Modern.az

“Ateist olduğunu bilirdim, dedim, namaz qılmaq istəyirəm” - Jurnalist xanımı ilə MÜSAHİBƏ

“Ateist olduğunu bilirdim, dedim, namaz qılmaq istəyirəm” - Jurnalist xanımı ilə MÜSAHİBƏ

Müsahibə

28 Mart 2022, 10:59

“Qıcıqlanırdım, istəmirdim kimsə onu tənqid etsin”

 

“Aramızda heç vaxt dinlə bağlı problem olmayıb”

 

Modern.az “Jurnalistin həyat yoldaşı” adlı yeni rubrikaya başlayır. Adından da göründüyü kimi, bu dəfə müsahiblərimiz öz qələmi ilə sayılıb-seçilən, mətbuatda sözünü deməyi bacaran jurnalist həmkarlarımızın həyat yoldaşları olacaq.

 

İlk həmsöhbətimiz “AzVision” saytının baş redaktoru, “Real” TV-nin aparıcısı, Əməkdar jurnalist Vüsal Məmmədovun həyat yodaşı Nərmin Məmmədovadır.

 

Gəlin, onu yaxından tanıyaq:

 

- Oxucularımıza özünüzü necə təqdim edərdiniz?

 

- Sadəcə Nərmin Məmmədova.

 

- Bilmək olar hansı sahədə çalışırsınız?

 

- Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı Şəhər İdarəsində baş məsləhətçi vəzifəsində çalışıram.

 

- Nərmin xanım, həyat yoldaşınızla ilk tanışlığınız necə olub? O günləri necə xatırlayırsınız?

 

- Bizim tanışlığımız bir qədər maraqlı olub, yəni nə Vüsal, nə də mən inanardıq ki, nəticə belə olsun. Bizi ailəmiz tanış edib. Bir müddət görüşdük, bir-birimizi tanıdıq. Məlum oldu ki, xarakterimizdə üst-üstə düşən çox cəhətlər var. Müəyyən vaxt keçdikdən sonra münasibətimizi rəsmiləşdirdik. Bir il yarım nişanlı qaldıqdan sonra ailə həyatı qurduq.

 

- Ailə həyatı qurarkən tərəddüd etdiyiniz məqamlar oldumu?

 

- Təbii ki, oldu. Mən evlilikdən həmişə qorxurdum. Həyatın elə bir məqamıdır ki, qəti qərarı verirsən. Bundan sonra başına nə gələcəyini bilmirsən. Kimisə yüzdə yüz tanımaq mümkün deyil, sadəcə müəyyən bir hissəsini tanıya bilərsən. Mən də, Vüsal da çətinlik çəkirdik. Bir müddət tərəddüdlərim olub, əlbəttə. Qorxurdum ki, görəsən, bir-birimizi başa düşəcəyikmi, münasibətimiz necə olacaq? Çox şükür ki, peşman olmadım. Ümid edirəm, həyatımın heç bir anında peşman olmayacam. Çox düzgün qərar verdiyimi düşünürəm.

 

- Vüsal bəy imzası seçilən jurnalistlərdəndir. Ailə başçısı kimi necə insandır?

 

- Tərif kimi çıxmasın, amma, Vüsal həqiqətən çox yaxşı ailə başçısıdır. Zəhmətkeş, kübar, bir xanımla necə davranmalı olduğunu bilən, centilmen biridir. Mən bunları biz ailə həyatı qurmadan öncə də bilirdim, amma evləndikdən sonra yeni Vüsalla tanış oldum. Hər şeydən öncə onu deməliyəm ki, çox gözəl atadır. Ayla (qızları-red) ilə onun münasibətini kənardan izləmək mənə böyük zövq verir. Möhtəşəm atadır deyə bilərəm. Müsbət cəhətlərinə gəldikdə, qayğıkeşdir, zəhmətkeşdir, ailədə necə davranmaq lazım olduğunu, bir-birimizlə münasibətdə nələrə diqqət etməli olduğunu çox yaxşı bilir. Mən nəyisə gecikdirsəm, bir işi vaxtında etməsəm, bu, bizim ailədə heç vaxt söz-söhbət yaratmaz. Bir-birimizi başa düşürük. Mənfi cəhətinə gəlincə, bir qədər tərsliyi var. Əgər nəyəsə “yox” desə, onu qərarından döndərmək çətin olur. Yalnız özü qərar verdikdən sonra fikrindən dönə bilər. Amma, bir dəfə etiraf etmişdi ki, “mənimlə höcətləşərək heç nə etdirə bilmərsən, gərək mülayim danışasan, yola gətirəsən”. Təkcə tərsliyini deyərdim, bu cəhətdən qızımız da atasına oxşayıb. Elədir qızım? Bəzən ailəmizdə maraqlı mübahisə yaranır. Qızımızdan soruşuruq ki, ataya daha çox bənzəyirsən, yoxsa anaya?

 

Ayla suala dərhal cavab verərək, daha çox anasına bənzədiyini söyləyir…

 

- Həyat yoldaşınız bu qədər işin arasında Aylaya vaxt ayıra bilirmi?

 

- İş rejimi nə qədər çətin olsa da, Aylanın istədiyi qədər ona zaman ayırır. Qızı bir yana, həyat bir yana, dünya bir yana... Ayla üçün nə desən, mütləq edəcək. Ayla atasını məndən də çox istəyir. Hə qızım?

 

- Ayla, ata haqqında nə düşünürsən?

 

- Mən atamı çox istəyirəm.

 

- Nərmin xanım, Vüsal bəylə ailə qurmadan öncə onu jurnalist kimi tanıyırdınızmı? Məsələn, hansısa yazısını oxumuşdunuzmu?

 

- Xeyr, təəssüf ki, tanımamışam. Mənə deyəndə ki, belə bir adam var səninlə görüşmək istəyir. Onda Vüsal “Lider” televiziyasında işləyirdi, saytı yeni-yeni yaranmağa başlayırdı. “Səda” proqramında sujetlər hazırlayırdı. Biz bir dəfə görüşdükdən sonra, artıq mən oturub “Səda”nı izləməyə başladım. Səsindən tanıdım ki, bu Vüsaldır. O mənə dedi ki, adətən, səsimdən məni heç kim tanımır. Belə maraqlı dialoq yaranmışdı aramızda.

 

- Həyat yoldaşınız həm də sosial şəbəkələrədə aktiv istifadəçilərdən biridir. Bəzən paylaşımlarına görə tənqidlərə tuş gəlir. Bu barədə fikirlərinizi bilmək istəyərdik.

 

- Əvvəllər məni də qıcıqlandırırdı. İstəmirdim kimsə onu tənqid etsin. Hər fikrini dəstəkləyirəm.Yanaşmasını düzgün hesab edirəm. Dəstəkləmədiyim məsələ o idi ki, bir halda insanlar səni başa düşmür. Özünü niyə oda atırsan? Həmişə mənə deyir ki, əgər kütlə məni başa düşmürsə, mən niyə öz mövqeyimdən geri çəkilim? Yox, əksinə onlarla mübarizə aparıb, fikrini daha düzgün çatırdırmağı bacarır. Müşahidə etmişəm ki, öz ətrafından, iş yoldaşlarından, dostlarından da əvvəl Vüsala belə yanaşan, amma sonra onu başa düşən, haqq qazandıran insanlar çox olub.

 

Düzdür, biraz əsəblərini korlayır, istər-istəməz kefini pozur. Əvvəl bu qədər az reaksiya vermirdi, girib cavab yazırdı. Son vaxtlar bloka atmaqla kifayətlənir.

 

- Din məsələsinə toxunmaq istərdim. Bilirik ki, sizin yoldaşınız ateistdir. Bəs sizin dini baxışınız necədir? Bu məsələdə fikirləriniz üst-üstə düşürmü?

 

- Tanışlığımızın ilk dövründə Vüsalın ateist olduğunu bilirdim. Mən isə özümü ateist hesab etmirdim. Əslində heç vaxt dinin yüksək təsirində olmamışam. Biz Vüsalla tanış olanda mənim atam yenicə vəfat etmişdi. Həmin zamanlarda insan dini ayinlərə daha çox ehtiyac duyur. Şəxsən mənim həyatımda belə olmuşdu. Vüsalla ilk görüşümüzdə ona belə bir sual vermişdim ki, mən namaz qılmaq istəyirəm, sənin üçün problem yaratmaz ki?  “Yox” dedi. Amma, sonradan onun dünyagörüşü, mənə danışdıqları, özümün maraqlandıqlarımdan başa düşdüm ki, yox, başqa dünya da var. Ona haqq qazandırmağa başladım. Bizim aramızda heç vaxt dini problem olmayıb. Hazırda həmfikirik.

 

- Onda sizi də ateist hesab edə bilərik?

 

- Bəli.

 

- Yenidən status məsələsinə qayıtmaq istərdim. Özünüz də bildirdiniz kimi, Vüsal bəyin sosial şəbəkələrdə yazdığı statuslar birmənalı qarşılanmır. Haqlı iradlar da səsləndirilir. Siz hansısa statusuna görə ona irad bildirmisinizmi?

 

- Yazdıqları ilə həmfikir olduğum üçün irad bildirmirəm. Sadəcə fikirlərini insanlarda daha az qıcıq yaradacaq şəkildə ifadə etməsini bildirmişəm. Bu barədə dialoqlar olub aramızda. Yazdıqlarına isə tənqidi yanaşmam olmayıb.

 

- Nərmin xanım, ölkə mediasını izləyirsiniz? Gündəlik xəbərləri daha çox hansı platformalardan əldə edirsiniz?

 

- Vüsalla tanış olduqdan sonra ölkə mediasını izləməyə başladım. Əvvəllər sadəcə xəbər kanallarına baxırdım. Amma indi hər səhər işə getmədən öncə “Azvision” saytına baxıram. Artıq iş yoldaşlarım da ancaq Vüsalın saytını izləyir, ona yeznə deyirlər. “Modern.az” saytı da bəyənib, oxuduğum xəbər saytları arasındadır. Xəbər kanalları olaraq “Real”, “İctimai” televiziyaları izləyirəm. 

 

- Mütaliə ilə aranız necədir?

 

- Əvvəllər daha çox mütaliə edirdim. Təəssüf hissi ilə qeyd edirəm ki, indi vaxtım olmur. Oxuya bilmirəm. Amma bədii ədəbiyyatı çox sevirəm.

 

- Hansı jurnalistlərin yazılarını oxuyursunuz? Bəyəndiyiniz imzalar varmı?

 

- Əvvəllər daha çox köşə yazılarını izləyirdim. Fikrimcə, artıq o qədər də köşə yazıları yazılmır. Amma, qarşıma çıxdıqca oxuyuram. Murad Köhnəqala, Günay Ardanın yazılarını sevərək oxuyurdum.

 

- Sizcə, Vüsal Məmmədov jurnalist olmasaydı, başqa hansı peşədə özünü doğrulda bilərdi?

 

- Vüsal peşəsini çox sevir. O yazı yazanda tamamilə hər şeyi unudur. İnsan sevdiyi işlə məşğul olanda rahatlıq tapır. Bir yazı yazarkən mən onda müşahidə edirəm ki, qapanır, nə desək də reaksiya vermir. Mən Vüsalın çox yaxşı fizik ola biləcəyini düşünürəm. Onun bu sahədə böyük uğur əldə edəcəyinə əminəm.

 

- Hər bir qadın kişinin həyatında böyük rol oynayır. Bəs siz Vüsal bəyin həyatında nəyi dəyişmisiniz? Sözünüzə baxırmı?

 

(gülür...) Məncə, Vüsalın həyatında müəyyən qədər dəyişiklik yaratmağı bacarmışam. Düşünürəm ki, qadın hər bir kişinin həyatına stabillik gətirməlidir. Kişi və qadın ayırmazdım, amma şəxs evinə girdiyində mütləq rahatlıq tapmalıdır. Məncə, bunu Vüsalın həyatında təmin etməyi bacarmışam. Bizim həyatımızda sabitlik, xoşbəxtlik hökm sürür. Əminliklə deyə bilərəm ki, Vüsalın həyatında bunu yaratmağı bacarmışam.

 

- Təbii ki, hər bir ailədə söz-söhbət də olur…

 

- Əlbəttə, olur. Bizdə nəsə narazılıq olarsa, bunu böyük münaqişəyə gətirib çıxarmırıq. Problemləri danışaraq həll etməyi bacarırıq. Bunu öz üstünlüyümüz hesab edirəm. Mən bilirəm ki, bu Vüsalın xoşuna gəlməz. Ona görə də onu etmirəm. Belə münaqişələr bizdə yaranmır. Mübahisələrimiz bir az olur. Evliliyimizin ilk vaxtlarında belə münaqişələrimiz tez-tez yaşanırdı. Hətta bəzən Vüsalın yazdıqlarına görə. Bəzən də jurnalist fəaliyyətində yaxın olduğu xanımlara görə mən bir az sərt davranırdım. Sonradan başa düşürəm ki, bu, onun iş həyatıdır. Həm də böyük kollektivin rəhbəridir. İş yoldaşlarına qarşı yaxınlığı, tələbkarlığı olmalıdır. Kollektivlə harasa getməlidir. Əvvəllər belə halları daha aqressiv qarşılayırdım, indi başa düşürəm ki, belə hallar labüddür, olmalıdır və qaçılmazdır. Bununla barışıram.

 

- Həyat yoldaşınız açıqfikirli insandır. Qadın və kişi münasibətlərinə azadlıq prizmasından baxır. Bu sizi narahat etmir ki?

 

- Bu barədə Vüsalla sözümüz olur. Deyirəm ki, sən liberallıqdan danışırsan, amma ailəmizə gələndə öz mühafizəkarlığını qoruyursan. Deyir, “mən liberal insan deyiləm, mühafizəkaram”. Deyirəm, aydındır, amma qeyd etdiyin bəzi məqamlar var ki, qadın və kişi evlənmədən bir yerdə yaşayıb, bir-birini tanıya bilərlər. Vüsal bildirir ki, “hə, düz deyirəm, gələcəkdə problem olmasın”. Sual verirəm ki, bəs özün niyə belə etməmisən? (gülür...) Deyir ki, “o mənim fikrimin digər hissəsisdir”. Yəni, özünə gələndə tətbiq etmir.

 

- Övladınızı gələcəkdə necə bir insan kimi görmək istərdiniz?

 

- Bizim planlarımız böyükdür, düzdür, hələ yaşı kiçikdir. Yaşına baxmayaraq, artıq müəyyən bilikərə sahibdir. Bizim ikimizin də çalışdığımız odur ki, qızımızı nəinki cəmiyyətimizə, dünyamıza layiqli övlad kimi böyüdək. Ağıllı biri olsun, yetişkin qərarlar verə bilsin. Niyyətimiz bu yöndədir. Ümid edirik ki, övladımızı ağıllı fərd olaraq böyüdəcəyik.

 

- Yəqin ki, müsahibənizi həyat yoldaşınız oxuyacaq. Ona nə demək istərdiniz?

 

- Yaşa, yarat, sən bizə lazımsan. Biz səni çox sevirik və hər zaman yanındayıq!

 

- Bəs, Ayla atasına nə demək istəyir?

 

Sualımıza Ayla özü cavab verir: Məni daha çox gəzməyə apar, ata. "Kinderland"a getmək istəyirəm.

 

- Nərmin xanım, təşəkkür edirəm. Söhbətimiz məncə, maraqlı alındı və sizin ailənizi yaxından tanımaq şansımız oldu.

 

- Mən sizə təşəkkür edirəm, çox sağ olun. Suallarınız mənim üçün maraqlı idi. İnanıram ki, oxucularınız üçün də müsahibə maraqlı olacaq.

 

Fatma Abdulla

Foto: Yusif Eyvazlı

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi