİBƏ

27 Dekabr 2021, 08:44

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova Modern.az-ın suallarını cavablandırıb:


- Hicran xanım, uzun illər Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə rəhbərlik etmisiniz. Bu gün də parlamentdə Ailə, qadın və uşaq məsələləri
komitəsinin sədrisiniz. Bilmək istərdik ki, bugünkü ailə münasibətləri qanunvericilikdə tam əksini tapıbmı? Eyni zamanda, bu sahə ilə bağlı nələrə ehtiyac var?

- Öncə qeyd edim ki, ailənin vətəndaş cəmiyyətinin inkişafında xüsusi rolu var.   Azərbaycan ailə modeli əsrlər boyu öz dəyərləri  ilə ən nümunəvi  sosial institutlardan biri olub. Hər bir insanın, hətta hər bir xalqın özünütəsdiqində və inkişafında ailənin rolu böyükdür. Ölkədə ailə institutunun  möhkəmləndirilməsi  üçün güclü  qanunvericilik bazası mövcuddur. Yeni  tələblər və ehtiyaclar əsasında bu baza daim təkmilləşir. Azərbaycan Respublikasının ailə qanunvericiliyi ailənin möhkəmləndirilməsi zərurətini,  ailə  münasibətlərinin  qarşılıqlı  məhəbbət və hörmət hissləri  əsasında  qurulmasını, ailə üzvlərinin ailə qarşısında məsuliyyətini, onların hüquqlarının maneəsiz surətdə həyata keçirilməsini müəyyən edir. Azərbaycan Respublikası Konstitusiyasının 17- ci maddəsində göstərilir ki, ailə cəmiyyətin əsas özəyi kimi dövlətin xüsusi himayəsindədir. Bizim ölkədə ailə siyasəti sahəsində qanunvericilik bazası yaradılmışdır. Eyni zamanda, ölkədə  institutun müdafiəsi  istiqamətində davamlı iş aparılır.  Lakin bununla yanaşı,  ailə münasibətlərinin təhlili, boşanma hallarının artması və boşanmanın səbəblərinin müayinəsi, həmçinin, zamanın yaratdığı  tələbə uyğun olaraq  ailə qanunvericiliyinə əlavə və dəyişikliklərin edilməsini aktuallaşdırır. Həmçinin,  qloballaşma şəraitində  dünyada  gedən proseslər  və çağırışlar, xüsusilə də  ölkəmizin yeni inkişaf imkanları Azərbaycanda ailə siyasətinin prioritetlərini özündə əks etdirən  müvafiq strategiyanın hazırlanmasını  zəruri edir. 
Ümumiyyətlə, qeyd etmək lazımdır ki, nikahın bağlanması ər və arvadın hüquq qabiliyyətini  məhdudlaşdırmır. Ancaq təcrübə göstərir ki, ailə daxilində münaqişələr və zorakılıq hallarının baş vermə səbəblərindən biri də məhz qadının nikahdan sonra hüquqlarının məhdudlaşdırılması və ya qadağan edilməsidir. İlk olaraq, bu hüquqlar insana  təhsil alma və əmək şəraitinin yaradılması imkanlarını verir -  hansılar ki şəxsin hərtərəfli formalaşmasında mühüm psixoloji amildir. Bəzi insanlar üçün müəyyən təhsil səviyyəsi və ya əmək fəaliyyəti  onların sosial əhəmiyyətini müəyyənləşdirir, ailədə və cəmiyyətdə özünü təsdiq edir.  Həmçinin, ailənin rifahını artırır,  böyüyən uşaqların təlim-tərbiyə, dünyagörüşünə pozitiv təsir göstərir.


- Hər bir xalqın ailə dəyərləri var. Siz də boşanmaların artdığını qeyd etdiniz. Təəssüf ki, son illərdə boşanmaların mərkəzində bəzi ailə dəyərləri, milli xüsusiyyətlər tamamilə itirilib. Milli ailə modelinin möhkəm olması üçün hansı səpkidə işlər görülməlidir?


- Dəfələrlə biz bu məsələ ilə bağlı müzakirələr aparmışıq, layihələr həyata keçirmişik. Burada bir neçə yanaşma var, ancaq məsələyə kompleks və sistemli yanaşmanı daha düzgün sayıram. Çünki, ailə özü-özlüyündə mürəkkəb anlayışdır, çox tərəfli funksiyaları mövcuddur. Ailənin funksiyaları bir tərəfdən ailə – cəmiyyət, digər tərəfdən ailə – şəxsiyyət qarşılıqlı təsiri sistemini əks etdirir. Cəmiyyət sosial təsisat kimi ailəyə olan tələblər əsasında  dəyişir və bunun müqabilində onun funksiyaları da fərqlənir.  Lakin bunun belə, bəzi əsas funksiyaları  qeyd etmək olar: nəsil artırma, tərbiyə etmə, təsərrüfat-iqtisadi, rekreativ (ailə üzvlərinin bir-birilərinə qarşılıqlı köməyi, sağlamlığın qorunması, istirahətin təşkili), kommunikativ və tənzimləyici (ailədə ilkin sosial nəzarət, nüfuz və hakimiyyətin reallaşması və bölünməsi). Bunlar o qədər bir-biri ilə bağlıdır ki, hər hansı ailə haqqında, orada mövcud münasibətlər və ya problemlər haqqında danışarkən bu funksiyalar nəzərdən keçirilməlidir. Məsələn, bu gün aktual məsələlərdən biri ailə mədəniyyətidir. Qeyd edim ki, bizim çox gözəl ailə, milli-mənəvi dəyərlərimiz var və bu dəyərlər nəsildən-nəslə keçərək, bu gün də yaşadılır. Lakin biz qlobal tendensiyaların, informasiya və kommunikasiya texnologiyaların ailə institutuna təsir etdiyini müşahidə edirik. Bu da əlbəttə ki, öz təsirini göstərir və əfsuslar olsun ki, hazırda bir çox ailələrdə biz problemlərin yaşandığının şahidiyik. Aqressiyanın artması, ailə üzvlərinin bir-birinə qarşı dözümsüzlüyü bu münasibətləri daha da dərinləşdirir, ailədə münaqişə və zorakılıq hallarının baş verməsinə səbəb olur. Müasir dövrdə informasiya çoxluğu və qlobal proseslər valideyn - övlad münasibətlərinə yeni tendensiyalar gətirir. Təhlillər də göstərir  ki, valideynlərin övladları ilə ünsiyyətində, xüsusilə də uşağın keçid yaş dövrlərində  bir sıra çətinliklər yaranır ki, bu da ağır fəsadlara səbəb olur. Eyni zamanda, əlilliyi olan uşaqlarla da münasibətin qurulmasında valideynlər problemlərlə üzləşir. Bu gün bir çox ailələrdə valideyn olmaq və valideynlik etmək və bu məsuliyyəti daşımaq probleminin olduğunu görürük. Ailə dəyərlərimizin təbliğində KİV-in, xüsusilə televiziyanın üzərinə böyük iş düşür. Əfsuslar olsun ki, bir çox hallarda  sosial-məişət mövzulu proqramlarda yalnız cəmiyyətin neqativ hissəsi nümayiş olunur. Halbuki, bizim çox sayda nümunəvi ailələrimiz var. Düzdür, ailələrin problemlərini işıqlandırmaq lazımdır,  lakin balans pozulmamalıdır.

Ən təhlükəli məsələlərdən biri də internetin, sosial şəbəkələrin  çox sürətlə ailələrə daxil olmasıdır ki, bu da qarşısıalınmaz bir prosesdir. Biz görürük ki, insanlar öz ailə üzvləri ilə müqayisədə virtual məkanda daha çox vaxt keçirirlər. Bu isə insanları bir-birindən uzaqlaşdırır, ər, övlad - valideyn ünsiyyətində soyuqluq yaradır.  Xüsusən də bu böyüməkdə olan gənclərimizə, onların psixikasına mənfi təsir göstərir, asılılıq yaradır. Eyni zamanda, milli-mənəvi dəyərlərin aşınmasına yol açır. Burada xüsusilə, ailə quran cütlüklərin bir-biri və ailə qarşısında sosial və mənəvi məsuliyyət  daşımasına toxunmaq istərdim. Bu hiss və cavabdehlik olmayanda, onun yerini eqoizm, natamamlıq tutur ki, bu da yenə ailədə neqativ halların yaranmasına səbəb olur.


- Ailə modelinin milli xüsusiyyətlərini qeyd etdiniz. Amma dəyişən dünyada qanunlar da, onların icra mexanizmi də dəyişir. Belə olan təqdirdə, ailə münasibətlərinin yeni modeli hazırlanarkən hansı ölkələrin təcrübəsindən istifadə olunur?


- Bəli bir neçə il bundan əvvəl, daha dəqiq 2014-cü ildə BMT “Beynəlxalq Ailə Günü”nün  20 illiyi münasibəti ilə “Gələcəyin ailəsi” adlı kitab nəşr edirdi. Bu kitabda 10 ən uğurlu ailə modellərindən biri Azərbaycan, digəri isə qardaş Türkiyə ailə modeli idi. Bununla nə demək istəyirəm ki, bizim ailə modelimiz  çox yaxşı xüsusiyyətləri özündə əks etdirir. Lakin, qeyd etdiyimiz kimi, açıq cəmiyyətin və müasir dövrün gətirdiyi yeni tendensiyalar bu modelə öz mənfi təsirini göstərməkdədir. Buna görə də biz bu sərvəti qorumalıyıq.  Sırf qanunvericilik nöqteyi-nəzərindən və yaxşı təcrübələrin öyrənilməsi və tətbiq olunması baxımından biz bir çox ölkələrin  modellərini, qanunlarını nəzərdən keçiririk. Lakin bunların bizim ailə institutumuza təsiri də ölçülür, araşdırılır.



- Bu gün statistikaya nəzər salanda boşananların sürətlə artmasının şahidi oluruq. Boşanmaların sürətlənməsinin kökündə nə dayanır?

- Son illər nikahların azalması, boşanmaların artması, doğulan uşaqlar arasında cins nisbətinin pozulması ailədaxili münasibətlərin tənzimlənməsi sahəsində bir sıra boşluqların olmasını sübut edir. Son 10  ildə əhalinin hər 1000 nəfərinə nikahların ümumi əmsalı 8,9-dan 3,5 -ə düşmüşdür. Həmin müddət ərzində isə əhalinin hər 1000 nəfərinə boşanmaları ümumi əmsalı 1- dən 1,5-ə qədər artmışdır. Belə ki, 2010- cu ildə nikahların sayı 79 172, boşanmaların sayı 9 061, 2020-ci ildə isə nikahların sayı 35 348, boşanmaların sayı isə 14 628 olmuşdur.

Qeyd etdiyim kimi, burada müxtəlif  səbəblər var. Lakin daha dərin  səbələr əsasən, patriarxal mədəniyyət və tərbiyənin və yanlış stereotiplərin təsiri,  ailədaxili münasibətlərin düzgün qurulmaması, ailədə rol və vəzifələrin, eləcə də məsuliyyətin aydın olmaması; ailə üzvlərinin psixoloji uyğunluğunun olmamasıdır.

Təhlillər göstərir ki,  nikahların pozulmasının səbəbləri sırasında  ilk  yerdə xasiyyətlərin uyğun gəlmədiyi qeyd olunur.  Bu da təxminə 60-70 % təşkil edir. Ailə üzvləri arasında ünsiyyət çətinliyi, sosial-psixoloji mühitin gərgin olması ailələrin təməlinin zəifləməsinə və nəticədə dağılmasına gətirib çıxarır. Bu isə  nikahdan əvvəl  tibbi müayinə ilə yanaşı, ailə quracaq gənclərin müvafiq psixoloji uyğunluğunun yoxlanılması  məsələsini aktuallaşdırır.  Bu istiqamətdə “Ailə Psixoloqu” institutunun, ailə məhkəmələrinin yaradılması, əhalinin bu xidmətdən geniş istifadəsi üçün zərurui tədbirlərin görülməsinə ehiyac vardır. Tərəfimizdən bu sahədə müxtəlif ölkələrin təcrübəsi öyrənilir. Ən yaxşı nümunələrdən biri Türkiyədir. Burada  ailə psixoloqu həm müvafiq nazirliyin, həm də bələdiyyələrin tərkibində fəaliyyət ğöstərir. Digər təcrübə mediatorluqdur  və ölkədə bu təcrübənin müsbət nəticələri var. Lakin bu sahədə işləri daha da gücləndirmək lazımdır.  Boşanmanın digər səbəbləri sırasında reproduktiv sağlamlıq, tərəflərdən birinin zərərli vərdişlərin aludəçisi olması,  zorakı davranışa meyllilik və s. də var.


- Bir çox ölkələrdə vətəndaş nikahlarının da sayı artmaqdadır. Bir nüans var ki, digər ölkələrdə vətəndaş nikahları normal qarşılanır. Azərbaycanda isə insanların çoxu gizli formada vətəndaş nikahında yaşayır. Sizcə vətəndaş nikahlarının mənfi və müsbət tərəfləri nədən ibarətdir?


- Azərbaycanda vətəndaş nikahı qanunla tənzimlənmir, bu baxımdan da rəsmi nikah olmayanda bir sıra problemlər yaşanır. Rəsmi nikahda yaşayan ər-arvad arasındakı münasibətlərlə qeyri-rəsmi nikahda yaşayan kişi və qadın arasındakı münasibətlər oxşar olsa da, onlar status baxımdan fərqlidirlər. Çünki qeyri-rəsmi nikahda yaşayan qadınla kişinin birgə yaşamasına, birgə təsərrüfat aparmasına baxmayaraq Ailə Məcəlləsi tərəfindən tənzimlənən ər-arvad münasibətlərinə dair müddəalar onlara şamil edilmir. Ailə Məcəlləsinin 32-ci maddəsinə görə, «nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Lakin qeyri-rəsmi nikahda yaşayan qadınlar əmlak və qeyri-əmlak hüquqlarından istifadə məsələsində çıxılmaz vəziyyətə düşürlər. Qeyri-rəsmi nikahda yaşayıb  ev işləri və uşaqlara baxdığına görə və ya «əri» qoymadığı üçün işləməyən qadınlar kişilərindən ayrılanda əmlak hüquqlarından da məhrum olurlar.

Qeyri-rəsmi nikahdan doğulan uşaqların hüquqları heç bir halda pozulmur. Onların hüquqları eynən qanuni nikahdan olan uşaqlın hüquqlarına bərabər tutulur. Rəsmi nikah olmayan şəxslərin uşaqlarının hüquq və vəzifələri ailə qanunvericiliyi ilə müəyyən edilir. Qanunla nəzərdə tutulmuş qaydada atalıq müəyyən olunduqda, uşaqlar valideynlərinə və onların qohumlarına münasibətdə rəsmi nikahda olan valideynlərinin uşaqlarının malik olduqları hüquq və vəzifələri daşıyırlar. 2010-cu ildə rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı 25 385 olub. Bunlardan  hər iki valideynin ərizələrinə əsasən Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrində qeydə alınmış uşaqların sayı 18040, tək ananın ərizəsinə əsasən Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrində qeydə alınmış uşaqların sayı isə 7345 olmuşdur. Ötən 10 il ərzində rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı 1,4 dəfə azalaraq 17714 olub.  Bunlardan  hər iki valideynin ərizələrinə əsasən Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrində qeydə alınmış uşaqların sayı 13185, tək ananın ərizəsinə əsasən Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrində qeydə alınmış uşaqların sayı isə 4529  olmuşdur. Qeyd etdiyiniz kimi, bir çox ölkələrdə vətəndaş nikahı var, lakin burada  bir sıra məsələlər hüquqi müstəvidə öz həllini tapır və belə nikahda yaşayan insanların bir-biri və əgər dünyaya uşaq gətiriblərsə, onun qarşısında məsuliyyətləri var. Bununla bağlı hüquqi prosedur və normalar mövcuddur.  Ona görə də bu elə də asan bir məsələ deyil.



- Hicran xanım, siz əslən Qubadlı rayonundansınız. Qubadlı artıq işğal altında deyil. Qubadlını ziyarət edə bilmisinizmi? Əgər etmisinizsə, keçirdiyiniz hissləri sözlə ifadə etmək çətindir, yoxsa asan?


- 28 ildən sonra doğma Qubadlıya ayaq basdım. İnanılmaz dərəcədə qürur və fəxarət hissi keçirdim. Həyəcanlı idim,  sevinirdim, çünki ata-baba torpağındaydım. Kədərlənirdim ki, nə qədər insan Qubadlı, Qarabağ həsrəti ilə bu dünyadan köçdü. İndi onların da ruhu şaddır.  Doğrudur, biz erməni barbarlığının hər addımda şahidi olduq. Ancaq hazırda burada aparılan quruculuq işləri bizi sevindirir. Xalqımızın əzmini, dövlətimizin, ölkə başçısının iradəsini təcəssüm etdirən bu quruculuq işləri insanda  bir əminlik yaradır. Bu heyrətamiz hissləri yaşatdığı üçün bir daha şəhidlərimizin qarşısında baş əyirəm, qazilərimizə Allahdan şəfa diləyirəm. Müzəffər ordumuza, onun qalib sərkərdəsi, Ali Baş Komandan cənab İlham Əliyevə minnətdarlığımi bildirirəm. Respublikanın birinci vitse -prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya mədəni, tarixi, dini irsimizin bərpa edilməsində göstərdiyi yorulmaz əməyinə görə təşəkkürümü bildirirəm. Torpaqlarımız düşmən tapdağından azad olunur, nəfəs alır, sanki biz də yenidən cavanlaşırıq, Yeni arzular, yeni planlarla yaşayırıq!  Qubadlı rayon ictimaiyyətinin nümayəndələri ilə birgə mən də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Respublikanın birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ilə Qubadlı rayonunda keçirilən görüşdə iştirak etdim. Cənab Prezident, Mehriban xanım çox səmimi hisslər aşılıyırdılar. Olduqca xoş təəssürat yaranmışdı.  Hər birimizlə söhbət edir, fikirlərimizi dinləyir, təkliflərimizi müzakirə edirdilər. Belə bir ünsiyyət insanı daha da ruhlandırır, həvəsləndirir, qurub-yaratmaq istəyi daha da güclənir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!