Sənaye zonalarının yaradılması nə vəd edir? – Vahid Əhmədovla MÜSAHİBƏ

Sənaye zonalarının yaradılması nə vəd edir? – Vahid Əhmədovla MÜSAHİBƏ

Müsahibə

10 Yanvar 2022, 18:32

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Modern.az-ın suallarını cavablandırıb.

 

- Vahid müəllim, İqtisadi Zonaların İnkişafı Agentliyinin yaradılması gələcək üçün nə vəd edir və İZİA-nın ölkə İqtisadiyyatındakı rolunu necə görürsüz?

 

- Məlumat üçün bildirim ki, 2021-ci ilin yanvar ayının 22-də ölkə başçısı İlham Əliyevin imzaladığı Fərmanla İqtisadiyyat Nazirliyinin tabeliyindəki "Sumqayıt Kimya Sənaye Parkı" MMC-nin əsasında İqtisadi Zonaların İnkişafı Agentliyi yaradılıb. İqtisadi Zonaların İnkişafı Agentliyi sənaye parklarının, sənaye məhəllələrinin və aqroparkların fəaliyyətinin təşkili, onların idarə olunması və inkişafı ilə bağlı tədbirlər hazırlayan, həyata keçirilməsini təmin edən, o cümlədən bu istiqamətdə göstərilən dövlət dəstəyi tədbirlərində iştirak edən publik hüquqi şəxsdir.

 

Agentliyin yaradılmasında məqsəd əksər sənaye parkları, sənaye məhəllələri və aqroparkların fəaliyyətinin daha təkmil şəkildə qurulmasına, eyni zamanda, innovativ metodlardan istifadə edilməsinə nail olmaqdır.

 

Əsas məqsəd dövlət dəstəyinin gücləndirilməsi ilə bağlıdır. Sənaye parklarının, sənaye məhəllələrinin və aqroparkların bir agentlik tərəfindən idarə olunması və nəzarətin həyata keçirilməsi həm də dövlət dəstəyinin gücləndirilməsi baxımından çox vacibdir. Nəticədəbu istiqamətdə dövlət dəstəyinin gücləndirilməsi həyata keçiriləcək. Yeni agentlik həm sənayedə, həm də aqrar sektorda daha innovativ hesab olunan məhsulların istehsalına, dövlət-özəl tərəfdaşlığının və dövlət dəstəyinin gücləndirilməsinə xidmət edəcək.

 

O baxımdan, yeni agentliyin yaradılması təqdirəlayiqdir. Bu, birmənalı şəkildə sənaye və kənd təsərrüfatı məhsullarının istehsalının genişləndirilməsinə imkan yaradacaq. Xüsusən də kənd təsərrüfatında emaledici məhsulların istehsalında artımlar müşahidə olunacaq.

 

Yeni agentliyin formalaşması daha çevik və təkmil idarəetmənin qurulmasına imkan yaratmaqla sənaye və emaledici kənd təsərrüfatı məhsullarının istehsalının artmasına gətirib çıxaracaq.

 

Sənaye parkları, sənaye məhəllələri və aqroparkların işinin səmərəli və yeni tənzimləyici və idarəetmə çərçivəsində təşkili ölkəyə sərmayə axını, ixracın genişlənməsi və iş yerlərinin yaradılması prosesini müsbətə doğru tətikləyəcək.

 

- Bir az öncə qeyd etdiniz ki, İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində sənaye parkları, sənaye məhəllələri və aqroparklar olacaq. Sənaye və kənd təsərrüfatı sahələrinin bir idarəçilikdə olmasının nə kimi üstünlükləri gözlənilir?

 

- İqtisadi Zonaların İnkişafı Agentliyi əvvəlcə ölkədə aqrar-sənaye sahəsinin modernləşdirilməsinə təsir göstərəcək. Ən əsası Agentlik sözügedən sahələrdə sistemli idarəetmənin formalaşmasına köməklik edəcək. Sistemləşmə və təkmilləşdirmə işləri uğurlu fəaliyyətin ən əsas faktorlarından biridir. Agentlik həm aqrar, həmdə ki, sənaye sahəsində fəaliyyət göstərən sahibkarlar arasında əlaqə bağının qurulmasında mühüm rol oynayacaq. Azərbaycanda sözügedən sahələrə dövlət dəstəyəni artırmağa və yerli istehsalı genişləndirməyə kömək edəcək. İqtisadi Zonaların İnkişafı Agentliyinin fəaliyyətinə verilən dəstək sayəsində daha innovativ məhsulların istehsalı da mümkün olacaq. Bu da yerli istehsalın dünya bazarında rəqabət qabiliyyətini gücləndirəcək.

 

- Bəs, ölkəmizdə mövcud sənaye zonalarına xarici investorların cəlb edilməsi istiqamətində hansı işlər görülür?

 

- Qeyd edim ki, sənaye zonalarında sahibkarlıq subyektinin inkişafı üçün tam əlverişli investisiya mühiti yaradılıb. Bu da ki, istər yerli, istərsə də xarici sahibkarlar üçün cəlbediciliyi daha da artırır. Belə ki, Sənaye parklarının rezidentləri qeydiyyata alındıqları tarixdən 10 il müddətinə əmlak vergisindən, torpaq vergisindən, gəlir və ya mənfəət vergisindən, istehsal məqsədilə idxal etdikləri texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və 7 il müddətinə gömrük rüsumlarından azad olunurlar. Sənaye Parkı dövlət vəsaiti hesabına hazır infrastruktur sistemi ilə təmin edilir. Parklardakı torpaq sahələri minimum qiymətlərlə uzunmüddətli sahibkarların icarəsinə verilir. Qeyd edilənlərdən bir daha aydın olur ki, sənaye parklarında iş adamları üçün tam şərait yaradılıb. Bu şəraitdən istər yerli, istərsə də xarici iş adamları yararlana bilərlər. Hamı üçün Parkın üzvülüyü bərabərdir.

 

- Maraqlıdır, sənaye zonaları yaradılandan indiyədək iqtisadiyyatın inkişafında özünü nə dərəcədə doğruldub?

 

- Məlumdur ki, ilk sənaye parkımız Sumqayıt Kimya Sənaye Parkıdır və bu park 2011-ci ildə yaradılıb. Amma hazırda sənaye parklarının sayı 7-yə, sənaye məhələlərinin sayı isə 5-ə çatdırılıb. Bu da ondan xəbər verir ki, sənaye parkları və sənaye məhəllələri  iqtisadi cəhətdən özünü doğruldur və buna görə də onların regionlarda yaradılması istiqamətində işlər uğurla davam etdirilir. Sənaye zonaları qısa zaman ərzində yaradılmalarıına baxmayaraq, onların ölkənin qeyri-neft sektorunun inkişafında çox böyük yerləri var. 2021-ci ildə Sənaye zonalarının ölkə sənayesinin qeyri-neft sektorunda xüsusi çəkisi 14,2%, ölkə üzrə qeyri-neft sənaye məhsullarının ixracında xüsusi çəkisi 25,9% təşkil edib. Sənaye zonalarında istehsal olunan məhsullar dünyanın 30-dan çox ölkəsinə ixrac edilir. Sənaye zonalarında istehsal olunan məhsullar ölkəmizin idxaldan asılılığının azaldılmasına və ixrac imkanlarımızın genişləndirilməsinə təkan verir. “Made In Azerbaijan” brendini dünyada tanıdır.

 

- Vahid müəllim, Qarabağda yaradılan yeni sənaye parkları haqqında nə deyə bilərsiniz?

 

- Tarixi irs və azad edilmiş ərazilərin potensialı nəzərə alınaraq, burada dörd regional mərkəzin yaradılması planlaşdırılır. Ağdamda sənaye, Cəbrayılda logistika və ticarət, Şuşada mədəniyyət və turizm, Kəlbəcərdə mədənçilik və turizm mərkəzləri yaradılacaq. İşğaldan azad olunmuş ərazilərdə məskunlaşmanın təşfiqi, eyni zamanda, həmin ərazilərin iqtisadi potensialının mərkəzləşdirilməsi üçün hökumət müxtəlif alətlərdən istifadə edərək, öz mövqeyini ortaya qoyur. Bu istiqamətdə resursları səfərbər etməklə bölgənin qısa müddətdə ölkə iqtisadiyyatına inteqrasiyası məqsədilə addımlar atılır. Həmin ərazilərə ümumi yanaşma olacaq, amma eyni zamanda, xüsusi zona statusundan da istifadə etməklə bölgəyə investisiyanın cəlbi nəzərdə tutulur. Məlumdur ki, Ağdam şəhəri XX əsrdə ölkəmizin sənaye mərkəzlərindən biri kimi tanınırdı. Amma mənfur düşmənin amansızlıqları şəhərin yerlə-yeksan edilməsinə, sənayenin isə çökdürülməsinə gətirib çıxarıb. Ancaq inanıram ki, yeni yaradılan Ağdam Sənaye Parkı bölgənin yenidən dirçəlməsinə və regionun sənayeləşmə siyasətinin inkişaf etdirilməsinə təkan verəcək. Park 190 hektar ərazini əhatə edir.

 

Cəbrayıl "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkınının yaradılması yeri kimi müəyyən edilib. Park 200 hektar ərazini əhatə edir. Ərazi nəqliyyat kommunikasiya imkanlarının üzərində yerləşdiyindən biznes üçün olduqca əlverişlidir. Dəmiryolunun bərpa edilməsindən sonra Zəngəzur üzərindən Naxçıvan-Türkiyə, Naxçıvan-İran, həmçinin əks istiqamətdə, Gürcüstana, Rusiyaya və hətta gələcək uzunmüddətli dövrdə Ermənistana belə malların daşınması mümkün olacaq. Digər tərəfdən, zonanın Xudafərin körpüsünün yaxınlığında olması və gələcəkdə burada yeni sərhəd məntəqəsi də fəaliyyətnin nəzərdə tutulması bölgənin iqtisadi əhəmiyyətini daha da artırır. Bu mənada zonanın İrana məhsul ixrac edilməsində böyük üstünlükləri var. Düşünürəm ki, bütün bunlar daha qısa müddətdə xarici və daxili investisiyaların səfərbər edilməsinə şərait yaradır. Çünki Sənaye Parkı statusu sahibkarlara həm vergi, həm də digər istiqamətlərdə fiskal güzəştlər verir. Bu güzəştlərdən sahibkarların yararlanması fonunda bölgəyə maraq yüksək olacaq”.Bu kimi addımlar yeni iş yerlərinin yaradılmasına mühüm töhfə verəcək. Böyük ehtimalla, gələcəkdə investisiya qoyan rezidentlər çalışacaqlar ki, mümkün qədər bölgənin resurslarına uyğun fəaliyyət planları icra etsinlər. Bu o deməkdir ki, əlavə olaraq bölgənin inkişafı üçün multiplikativ bir dəyər formalaşdırma imkanı olacaq. Malları, xidmətləri həmin bölgədən almaqla, xammalı ordan çıxarmaqla iqtisadiyyatın təşkil edilməsi sənaye zonasının bölgənin iqtisadiyyatına effektiv təsirlərini daha da dərinləşdirə bilər. Eyni zamanda bu, iş yerləri də yaradacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İran daxildən çat verir - Siyasi gərginlik pik həddə