Modern.az

“Bilməzdim ki, nazir də bizi tanıyacaq” - Fenomen müəllimlə SÖHBƏT

“Bilməzdim ki, nazir də bizi tanıyacaq” - Fenomen müəllimlə SÖHBƏT

Müsahibə

4 Mart 2022, 16:13

Məqsədim özümü reklam etmək deyildi...

 

Son günlər Lənkəranın Jidi kənd məktəbinin ibtidai sinif müəllimi Leyla Qarazadə sosial şəbəkələrdə fərqli ideyaları ilə populyarlıq qazanıb. Şagirdləri ilə səmimi ünsiyyət yaradaraq onların sevimlisinə çevrilən gənc müəllim paylaşdığı videolarla bağlı Modern.az-a danışıb.

 

 

Sosial şəbəkələrdə paylaşdığı videolarla təhsil naziri Emin Əmrullayevin də diqqətini çəkən müəllim heç vaxt özünü reklam etmək niyyətində olmadığını söyləyib:

 

- İlk dəfə sizi “Sən necə də gözəlsən”, daha sonra şagirdinizə aldığınız saat videosu ilə tanıdıq. Bu videoları sırf trend olsun deyə çəkdiniz, yoxsa istəyiniz vardı? Videoların müsbət mənada səs-küyə səbəb olacağını yəqin etmişdinizmi?

 

- Mən trend olan videoları da digərləri kimi paylaşmışdım. Necə olduğunu bilmirəm, bir anda səs-küy yaratdı. Ötürülən mesaj sevgidən ibarət idi. İnsanlar bir-birinə sevgi və hörmət göstərməlidirlər. Özəliklə o sevgiyə ehtiyac duyan insanlar var və onların sayəsində bu videolar yayıldı. Sevindirici olduğu kimi, həm də üzücü haldır. Ətrafımızda olan insanların sevgidən, sevgisizlikdən əziyyət çəkdiyinin şahidi oluruq. O videolara sevgi gözü ilə baxsalar, mənim nə demək istədiyimi anlayacaqlar. Heç bir şeyin təsadüfi və səbəbsiz olduğuna inanmıram. Bir şey baş verirsə, ehtiyacdan dolayı və ya həqiqətən də elə olmalıdır deyə baş verir.

 

Fəaliyyətimin 3-cü ilindən etibarən işlərimi paylaşmağa başladım. Bu səhifəni reklam üçün və ya tanınmaq üçün açmamışam. Paylaşımların əksəriyyəti demək olar ki, şagirdlər olub. Kiçik səhifə olsa da, orada cüzi məsləhətlər verir və ümid edirdim ki, mənim mesajımı anlayan kifayət qədər insan var. Son paylaşıdığım videolarda isə geri dönüşlər olub və yaxşı mənada tanınmağa başlandıq.

 

 

-  Hətta o qədər məşhur oldunuz ki, təhsil naziri Emin Əmrullayev şəxsən sizinlə, şagirdlərinizlə görüşdü. Eyni zamanda sizinlə birlikdə selfi çəkdirdi...

 

- Nazir Emin Əmrullayevin məktəbimizi ziyarət etməsi gözlənilməz oldu. Mənim peşə borcumdur ki, dərslərimi məsuliyyətlə keçim. Çəkdiyimiz video ilə bilməzdik ki, cənab nazir bizi tanıyacaq. O video və fərqli tədris şagirdlərim üçündür. Emin Əmrullayev sinifimizə gələndə şagirdlər çox sevindilər. Məncə, məktəblilər nazirlə görüşərək onu tanımaq şansı əldə etdilər. Hətta cənab nazir üçün şeir də səsləndirdilər.

 

 

- Bəs bir anda hamının sevimlisinə çevrilən Leyla müəllim kimdir? Bir az özünüz barədə danışardınız. 

 

- Mən Leyla Qarazadə. 23 yaşım var, müəlliməm. Məncə, müəllim sözü özünü tanıtmaq üçün yetərlidir. Müəllim hər şey deməkdir, bu peşənin arxasında o qədər gözəl peşələr var ki. Çünki peşələri yetişdirən müəllimdir. Müəllim təkcə bilgi ötürmək demək deyil, müəllim sevgi ötürməlidir, sevgi inşa etməlidir. Müəllim yaratmalıdır, sağlam, sevgi dolu cəmiyyət yaratmalıdır.

 

- Necə oldu ki, Jidi kəndində işləməyə qərar verdiniz? Fəaliyyətinizə burada davam edəcəksinizmi?

 

-4 ildir ki, Jidi kəndində işləyirəm. İlk ildən etibarən mən gözəl bir məktəbdə işləməmişəm. Çətinlik görüb yaxşılığa doğru getmişəm. İlk işlədiyim məktəb çox köhnə tikili idi. Tavanı uçulmuş, bəzi pəncərələri olmayan, 5 otaqdan ibarət məktəb idi. Daha sonra ehtiyac duyuldu və 2018-ci ildə modul tipli məktəb tikildi. Artıq həmin məktəbdə tədrisi davam etdiririk. Şəhər, kənd fərqi yoxdur, əsas odur ki, uşaqlar təhsil alsınlar. Məktəbin gözəl olmasının önəmi yoxdur, onu gözəllişdirən şagirdlər və müəllimlərdir.

 

 

- Fərqli üsullarla dərs keçirsiniz. Bunun üçün xüsusi təlimlərdə iştirak etmisiniz, yoxsa şəxsi ideyalarınızdır?

 

 

- Fərqli üsullarla dərs keçmək üçün xüsusi təlim almamışam. "Müəlliməm, hər şeyi bilirəm" kəlməsi ilə razılaşmıram. Gördüyüm bütün təlimlərdə, vebinarlarda, seminarlarda iştirak edirəm. Çünki müəllim nə qədər inkişaf etsə, bir o qədər şagirdləri üçün maraqlı dərslər təşkil edər.

 

- Bir xanım müəllimin dilindən eşitmək istərdik ki, qızların bu gün ali təhsil alması nə qədər vacibdir? Qız övladlarının təhsil almasına əngəl olan valideynlərə nə sözünüz var?

 

- Qız övladlarının təhsil alması vacibdir. Çünki təhsilli cəmiyyətin gələcək bünövrəsi möhkəm olur. Qız övladlarının gələcəyi birbaşa onların təhsilinə bağlıdır. Valideynlər də qız övladlarına əngəl yox, dəstək olmalıdırlar. Hər qadının arzuları, xəyalları olur. Onları həyata keçirmək üçün ailələri onların arxasında durmalıdır.

 

- Sizə sevən, dəstəkləyənlər çoxdur. Amma hər şeydə mütləq qara nöqtə axtaranlar da olur. Bir çoxları hesab edir ki, siz özünüzü reklam edirsiniz. Bu barədə nə deyə bilərsiniz...

 

- Hər kəs eyni deyil. İnsanlar fərqli xüsusiyyətdə olurlar. Bizi istəyən də olacaq, istəməyən də. Tək vəzifəmiz buna hörmətlə yanaşmaqdır. Etdiyim işlər özümün və şagirdlərimin inkişafı üçündür. Bu səhifəni reklam və ya tanınmaq üçün açmamışam. Paylaşımların əksəriyyəti demək olar ki, şagirdlər olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir