Modern.az

“Elə bilirlər mən də tələbəyəm” - Ən gənc müəllimlə MÜSAHİBƏ

“Elə bilirlər mən də tələbəyəm” - Ən gənc müəllimlə MÜSAHİBƏ

9 Fevral 2022, 09:00

“Dünyanı dəyişmək üçün ən güclü silah təhsildir”

 

“Tələbələrimə dost kimi yanaşıram, özümü onlardan üstün görmürəm”

 

Azərbaycanın ən gənc universitet müəllimi Günel İlqar Modern.az-ın suallarını cavablandırıb. Həmin müsahibəni təqdim edirik:

 

- Günel xanım, sosial şəbəkələrdə sizinlə bağlı maraqlı paylaşımlara rast gəldik. Sizin ən gənc universitet müəllimi olduğunuz bildirilir. İstərdik ki, özünüz barədə oxucularımıza məlumat verəsiniz.  

 

- Mən Bakı Dövlət Universitinin (BDU) jurnalistika fakültəsinin məzunu olmuşam. Son vaxtlar hamını maraqlandıran əsas məqam magistratura təhsilimdir. Elə magistraturanı da Dan Masonun Azərbaycanda yaratdığı proqramla öz ixtisasım üzrə bitirmişəm. Orta məktəbə 5 yaşda başladığım üçün 16 yaşımda universitetə daxil olmuşam və 17 yaşımdan artıq çalışmağa başlamışam.

 

Jurnalistika ilə bağlı istər yerli, istər beynəlxalq təlimlərdə iştirak etmişəm. Hətta yazı masamın böyük bir hissəsini sertifikatlarım, diplomlarım təşkil edir. Universitetdə də əlaçı və kifayət qədər fəal tələbə idim. Çox şanslıyam ki, təhsil həyatımda məni öyrədən, mənə yol göstərən, hər zaman dəstək olan müəllimlərim olub. Müəllimlik fəaliyyətimə də elə Bakı Dövlət Universitetində öz müəllimlərimin dəvətilə başlamışam, mümkün olsa, elə burada da davam etdirməyi düşünürəm.

 

Düzünü deyim, mən əvvəl düşünürdüm ki, bəli, 5 yaşında məktəbə getməkdən, əlaçı olaraq təhsil almaqdan, 17 yaşında çalışmaqdan, lazımi təhsil dərəcələrinə malik olmaqdan daha çətini mühafizəni müəllim olduğuna inandırmaqdır. Çünki hər dəfə mənim də tələbə olduğumu düşünürlər. Amma sosial şəbəkələrdə paylaşım edildikdə gördüm ki, ondan da çətini var imiş. Bu da vətəndaşlarımızın müəyyən bir qismini öz zəhmətilə uğur qazanan gənclərin olduğuna inandırmaqdır.

 

Əlbəttə ki, mən onları bu yanaşmaya görə qınamıram. Çünki hər kəs mövzuları öz təcrübəsilə müqayisə edir. Düzünü deyim ki, bu kimi fikirlər məni ruhdan salmır, əksinə daha da uğurlu addımlar atmağa sövq edir. Bəlkə bu şəkildə cəmiyyətimizdə öz zəhmətilə uğur qazana bilən gənclərin olduğuna inam yaranar.

 

 

- Maraqlıdır, fəaliyyətinizi jurnalist kimi yox, niyə məhz müəllim kimi davam etdirmək qərarına gəldiniz?

 

- Mən müəllimliklə yanaşı, jurnalistlik fəaliyyətimə də davam edirəm. Düzdür, etiraf edim ki, müəllimlik peşəsini daha çox bəyənirəm, amma əlbəttə ki, bu da öz ixtisasımla bağlı biliyimdən, təcrübəmdən, bu bilgiləri digər gənc dostlarımla, tələbələrimlə bölüşmək istəyimdən irəli gəlir.

 

Nə qədər çətin olsa da, uzun müddət həm öz sahəmdə çalışmışam, həm də təhsil almışam. Saytlarda işləmişəm, qəzetlərlə əməkdaşlıq etmişəm, Azərbaycan Televiziyasında, eləcə də İdman kanalında çalışmışam. Efir səhər saat 7-də başladığı üçün gecə saat 4-5-də işə gedib, efir bitəndən sonra reportaj hazırlayıb, daha sonra magistratura imtahanına getdiyim, bununla yanaşı, universitetdə diplom müdafiəsinə hazırlaşdığım bir dönəm olub. Hətta bəzən elə günlər olurdu ki, yemək də yeməyə vaxt tapmırdım, gün ərzində cəmi 2-3 saat yuxu alırdım. Şükür ki, hamısının öhdəsindən uğurla gəlmişəm. Çünki öz sahəmə - jurnalistikaya sevgi ilə yanaşmışam. Bu sahədə uğurlu biri olmaq istəmişəm. Bu gün müəyyən qədər uğur əldə etmişəmsə, kənardan asan görünsə də çox böyük zəhmətin, hətta deyərdim ki, əziyyətin nəticəsi olaraq bunu əldə etmişəm.

 

Bəlkə də buna görədir ki, insanın əməyi düzgün qiymətləndirilməyəndə müəyyən qədər mənfi təsir edir. Amma eyni zamanda mənə mənəvi dəstək olanlar da var axı. İnsan nə qədər uğurlu olur olsun, mənəvi dəstəyə ehtiyac duyur. Bu baxımdan bəli, ailəm, müəllimlərim mənə böyük dəstək göstəriblər. Həm təhsil həyatımda, həm işimlə bağlı məni düzgün istiqamətləndirib, dəyərli məsləhətlər verib, öz təcrübələrini mənimlə bölüşüblər.

 

 

- Uşaqlıqdan bu peşəyə marağınızın olduğunu qeyd edirsiniz. Jurnalistikanı sizə sevdirən nə olub? Müəllimliyə marağınız necə yaranıb?

 

- Bəli, ola bilər ki, bu ailədən, genlərdən gələn xüsusiyyətdir. Ümumiyyətlə, elə kiçik yaşlardan bir növ həyat devizim olan Mark Tvenə məxsus bir ifadə var ki, insan həyatında iki vacib gün olur. Biri dünyaya gəldiyi gün, digəri isə dünyaya nə üçün gəldiyini anladığı gündür. Birincini hər birimiz yaşamışıq. Amma ikincini yaşamaq hər kəsə nəsib olmur. Həqiqətən də, insanın dünyada var olma səbəbini tapa bilməsi çox mühümdür. Bəlkə də bunu müəyyənləşdirmək üçün çox tezdir, çünki mən hələ yolun az bir qismini qət etmişəm, amma indilik deyə bilərəm ki, sanki müəllimlikdə öz yolumu tapmışam.

 

Bəlkə də, bu müəllimliyə uşaqlıqdan olan marağım bunu hiss etməyimdən irəli gəlib. Bu sahəyə hər zaman çox böyük sevgi ilə, hörmətlə yanaşmışam və çalışıram ki, bu yolda mənə etimad edən insanların inamını doğruldum.

 

- Fəaliyyətinizdə hansı yenilikləri etmək istərdiniz? Gənc müəllim kimi sizdən gözləntilərin çox olduğunu deyə bilərik...

 

- İndilik öz sahəmdə etmək istədiyim yeniliklərə az da olsa, nail olmuşam deyərdim. Bundan sonra da tələbələrimlə, müəllimlərimlə birlikdə daha uğurlu addımlar atacağımızı düşünürəm.

 

Ümumiyyətlə, bizim fakültəmizin yeniliklərə açıq bir mühiti var. Jurnalistika fakültəsində olmaq istəməyimin əsas səbəblərindən biri də budur. Həm müəllimlər, həm tələbələr olduqca yenilikçi və yaradıcıdırlar. Bu baxımdan tədris prosesi daim yenilənir və tələbələrin maraqlarına uyğun şəkildə hazırlanır.

 

Təsadüfi deyil ki, Azərbaycanın ən gənc dekanı da Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu olub, eləcə də Azərbaycan universitetlərinin ən gənc müəlliminin də həmin fakültənin müəllimi olması təbii haldır.

 

 

- Bəzən gənc müəlimlər tələbələri dərs prosesinə cəlb etməkdə çətinlik çəkirlər. Bəs siz gənc müəllim olaraq hansı pedoqoji metodlardan istifadə edirsiniz?

 

- Belə bir ifadə var ki, dünyanı dəyişmək üçün ən güclü silah təhsildir. Həmin silahı da əlbəttə ki, doğru insanların əlinə vermək lazımdır. Bu mövzuda hər iki tərəf ciddi məsuliyyət daşıyır. Təhsil verən müəllim də, təhsil alan tələbə də. Bu baxımdan, tədrisin, ümumiyyətlə, dərs prosesinin keyfiyyətli olması üçün düşünürəm ki, ilk növbədə yeniliklərə açıq olmalı, interaktivliyə üstünlük verilməli, bir sözlə, “silah”ı istifadə edənin qaydaları düzgün izah etməsi və qarşı tərəfin bilgiləri lazımi şəkildə anladığından əmin olmalıdır.

 

Bu mənada, doğru qeyd etdiniz ki, metod mühüm əhəmiyyət daşıyır. Mövlanənin bir sözü var ki, nə dediyin yox, necə dediyin vacibdir. Amma təhsildən söhbət gedirsə, nə dediyin də, necə dediyin də vacibdir.

 

Qeyd edim ki, ilk növbədə tələbələrimə dost kimi yanaşıram. Özümü onlardan üstün görmürəm və bildiklərimi onlarla paylaşmaq üçün orada olduğumu hiss etdirirəm. Sağ olsunlar, onlar da mənə inanır, güvənir və böyük həvəslə dərs prosesində iştirak edirlər. Dərsləri daha müasir standartlara uyğun qurmağa çalışıram. Bunun üçün lazım gəldikdə öz texnikamdan istifadə edirəm. Çünki günümüzdə tələbələr ən çox yenilik, müasirlik, fərqli yanaşmalar, yeni məlumatlar,  zəngin proqram istəyir və tələb edirlər.

 

Eyni zamanda onlara fərdi yanaşmağa çalışıram. Çünki bir auditoriyada 20 nəfər tələbə ilə yanaşı, 20 fərqli dünya görüşü, fərqli yanaşma var. Azərbaycan Respublikasının Konstitusiyasının 47-ci maddəsinə əsaslanaraq deyə bilərik ki,  hər kəsin söz və fikir azadlığı var. Buna qarşılıqlı şəkildə hörmət etmək də hər bir şəxsin borcudur. Bu gün müstəqil respublikanın, qalib ölkənin vətəndaşları olan müasir gənclik də azadlığını hər şeydən üstün tutur. Azadlıq deyiləndə nəzərdə tutulan da odur ki, necə deyərlər, azadlıq insanın hər istədiyini etməsi deyil, istəmədiyini etməyə məcbur olmamasıdır. Bu baxımdan tələbəni anlamağa çalışmaq, onun fikirlərinə hörmət etmək, dərs proqramını hər bir tələbənin anlayacağı, diqqətinə, marağına səbəb olacağı şəkildə hazırlamaq mühüm məqamdır. Xüsusilə də jurnalistika kimi praktik bir sahədə.

 

 

Müəllim kimi auditoriyaya daxil olduqda mən özümü yalnız tədris etdiyim fənnin müəllimi kimi görmürəm. Çalışıram ki, tələbələrə digər mözvularda da yardımçı olum, onlarla bilgilərimi paylaşım. Hətta bu yaxınlarda bizim fakültə daxilində bir təqdimatımız baş tutdu. “Qələbə yolunda jurnalistlər” adlı sənədli film hazırladıq. Hətta buna dərsdən əlavə vaxt sərf etdik, xeyli vaxt üzərində işlədik. Mən çox sevinirəm ki, tələbələr buna ciddi səy göstərdilər. Sırf bu proses müddətində demək olar ki, hər tələbənin jurnalistika sahəsində özünəməxsus potensialı üzə çıxdı. Bəzisi mətn hazırlamaqda, bəzisi müsahibə almaqda, bəzisi kadrarxası mətn səsləndirməkdə, bəzisi isə montaj prosesində ciddi əmək sərf etdi və bu sayədə həm öyrəndilər, təcrübə qazandılar, həm müəyyən əlaqələr yaratdılar, həm də öz sahələrində maraqlı olan istiqaməti müəyyənləşdirdilər. Həmin müddətdə də mən çalışdım ki, öz bildiklərimi maksimum dərəcədə onlarla paylaşım, öz əlaqələrimi onlara yönləndirim.

 

Ümumilikdə tələbələr fərdi maraqları üstün tutularaq vahid bir məqsədə çatdılar.

 

- Sonda müəllim olmaq istəyən gənclərə nələri tövsiyə edərdiniz?

 

- Düşünürəm ki, dövlətimiz, xalqımız hər zaman gənclərə dəstək olub, onlara şərait yaradıb. Elə bunun nəticəsidir ki, mən bu gün sizə ən gənc müəllimlərindən biri kimi müsahibə verirəm və əlbəttə ki, mən tək deyiləm. Ölkəmizdə öz sahəsində uğurlu, bacarıqlı, savadlı gənclər kifayət qədərdir. Mən də çalışıram ki, vətənimizə, xalqımıza faydalı bir vətəndaş və həmçinin müəllim kimi fəaliyyət göstərim.

 

Ümumilikdə isə gənclərə onu demək istəyərdim ki, əzmli, iradəli və mübariz olsunlar. Heç bir çətinlik, maneə onları qorxutmasın. Getmək istədikləri yolu seçsinlər və bu yolda zəhmətlə, istəklə çalışsınlar. Dəstək olanlar qədər mane olmaq istəyənlər də çox olacaq, amma geri çəkilməsinlər. Çünki çəkilən zəhmət mütləq insana geri qayıdır. Yetər ki, o zəhməti çəkməkdən qaçmasınlar.

 

Bir də “müvəffəqiyyət insanın istədiyini əldə etməsidir, xoşbəxtlik isə əldə etdiyini sevməsidir”, deyirlər. Hər bir gəncə həm tövsiyə edirəm, həm də arzu edirəm ki, çalışın xoşbəxt olduğunuz müvəffəqiyyətləri əldə edin. Çünki insanın qazandığı uğur onu sevindirmirsə, bunun o qədər də mənası olmur.

 

Fatma Abdulla

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhədimiz POZULDU - Hərbçilərimiz ATƏŞ AÇDI