Modern.az

Hikmət Cavadov: “Ukraynadakı diasporumuz aktivliyi ilə seçilir” - MÜSAHİBƏ

Hikmət Cavadov: “Ukraynadakı diasporumuz aktivliyi ilə seçilir” - MÜSAHİBƏ

11 Fevral 2022, 09:08

"Ukrayna haqq mübarizəsində tək deyil..."

 

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri, hüquq elmlər doktoru Hikmət Cavadov Modern.az-ın suallarını cavablandırıb. Həmin müsahibəni təqdim edirik:

 

- Hikmət bəy, Ukraynadakı Azərbaycan diasporu 2022-ci ilə hansı hədəflərlə başladı. Ölkəmizin Ukraynada təbliği üçün hansı işlər görülür və bu il nələr planlaşdırılır?

 

- Ukraynada Azərbaycanın təbliğatı yüksək səviyyədə davam edir. Bu təbliğatın əvvəlcədən bir neçə istiqamətdə olması planlaşdırılıb. İlk növbədə Azərbaycan həqiqətlərinin Ukrayna cəmiyyətinə çatdırılması bizim üçün vacibdir. Cəmiyyətə həqiqətləri çatdırmaq üçün bu sahədə aktiv işlər görürük. Ukraynanın tanınmış medialarında bizim yazılarımızı, çıxışlarımızı görə bilərsiniz. Bundan əlavə, Ukrayna parlamentində Azərbaycan diasporunun dostu sayılan deputatlar var. Onlar daimi olaraq öz çıxışlarında Azərbaycan həqiqətlərini çatdırırlar. Digər istiqamət isə turizmlə bağlıdır. Azərbaycanı turizm ölkəsi kimi tanıtmaq niyyətindəyik. Missiyamızın tərkib hissələrindən biri Azərbaycanda olan hadisələrlə bağlı Ukrayna cəmiyyətinin məlumatlandırılmasıdır.

 

Əlbəttə, Ukraynada fəaliyyət göstərən Azərbaycan şirkətlərinin ictimaiyyət üçün gördüyü işlər xalqa daim çatdırılır. Çünki bu şirkətlər Ukraynanın iqtisadiyyatına təsir edirlər. “SOCAR”, “Azərçay” və digər şirkətləri nümunə gətirə bilərik. Ukraynalıların müxtəlif vilayətlərdə keçirilən tədbirlərdə Azərbaycan mahnısı, mətbəxi, mədəniyyəti hər zaman təmsil olunur.

 

Eyni zamanda, deyə bilərəm ki, cənab Prezident İlham Əliyevin bu yaxınlarda Ukraynaya səfəri baş tutdu. Prezidentin səfəri Ukraynada gündəm oldu, ictimiyyət tərəfindən olduqca müsbət qarşılandı. Həmin ərəfədə diasporumuz aktiv fəaliyyət göstərdi. Ukraynadakı diasporumuz aktivliyi ilə seçilir.

 

 

- Cənab Prezidentin Ukraynaya səfərindən söz açdınız. Bu səfər Ukrayna cəmiyyəti tərəfindən necə qarşılandı?

 

- Bilirsiniz ki, Ukrayna hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və bunu rəsmi şəkildə istər beynəlxalq arenada, istərsə də daxildə ölkə başçısının çıxışlarında, bəyanatlarında görmək olar.

 

Qeyd edək ki, Ukraynanın özünün ərazi bütövlüyü problemi olan dövrdə də belə olub. Müstəqillik dövründən bəri Ukrayna Azərbaycanın suverənliyini dəstəkləyir. Azərbaycana həm siyasi, həm də iqtisadi sahədə vacib portnyorlardan biridir. Eləcə də Azərbaycan Ukraynana hər zaman dəstək nümayiş etdirir. Əlbəttə, cənab Prezidentin Ukraynaya səfəri çox uğurlu oldu. Bu səfərdən həm Ukrayna, həm də Azərbaycan diasporu çox şeylər gözləyirdi. Bu görüşdən sonra bizim gözləntilərimiz demək olar ki, həyata keçirildi.

 

Azərbaycan və Ukrayna arasında iqtisadi, aqrar və digər sahələrdə dövlətlərarası müqavilələrin bağlanması bizim ümidlərimizi doğrultdu. Hazırda dünyada gedən çətin iqtisadi çətinlikdə iki ölkənin bir-birini dəstəkləməsi çox vacibdir. Azərbaycan diasporu bu prosesdə iştirak etməkdə maraqlıdır. 

 

Ukrayna son illər siyasi arenada çətin məqamlarla üz-üzədir. Buna görə də birlikdə hərəkət əlverişlidir. Azərbaycan diasporu adında biz buna sevinirik. Əlaqələrin inkşafı üçün əlimizdən gələni edəcəyik. 

 

- Rusiya və Ukrayna arasında müharibə ehtimalı son günlərin ən çox müzakirə mövzularından biridir. Hazırda Ukraynada vəziyyət necədir, xalq müharibə istəyirmi?

 

- Ukrayna və Rusiya arasında müharibənin olması istənilmir. Heç bir xalq, dövlət istəmir ki, müharibə olsun.  Çünki müharibə sözü neqativ ifadədir, insanların faciəsinə gətirib çıxaran məsələdir.

 

2014-ci ildən Ukraynanın ərazi bütövlüyü Rusiya tərəfindən təhdid altındadır. Əslində bu beynəlxalq siyasi dairələrdə də çox pis qarşılanır. Çünki bir ölkənin suverənliyinə, müstəqilliyinə edilən qəsd sivil ölkələr tərəfindən qəbuledilməzdir, edilmir də. Hazırda dünyada müharibəyə baxış dəyişib. İndi söhbət səngərdə olan müharibədən getmir, burada əsas məqamlardan biri də beynəlxalq arenadakı müharibədir. Kiber müharibədən də danışmalıyıq, son iki həftə ərzində bütün dünyanın media vasitələri həyacan təbili çalır ki, Rusiya Ukrayna ərazisinə girəcək. Bununla bağlı ilk günlərdə Ukrayna da təşviş olsa da, dövlət başçısı məsələyə aydınlıq gətirdi. "Hər bir hücumun aradan qaldırılmasına hazırıq" deməsi əhali arasında qorxunun məhv olmasına gətirib çıxardı. Ancaq bunu qeyd etmək lazımdır ki, digər kiçik konfliktlərlə eyniləşdirilə bilməz, çünki Ukrayna Avropanın ən böyük dövlətlərindən biridir. Hərbi sənayesi olan ölkədir. Düşünmürəm ki, bu cür iğtişaşlara qarşı Ukrayna müvafiq addmılar atmasın. Bununla bağlı addımlar atıb, bunu açıq şəkildə dövlət başçısı da bildirdi.

 

Bunları ona görə deyirəm ki, Ukraynanın ərazisinə girib, onun torpaqlarında oturmaq o qədər də asan deyil, ola da bilməz. Dünyanın böyük dövlətləri - Amerika, Britaniya, Avropa ölkələri, qonşu dövlətlər Ukraynaya dəstək verir. Burada Türkiyəni də xüsusi qeyd etmək lazımdır. Türkiyə prezidentinin rəsmi səfəri onu göstərir ki, Ukrayna haqq mübarizəsində tək deyil, müharibə olarsa, güclü dövlətlər dəstək verəcək. Bu proses, həmçinin təkcə Ukraynanın problemi kimi qiymətləndirilə bilməz. Rusiya bu ölkələrin ərazisinə bir imperiya torpağı olaraq baxır, bu da qəbuledilməz yanaşmadır. Beynəlxalq hüququn pozulmasına şərait yaradan vəziyyətdir.

 

Ukrayna ərazisində müharibə olarsa, Ukrayna bunun qarşısını ala biləcək. Biz də Azərbaycan diasporu olaraq əlbəttə ki, Ukraynanı qoruyuruq. Ona görə yox ki, biz burada yaşayırıq, ona görə ki, Ukrayna haqlıdır. Ərazilərin işğalına son qoyulmalıdır, bunun geci-tezi var.

 

Hadisələr onu göstərir ki, torpaqların azad olunması tezliklə baş verəcək. Türkiyənin Ukraynaya dəstək verməsi də xalqın əhval-ruhiyyəsini daha da yüksəldib. Ukrayna xalqı geri çəkiləsi deyil, artıq öz torpaqlarını qorumağa hazırdır. 

 

- Postmüharibə dövründə Azərbaycan-Ukrayna əlaqələrini necə dəyərləndirirsiniz? 

 

Onu da vurğulamaq lazımdır ki, Ukrayna hər bir sahədə Azərbaycana dəstək olub. Bunu istər 44 günlük Vətən müharibəsində, istərsə də sonrakı proseslərdə görmüşük. Ukrayna parlament nümayəndələri Ermənistan tərəfini qınayıb, bununa əlaqədar bəyanatlar yayıblar. İşğaldan azad olunmuş ərazilərə 14 nəfər parlament nümayəndəsi səfər edib. Onlar Ağdam, Bərdə, Gəncə şəhərində erməni vəhşiliyini öz gözləri ilə görüblər.

 

Bundan başqa, Ukraynaya geri döndükdən sonra parlament rəsmi şəkildə dostluq qrupu adından bəyanat yaydı. Əlbəttə, tam əminlikə deyə bilərik ki, Ukrayna Azərbaycanın yanındadır, Azərbaycan da öz növbəsində Ukraynanın yanında olmalıdır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü