Modern.az

“Yeniliklər məhz Qarabağdan başlamalıdır” – Deputatla MÜSAHİBƏ

“Yeniliklər məhz Qarabağdan başlamalıdır” – Deputatla MÜSAHİBƏ

Müsahibə

16 Mart 2022, 12:10

Bələdiyyələrin fəaliyyəti 23 ildir səmərə vermir

Azərbaycan və Ermənistan arasında müharibə olmayacaq

Milli Məclisin deputatı Kamran Bayramov Modern.az-a müsahibə verib. Deputatla söhbəti təqdim edirik:

 

- Kamran müəllim, VI Çağırış Milli Məclis dövründə parlamentdə təmsil etdiyiniz 100 saylı Şəmkir-Daşkəsən seçki dairəsinin əsas problemləri, sakinlərin müraciətləri daha çox nə ilə bağlıdır?

 

- Milli Məclis Ali Qanunvericilik orqanı kimi kifayət qədər uğurlu fəaliyyət göstərib, nailiyyətlər əldə edib. Onun hər bir seçilmiş deputatı da öz sahəsində böyük işlər görür. Milli Məclisin deputatının fəaliyyətinin üç əsas istiqaməti var. Bu, qanunvericilik fəaliyyəti, seçicilərlə iş və beynəlxalq təşkilatlarda Azərbaycanın təmsilçiliyidir. Bu istiqamətlərdə nəzərdə tutulan vəzifələri Milli Məclisin deputatları çox yaxşı yerinə yetiriblər. VI Çağırış parlament seçiləndən sonra Azərbaycan da bütün dünya kimi COVID-19 pandemiyası ilə üz-üzə qaldı. Virus deputatların fəaliyyətinə çətinlik yaratdı. Xüsusilə seçildikləri ərazidə seçicilərlə görüşlərə mane olurdu. Bununla belə onlayn qəbullar keçirilirdi. Seçicilərin şikayətləri dinlənir, addımlar atılırdı.

 

Pandemiya səngimək üzrədir və digər ölkələrlə müqayisədə Azərbaycanda bunun sonuna yaxınlaşmışıq. Azərbaycan ölkə əhalisinin sağlamlığının qorunması, epidemioloji vəziyyətin qaydasında saxlanması üçün olduqca təsirli addımlar atdı.

 

Artıq parlamentin fəaliyyəti qaydasına qoyulur. Canlı qəbullara davam edirik. Seçicilərlə iş məsələsi hər zaman olduğu kimi bundan sonra da deputatların diqqətində saxlanacaq. 

 

- Siz parlamentdə iki rayonu təmsil edirsiniz. Seçicilərin şikayətləri ilə bağlı həm Şəmkir, həm də Daşkəsən icra başçıları ilə əlaqəniz, ünsiyyətiniz lazım gəlir. Heç icra başçıları ilə sözünüzün üst-üstə düşmədiyi məqamlar olubmu?

 

- Mən artıq ikinci dəfədir deputat seçilmişəm. İndiyə qədər belə problemlə üzləşməmişəm. Hər iki rayonun rəhbərliyi qanunvericilik imkan verdiyi səlahiyyətlə çərçivəsində seçicilərin problemlərinin həlli üçün dəstək göstərirlər. Tək icra başçıları deyil, qurumların regional idarəçiliyini həyata keçirən rəhbərlərlə də əlaqələrimiz olur. Seçicilərin hüquqlarının qorunmasına, onların problemlərinin həllinə birlikdə işləyirik. Bir-birimizə dəstək olmağa çalışırıq.

 

 

- Dairənin ən diqqət çəkən problemi nədir? Hansı problemlər sizin təşəbbüsünüz və müraciətlərinizlə həll edildi?

 

- Hər bir rayonun problemləri var, xüsusilə Şəmkir-Daşkəsən bölgəsində kifayət qədər sakinlərin narahatlığı səslənir. Şəmkir rayonunda içməli və suvarma suyunun problemi çoxdur. Təsərrüfatlar, istixanalar, vətəndaşların əkib-becərdiyi torpaq sahələri var. Orada su təminatı çox vacibdir. Biz bununla bağlı Meliorasiya Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti ilə tez-tez ünsiyyətdə oluruq. Həmçinin "Azərsu" ilə də əlaqələrimizi möhkəmləndiririk ki, sakinlərin su problemlərini həll edək.

 

Daşkəsənin isə ən böyük problemlərindən biri məşğulluqdur. Sovet dönəmində Daşkəsən şəhəri orada yerləşən filizsaflaşdırma kombinatı ətrafında salınmışdı. Həmin kombinatda çalışan insanlar orada məskunlaşıb, şəhəri formalaşmışdılar.

 

Prezidentin müvafiq sərəncamı ilə filizsaflaşdırma kombinatı "Azərgold" Açıq Səhmdar Cəmiyyətinin tabeçiliyinə verilib. Gələcəkdə bu sənaye müəssisəsinin işə salınması nəzərdə tutulur. Bu, yeni iş yerlərinin açılmasına şərait yaradacaq. Biz bu məsələ üçün "Azərgold" və rayon icra hakimiyyəti ilə əməkdaşlıq edirik. Yaxın zamanlarda müəssisənin işə salındığını görəcəyik.

 

- Milli Məclisin Regional məsələlər komitəsinin üzvüsünüz. Komitədə sizin iştirakınızla yaz sessiyasında hansı qanun layihələri hazırlanacaq?

 

- Regional siyasət dövlət siyasətinin vacib tərkib hissəsidir. Ölkə başçısının rəhbərliyi ilə bu sahədə böyük işlər görülüb. Rayonlarda sosialyönümlü obyektlərin açılması, bölgələrin hər baxımdan inkişafı, abadlıq və quruculuğu diqqətdə saxlanılır. Rayonların sosial-iqtisadi inkişafının sürətləndirilməsinin nəticələrini görürük. Əhalinin sosial rifahı daha da yaxşılaşır, iş yerləri artır, rayonlarımız inkişaf edir.

 

Regional idarəçilik sahəsində Azərbaycan kifayət qədər böyük təcrübəyə malikdir. Bugünkü sistemə, qanunvericiliyə əsasən, yerlərdə müəyyən qurumlar mövcuddur. Yerli özünüidarəetmə orqanları, mərkəzi icra hakimiyyətinin regional strukturları və s. var. Bu o deməkdir ki, regionlarda dövlət idarəçiliyinin həyata keçirilməsi üçün bütün imkanlar yaradılıb. O ki qaldı, qanun layihələrinə, üzvü olduğum Regional məsələlər komitəsində bələdiyyə qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində müəyyən tədbirlər görülür, müvafiq qanun layihələrinin hazırlanması ilə bağlı mütəmadi olaraq müzakirələr aparılır, bu işdə bələdiyyə sədrləri, Bələdiyyələrin Milli Assosiasiyalarının nümayəndələrilə məsləhətləşmələr davam etdirilir.

 

- Azad edilmiş ərazilərdə yaradılan xüsusi nümayəndəlik institutu digər bölgələrimizdə də tətbiq edilə bilərmi?

 

- Əlbəttə. Amma bu məsələdə dəyişməli olan məqamları qeyd etməliyik. Qanunvericilikdə dəyişikliklər edilməlidir. Milli Məclisdə inzibati ərazi vahidlərinin birləşdirilməsi, kiçik rayonların bir-birinə daxil edilməsi istiqamətində addımlar atılmağa başlayıb. İlk olaraq Gəncə şəhərinin rayonları ləğv edildi. Düşünürəm ki, gələcəkdə belə halların ölkənin digər bölgələrində tətbiqi ehtimalı böyükdür.

 

 

- Ləğv edilən rayonların idarələrində kifayət qədər işçi kontingenti var idi. Həmin işçilərin taleyi necə olacaq və vakansiyaların azalması hansı nəticələr verə bilər?

 

- Gəncə İcra hakimiyyəti Gəncənin bir hissəsini idarə edirdi. Ləğv edilən Kəpəz və Nizami rayonlarının icra hakimiyyətləri isə öz ərazilərini idarə edirdilər. İndi o yük bütövlükdə Gəncə Şəhər İcra hakimiyyətinin üzərinə düşəcək. Mən inanmıram ki, İcra hakimiyyəti indiki qədər işçi sayı ilə bu yüklə bacarsın. Güman edirəm ki, bütün bu məsələlər cənab Prezidentin qeyd edilən Qanunun tətbiqi haqqında Fərmanı ilə tənzimlənəcəkdir.

 

Dəyişiklikdən irəli gələrək, Gəncə şəhər İcra Hakimiyyətinin strukturunda da dəyişikliklərin edilməsi, kadr ştatlarının sayının artırılması nəzərdə tutula bilər. Uzun müddət icra hakimiyyətində çalışan həmin şəxslərin təcrübəsindən istifadə etmək lazımdır.

 

- Son zamanlar bələdiyyələrin fəaliyyəti ilə bağlı müxtəlif məsələlər qaldırılır, ciddi dəyişikliklərə ehtiyac olduğu vurğulanır. Sizcə, bələdiyyə idarəçiliyində çatışmazlıqlar nələrdir  və hansı islahatlara ehtiyac var?

 

- Bu sahədə qanunvericiliyin təkmilləşdirilməsinə böyük ehtiyac var. Bələdiyyələrlə bağlı çoxlu tənqidlər səsləndirilir. Bələdiyyələr işini icra etməyə çalışırlar. Amma bələdiyyələrin zəifliyi ora seçilən şəxslərin aktivliyindən də, bələdiyyə strukturunun səlahiyyətləri və təminatından da asılıdır. Bu gün dövlətin qurumuna hansısa səlahiyyət verilirsə, bunun icrası üçün kifayət qədər təminatlar verilir. Məsələn, dövlət vergisini hər hansı hüquqi və ya fiziki şəxs verməlidir. Bunu etmirsə, müvafiq sanksiyalar, cərimələr, məsuliyyət tədbirləri tətbiq olunur. Bələdiyyələrdə isə bu cür təminatlar tam aydın şəkildə qanunvericilikdə öz əksini tapmayıb.

 

- Bələdiyyələrin qeyri-formal şəkildə icra hakimiyyətlərindən asılılığı tənqid edilir. Yəni, qanunda olmasa belə, reallıqda bələdiyyələrin icra başçılarından asılı olması vətəndaşlara problemlər yaradır. Bunu necə həll etmək lazımdır?

 

- İnkar edə bilmərik ki, belə asılılıq yoxdur. Müəyyən hallarda bunun şahidi oluruq. Faktlar mövcud olsa da, həm icra hakimiyyətləri, həm bələdiyyələrin əsas vəzifəsi vətəndaşlara xidmət etməkdir. Elə bələdiyyələr var ki, köhnə psixologiya ilə çalışırlar, özündən yüksək hesab etdiyi qurumlardan tapşırıq gözləyirlər. Amma hər bir bələdiyyə seçildiyi andan öz yerli proqramlarını qəbul etməli, bunların əsasında fəaliyyət göstərməlidirlər.

 

Dövlət proqramları qlobal, yerli proqramlar lokal xarakter daşıyır. Bələdiyyələr vətəndaşlara daha yaxın, təmaslı və problemlərdən xəbərdardırlar.

 

- Bəs niyə hamı deputata müraciət edir?

 

- Deputatın əlində hər hansı problemin birbaşa həlli ilə bağlı konkret səlahiyyəti yoxdur. Milli Məclisin deputatının əsas vəzifəsi vətəndaşları dinləyib, onların problemlərini qeyd edib aidiyyəti üzrə müraciət etməkdir. Biz lazım olanda Milli Məclisin plenar iclaslarında seçicilərimizi narahat edən problemləri qaldırırıq, həllinə çalışırıq. Amma əksər problemlərin birbaşa həlli mərkəzi və yerli icra hakimiyyəti orqanlarından və bələdiyyələrdən asılıdır. Deputat sadə dildə desək, vasitəçidir.

 

Bələdiyyələrin bugünkü vəziyyəti zamanın tələblərinə cavab vermir. Ölkədə böyük işlər görülür, islahatlar aparılır. Bələdiyyələr bunlara uyğunlaşa bilmirlər. Bələdiyyələrin indiki vəziyyəti vətəndaşların maraq və mənafelərinin qorunmasına uyğun gəlmir.

 

- Bu məsələdə bələdiyyələrin maddi təminatının aşağı olması nə dərəcədə rol oynayır?

 

- Böyük rol oynayır. Bunu həlli üçün köklü islahatlara ehtiyac var. Bələdiyyələrin 3 növ vergi, 5 növ ödəniş toplamaq səlahiyyəti var. Bu yaxınlarda Milli Məclis tərəfindən qəbul olunmuş qanuna əsasən, vergilərdən birinin yığımı bələdiyyələrdən alınıb, dövlətin səlahiyyətinə verildi. Bu bələdiyyələrin zəifləməsinə gətirib çıxarsa da, məsələyə başqa yöndən baxmaq lazımdır. Bələdiyyələr o vəsaiti tam toplaya bilmirdilər. Bu gəlir bələdiyyə büdcələrindən kənarda qalırdı. İndi isə həmin vergilər dövlət tərəfindən tam şəkildə yığılacaq.

 

Bələdiyyələrin ən böyük problemi onların sayının çoxluğudur. Azərbaycanda 1606 bələdiyyə mövcuddur. Onların 70 faizi xırda kənd bələdiyyələridir. Onların nəinki iş görməyə, heç özlərini saxlamağa vəsaitləri yoxdur. Onlar vergiləri toplamalı və sənədləşdirilmiş obyektlərdən, evlərdən yığmalıdırlar. Bir çox evlər isə sənədləşdirilməyib...

 

- Bununla bağlı qanunda boşluq var, yoxsa bələdiyyələr məhsuliyyətsizdir?

 

- Bələdiyyələrin sənədləşdirilməmiş evlərdən topladığı vergi qanunsuzdur. Amma evlərin sənədləşdirilməsi bələdiyyələrin səlahiyyətində deyil. Bu dövlət strukturlarının görəcəyi işdir. Sənədləşdirmə getmirsə, əmlak üzərində mülkiyyət və sərəncam vermək hüququ vətəndaşda deyilsə, bu əmlakla heç nə edə bilmir. Eyni zamanda vergini də ödəməməlidir. Bəzi bələdiyyələr bilərəkdən, ya bilməyərəkdən sənədsiz evlərdən vergi yığırlar. Çox maraqlıdır, evin sənədi yoxdursa, sahəsini necə hesablayırlar, necə vergi müəyyənləşdirirlər? Özləri ölçüb hesablayır, yoxsa havadan rəqəm götürüb, vergi yığırlar? Bu çox müəmmalıdır.

 

- Özbaşınalıqdır...

 

- Bəli. Amma bunun bütün ölkə üzrə baş verdiyini deyə bilmərik. İstənilən halda belə faktlara son qoymaq üçün evlərin sənədləşdirilməsi sürətlənməlidir. Bələdiyyələr üçün müvafiq təlimatlar, treninqlər keçirilməlidir.

 

- 1999-cu ildə - bələdiyyələr təsis olunandan indiyə qədər bu institutun inkişafı olmayıb?

 

- 1999-cu ildə 2755 bələdiyyə yaradılmışdı. 2009-cu ildə birləşmə prosesi getdi və 1717-yə qədər bələdiyyələrin sayı azaldıldı. 2014-cü ildə ikinci birləşmə prosesində isə bələdiyyə sayı 1607-yə endirildi. Bu, yenə də çoxdur. Bələdiyyələr səmərəsizdir. Qanunvericiliyə əsasən, bələdiyyələrin birləşdirilməsi, ləğvi və ya sayının azaldılması təklifi vətəndaşlar tərəfindən təşəbbüs edilməlidir. Bunu nə Milli Məclis, nə icra hakimiyyəti orqanları edə bilir. Bir qrup yerli sakin yığıncaq keçirib, bu barədə qərarı bələdiyyəyə də, müvafiq quruma da müraciət etməlidir. Bundan sonra müvafiq sənədlər toplanır və Milli Məclisə təqdim olunur. Müvafiq mexanizm “Bələdiyyələrin birləşməsi, ayrılması və birgə fəaliyyəti haqqında” Qanunda nəzərdə tutulub.

 

Göründüyü kimi, inzibati resurslarla edə bilmirik. Vətəndaşların özlərinin təşəbbüsü olması üçün maarifləndirmə aparılmalıdır.

 

- Məlumata görə, Bələdiyyə Məcəlləsi hazırlanır. Bu sənəd nəyi dəyişəcək?

 

- Aydınlıq gətirmək istərdim ki, Bələdiyyə Məcəlləsi hazırlanmır, sadəcə olaraq onun hazırlanması zərurəti ilə bağlı fikirlər və təkliflər səsləndirilir. Məndə olan məlumata görə, Bələdiyyə Məcəlləsi cəmi iki ölkədə mövcuddur: Fransada və Yunanıstanda. Bu gün bələdiyyə fəaliyyətini tənzimləyən 20-dən çox qanun, akt var. Biz hansısa qanuna dəyişiklik ediriksə, uyğunlaşdırma qaydasında digər qanunlara da dəyişiklik edilməlidir. Bu, həm qanunverici orqan üçün yükdür, həm də dəyişikliklərin uçotu və qeydiyyatı baxımından ağır prosesdir.

 

Bələdiyyə Məcəlləsi isə bütün bunların bir vahid sənəddə birləşdirilməsi, kodifikasiya edilməsi deməkdir. İndi çətin proses kimi görünsə də, gələcək üçün faydalıdır. Bu həm də bir şans ola bilər ki, bələdiyyələrin fəaliyyətinə, səlahiyyətlərinə, statusuna yenidən baxılsın.

 

- Bələdiyyələrlə bağlı başqa ölkələrin təcrübəsini Azərbaycana necə uyğunlaşdıra bilərik?

 

- Təbii ki. Elə ölkələr var ki, bələdiyyə strukturu inkişaf edib, yaxşı nəticələr verir, vətəndaşların rifah halının yaxşılaşdırılması, maraqlarının təmin edilməsi üçün yaxşı potensiala malikdir. Biz bu xarici təcrübədən istifadə etməliyik.

 

Mən Azərbaycan-Latviya dostluq qrupunun rəhbəriyəm. Ötən il orada bələdiyyə seçkiləri keçirildi. Bundan öncə isə yerli özünüidarəetmə islahatı keçirildi. Latviyada 119 bələdiyyə mövcud idi. Birləşmə prosesi gedəndən sonra təxminən 40 böyük bələdiyyə qaldı. Sayı azalsa da, bələdiyyələr gücləndilər. Resursları da, imkanları da artdı.

 

- Ölkədə qardaş Türkiyədəki kimi böyük şəhər bələdiyyələrinin tətbiqini irəli sürənlər də az deyil. Sizcə, bu, Azərbaycanda effektiv ola bilərmi?

 

- Böyük şəhər bələdiyyəsinin yaradılması Azərbaycanın Avropa Şurasına 2001-ci ildə daxil olduğu zaman Şura tərəfindən verilmiş 222 saylı rəydə öhdəlik kimi qeyd edilib. Bu öhdəliyə görə Bakı Böyükşəhər Bələdiyyəsi yaradılmalı idi. Amma o zaman bu məsələ o qədər də aktual deyildi. Yenə də biz bu gün ilk növbədə bələdiyyələrin güclü olmasını düşünməliyik. Tutaq ki, Böyük Şəhər bələdiyyələri formalaşdı, səlahiyyətlər yenə də eyni qalacaq, eyni fəaliyyət ortaya qoyulacaq. Səmərəsiz fəaliyyəti dəyişmək lazımdır.

 

- Bələdiyyələrə nəzarət mümkündürmü?

 

- Bu çətin olar. Bələdiyyələrin işinə onları seçən vətəndaşlar nəzarət etməlidirlər. Qanunvericiliyə əsasən, bələdiyyələrin fəaliyyətinə yalnız inzibati nəzarət həyata keçirilir, bu nəzarəti Ədliyyə Nazirliyi həyata keçirir və bu barədə Milli Məclisə illik məruzəni təqdim edir.

 

- Bələdiyyələri vətəndaş seçir. Amma elə situasiya yaranıb ki, sanki onlara əhali özü güvənmir. Məsələn, çox az insan inanır ki, bələdiyyə büdcəsinə ödədiyi vergi səmərəli istifadə ediləcək. Vətəndaşın bələdiyyələrə güvənini necə təmin etmək olar?

 

- Bələdiyyələri vətəndaşlar öz aralarından seçirlər. Onlar bölgədə öz nüfuzuna görə tanınan şəxslər olmalıdır. Vətəndaşlar arasında maarifləndirmə işi aparılmalıdır. Bələdiyyə vətəndaşdan topladığı vergini dolayısı yolla xidmət şəklində vətəndaşa qaytarmalıdır. Abadlıq işləri, bərpa-quruculuq işləri, sosial-ekoloji addımlar və s. görməlidirlər. Hər birimiz bələdiyyəyə deyə bilərik ki, pul vermirəm, çünki işləmirsiniz. Amma vergini ödəmək lazımdır ki, sonra onu tələb edə bilək. Qanunvericiliyə görə, bələdiyyələr seçicilər qarşısında ildə iki dəfə hesabat verməlidirlər. Vətəndaşlar isə bunu tələb etməlidirlər. O zaman güvənsizlik problemini də mərhələlərlə aradan qaldırmaq olar.

 

- 23 ildir səmərəsiz fəaliyyət göstərən bələdiyyə təsisatı ləğv edilə bilərmi?

 

- Sivil dövlətlərdə yerli özünüidarəetmə orqanları olmalıdır. Bu demokratiyanın tələbidir. Ola bilər, bələdiyyələr tamamilə ləğv edilsin, tamam yeni struktur yaradılsın. Yenə də müstəqil olacaq, güclənəcək, vətəndaşlara daha yaxın olacaq. Bunun üçün köklü dəyişikliklər tələb edilir. Bu, olmalıdır.

 

- Parlamentin bu sessiyada beynəlxalq fəaliyyət, digər ölkələrlə əməkdaşlığın genişləndirilməsi işində yeniliklər nələr ola bilər?

 

- Parlament diplomatiyası Azərbaycanda çox yaxşı qurulub. Cənab Prezident VI Çağırış Milli Məclisin ilk iclasında çıxışı zamanı da tövsiyələrini vermişdi, deputatların beynəlxalq fəaliyyətini təqdir etmişdi, öz dəyərli tövsiyələrini vermişdir. Azərbaycan parlamenti dövlətin haqq işini həmişə xaricdə müdafiə edib. Bizim Vətən Müharibəsindən sonra bu istiqamətdə əsas məqsədimiz regionda sülh və təhlükəsizliyin təmin olunmasıdır. İstənilən beynəlxalq konfransda bu fikirləri səsləndiririk, təbliğini aparırıq, Ermənistanı bunun üçün müvafiq addımlar atmağa çağırırıq.

 

- Azərbaycan-Latviya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, bir çox ölkələrin parlamentlərarası işçi qruplarının üzvüsünüz. Vətən müharibəsinin Azərbaycanın qələbəsi ilə yekunlaşmasından sonra təmsil olunduğunuz ölkələrin dövlətimizə qarşı münasibətində hansı dəyişikliklər müşahidə etmişiniz?

 

44 günlük müharibədən sonra dünyada Azərbaycana qarşı münasibət kifayət qədər dəyişib. Əvvəl bir çox təşkilatların diqqəti regiona yönəlmirdisə, indi özləri buna təşəbbüs göstərirlər. Azərbaycanın gördüyü işlər sübut etdi və hər kəsi inandırdı ki, münaqişələr həll edilir, dondurulmuş qalmır. Amma bizim gələcəkdə kifayət qədər görüləcək işlərimiz, beynəlxalq təşkilatlarda qaldırmalı olduğumuz məsələlər var.

 

- Azərbaycanın NATO Parlament Assambleyası ilə əlaqələri fonunda bu il üçün təşkilatla hansı əməkdaşlıq tədbirləri nəzərdə tutulur? Onlayn və ya canlı toplantılarda xüsusilə hansı məqamları diqqətə çatdırmağı düşünürsünüz?

 

- Azərbaycan heç bir hərbi blokun üzvü deyil. Amma istənilən hərbi, regional təşkilatlarla, xarici ölkələrlə əməkdaşlıq qurmaq haqqımız var. NATO ilə əməkdaşlıq məsələsi də istisna deyil. Biz NATO PA-da məşvərətçi statusunda təmsil olunuruq. İstənilən halda bizi maraqlandıran problemi, məsələni iclaslarda qaldıra bilirik.

 

Uzun illərdir orada təmsil olunuruq. Diqqətlə yanaşı, müəyyən biganəlik də görürük. Çünki onların öz problemləri də az deyil. Balkan problemləri, Yaxın Şərq, Suriya və s. problemlərin həllinə, müzakirəsinə daha çox diqqət yetirirlər. Buna baxmayaraq, uzun müddətdir bu təşkilatla əməkdaşlıq həyata keçiririk. Silahlı Qüvvələrimizin formalaşmasında bu təşkilatın rolu var. Azərbaycan Ordusu ən güclü ordulardan biridir və bu qüvvətlənmə davam edir.

 

Düşünürəm ki, NATO ilə əməkdaşlığımız yüksələn xətt ilə davam edəcək. NATO daha çox Amerika və Avropanı əhatə etdiyini vurğulasa da, əməliyyatları bu hüdudlardan kənara çıxır. Ona görə də, digər regionlarda NATO-nun dəstək göstərəcək müttəfiqlərə ehtiyacı var. Bu baxımdan təşkilatın Azərbaycanla əməkdaşlığa önəm verdiyini düşünürəm.

 

- 2022-ci il Şuşa ili elan olundu. Bu addım Şuşa və Azərbaycan üçün nə vəd edir?

 

- Bu cür təşəbbüs azad olunmuş ərazilərin tezliklə bərpa olunmasına, öz görkəminə qayıtmasına xidmət edəcək. Azad edilmiş əraziləri qələbəmizdən öncə heç kim tanımırdı. İndi isə ölkəmizə səyahət edən rəsmilər icazəli şəkildə ora səyahət edirlər. Böyük quruculuq işləri aparılır, bərpa işləri davam etdirilir. Bizim ərazilərimiz işğaldan əvvəlki görkəmindən daha gözəl olacaq. Bundan sonra turizmin inkişafı üçün orada daha gözəl şərait yaradılacaq. Bütün bunlar səbr və zaman tələb edir. 

 

- İşğaldan azad olunmuş ərazilərdə bələdiyyələr yaradılacaq?

 

- Əlbəttə. Orada yerli özünüidarəetmə orqanları yaradılacaq. Amma indi orada bələdiyyələrin yaradılmasına ehtiyac yoxdur. Böyük Qayıdış baş tutandan sonra, köçən sakinlər öz aralarından bələdiyyələr seçəcək. Mən ona görə düşünürəm ki, bələdiyyələr haqqında qanunvericilik təkmilləşdirilməli, köklü islahatlardan sonra azad olunmuş ərazilərdə bələdiyyələr formalaşdırılmalıdır. İndiki vəziyyətdə Qarabağa yaraşar ki, belə formada səmərəsiz bələdiyyələr orada fəaliyyət göstərsin? Bəlkə də orada tamam yeni sistem qurulacaq, digər bölgələrimizdə tətbiq ediləcək. Bələdiyyə yenilikləri məhz Qarabağdan da başlaya bilər.

 

- Qarabağ sakinləri heç vaxt bələdiyyə seçkilərində iştirak etməyiblər. Onların belə bir təcrübəsi yoxdur. Onları ilk seçkiyə necə hazırlaşdırmaq olar?

 

- Azad olunmuş ərazilərə qayıdacaq insanlarla bu məsələdə indidən maarifləndirmə işi aparılmalıdır. Bələdiyyə nədir, necə işləyir, səlahiyyəti, vəzifəsi, kimlər bələdiyyəyə seçilə bilər – sakinlər bunları bilməlidir.   

 

- Kamran müəllim, Rusiya və Ukrayna arasında hərbi əməliyyatlar davam edir. Ukraynalı həmkarlarınızla əlaqə saxlamısınızmı? Ümumilikdə, bu məsələyə münasibətiniz maraqlıdır.

 

- Ölkəmiz üçün ən əsas məqamlardan biri orada yaşayan soydaşlarımızın təhlükəsizliyinin təmin edilməsidir. Artıq azərbaycanlıların əksəriyyəti, demək olar, bütün Ukrayna ərazisindən çıxarılıb, təhlükəli bölgəni tərk ediblər.

 

Əsas məqsədimiz müharibənin dayandırılması, qurbanların olmamasıdır. Azərbaycan bunun üçün vasitəçilik də təklif edib. Ukraynanın gələcəyinin necə olacağını, müharibənin regiona necə təsir edəcəyini demək çətindir. Amma istənilən halda sabitliyin təmin edilməsinin tərəfdarıyıq.

 

Yaxın dönəmdə müharibə yaşamış xalq kimi bunun fəsadlarını bilirik. Biz əbədi qələbəni təmin edə bildik. Artıq əminliklə deyə bilərik ki, Azərbaycan və Ermənistan arasında müharibə məsələsi qətiyyətlə bağlıdır, müharibə olmayacaq. Biz sülhün tərəfdarıyıq və buna çalışacağıq.

 

Fotolar: Əfqan Pənahoğlu

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır