Modern.az

Azərbaycanda 90 minə yaxın uşaq süni mayalanma ilə doğulub - MÜSAHİBƏ

Azərbaycanda 90 minə yaxın uşaq süni mayalanma ilə doğulub - MÜSAHİBƏ

Müsahibə

29 Mart 2022, 10:44

Azərbaycanda sonsuzluqla bağlı ekstrakorporal mayalanma icbari tibbi sığorta çərçivəsində Xidmətlər Zərfinə daxil ediləcək. Bununla da hər sonsuz ailə bir dəfə dövlət hesabına süni mayalanma prosedurundan yararlana biləcək.

 

İlk dəfə 1978-ci ildə Böyük Britaniyada tətbiq edilən süni mayalanma 2004-cü ildən etibarən Azərbaycanda da həyata keçirilir.

 

Mövzunun aktuallığını nəzərə alaraq, süni mayalanma sahəsində yaranan suallara cavab tapmaq üçün Mərkəzi Klinikanın Mama-ginekologiya şöbəsinin müdiri Mahirə İsmayılova ilə həmsöhbət olduq. Modern.az onunla müsahibəni təqdim edir:

 

- Mahirə xanım, artıq növbəti ildən süni mayalanma da icbari tibbi sığortaya cəlb olunacaq. Bilmək istərdik hazırda bu sahədə vəziyyət necədir?

 

- Hələ ki, süni mayalanma icbari tibbi sığortaya daxil olmayıb. İcra olunacaq qanunun xüsusi bəndləri var. Ölkəmizdə icbari tibbi sığorta yeni-yeni müəyyən addımlar atır. Ancaq bəzi ölkələrdə icbari tibbi sığorta illərdi var və insanlar ondan yararlanır. Tibbi sığorta əhali üçün çox önəmlidir, çünki insanların sağlamlığında müəyyən problem olduqda imkanları olmasa belə, həkimə müraciət edə bilirlər. Düzdür, yeni başlanıldığı üçün müəyyən çətinliklər olacaq, ancaq keçicidir.

 

Süni mayalanmaya müraciət edən insanlara gəldikdə, mən belə insanları hər gün görürəm. Bütün ölkələrdə bu prosedur çox bahalıdır, ölkəmizdə də eynən. Səbəb isə embrioloji laboratoriyada istifadə olunan cihazların qiymətinin baha olmasıdır. Gündəlik istifadə olunan embrionların hazırlanması üçün xüsusi reaktivlər, mediumlar var ki, bunlar bahalıdır. Bu sahədə yumurtalıqlarda yumurta yetişdirmək üçün istifadə olunan dərmanların məbləği yüksəkdir. Nəticədə bir çox ailələr bu məbləği qarşılaya bilmir. Bu sahədə özəl bir nöqtə var ki, yaş faktoru çox önəmlidir. Məsələn qadın 20 yaşında ailə qurub, 30 yaşı var, övladı yoxdur və pulu da yoxdur ki, müalicə alsın. Bu insan başa düşür ki, ana olması üçün ertələdiyi hər il onun əleyhinə gedir. Ancaq İcbari Tibbi Sığorta tətbiq olunduqdan sonra belə ailələrin sayı azalacaq.

 

- Ümumiyyətlə süni mayalanma nədir və necə icra edilir?


- Süni mayalanma sadəcə bir termindir. Əslində bu, yardımçı reproduktiv texnologiyalar çərçivəsində ekstrakorporal mayalanma deməkdir. Korpus bədən, ekstra isə xaric deməkdir. Ekstrokorporal mayalanma o deməkdir ki, qadın və kişi hüceyrələrinin birləşməsi insan orqanizmində deyil, sınaq şüşəsində, yaxud laboratoriyada baş verir və sonra qadının uşaqlığına yerləşdirilir.

İlkin olaraq, qadın və kişi müayinədən keçir. Müayinələrdən sonra xanım xəstəxanaya dəvət olunur, analiz götürülür və müalicə başlayır. Xanıma xüsusi dərmanlar tətbiq edilir və 12-13 gün olmaqla hər 4 gündən bir həkim müayinəsinə gəlir. Sonra venadaxili anesteziya ilə əməliyyat etmədən xüsusi iynə vasitəsilə qadının yumurtalıqlarından yumurta hüceyrələri toplayır və embrioloji laboratoriyaya veririk. Eyni gündə onun həyat yoldaşından da hüceyrələr götürülür. Bəzi insanlar düşünür ki, bu, əməliyyat yolu ilə aparılır. Amma sperm göstəriciləri normaldırsa, bunu adi yolla götürürük. Kişilərdə azoospermiya olduğu halda, kiçik əməliyyat vasitəsilə hüceyrələr əldə edilir. Laboratoriyada həm kişi, həm də qadın hüceyrələrinin içərisindən yaxşıları seçilir və onlar mikroinyeksion üsulla mayalandırılır, yəni kişi hüceyrəsi xüsusi mikroinyeksion iynə vasitəsilə yumurta hüceyrəsinə daxil edilir. Nəticədə əmələ gələn embrionlar inkubatora yerləşdirilir. Onlar 3 gün nəzarətdə saxlanılır, öyrənilir və içərisindən ən yaxşısı seçilib heç bir narkoz vermədən xüsusi katetr vasitəsilə ultrasəs cihazının nəzarətiylə qadının uşaqlığına yerləşdirilir. Süni mayalanmada digər üsullar da var. Amma dediyim ən müasir üsuldur.

 

 

- Hansı halda sonsuz cütlüklər bildiyimiz iynə-dərman müalicəsinə yox, süni mayalanmaya müraciət etməlidirlər?
 

- Dünyada ilk dəfə uşaqlıq borusu olmayan qadına süni mayalanma tətbiq edilib. Əgər qadının boruları yoxdursa, kişilərdə sperm hüceyrələrində ciddi dəyişiklik varsa, yaxud azoospermiya və digər hallarda süni mayalanma göstərişdir. Sadaladığım hallarda cütlüklər istəyir 1, istəyir 5 il gözləsinlər, zaman dərman olmayacaq.

 

- Yəni bu problemləri olanlar 5-10 il gözləməməlidir...

 

- Əlbəttə, demək istədiyim budur. Gözləmək sadəcə zaman itkisidir.

 

- Süni mayalanma zamanı hər şey laboratoriyada həll edildiyinə görə cinsi də sifariş vermək olurmu?

 

- Bəli, mümkündür. PGD vasitəsilə cinsiyyəti müəyyənləşdirmək olur. Amma etik cəhətdən biz həkimlər oğlan və ya qız uşağı üçün genetik təhlillər aparılmasının tərəfdarı deyilik. Cütlüklər bunu istəyirsə, istəkləri nəzərə alınır.

 

- Maraqlıdır, Azərbaycanda ilk dəfə süni mayalanma tətbiq edilən vaxtdan bu günə kimi müraciət edənlərin ümumi sayı nə qədərdir? Süni mayalanma yolu ilə neçə uşaq dünyaya gəlib?

 

- Süni mayalanma Azərbaycanda 2004-cü ildən icra edilməyə başlayıb. Mərkəzi Klinika da ilk klinikalardan olub. Bu prosedur ilk dəfə Ailə Planlama Mərkəzində həyata keçirilib. O gündən indiyə kimi minlərlə müraciət daxil olub. Ortalama olaraq ölkədə süni mayalanma tətbiq edilən klinikalarda ay ərzində 100 ailəyə süni mayalanma icra edilir. Ölkədə də 4 belə aktiv mərkəz var, nəticə etibarilə ay ərzində Azərbaycanda 400-450 süni mayalanma icra edilir. Bu say bir il ərzində 5000-5500 ola bilər. Son olaraq isə hesablarımızla deyə bilərik ki, süni mayalanma tətbiq edilən ildən bu günə kimi 85 000-90 000 süni mayalanma icra olunub. Bundan əlavə illərdir ki, 2-ci, 3-cü uşaq üçün də müraciətlər olur. Hazırda ölkəmizdə də aktiv mərkəzlər var, ancaq digər ölkələrdə daha çoxdur. Bu prosedur dünyada 30 ildən çoxdur ki, tətbiq olunur. İl ötdükcə də müraciətlərin sayı artır. Dolayısı ilə sonsuzluğun sayı dünyada azalmır. Azərbaycan üçün də bu məsələnin aktual olması əhali sayımızın az olması ilə bağlıdır. 80 milyonluq Türkiyə xalqı üçün 15-20 faiz çox böyük bir rəqəm olmaya bilər. Azərbaycan isə əhali sayı 10 milyondur və onun 15-20 faizi sonsuzluqla üzləşirsə, bu bizim üçün böyük rəqəmdir.

 

- Süni mayalanma icra edilənlərin neçəsində müsbət nəticə olur?

 

- Ekstrakorporal mayalanmanın dünya statistikası var. Ayrı-ayrı ölkələr üzrə statistika bir qədər fərqlənir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) statistikasını götürsək süni mayalanma nəticəsində hamiləlik şansı 35-45 faiz aralığında dəyişir. Söhbət gedir evə sağlam uşaqla getməkdən. Biz süni mayalanmanı icra edirik, 50-60 faiz hamilə qalır, ancaq bu o demək deyil ki, bütün hamiləliklər başa çatır. Son rəqəm götürülür uşaq doğulduqda. Azərbaycanda isə bu üsulla hamilə qalma statistikası 45-55 faiz arasında dəyişir. Bu say isə Türkiyənin, Rusiyanın və Avropa ölkələrinin statistikası ilə üst-üstə düşür. Hamiləliyi başa çatdırıb, dünyaya uşaq gətirmə prosesi isə son statistikaya görə ölkəmizdə 39-42 faiz aralığındadır. Dünya statistikasına görə bu rəqəm ürəkaçandır. Bu göstəricilər İsraildə daha yüksəkdir. Səbəb isə dövlət tərəfindən hər ailəyə süni mayalanma tətbiq edilməsi üçün 3 ödənişsiz cəhd şansının verilməsidir. Yəni onlar 3 dəfə süni mayalanmanı pulsuz edə bilirlər. Bu prosedurda belə bir şey var ki, birinci cəhd tutmursa, ikincidə şans çox olur, üçüncüdə isə şansın olmaması mümkünsüzdü. Bu səbəbdən də o ölkənin rəqəmləri daha yüksəkdir.

 

Bu həm də yaşa görə dəyişir. Əgər qadın 30 yaşına qədərdirsə, müsbət nəticə şansı 60-70 faiz, 30-35 yaş arasında 40-50, 35-40 yaşda 30-40, 40 yaşdan sonra isə 20-30 faiz olur.

 

- Süni mayalanma ilə hamilə qalan qadınlara təbii doğuş, yoxsa qeyrəsiyyə əməliyyatı göstərişdir?

 

- Doğuşa qədər hər şey normaldırsa, göstəricilər imkan verirsə, təbii doğuş həyata keçirilir. Yox, əksidirsə, qeysəriyyə əməliyyatı icra edirik. Bu, normal hamilə qalan qadınlarla eynidir.

 


- Bəs süni mayalanmadan doğulan uşaqlarla normal hamiləlikdən doğulan uşaqlar arasında hansı fərqlər var? Hansı fəsadlar müşahidə edilir?

 

- Süni mayalanma ilə 1978-ci ildə doğulan ilk uşaq - Luiza Braun özü təbii yolla ana olub. O vaxtdan bəri süni mayalanma ilə milyonlarla uşaq dünyaya gəlib. Aparılan elmi araşdırmalar göstərir ki, süni mayalanmayla doğulanların sağlamlıq göstəriciləri təbii yolla dünyaya gələn uşaqlarla eynidir.

 

 

- Ümumiyyətlə hazırda Azərbaycanda sonsuzluqla bağlı vəziyyəti necə təsvir etmək olar? Hər 10 ailədən neçəsində sonsuzluq var?

 

- Bütün dünyada əhalinin 15%-i sonsuzluqdan əziyyət çəkir. Azərbaycanda da eynən vəziyyət belədir. Hesablamalarla ölkədə hər 10 ailədən 2-si, 3-ü sonsuzluqdan əziyyət çəkir. Sonsuzluqla bağlı müraciətlərin hamısına isə süni mayalanma tətbiq etmirik. Bir qisminə isə müalicələr tətbiq olunur, onun effektivliyi isə 5%-dir. Digər bir tətbiq isə aşılama yolu ilə olur ki, bunun da effektivliyi 10-15 faizdir. Sonsuzluqla bağlı müraciət edən hər 10 xəstədən 5-i süni mayalanma üçün müraciət edir, ancaq 5-i də proseduru icra etdirə bilmir. Təxminən 3-4 nəfər proseduru icra etdirə bilir. Çünki prosedur çox bahalıdır.

 

- Daha çox hansı yaş aralığında olan xanımlar süni mayalnma üçün müraciət edir?

 

- Qadın müəyyən yaşa qədər nəsil vermə qabiliyyətində olur. Yaxşı olar ki, qadınlar 35 yaşa qədər ana olsun. 35 yaşdan sonra yumurtalıq rezervi zəifləyir, genetik xəstəliklər ortalığa çıxmağa başlayır. 40 yaşdan sonra isə bu hallar daha çox olur. Yaş baxımından kişilərdə də sperm keyfiyyətində dəyişiklik olur. Gənc yaşlarda süni mayalanma nəticəsində daha çox hamilə qalma şansı olur. Ötən illərdə yaşlı nəsil daha çox müraciət edirdi, çünki uzun müddət müalicə alırdılar. İndi isə sevindirici haldır ki, daha erkən yaşlarda müraciət olunur. Qadınlar arasında süni mayalanmaya müraciət edənlər 25-45 yaş aralığında, kişilər isə 28-48 yaş aralığındadır.

 

- Doktor, əvvəllər daha çox qadın sonsuzluğu üstünlük təşkil edirdi, bəs hazırda sonsuzluğun səbəbi daha çox kişilər, yoxsa qadınlardır?

 

- Sonsuzluqda kişi faktoru artıb. Əvvəl deyirdik ki, sonsuzluğun 40%-i qadına bağlıdır, 40%-i kişiyə, 20%-i isə həm kişiyə, həm qadına. İndi isə sonsuzluq səbəbi qadınlarda 35-40 faiz, kişilərdə 45-50 faizdir. Son 20 ildə kişi sonszuluğunun həm sayı artıb, həm də kişi sonsuzluğunun daha mürəkkəb formaları aşkar olunur. Süni mayalanma üçün müraciət edən hər 3 xəstədən 2-sində mütləq kişi faktoru var. Qeyd edim ki, qadın sonsuzluğunun süni mayalanma ilə müalicə etmək daha asandır. Kişi sonsuzluğunun çox mürəkkəb formaları var. Süni mayalanmada çətinlik çəkirsən, bir neçə prosedur tətbiq edirsən. Bundan əlavə kişi faktoru olan zaman genetik problemlər daha çox olur. Çünki embrion üzdən yaxşı olur, ancaq onun genetik kodu yaxşı olmur. Buna görə də kişi sonsuzluğu müraciətində qadınların hamiləlik şansı daha az olur. Son 20 ildə kişi faktorunun artım səbəbini öyrənmək üçün özəl araşdırma aparılmalıdır.

 

 

- Son vaxtlar ölkəmizdə əkizlərin, üçəmlərin sayı artıb. Bunu süni mayalanma ilə əlaqələndirmək olar?

 

- Əkizlərin süni mayalanma olmadan doğulması çox kiçik faizlə olurdu. Ekstrakarpalal mayalanma zamanı 2 embrion transfer edirik, bəzi xəstələrdə isə 3 embrion transfer edirik. Bu zaman isə əkiz və ya üçəm hamiləliyinin baş verməsi ehimalı çox yüksəkdir. Əkizlərin və üçəmlərin hamiləliyi başa vurması ilə bağlı müşahidələrimiz var. Neonatoloji xidmət daha da inkişaf edib, küveyzlər var. Hansı ki, çox kiçik doğulmuş körpələri yaşatmaq imkanlarını artırır. Süni mayalanmanın əkizlərin, üçəmlərin artmasında rolu var, bunu dana bilmərik.

 

 

- Son 3 ildir həyatımızın bütün sahələrinə sirayət edən COVID-19-un sonsuzluğa təsiri ilə bağlı fikirlər nə dərəcədə doğrudur?

 

- Bu mübahisəli bir mövzudur. Çünki qısa zamandır və retrospektiv təhlillər çox aparılamyıb. Araşdırmalar göstərdi ki, koronavirusa yoluxmuş kişilərdə testosteron hormonunun miqdarı aşağı düşür, amma sperm keyfiyyətində dəyişiklik olmayıb. Ancaq COVID-19 bitdikdən sonra hansı fəsadları olacaq bu, bəlli deyil.

 

- Son olaraq süni mayalanmanın icbari tibbi sığortaya cəlb edilməsini necə qiymətləndirirsiz? Bu sahədə hansı dəyişikliklərin olacağı gözlənilir?

 

- Təəssüf ki, ölkədə sonsuzluqdan əziyyət çəkənlərin hamısı süni mayalanmaya müraciət edə bilmir. Ancaq bu prosedur dövlət hesabına olduqda müşahidə edilən rəqəmlərdə də müəyyən dəyişiklik olacaq. Qeyd edim ki, dövlət hesabına olan prosedurlarda da ədalət prinsipi qorunmalıdır. Məsələn, ailədə bir övlad var, ikincisi üçün müraciət edir, ancaq başqa ailə ümumiyyətlə övlad sahibi deyil. Üstünlük heç uşağı olmayan ailəyə verilməlidir. Mən bu prizmanın içərisində olduğum üçün hər şeyi ətraflı olaraq görürəm. Süni mayalanmanın isə icbari tibbi sığortaya cəlb edilməsini mütəxəssis olaraq müsbət qiymətləndirirəm.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ermənilər sərhəddə təxribat törətdi – İki zabit yaralandı