Modern.az

“Şirniklənib Rusiyaya mal satanlar pulunu ala bilməyəcək” - MÜSAHİBƏ

“Şirniklənib Rusiyaya mal satanlar pulunu ala bilməyəcək” - MÜSAHİBƏ

Müsahibə

17 Mart 2022, 09:30

“Diasporumuz fəaliyyəti ilə bütün dünyada tanındı”

 

“Sübut etdik ki, Ermənistana ehtiyacımız yoxdur”

 

Milli Məclisin deputatı, Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rüfət Quliyev Modern.az-a müsahibə verib. Deputat Rusiya-Ukrayna müharibəsinin siyasi-iqtisadi nəticələri, azərbaycanlıların müharibə bölgələrindən təhlükəsiz təxliyəsi və regionda cərəyan edən proseslər haqqında fikirlərini bölüşüb.

 

Rüfət Quliyevlə söhbəti təqdim edirik:

 

- Bildiyimiz kimi, artıq 22 gündür Rusiya-Ukrayna müharibəsi davam edir. Bu prosesə münasibətinizi bilmək istərdik.

 

- Müharibə başlayandan indiyə qədər mövqeyimiz dəyişməyib. Ukraynanı suveren ölkə kimi tanımışıq və tanıyacağıq. Bu gün qardaş Türkiyə ilə birlikdə Rusiya və Ukrayna probleminin beynəlxalq hüquq çərçivəsində həllinin tərəfdarıyıq. Müharibənin yolu ancaq sülhə qayıtmaqdır. Başqa variant yoxdur.

 

- Soydaşlarımızın Ukraynadan təhlükəsiz təxliyəsi davam etdirilir. Azərbaycanlıların müharibədən əziyyət çəkməməsi üçün daha hansı addımlar atılacaq?

 

- Azərbaycan hökuməti soydaşlarımızın təxliyəsi ilə əlaqədar bütün prosesi həyata keçirib. Amma bu işdə əsas payı olan diasporumuzdur. Bizim Ukraynadakı diaspor rəhbərlərimiz, Oleq Kreapivin, Ceyhun Məmmədov, Xarkovda fəxri konsulumuz Əfqan Salmanov minlərlə insana kömək edib, onları Ukraynadan təxliyə etmək istiqamətində addımlar atıblar. Vətəndaşlarımıza tibbi, maddi, mənəvi yardım göstərilib.

 

Ukraynaya qonşu olan ölkələrlə əlaqələrimizi gücləndirən Xarici İşlər Nazirliyi vətəndaşlarımızın bu ölkələr vasitəsilə vətənə qaytarılmasına çalışıb. Mən inanıram ki, biz dövlətin, diasporların üzərinə düşən böyük məsələləri həll etmişik.

 

Son iki ildə, iki il yarımda böyük dönüş oldu, diasporumuz bütün dünyada tanındı, fəaliyyəti aktivləşdi. Bu bizim üçün müsbət haldır. İndi dünya savaşı informasiya üzərində qurulub. Müharibə internetə keçib. Biz informasiya müharibəsində əvvəllər bir qədər uduzurduq. Amma son bir neçə ildə artıq bu savaşda da qələbəmiz təmin edildi, mövqelərimiz möhkəmləndi.

 

- Rusiya və Ukrayna kimi iki böyük dövlətin müharibəsi dünya iqtisadiyyatına necə təsir edəcək?

 

- Müharibə heç bir sahədə müsbət nəticə vəd etmir. Ukrayna Avropada ərazisinə görə ikinci böyük dövlətdir. Rusiya və Ukrayna dünya taxıl bazarında birlikdə 30 faiz paya sahib idi. Təbii ki, hər iki dövlətin müharibə aparması dünya iqtisadiyyatına ciddi şəkildə təsir edəcək. Məhsul qıtlığı yarana bilər. Rəqəmlərə fikir verin, başqa kənd təsərrüfatı və qida məhsullarının istehsalına da qadağa qoyulub. Azərbaycanda fəaliyyət göstərən sahibkarlar əgər Rusiyada qiymətlərin qalxmağından istifadə edib, ora məhsul ixrac etməyi düşünürsə, bu səhvi etməsinlər. Bunu, iqtisadçı kimi proqnozlaşdırmaq çətin deyil. Sahibkarlar pulunu ala bilməyəcəklər. Hansısa şəkildə alsalar belə, çəkilən xərci ödəyə bilməyəcək. Hesab edirəm ki, həmin məhsul Azərbaycanda qalsa, daha rahat satılar. 

 

- İqtisadi geriləmə bahalaşma ilə müşayiət olunur. İnflyasiyanın qarşısını almaq üçün hansı addımlar atılmalıdır?

 

- Təxmini proqnozlara görə, bu ilin sonuna qədər dünya iqtisadiyyatı təxminən 1 faiz geriləyəcək. İnflyasiyanın qarşısını almaq, cilovlamaq çox çətindir. Bunun səbəblərindən biri odur ki, makroiqtisadi qanuna uyğun olaraq pulun kütləsi ilə qiymətlərin kütləsi balanslaşdırılmış olmalıdır. Pul çox olanda da, az olanda da inflyasiya gedir. Dünya iqtisadi normalarında da belə olmalıdır.

 

Dünyada 71 faiz tranzaksiya Amerika dolları ilə həyata keçirilir. Qalan tranzaksiyanın təxmini 19 faizi avronun, cəmi 10 faiz civarında mübadilə isə digər valyutaların payına düşür. Ona görə, inflyasiyanın qarşısını almaq üçün bütün dünya addımlar atmalıdır.

 

- Ukrayna proseslərində xaricdə yaşayan azərbaycanlıların birliyi, qonşu ölkələrdəki soydaşlarımızın təxliyə prosesinə köməklik göstərməsi, bir-birinə can yandırması nümunəvi məqam idi. Sizcə, Azərbaycanlıların qürbətdə belə həmrəylik göstərə bilməsi nədən qaynaqlanır?

 

-  Bu birlik irsdən irəli gəlir. Son 25 ildə insanların düşüncələri çox dəyişdi. 44 günlük Vətən müharibəsində isə bu həmrəylik pik həddinə çatdı. Azərbaycanlılar, tək ölkəmizdə yaşayan 10 milyon əhali deyil, dünyada yaşayan 50 milyon soydaşımız, 300 milyondan yuxarı türkdilli xalqların nümayəndələri bir-birinə bağlıdır.

 

Azərbaycanlılar irsən həmişə sədaqətli, mehriban, tolerant olub. Etiraf edək ki, humanistlik göstərərək, hansısa xalqla aramızda olan problemləri belə uzun illər sonra sülhə qovuşdurmağa çalışmışıq. Amma mənə elə gəlir ki, bu cür münasibətin də məhdudiyyəti olmalıdır. Azərbaycanlıların qan yaddaşı var.

 

- Vətən müharibəsinə diqqət çəkdiniz. Bu gün regionda sülhün təmin olunması üçün Azərbaycan ciddi səy ortaya qoyub. Sizcə, Ermənistan sülh prosesinə qoşulmağa razılaşacaq?

 

- Bizim istər rəsmi daxili və beynəlxalq siyasətimiz, istər də xalqın özünün, parlamentinin siyasəti budur ki, sülh olsun. Ermənilər də həmin ərazilərdə yaşasın, amma mütləq şəkildə Azərbaycan bayrağının altında, vətəndaşlığımızı qəbul edib, qanunlarımıza riayət edəndən sonra yaşaya bilərlər.

 

Mən xarici ölkələrdə, ermənilərin də olduğu tədbirlərdə bu fikirləri qeyd etmişəm. Çıxışlarımın birində erməni təmsilçilərə müraciət etdim ki, Ermənistanda neçə azərbaycanlı qalıb? Ermənistanda 99 faiz ermənilər yaşayır. Dünyada belə bir təcrübə yoxdur. Halbuki Azərbaycanda 35 mindən 43 minə qədər erməni yaşayır. Biz buna normal yanaşırıq. Hər kəs bilir ki, ətrafındakı ermənidir, amma tolerantlıq nümayiş etdirir.

 

Əgər ermənilər sülhə razılaşsalar, bu onların özləri üçün xeyirlidir. Razılaşmasalar hər zamankı kimi təcrid içərisində yaşayacaqlar.

 

- Azərbaycanla İran arasında müqavilə imzalandı və Naxçıvanla birbaşa quru əlaqələrimizin yaradılması üçün dəhliz razılaşdırıldı. İranla bu cür əməkdaşlığı necə qiymətləndirirsiniz?  

 

- Əlbəttə, qonşu ölkələrlə əməkdaşlıq siyasəti hər zaman təqdirolunandır. Biz Naxçıvana quru yolu ilə dəhliz formalaşdıraraq, Ermənistana bir daha sübut etdik ki, onlara ehtiyacımız yoxdur.

 

Bizim əsas hədəfimiz Qarabağda həyatı bərpa etmək, sakinləri ora qaytarmaqdır. Bunun üçün bütün addımları atırıq. Regionda sabitliyi qorumaq üçün qonşu dövlətlərlə münasibətlərimizi də hər zaman yüksək səviyyədə saxlamağın tərəfdarıyıq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi