Modern.az

Prezident təqaüdçüləri: 674 bal toplayan tələbədən abituriyentlərə MƏSLƏHƏT

Prezident təqaüdçüləri: 674 bal toplayan tələbədən abituriyentlərə MƏSLƏHƏT

Müsahibə

16 Fevral 2022, 09:20

2021-2022-ci təhsil ilinin qəbul imtahanları nəticəsində ali məktəb tələbəsi adı qazanmış 102 nəfər Prezident təqaüdünə layiq görülüb.

Onlardan 33 nəfər Bakı Ali Neft Məktəbində təhsil alır. Tibb Universitetinə qəbul olunan tələbələrdən 25-i, Bakı Dövlət Universitetində oxuyan tələbələrdən isə 15-i Prezident təqaüdçüsü olub. ADA Universitetindən 12, Azərbaycan Dövlət İqtisad Universitetindən (UNEC) 8, Dövlət İdarəçilik Akademiyasından 4, Azərbaycan-Fransız Universitetində (UFAZ) 2, Xüsusi təyinatlı ali məktəbdən 2, Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən (ADNSU) 1 nəfər gənc Prezident təqaüdçüsü kimi siyahıya düşüb.

Bu tələbələr 250 manat Prezident təqaüdü alacaqlar.

Modern.az saytı “Prezident təqaüdçüləri” rubrikasına davam edir. Bu rubrikada 2021-2022-ci dərs ilində Prezident təqaüdünə layiq görülmüş I kurs tələbələrini sizə tanıdırıq.

 

İsmayıl Əsədov Gəncə şəhərindəki 27 nömrəli tam orta məktəb-liseyin məzunudur. Qəbul imtahanları zamanı 674 bal toplayıb. Hazırda Azərbaycan Dövlət İqtisad Universitetində maliyyə ixtisası üzrə ali təhsil alır.

İsmayıl uğur hekayəsi barədə Modern.az-a danışıb:


- İsmayıl, ali məktəbə necə hazırlaşırdın? Valideynlərin dərs oxumağını tələb edirdimi?


- Ali məktəbə hazırlıq müddətimdə repititor yanına gedir, bununla yanaşı, öz qurduğum dərs planları üzərindən də irəliləyirdim. Əksərən, valideynlərim tərəfindən belə bir tələb olmurdu, çünki mən öz hədəfimin fərqində idim və bunun üçün də çox çalışmalı olduğumu bilirdim.
 

- Neçə yaşından indiki ixtisas üzrə ali təhsil almaq istəyinə hakim kəsildin? Yoxsa, topladığın bala uyğun seçim etdin?

 
- Maliyyə ixtsasında oxumaq xəyalım idi, 13-14 yaşımdan məndə bu sahəyə maraq oyanmışdı. Müəyyən dövrlərdə başqa bir neçə ixtisas da seçimlərimin içində yer almışdı, amma sonda bu sahədə irəliləməyimin daha məqsədəuyğun olacağını düşündüm. Bu sahə üzrə daha çox uğur qazanacağıma inanıram.



-
Asudə vaxtını necə keçirirdin? Sosial şəbəkələrdən hansı məqsədlə istifadə edirdin?


- Asudə vaxtlarımı ilk başlarda hobbilərimə və dostlarıma ayırırdım. Lakin imtahan tarixi yaxınlaşdıqca, hobbilərimin bəziləri ilə müəyyən müddət məşğul olmamağı qərara aldım. Sosial şəbəkələrdən dostlarımla ünsiyyətdə olmaq və hazırlıq dönəmimdə faydalı ola biləcək məlumatlar əldə etmək məqsədilə müxtəlif araşdırmalar etmək üçün istifadə edirdim. Məncə, hər abituriyent sosial şəbəkədən faydalı şəkildə istifadə etməlidir.
 

- İsmayıl, xəyalının gərçək olması necə bir hissdir?


- Dürüst olsam, belə bir şey xəyallarım arasında yer almırdı, sadəcə baş verməsinin yaxşı olacağını düşünürdüm. Xəyallarımı gerçəkləşdirmədən bunun necə bir hiss ola biləcəyini deyə bilməyəcəyəm.


- Təhsilini xaricdə davam etdirmək istərsənmi? Gələcək üçün belə bir planın var?


- İnkişafa can atan hər bir gənc kimi mən də xaricdə təhsilimi davam etdirmək istəyirəm. Dünyanın ən yaxşı universitetlərində dövrün ən savadlı insanlarından faydalanmağı kim istəməz ki? Hər bir tələbə xaricdə təhsil alıb, biliyini möhkəmləndirməlidir.


- Prezident təqaüdünə layiq görüləcəyini təxmin etmişdin?


- İmtahan cavabları açıqlandıqdan sonra abituriyentlərin ümumi nəticələrinə baxdıqda, adımın ixtisas qrupum üzrə ən yüksək nəticə göstərmiş 25 nəfərin arasında olacağını təxmin etmişdim. Ən yüksək nəticə  göstərən tələbələrdən biri olaraq da, prezident təqaüdünə layiq görüləcəkdim.


- İmtahana hazırlaşan şagirdlərə hansı məsləhətləri vermək  istərsən?

 
- Ali məktəblərə qəbul imtahanlarına hazırlaşmaq, uzunmüddətli bir prosesdir. Abituriyentlərə verə biləcəyim ən önəmli məsləhətlərdən biri planlı olaraq çalışmaqdır. Düzgün planın qurulması özlüyündə zəif nöqtələrin və onların həll yollarının müəyyənləşdirilməsindən keçir. Təbii ki, iş sadəcə planın qurulmasıyla bitmir, onun tətbiq edilərək yoxlanılması, əskikliklərinin tamamlanması işin növbəti mərhələsidir. Planlı olduqdan sonra yerdə qalan çalışmaqdır. Bu proses davamlı olduqda nəticələr də arzuolunan olur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir