Modern.az

Prezident təqaüdçüləri: "İmtahan verəcək şagirdlərə məsləhətlərim var" - MÜSAHİBƏ

Prezident təqaüdçüləri:

Müsahibə

24 Fevral 2022, 10:11

2021-2022-ci təhsil ilinin qəbul imtahanları nəticəsində ali məktəb tələbəsi adı qazanmış 102 nəfər Prezident təqaüdünə layiq görülüb.

Onlardan 33 nəfər Bakı Ali Neft Məktəbində təhsil alır. Tibb Universitetinə qəbul olunan tələbələrdən 25-i, Bakı Dövlət Universitetində oxuyan tələbələrdən isə 15-i Prezident təqaüdçüsü olub. ADA Universitetindən 12, Azərbaycan Dövlət İqtisad Universitetindən (UNEC) 8, Dövlət İdarəçilik Akademiyasından 4, Azərbaycan-Fransız Universitetində (UFAZ) 2, Xüsusi təyinatlı ali məktəbdən 2, Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən (ADNSU) 1 nəfər gənc Prezident təqaüdçüsü kimi siyahıya düşüb.

Bu tələbələr 250 manat Prezident təqaüdü alacaqlar.

Modern.az saytı “Prezident təqaüdçüləri” rubrikasına davam edir. Bu rubrikada 2021-2022-ci dərs ilində Prezident təqaüdünə layiq görülmüş I kurs tələbələrini sizə tanıdırıq.

Aygün Məhərrəmova Beyləqan rayon Yuxarı Aran kənd tam orta məktəbini bitirib. Qəbul imtahanları zamanı 691.4 bal toplayıb. Hazırda Azərbayca Tibb Universitetinin Müalicə işi fakültəsində ali təhsil alır. Qeyd edək ki, Aygün buraxılış imtahanları zamanı ən yüksək nəticə göstərən tələbələrdən biri idi.

O, uğur hekayəsini Modern.az-la bölüşüb:
 

- Qəbul imtahanlarına necə hazırlaşırdın? Repetitor yanına getmisən?


- Qəbul imtahanlarına hazırlaşanda əsas məsələ vaxtın düzgün bölünməsidir. 10 və 11-ci siniflərdə repetitor yanına getmişəm. Hazırlıqlara başlayanda buraxılış fənlərindən potensialım yüksək olsa da, qəbul fənlərindən çox aşağı idi. Əvvəllər bu səviyyə ilə 700-ə yaxın bal toplayacağıma inanmırdım. Amma sistemli çalışmağım və müəllimlərimin dəstəyi ilə istəyimə nail ola bildim. 7-ci sinifdə Fənn müsabiqələrindən fizika və 9-cu sinifdə Azərbaycan dili və ədəbiyyat fənnindən olimpiadada qazandığım gümüş medallar tək məktəbimizdə deyil, rayonumuzda da mənə inam yaratmışdı.
 

- Yüksək nəticə əldə etməyini nəyə borclusan?
 

- Məni tanıyanların güvəni məni ruhlandırır, üzərimdə daha çox işləməyə sövq edirdi. Həm də qəbul imtahanına kimi iştirak etdiyim bütün sınaqlardan hazırlıq təcrübəsi qazanmışdım. Bu təcrübənin sayəsində məhz yüksək bal toplamağa nail oldum.
 

- Düzdür, qızların çoxunun uşaqlıqdan həkimliyə marağı olur. Sən necə qərar verdin ki, həkim olmalısan? Buna nə səbəb oldu?


- Məktəb illlərindən bir çox sahələrə meylim olub. İxtisas seçimində isə həkimliyi qarşıma məqsəd qoydum. İnsanlara yardım etmək hamımızın mənəvi borcudur, sağlamlıqla bağlı kömək etməyi isə xüsusilə sevirəm. Həkimlik elə sahədir ki, hər saniyə ehtiyac duyulur, çünki səhhətimizdə necə problemlərin yaranacağından heç kəs sığortalanmayıb. Təbii ki, söhbət savadlı həkimdən gedir. Ailəm də mənə bu yolda dəstək oldu və indi də dəstəkləyir.
 

- Gələcəkdə nə həkimi olmaq istəyirsən? Niyə məhz o sahə üzrə?


- Əslində orqanların hamısı maraqlıdır, ürək isə ələlxüsus mənə maraqlı gəlir. Amma hazırda universitet müəllimlərimizin sözlərinə əsaslansaq, birinci kursdan ixtisas seçmək çox tezdir.


- Biliyin, savadın bəzən keçici olduğunu söyləyirlər. Bu bilik sənə ailəndən keçib?


- Savadın və meylin genlə keçməsi fikri ilə razıyam. Ailəmizdə hər kəs ali savadlıdır. Məndən böyük bacım qəbul imtahanlarında 648, qardaşım isə 685 bal toplamışdı. Anam bizim riyaziyyat müəllimimiz olub.


- Təhsilini xaricdə davam etdirmək kimi düşüncən varmı?


- Həkimlik üçün tək bakalavr təhsili ilə kifayətlənmək olmaz. Həkim daim üzərində işləməli, yenilikləri öyrənməlidir. Gələcəkdə rezidentura təhsilimi xaricdə davam etdirmək istəyirəm.
 

- Aygün, uğur səncə nə deməkdir? Bu sözü necə ifadə edərsən?


- Uğuru hər kəs müxtəlif cür izah edir. Məncə, insanın rifahını təmin edəcək, onu irəli aparacaq xüsusiyyətlərini kəşf etməsi və bunun üzərində işləməsi də uğurdur. Əgər müsbət mənada dünənki sənlə bugünkü sən fərqlənirsə, bu gün nə isə dəyişiklik etmisənsə, bunun özü də uğurdur.


- İmtahan verəcək abituriyentlərə və onların valideynlərinə nələr demək istərsən?


- İmtahan verəcək şagirdlərə məsləhətim o olardı ki, sistemli çalışsınlar, uzunmüddətli plan hazırlasınlar. 11-ci sinfə heç bir fəndən mövzu saxlamasınlar, yalnız təkrar işləsinlər, imtahanlara qədər bütün ilin planını qursunlar. Yuxu rejimlərinə ciddi yanaşsınlar, istirahətlərini düzgün təşkil etsinlər. İmtahanda həyəcan hər kəsdə  olur, məndə də vardı, çalışsınlar həyəcanı minimuma endirsinlər. İmtahandan qorxmasınlar, orada düşən suallar işlədikləri suallardı. Kənar sual olmur. İmtahana hazırliq prosesində abituriyentlərin psixikası çox həssas olur, valideynlərin dəstəyinə və övladlarında özünəinam hissinin yaratmasına həmin dönəmdə çox ehtiyac duyulur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!