Modern.az

Reklamçılar İttifaqının icraçı direktoru: “Sosial şəbəkələr reklam bazarını çökdürür” - MÜSAHİBƏ

Reklamçılar İttifaqının icraçı direktoru: “Sosial şəbəkələr reklam bazarını çökdürür” - MÜSAHİBƏ

20 Yanvar 2022, 13:31

Cahid Həsənov: “Tanınmış xarici firmalar reklam və marketinq nümayəndəliklərini Azərbaycanda da açmalıdır”

Azərbaycan Reklamçılar İttifaqında rəhbərlik dəyişib, quruma yeni İcraçı direktor təyin olunub.
Modern.az saytı Azərbaycan Reklamçılar İttifaqının İcraçı direktoru, Ümumdünya Reklamçılar Assosiasiyasının üzvü, Beynəlxalq Reklam Festivalları mükafatçısı, Roma Şəhərinin fəxri alimi, Türkdilli Ölkələrin Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının professoru Cahid Həsənovla həmsöhbət olub. Onunla müsahibəni təqdim edirik:

- Pandemiya bəlası yəqin ki, dünya reklam bazarından da yan ötüşmədi. Bir reklamçı ekspert kimi dünya reklam bazarının 2021-ci il üzrə durumunu necə qiymətləndirərdiniz?

- Əgər geniş anlamda götürsək – dünya iqtisadiyyatına dəyən zərər təbii ki, reklama da təsir göstərdi. Buna baxmayaraq, əvvəlki illərlə müqayisədə inkişaf dinamikası başqa sahələrlə yanaşı, reklamda üstünlük təşkil etməyə başlayıb. Statistikaya əsaslansaq, 2021-ci ildə dünyada reklam xərclərində 10.5 % artım qeydə alınıb. Yəni dünyada  reklam xərcləri 640 milyard dollar cüvarında olub. Ölkələrə gəlincə isə ilk beşlikdə bu ölkələrdir: Kanada - 14%; ABŞ - 13.7%;  Avstraliya - 12.7%;  Böyük Britaniya - 12%...

- Bəs Azərbaycan?

- Azərbaycan  MDB məkanında  reklama qoyulan vəsaitin artım dinamikasına  görə ilk “beşlik”dədir. Dünya  reklam bazarında olan ümumi vəsaitin yarısı sosial şəbəkələr, video, axtarış sahələrinə aid edilir. Bu da onu göstərir ki, ənənəvi  reklam yayımınınbəzi sahələri artıq sıradan çıxıb. Belə ki, açıq məkanda, qəzet və jurnallarda reklama düşən pay da üz tutub yuxarıda adını çəkdiyim sahələrə.

- Belə çıxır ki, maraq haradırsa, reklam da o tərəfə yan alıb...

- Düz buyurursunuz. Amma dəyən ziyan – daha doğrusu, reklamın digər sahələrə yön alması nəticəsində dəyən ziyan təkcə rəqəmlərlə ölçülmür. Təsəvvür edin ki,  bu sahədə çalışan nə qədər insan daimi iş yerlərini itirib, ixtisarlarla üzləşib. Özünüz nəticə çıxarın: dünya reklam xərclərinin – 634 milyard dolların 25-27 faizini özünə cəlb edən bu dediyim sahələrin fəailiyyətində reklam gəlirinin azalması nə qədər ziyan edir. Bir anlıq təsəvvür edin ki, açıq məkan reklamı ilə məşğul olan reklamçılara məxsus iri həcmli çap avadanlıqları sıradan çıxır, bu texnikanı işlədən kompüter proqramçıların, memarların, konstruktorların, dizaynerlərin, rəssamların, texniki avadanlıq ticarətçilərinin, bir sözlə texniki işçilərin xeyli hissəsi ixtisara  düşür. Təbii olaraq bu prosses Azərbaycanda da baş verir.

- Cahid müəllim, çıxış yolu varmı? Yoxsa bu, təbii proses olaraq belə də davam edəcək?

- Bilirsinizmi, elə bir  məqam gəlib çatıb ki, indi sosial şəbəkələrlə digər sahədə reklamla məşğul olanlar arasında əsl mübarizə anıdır. Ənənəvi açıq məkan reklam qurumları gərək reklam bazarının əldən getməməsi üçün çevik, intensiz reklam yayım qiymətləri ilə bazar oynaqlığı etsinlər.

- Biz Azərbaycanda yaşayırıq. Bizi öz reklamımız daha çox maraqlandırır. Nə yerdədir bu sahə? Reklamın fəaliyyətinə nəzarət  edən, inkişafını müəyyən edən  qurumlar varmı?

- Bizdə açıq məkan reklamları ilə əlaqədar dövlət agentliyi yaradılıb. Təəssüf ki, bu agentlik yarandığı gündən Azərbaycanda açıq məkan reklamlarını əldə saxlaya  bilmədi. Son üç ildə açıq məkanda reklamın sürətli artımı olmasa da, ən azından boşalması tempi bundan az olardı. Təyin olunmuş standart reklam qiymətləri onsuz da azalmaqda olan açıq məkan reklamını daha da gerilətdi. Söhbət regionlar üzrə  2, 3 zona bölgüsü ilə standart reklam yayım qiymətlərinin tətbiqində deyil. Söhbət region, yerli, xarici, neçə müddətədək güzəştli, nə qədər dövrüyyəsi olduğuna görə fərqli reklam yayım qiymətlərinin tətbiq olunmaması ucbatından, bu sahədə reklamların sosial şəbəkələrə axın etməsindən gedir.Sosial şəbəkələrdə  reklam yayım qiyməti çox yaxşı mənada  oynaqdır. Bunun digər mənfi tərəfi lap açınacaqlıdır. Açıq məkandan sosial şəbəkələrə yönələn reklam xərcləri büdcəmizə o qədər də gəlir gətirməyir. Yəni açıq məkandan “qaçan” reklamvericilər açıq məkanda bir pay yerinə sosial məkanda on paylıq reklam yayımladırlar. 9 payın vəsaiti büdcəyə gəlməyir.

Söhbət təkcə yeni qanundan getmir. Məsələ bursındadır ki, ümumiyyətlə,  kommersiya  reklamlarında  belə  açıq  məkanda  reklam  üçün  standart  reklam  qiymətləri tətbiq  olunub. Yəni açıq məkan reklam yayım qiymətlərinin özü də fərqli, oynaqlı olmalıdır.  Məsələn,  regionlarımızda  fəailiyyət  göstərən  yüzlərlə  kiçik, mini  fabriklər  var.  Onların  demək olar  ki, heç birinin reklamına  Bakı  şəhəri ərazisində rast  gəlinmir. Niyə?  Çünkü  region, yerli,  fəailiyyət  sahəsinin artımına  görə  digər  məşhur  firmalara  tətbiq  olunan  qiymət  bunlar üçün də  eynidir. Bakı  şəhəri  ərazisində  mütləq  region sahibkarlarına dəstək verəcək  açıq məkan reklam yayım əraziləri olmalıdır. Buradakı reklam yayım qiymətləri də  xeyli ucuz  olmalıdır ki, regionda olan istehsalçılarımız da Bakı  şəhərində tanınaraq  böyük bazara girə bilsinlər. Və ondan  sonra Azərbaycan brendini formalaşdırsınlar. Təəsüf ki, reklam yerlərinin onlar üçün təyin olunmadığına görə onlar elə illərdir ki, rayonlarda  kiçik formatda fəailiyyətdədirlər. 

Respublikamızda bu iş həvalə olunmuş Dövlət Reklam Agentliyi bu yöndə addım  atmalıdır. Söhbət təkcə region sahibkarlarından, kiçik fabriklərdən getməyir. Regionda fəailiyyət göstərən reklam şirkətlərimizin özlərinə Bakı şəhəri ərazisində belə endirimli ərazilər  təqdim olunmalı idi. Ki, onlar regiondan Bakı şəhərinə  reklam yayımı etməklə həm özləri də inkişaf  edəydilər. “Regionların iqtisadi inkişafı” Dövlət  Proqramına  ən vacib olan dəstək, deyərdim ki, elə reklamdır və  yuxarıda  dediklərim kimi  olsa,  region əmtəələrimizin tanınmasında böyük  inkişaf baş verər.

Bu sahədə gəlirin azalması təbii ki, sosial reklamın azalmasında da öz təsirini göstərir. Mən bir memar kimi də bu işə çox açıyıram. Yüzlərlə  memarımız, konstruktorumuz, rəssamımız, texniki işçimiz bu sahədə uzun illər işləyiblər. Niyə  azalmalar olsun ki? Bunu daha da genişləndirməklə fərqli, iri həcmli reklam formatları dövrü başlamalıdır və bu sahədə  daha çox iş yerləri açılmalıdır. Bir sözlə, açıq məkan reklamımız sosial məkan reklamı qarşısında “nakauta” düşməkdədir, bunun çıxış yollarını yuxarıda dedim.

- Sosial şəbəkələr reklamla üstünlük kəsb edirlər? Bunu xüsusi qeyd etdiniz. Oxuculara daha da aydın olsun deyə, bunu misalların diliylə necə izah edərdiniz?

- Sosial şəbəkədə hansısa bir tanınmış adamın 500-600 min izləyicisi var. Reklamverici bu tanınmışın “efirində” bir əmtəə paylaşır. Təbii ki, bu tanınmışa da  müəyyən cüzi vəsait verir. Deməli reklamverici 10 belə tanınmışa 10 yerdə reklamını verməklə 5 000 000 – 6 000 000 izləyiciyə reklamını çatdırır. Lakin buna görə çəkdiyi xərc nə qədər olur? Çox cüzi. Amma açıq məkanda 5-6 milyon nəfərə reklam çatdırmaq üçün reklamverici görün nə qədər vəsait xərcləməliydi? Və burada görün, biz nə qədər bu cür vəsaitlərin reklamvericiləri ücüz yerə axın etmələrinə görə itirmiş oluruq. Təcili olaraq Azərbaycanda  açıq  məkan reklam yayımı haqda qanuna əlvələr  olmalıdır. Standart reklam qiyməti tətbiqi olmamalıdır.

- Dövlət orqanlarını, qanunlarımızı tənqid etdiniz. Bəlkə də düzgün iradlar idi. Amma tənqid etmək asandır. İctimai birlik olaraq yəqin siz də ümumi işimizə öz töhfənizi verməyi düşünürsünüz.

- Konkret addımlar atırıq. İctimai Birliyimiz beynəlxalq reklam təcrübəsi əsasında  “Reklam qanunu”muza əlavələr paketi hazırlayır və yaxın aylarda Milli Məsclisə təqdim edəcəyik. Belə ki, sosial şəbəkələrdə izləyici sayına görə reklam qiymətlərinin tətbiqi, vergisi, reklamların həcminə, formatına, müddətinə görə də  fərqli  reklam qiymətlərinin tətbiqi mütləq olmalıdır. Sosial şəbəkələrdə  azad  bazar  qiymətləridir, açıq məkanda isə sərt şərtlər və baha qiymətlər. Və buna görə də çoxu açıq məkanda reklam yayımından qaçır sosial şəbəkələrə. Açıq məkanda reklamla  məşğul olanlar isə ixtisara düşməkdə davam edir. Bu, yüzlərlə memar, rəssam, konstruktor, dilçi, jurnalist, yazar, kompüter proqramçısı, qaynaqçı, dülgər, sürücü və s.deməkdir.

- Bəs sosial reklamın inkişafı üçün nə etmək lazımdır?

- Bunun  üçün  təklif paketi hazırlamışıq və yaxın aylarda  Millli Məclisə təqdim edəcəyik. Sosial reklamın formaları da Qanunda yeni dəyişiklərlə  göstərilməlidir. Qanunla  reklamverici  ümumi reklama xərcinin 5 faizini sosial reklama yönəltməlidir. Burada  5% özü faizlərə bölünməklə açıqlanmalıdır ki, bəlli faiz  mediada, bəlli faiz sosial şəbəkələrdə, bəlli faiz açıq məkanda, nəqliyyatda və s. kimi sahələrdə, özü də hansı sahəyə yönəlməlidir. Məsələn: uşaq temasına bu qədər faiz, gənclik mövzusuna... bu qədər faiz və s. Və  bütövlükdə isə bu 5%-də  göstərilməlidir ki, bu 5%-in müəyyən faizi Bakı şəhərində, qalan faizi isə regionlarda olmalıdır. Sosial reklam adı ilə vəsaitin heç də konsertlərə yönəldilməsi düzgün deyil. Sosial reklam istehsalında yüzlərlə müxtəlif peşə sahə adamlarının bu işdə iştirakını təmin etməklə onların maddi  rifahlarının  yaxşılaşmasına  nail olmuş olarıq. Təsəvvür edin, Bakı şəhərində, Bakıdan sərhədlərimizə gedən min kilometrlərlə yolətrafı zolaqlarda, rayon və şəhərlərimizin mərkəzi ərazilərində demək olar ki sosial reklamlarla rastlaşmırıq. Hansı ki, zəfər tariximizi tərənnüm etdirən lövhələr görünməyir. Zəfər  tariximizlə bağlı ardıcıl müsabiqələr olmalı, rəssamlar, dizaynerlər, heykəltəraşlar, kompüter proqramçıları keçirilən müsabiqələrdə iştirak etməlidirlər. Aktyorlarımız, idmançılarımız, rejissorlarımız, şair və yazıçılarımız bir sima kimi sosial reklamlarda  görünməlidirlər. Minlərlə insan iştirak edə bilər bu sahədə. Seçilmiş  ən yaxşıları  açıq məkanda, mediada  yayımlanmalıdır. Bu, iş yerlərinin artması  deməkdir.  Niyə belə müsabiqələr keçirilməyir əlaqədar qurumlar tərəfindən? Hazırladığımız təkliflər həyata keçərsə, reklam gəlirlərinin çoxalması ilə yanaşı sosial reklamın da inkişafında böyük rol oynayacaq.

- Cahid müəllim, fikrinizi konkret təkliflə bildirin ki, daha aydın olsun.

- Azərbaycanda  əmtəəsini  satan, reklam yayımladan xarici firmalar  gərək mütləq  bizim  bazarda  Reklam, Marketing nümayəndəliyini açsınlar. Bu da  reklam  sahəsində  minlərcə  iş yerinin  açılmasına, ölkəmizə gəlirlərin çoxalmasına  gətirib çıxardar. Təsəvvür  edin ki, gün ərzində Azərbaycan bazarından yüzminlərlə gəlir  götürən xarici bir  brend  firma  reklam büdcəsinin yayımını Qazaxstanda, Rusiyada paytaxt şəhərlərdə açdığı nümayəndəliyə həvalə edib. Niyə belə  olmalıdır ki? Məhz  birbaşa  respublika ərazisində  reklam nümayəndəliklərinin açılması  vacibdir. Bu təkcə minlərlə  insanımızın iş yerləri ilə təmin olunmasından əlavə də  xeyir  gətirəcək. Sosial reklamlar da  çoxalacaq.  Məsələn, on nəfər Azərbaycanın tanınmış rəssamı Zəfər tariximizlə əlaqəli plakat janrında rəsm işləri işləyib. Bunun respublika ərazisində  tətbiqi üçün  sponsor  axtarırlar.  Təbii ki,  belə işlərə  bütün dünyada  brendlər  ilk növbədə növbəyə durur sponsorluq etmək üçün. Bu dediyim  brendlərin  ölkəmizdə  nümayəndəliyi yoxdur ki, bir onun qapısını bu 10 rəssamımız  döyə və işini təqdim edə bilə. Deyilir ki, bəzilərinin reklam nümayəndəliyi  Qazaxstandadır, bəzilərinki Rusiyadadır və s.  Təsəvvür  edin, bir  sosial kampaniyaya  nəhəng brendləri sponsorluğa cəlb etmək üçün yol nə qədər uzanır. Süni bir mexanizmdir. Brendlər  xaricdə istehsal olunan hazır  reklam çarxlarını  hansısa  MMC reklam firmaları vasitəsi ilə yönəldirlər  televiziyalarımıza, radiolarımıza, sosial şəbəkələrimizə. Lakin  maraqlı, lazımi bir  kampaniyaya  sponsorluq etmələri üçün təklifin yolu uzaq. Məhz  bunun ucbatındandır ki, yüzlərlə  layihələr  elə layihələr olaraq  qalır. Sərf etməyir onlara. Çünkü  bu kimi layihələri 5-10 manatla  yola  vermək olmayacaq. Amma  vəsaiti  reklam adıyla  üyütmək yolu onlar  üçün  var və ən asan yoldadırlar. Yeni qanun buna sədd şəkməlidir, tənzimləməlidir.

- Siz Zəfərlə bağlı rəsm, plakat tipli sosial reklamdan danışdınız.

- Mən  dediyim  layihələr  təkcə hansısa  rəşadətli əsgər, zəfər tərtibatlı  palakatlardan getməyir.  Niyə axı zəfər tariximizi  əks  etdirən  Qələbə Abidə kompleklərinin tikintisində  bu brendlər sponsor  olmasın? Təkcə Bakı şəhərində deyil, bütün respublikamızın ərazilərində  müxtəlif  sahəli Qələbə Parkları, Qələbə abidə kompleksləri, Qələbə adlı  bulaqlar və s. kimi tikililər üçün  büdcədən vəsaitin ayrılmasına da  ehtiyac olmamalıdır. Məsələn, Cənub bölgəsində 20-30 ildir  əmtəə  satıb milyonlar qazanan brend bir firma bu bölgədə bir abidə kompleksinə niyə sponsor olmasın? Yaxud da şimal bölgəsində digər bir sponsor  digər bir layihəyə rəhbərlik etməsin?  Yəni bu dediyim Zərəf tariiximizi əks  etdirən formalar  özlüyündə  genişmiqyaslı bir SOSİAL REKLAMDIR, baxmayaraq ki, özü  tikilidir, abidə kompleksidir. Amma  sosial bir  reklamdır. Bütün dünyaya, ölkəmizə gələn turistlərə bir  reklamdır ki, Azərbaycan sülhsevər, sülhü bərqəraredən bir  ölkədir. Bilirsiniz, minlərcə insanın hayqırtısını 2-3  metrlik cansız bir  heykəl daha çox ifadə edə bilir. Yəni cansız materialdan  hazırlanan – təbii ki yaxçı memarlıq həlli ilə – heykəl bütün  dünya xalqları ilə öz  dillərində birbaşa  danışır. Bizdə sponsor deyəndə məhdud dairədə düşünülür. Yəni ki, yalnız konsertə sponsor olar, ya da hər hansı müğənninin diskinə. Yəni sponsor özü də sözü kimi bəsitləşib.


Ə.Qafarlı

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir