Modern.az

Tural Abbaslının xanımı: “Hərdən ona deyirəm ki, mən sənə uğur gətirmişəm” 

Tural Abbaslının xanımı: “Hərdən ona deyirəm ki, mən sənə uğur gətirmişəm” 

29 Yanvar 2022, 09:37

Bu yaxınlarda AĞ partiyanın rəhbəri Tural Abbaslı Müsavat Partiyasının üzvü, sabiq deputat İkram İsrafilin qızı Nərmin İsrafil ilə ailə həyatı qurub. Tural Abbaslının həyat yoldaşı Nərmin İsrafil (Abbaslı) Modern.az-ın suallarını cavablandırıb. Onunla müsahibəni təqdim edirik.

 

- Tural Abbaslı kifayət qədər tanınan biridir. Necə oldu tanışlığınız?

 

- Şəxsi həyatım barədə publikaya geniş və detallı danışmağın tərəfdarı deyiləm. Amma bunu deyə bilərəm ki, bizim Turalla tanışlığımız yeni deyil. Biz 2014-cü ildə Turalla tanış olanda o, hələ Müsavat Partiyasında başqanlığa namizəd olmağa hazırlaşırdı. İndi isə öz partiyası var. Hərdən ona deyirəm ki, mən sənə uğur gətirmişəm.

Mən Azərbaycan Dövlət İqtisad Universitetinin Xüsusi İstedadlar Qrupu (XİQ) (fakültəmizin adı belə idi) Maliyyə ixtisası üzrə bakalavr təhsili almışam. Sonra Birləşmiş Krallıqda, Mançester şəhərində Magistra qədər hazırlıq kursu (pre master) keçmişəm.

Mən bakalavrda sonuncu kursda idim və təhsil almaq üçün İngiltərəyə getməyə hazırlaşırdım. Bildiyimiz yoldan davam etdik. O ildən bu ilə ikimizin də həyatında çox şeylər dəyişib. Məsafələrə və bütün çətinliklərə rəğmən dəyişməyən təkcə sevgimiz oldu. Ötən il 7 ilimizin tamam olduğu gün rəsmi şəkildə evləndik.

 

- Atanız da siyasətçi idi. İndi isə həyat yoldaşınız. Siyasətçi həyat yoldaşı seçdiyinizə görə, deyəsən onlarla birgə yaşamaq asandı...

 

- Bəli, atam da siyasətçi idi. Atam ilk dəfə məni əlimdən tutub mitinqə aparanda 5 yaşım var idi. Onun sayəsində kifayət qədər siyasi sektorun içində olmuşam. Siyasətçi ailəsində böyüməyim, sevdiyim adamın həm də iş həyatında yanında ola bilməyimə çox kömək olur. Yəni siyasət nədir, proseslər necə gedir, siyasətçi iş həyatında nələrlə məşğuldur, bunlar barədə məlumatlıyam.

Siyasətçi həyat yoldaşı seçməyimə gəlincə isə mən düşünmürəm ki, kimsə birini həqiqətən sevəndə, öncə onun işi ilə maraqlanıb sonra qərar verir: bu adamı sevsin ya yox. Sevgi elə şeydir ki, o sənin iradən xaricində baş verir. Qarşındakı adamın kimliyi yox, sənin ürəyin qərar verir sevmək üçün. Siyasətçi ilə birlikdə yaşamaq asandır deməzdim. Bəzi durumlarda çətindir. Hələ bir az da rahat həyat tərziniz olubsa, daha da çətinləşir. Hətta bəzi məhrumiyyətlərin də olur. Məsələn, ən adi bir şey deyim. Əvvəllər sosial şəbəkələrdə nəsə paylaşım edərkən rahat idim. İndi paylaşım edən kimi kimlərsə götürüb başqa sosial şəbəkələrdə müxtəlif başlıqlarla paylaşır. Dost-tanış, rayondan qohumlar, hamı link atır ki, bax səni filan yerdə paylaşıblar. Təbii ki, bu kimi şeylər insanı gərginləşdirir və narahat hiss etdirir. Amma Tural həmişə çalışıb ki, məni belə gərginliklərdən uzaqda tutsun. Deyəsən buna görə onu daha çox sevirəm. Bütün münasibətlərin heç kimə görünməyən tərəfləri var. Bizdə də elədir. Amma ümumilikdə deyə bilərəm ki, Tural nə qədər məşğul olsa da, atam kimi diqqətini və qayğısını heç vaxt məndən əskik etməyib.

 

- Toyunuzun təxirə düşməsilə bağlı söz-söhbət gəzirdi. Sizcə bu nədən qaynaqlandı?

 

- Əslində toyumuz təxirə düşməyib. 21 dekabrda oğlan toyu oldu. Sadəcə 150 nəfərdən çox insanın iştirakına icazə verilmədiyi üçün bütün qonaqlarımızı dəvət edə bilmədik.

 

- Hər bir gənc toyu ilə bağlı müəyyən xəyallar qurur. Toyunuz xəyallarınızda arzuladığınız kimi oldu? Bal ayınız necə keçdi?

 

- Bəli, hər şey xəyalımızdakı kimi idi, çox şükür. Tək üzüldüyümüz şey bütün dostlarımızın və yaxınlarımızın say məhdudiyyətinə görə yanımızda ola bilməməsi idi. Bal ayından isə qayıtmışıq artıq. Orada da hər şey gözəl idi.

 

- Tural bəy tez-tez fikirlərinə görə tənqid olunur. Sosial şəbəkələrdə tənqidi postlarla qarşılanda hansı şərhləri yazırsınız və necə müdafiə edirsiniz?

 

- Əvvəllər atam millət vəkili olduğu, siyasətlə aktiv məşğul olduğu vaxtlarda onun da haqqında sosial şəbəkələrdə müəyyən mövzularda tənqidi fikirlər yazırdılar. O zamanlar yaşım və təcrübəm az olduğu üçün ilk vaxtlar onlara qarşı aqressivləşirdim, haqsız yazılan şərhlərə davam gətirə bilmirdim və cavab yazırdım. Atam onlara cavab verdiyimi görüb mənimlə uzun bir söhbət etmişdi. Sonralar anladım ki, atam haqlıdı. Həyatda hər kəsi razı sala, hər kəsin səni bəyənməsini təmin edə, hamının xoşuna gələ bilməzsən. Belə olsa o zaman özün olmazsan, öz fikirlərin, prinsiplərin, dəyərlərin olmaz. Həm də siyasət elə bir sahədir ki, orada rəqiblər çoxdur və onlar qaralama kampaniyası üçün hər şeyi edirlər və belə insanlara, bu cür mövzulara cavab vermək mənasızdır.

 

- Feministlər sizinlə bağlı paylaşım etmişdilər ki, əgər nə vaxtsa, ayrılmaq qərarına gəlsəniz sizi dəstəkləyəcəyik. Onlara cavabınız nə olardı?

 

 - Bəli, o paylaşımı görmüşəm, dostlarımız mənə göndərmişdilər. İlk olaraq bunu deyim ki, həmin paylaşımı edən və o paylaşımı dəstəkləyənlər bu həyatda mənə bu və ya digər məsələlərdə kömək edə biləcək heç sonuncu insan belə deyillər. Yaxşı olardı ki, özlərinə aid olmayan və nəyin necə olduğunu bilmədikləri mövzular haqqında fikir bildirib, gülməli duruma düşməsinlər. Elələri ancaq bu həyatda öz düşüncəsi, fikri, qərarı olmayanlara təsir edə bilərlər. Ayrılmaq məsələsinə gəldikdə isə, biz artıq Turalla 7 ildir ki, birlikdəyik. Yaxın çevrəmiz bilir, çox çətinliklərdən keçmişik. Bəzən özümüzə evlənə bilməyimiz əlçatmaz görünürdü. Hətta biz evlənəndə rəfiqələrim yazmışdı ki, artıq möcüzələrə inanırıq. Mən inanclı insanam, çox şükür. Allahın yazdığını kimsə poza bilməz. Gələcəkdə də nələr olacağını ancaq Allah bilir. Qədərimizdə ayrılıq varsa, o da olacaq. Allah haqqımızda ən xeyirlisini etsin.

 

- Siyasət sizin üçün nədir, gələcəkdə həyat yoldaşınızla birgə siyasi proseslərdə iştirak etmək istərdinizmi?

 

- Siyasət mənim üçün bir az da öz taleyinə, öz yaşam səviyyənə ölkədə baş verən proseslər fonunda özünün yön verməyindir. Hər bir bilincli insan ölkədə gedən proseslərlə yaxından maraqlanmalı, vətəndaş mövqeyini ortaya qoymalıdır. Çünki verilən hər bir qərar birbaşa və ya dolayı yolla biz vətəndaşların həyat səviyyəsinə, yaşamına təsir edir.

Siyasi proseslərdə iştirakıma gəlincə isə, bu sahə bayaq da qeyd etdiyim kimi mənə yad bir sahə deyil. Rəsmi şəkildə olmasa da deyə bilərəm ki, proseslərin içindəyəm. Amma indi daha çox imtahanlarıma köklənmişəm. Bolonya Universitetində Səhiyyə İqtisadiyyatı və İdarəetmə ixtisası üzrə magistr təhsili alıram. Son bir neçə imtahanım qalıb.  İnşallah məzun olduqdan sonra AĞ Partiyada rəsmi şəkildə fəaliyyət göstərməyi planlaşdırıram.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu