Modern.az

Prezident təqaüdçüləri: “Hüquqşünas olmağı arzulamırdım” - MÜSAHİBƏ

Prezident təqaüdçüləri: “Hüquqşünas olmağı arzulamırdım” - MÜSAHİBƏ

Müsahibə

4 Yanvar 2022, 09:51

2021-2022-ci təhsil ilin qəbul imtahanları nəticəsində ali məktəb tələbəsi adı qazanmış 102 nəfər Prezident təqaüdünə layiq görülüb.
 

Onlardan 33 nəfər Bakı Ali Neft Məktəbində təhsil alacaq. Tibb Universitetinə qəbul olunan tələbələrdən 25-i, Bakı Dövlət Universitetində oxuyacaq tələbələrdən isə 15-i Prezident təqaüdçüsüdür. ADA Universitetindən 12, Azərbaycan Dövlət İqtisad Universitetindən (UNEC) 8, Dövlət İdarəçilik Akademiyasından 4, Azərbaycan-Fransız Universitetində (UFAZ) 2, Xüsusi təyinatlı ali məktəbdən 2, Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən (ADNSU) 1 nəfər gənc Prezident təqaüdçüsü kimi siyahıya düşüb.
 

 Bu tələbələr 210 manat Prezident təqaüdü alacaqlar.
 

Modern.az saytı “Prezident təqaüdçüləri” rubrikasına davam edir. Bu rubrikada 2021-2022-ci dərs ilində Prezident təqaüdünə layiq görülmüş I kurs tələbələrini sizə tanıdırıq. 


Nərgiz Cəfərova Sumqayıt şəhər Tofiq  İsmayılov adına 29 saylı tam orta məktəbi bitirib. 666, 9 bal toplayaraq Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Hüquq fakültəsinə daxil olub. Onunlə söhbəti təqdim edirik:
 

- Nərgiz, neçə yaşından hüquqşünas olmaq istəmisən? Həm də niyə məhz hüquqşünas?

- Uşaqlıqdan “hüquqda oxuyacam” deyən biri olmamışam. Belə bir arzum da yox idi. Qəbul imtahanlarından sonra yüksək bal topladım və bu ixtisasın mənə daha çox yaxın olduğunu hiss etdim.

Qarşıma tək bir məqsəd qoymuşdum, o da yüksək bal toplamaq. Düşünürdüm ki, məqsədə nail olmaq üçün yüksək nəticə göstərməliyəm. Nəticələr elan olunduqdan sonra isə hansı universitetdə və hansı ixtisas üzrə təhsil alacağımı müəyyən etdim. Gördüm ki, bu ixtisasda özümü daha çox inkişaf etdirə bilərəm, uğurlu karyeram olar.
 

- Bəs universitet seçiminə necə qərar verdin?
 

- Hazırlıq müddətimdə 10-cu sinfdə oxuyanda ali məktəıbimin adını eşitmişdim və xüsusi bir simpatiyam var idi. O vaxtdan ağlımda saxlamışdı. Daim müsbət rəylər eşidirdim ki, burda tələbələrə dəyər verirlər. Hazırda buna şahid də oluram. Tələbələrə fərd kimi yanaşırlar, hüquqlarını tapdalamırlar.
 

- İmtahana necə hazırlaşırdın? Fasilələrləmi çalışırdın?
 

- Hazırlaşma prosesi mənim üçün çox maraqlı idi. 1 il repititor yanına getmişəm o 1 il həyatımdakı ən gözəl il olub. Çünki mükkəmməl dostlar qazandım. Elə dostlardılar ki, həyatımın bundan sonrakı dönəmində onlar mənim yanımda olacaqlar. Bütün abituriyentlərə məsləhətim odur ki, planlı iş görsünlər. Mənim heç yadıma düşmür ki, gecə 3-də durub dərs oxuyum. Müəyyən şeylərə limit qoymuşdum, hər şeyə vaxt ayırmağa çalışırdım.  Filmlərə baxırdım, az da olsa gəzməyə çalışırdım. Abituriyentlik dövrümdə bütün sosial şəbəkələrdəki hesablarımı bağlamışdım. Düşünmüşdüm ki, onlardan bir il uzaq olsam, mənə heç bir mənfi təsiri olmayacaq .


- Gələcəkdə peşən üzrə nələri etməyi düşünürsən? Xüsusi planların varmı?


- Günümzdə qadın cinayətlərinin sayı durmadan artır. Düzünü desəm, bu ixtisası seçməyimin səbəblərindən biri də budur. İstəmirəm ki, bir xəbər saytını açanda bir qadının həyat yoldaşı və ya başqa şəxslər tərəfindən fiziki, cinsi zorakılığa məruz qaldığını oxuyum. Qadın hər kəsin həyatında önəmli faktordur. Düşündüm ki, bu ixtisasa yeyələnsəm, qadınların hüquqlarının qorunması sahəsində az da olsa, bir şey edə bilərəm.


- Qəbul imtahanı zamanı ən yüksək nəticəni hansı fənndən göstərmişdin?


- Azərbaycan dili, ingilis dili və ədəbiyyatdan daha çox bal toplamışdım. İngilis dilinə uşaqlıqdan həvəsim olub. Müəlliməm sevdirmişdi mənə bu fənni.


- Xaricdə təhsil almaq istəyərsən?


- İmkan olarsa, bəli, xaricdə təhsil almaq çox vacibdir. Əgər elə bir şans olsa, düşünmədən xaricdə təhsil alacam.
 

- Ailədə səndən başqa ali təhsil alan var?
 

- Qardaşım məndən böyükdür. O isə Bakı Biznes Universitetində ali təhsil alır. Anam dərzidir, atam da ali təhsilli deyil.
 

- İmtahan verəcək abituriyentlərə nə demək istərsən?
 

 - Heç vaxt həyəcanlanmasınlar. Ali məktbə qəbul olunmasalar, ruhdan düşməsinlər, hələ heç bir şey itirmirlər. Daim  özlərinə inansınlar. Mən qarşıma bal yığmağı məqsəd qoymuşdum, onlar  qarşılarına başqa məqsədlər qoysunlar.

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir