Modern.az

BİZİMKİLƏR: “Prezidentlə müsahibədə həyəcanlı idim” – AzTV-nin aparıcısı

BİZİMKİLƏR: “Prezidentlə müsahibədə həyəcanlı idim” – AzTV-nin aparıcısı

Müsahibə

1 Aprel 2022, 09:16

Qələbə xəbərini vermək hər jurnalistə qismət olmur

Modern.az “Bizimkilər” rubrikasına davam edir. Rubrikada tanınmış jurnalistlərin müsahibələrini oxucularımıza təqdim edirik. Bu dəfəki həmsöhbətimiz tanınmış teleaparıcı Mümtaz Xəlilzadədir.

Mümtaz Xəlilzadə 1989-cu il 16 dekabr tarixində anadan olub. Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-İnformasiya fakültəsini bitirib. Tələbəlik illərindən müxtəlif qəzetlərdə çalışıb. “Space”, “ARB”, “İdman Azərbaycan” kimi kanallarda fəaliyyət göstərib. Hazırda Azərbaycan Televiziyasında “AzTV Xəbər”in aparıcısıdır.

- Mümtaz bəy, əvvəlcə jurnalistikaya gəlişinizdən danışaq. Sizi bu sahəyə cəlb edən hansı məqamlar oldu?

- Mənim televiziyada qalıb işə başlamağımın ən böyük səbəblərindən biri qarşıma hər zaman yaxşı insanların çıxmasıdır.

Əslində tələbəlik vaxtlarından ştatdankənar olsa da, jurnalistikada çalışmışam. Dörd il ərzində müxtəlif qəzetlərdə işləmişəm. Hərbi xidməti bitirdikdən sonra “Space” TV-də işə başladım. Mən hər zaman deyirəm ki, insanda birinci növbədə bəxt, şans olmalıdır. Nə qədər savad, qabiliyyət, istedadın olursa olsun, əgər bir yerdə şansın gətirmirsə, əngəl varsa, sənin işlərin uğurlu alınmayacaq. Mənim televiziyada işə başlamağımın ən böyük səbəbi şanslı olmağım - qarşıma yaxşı insanın çıxmağıdır. “Hekayə”m bax budur. Bir də, Allahın verdiyi istedad, yaxud bacarıq…

- Sizcə, xəbər aparıcısında hansı üstünlüklər olmalıdır?       

- Tamaşaçı qarşısına çıxmaq istəyən birinin ilk növbədə xarici görünüşü buna imkan verməlidir. İkinci səs imkanları, danışığı və nitqi efirə uyğun olmalıdır. Bu amillərlə bərabər mənim üçün başlıca tələb səmimiyyətdir. Tamaşaçı ilə sərhəd götürülməlidir. Xəbəri dərk etməlisən ki, onu çatdıra biləsən.

Ürəyimin çırpıntısı hələ də yadımdadır

- Efirdə duyğularınıza hakim ola bilmədiyiniz məqamlar olubmu?

- Məndə yalnız iki dəfə belə hal olub. İlk dəfə pandemiyanın hələ yeni-yeni başladığı zamanlar idi. AzTV-nin cavan əməkdaşını itirdik. Mən onun ölüm xəbərini boğula-boğula çatdırdım. Hətta növbəti süjetin təqdimatını verə bilmədim. Sadəcə “növbəti süjetə keçək” deməklə kifayətləndim. Bu o zaman idi ki, insanlar hələ virusun varlığına şübhə ilə yanaşırdılar. İkinci dəfə Qələbə xəbərini çatdıranda hislərimə hakim ola bildim, amma, ürəyimin çırpıntısı hələ də yadımdadır. Doğrudur, düşünürəm ki, teleaparıcı, xüsusən də xəbər aparıcısı keçirdiyi hislərə, yaşadığı duyğulara müəyyən qədər hakim olmağı bacarmalıdır. Amma 30 ildən sonra qələbə xəbəri çatdıran bir aparıcıdan da bunu istəmək, tələb etmək ədalətsizlikdir.

- Efir vaxtı gözlənilməyən situasiyaları necə idarə edirsiniz?

- Elə hadisələr çox olur. Belə hallarda əsas olan aparıcının hazırlığıdır. Bunun üçün təkcə yüksək nitq qabiliyyəti tələb olunmur, eləcə də dünyagörüşü, savad, siyasi, sosial və digər istiqamətlərdə mövzuyahakimlik olmalıdır. Bunlar varsa, aparıcı istənilən vəziyyətdən çıxmağı bacaracaq. Xəbər yetişməyə bilər, suflyor xarab ola bilər, hətta studiyada bizim üçün quraşdırılan işıqlardan biri partlaya bilər, qısası, gözlənilməyən hər bir hadisə ilə üzləşmək mümkündür. Vacib olan soyuqqanlılıq və yenə də deyirəm, mövzuya hakimlik olmaqdır. Hər zaman deyirlər, “həyəcana qalib gəlmək”, amma elə deyil. Vacib olan yaşanan həyəcanı idarə edə bilməkdir. Çünki, hər kəs həyəcanlana bilər və bu normaldır. 2020-ci il iyulun 6-da cənab Prezidentdən müsahibə almaq şərəfinə nail olmuşam. Tələbələrim, həmkarlarım o zaman həyəcan keçirib-keçirmədiyimi soruşurlar. Əlbəttə, həyəcan var idi, sadəcə onu idarə etməyi bacardım.

Həyəcanlı dəqiqələr idi, amma, çox maraqlı anlar yaşadım

- Prezidentlə müsahibəyə necə hazırlaşmışdınız?

- Dövlət başçısı ilə görüşmək və müsahibə almaq jurnalistin peşə fəaliyyətində nadir yaşana biləcək hadisədir. Səhər çox erkən saatlarda - təxminən 6-da oyanmışdım. Xətai rayonunda modul tipli xəstəxananın açılışı idi. Açılışdan sonra Prezident bizə müsahibə verdi. Şübhəsiz, dövlət başçısından müsahibə almaq imkanı bir jurnalistin karyerasında ən ali məqamdır.

- Bəs sizin yazılarını oxuduğunuz, fəaliyyətini bəyəndiyiniz jurnalistlər varmı?

- Əlbəttə ki, var. Həm bizim, həm də digər televiziyalarda kifayət qədər yaxşı jurnalistlər var. Eyni zamanda, yazılı mətbuatda da uzun illərdir izlədiyim imzalar var. Zamin Hacını və Xalid Kazımlını tələbəlik illərimdən oxuyuram. Eyni dövrdən Aqşin Yeniseyin həm poeziyası, həm də publisistikasını izləyirəm və sevirəm.

- Bəs gündəmi necə izləyirsiniz?

- Xəbər bizim gündəlik həyatımızdır. Bizim əməkdaşlar xəbərləri təqdim edirlər və artıq bilirik ki, xəbər nədir. Dünya mətbuatını izləyirəm. Eyni zamanda, dünyanın bir neçə nöqtəsində bizim müxbirlərimiz var. Bizim üçün xəbəri oradan həmin əməkdaşlar çatdırırlar.

Qələbə xəbərləri kariyeramız boyu bizi izləyəcək

- Xəbər demişkən, indiyədək unuda bilmədiyiniz xəbər varmı? Məsələn, elə bir xəbəri tamaşaçılara çatdırmısınız və hələ də o yaddaşınızdan silinməyib…

- Qələbə xəbəri. Vətən müharibəsi zamanı çatdırdığımız Qələbə xəbərləri böyük ehtimalla kariyeramız boyu bizi izləyəcək. Mən bir xatırlatma edim, Vətən müharibəsi zamanı cənab Prezident hələ yeni-yeni Qələbə tvitlərı atırdı. Biz də onları efirdə səsləndirirdik. Efirdən çıxdım. Veteran jurnalistlərdən biri mənə zəng vurdu. İlk olaraq məni təbrik etdi. Dedi ki, “Mümtaz, təbrik edirəm. Hər jurnalistə qismət olmur Qələbə xəbərini versin. Biz Birinci Qarabağ müharibəsində torpaqlarımızın işğalı, şəhidlərimiz barədə xəbərlər vermişik. 20-30 il gözlədik ki, torpaqlarımızın işğaldan azad olunması xəbərini də verək. Amma, bizə qismət olmadı. Siz çox xoşbəxtsiniz ki, bu xəbəri verdiniz. Bizim kariyeramızın mənəvi boşluğunu siz tamamladınız”.

Kitab rəflərinə baxanda deyirdim ki, nə çox oxumuşam...

- Müsahibədən öncə sizin sosial şəbəkə hesablarınıza göz gəzdirdim. Belə qənaətə gəldim ki, siz mütaliəni çox sevirsiniz. Maraqlıdır, kitab oxumağa vaxtınız olurmu, yaxud kimləri mütaliə edirsiniz?

- Mən, ümumiyyətlə, kitabı karandaşla oxuyanlardanam. Oxuduğum kitablardan müəyyən hissələri, bəyəndiyim sitatları izləyicilər üçün paylaşıram. Əvvəl kitab rəflərinə baxanda deyirdim ki, nə çox oxumuşam. Bir az da oxuduqca yanıldığımı gördüm. İnsan nə qədər çox oxusa, bir o qədər az oxuduğunun fərqinə varır. Hər kəs kimi tələbəlik illərində daha çox oxumuşam. Həftəyə 2-3 kitab bitirdiyim zamanlar olurdu. Artıq iş və ailə həyatı imkan vermir ki, kitablara o qədər vaxt ayıra bilim. İndi də müəyyən qədər oxumağa çalışıram. Yerli ədəbiyyatımız, klassikamız mükəmməldir. Rus, alman klassikasını, fransız ədəbiyyatını çox sevirəm. F. Dostoyevski, A. Kamü, C. Londonu oxumağı çox sevirəm. İlk qəhrəmanlarımdan biri Cek Londonun “Martin İden” obrazı idi. Yaş keçdikcə, insan püxtələşdikcə qəhrəmanlar da dəyişir, əlbəttə. Tələbəlik illərində “Martin İden” idisə, sonra Kamünün,  Remarkın yaratdığı obrazlar diqqəti daha çox cəlb edir. Herman Hessenin “Yalquzaq”ını daha çox bəyənirsən. Yaxud Hamsunun sarı pencəkli qəhrəmanını…

- İzləyicilərinizə hansı kitabı oxumağı tövsiyə edərdiniz?

- Mütaliəyə yeni başlayan və bu sahədə “gənc” olan oxucular üçün istiqamət verməyə çalışaram. Cek Londonun “Martin İden”i ilə başlayaq. Heman Hesse “Yalquzaq”, Turgenev “Atalar və oğullar”, Dostoyevski, Tolstoy, Hüqo, Kamünün əsərlərini, Çexovun hekayələrini, xüsusən “Altı nömrəli palata”sını, Corc Oruelin “1984”ünü. O. Hakslinin “Yeni cəsur dünya” romanı çox fərqlidir. Remarkın “Zəfər Tağı”, “Qərb cəbhəsində yenlik yoxdur”, Knut Hamsunun “Misteriyalar”, “Aclıq”, “Torpağın bərəkəti”... Kafkanı, Markesi, Milan Kunderanı, Orxan Pamuku. Rus ədəbiyyatı dedik, Bulqakov yaddan çıxmasın. Çexovun hekayələrini dedim, Mopassanın da hekayələri başqa aləmdir. Mopassan deyəndə qadınlar yada düşür, qadınlar deyəndə Balzak (gülür).

 

- Bəyəndiyiniz əsərlərdən hansı sitatları vurğulamaq istərdiniz?

“Batan gəminin suya atılan yükü kimi,

Kənara atıram ümidlərimi.

Ömrümün divarında

Bu gün yenə kəndir dayanıb, Qapı yerində...”

Sitat yox, çox sevdiyim Vaqif Səmədoğlunun misraları yadıma düşdü...

 

Düzünü desəm, dostlarım məndən inciyib

-  Efirdən kənarda vaxtınızı necə keçirirsiniz?

- Efirdən kənarda vaxtımız qalarsa keçirəcəyik. (gülür...) Ən çox tələbələrimə vaxt ayırıram. Mən eyni zamanda, diksiya mütəxəssisiyəm. İşdən sonrakı vaxtımın böyük hissəsini onlarla keçirirəm. Və əlbəttə ki, ailəmin yanında oluram. Bir də rossoneri olaraq, “Milan”ın oyunlarını izləyirəm. Düzünü desəm, dostlara vaxt qalmır. Hamısı da məndən inciyib.

- Yenidən işə qayıdaq. Sizcə, teleaparıcı üçün xəbər nədir?

- Mənə görə, xəbər gündəlik tələbatdır. Elə insanlar var ki, xəbərsiz qala bilmirlər. Əsas odur ki, xəbəri düzgün mənbədən alsınlar. Elə olduqda xəbərin dəqiqliyinə, dolğunluğuna şübhə qalmır.

- Sosial şəbəkələrdə qarşımıza çıxan xəbərlərin heç də hamısı real olmur. Ciddi mediadan fərqli olaraq, sosial şəbəkələrdə dezinformasiya, feyk xəbərlər daha çox ayaq açır və diqqət çəkir. Onu da etiraf edək ki, insanlar gündəlik xəbərlər daha çox sosial şəbəkələrdən əldə edirlər. Sizcə, insanların doğru xəbəri hansı mənbələrdən əldə etmələri üçün hansı addımları atmaq lazımdır?

- 200 ildir maarifləndiririk, Zərdabidən bu yana. Maarifləndirmə xətti yaxşıdır, əslində. Mən maarifləndirmə lehinə olan bir insanam. Həm də, işin təkcə onunla yekunlaşmadığını bilən biriyəm.

İndiki tamaşaçı çox diqqətlidir…

- Jurnalistikaya gəldiyiniz ilk gündən indiyədək öyrəndiyiniz ilk və ən önəmli dərs nə olub?

- Əslində mənim üçün “ən” anlayışı yoxdur. “Ən çox sevdiyiniz”, “ən çox bəyəndiyiniz”, “ən önəmli” və s. “Ən” müəyyən qədər nisbi anlayışdır. Zaman keçdikcə forma və məzmunca dəyişə biləndir. Amma sualınıza cavab verməyə çalışacam. Televiziya mənə saniyələrin əhəmiyyətini öyrədib. Televiziyada hər bir saniyənin hökmü var. Bir neçə saniyə ərzində düşün, qərar ver və tətbiq elə. Bir saniyə gec və ya tez davranış hər şeyi fərqli istiqamətə yönəldə bilər. Uzun illərdir ki, saniyələrlə “vuruşduğumuz” üçün, bu həyatımızda da öz əksini tapıb. Yəqin ki, gözləməyi və gözlətməyi bu səbəbdən sevmirəm. İlk və ən önəmli şey “saniyə”dir. Dostoyevski demişkən “saniyələrin nəbzini tutmağ”a çalışıram.

Bir də həyatdakı, indi sizinlə danışan Mümtazla, efirə çıxan Mümtazın eyni olmağı çox vacib məqamdır. Bu, yeni başlayan aparıcılar üçün də mesaj kimi olsun. İndiki tamaşaçı çox diqqətlidir. Nəsə fərqlilik olsa, anında başa düşür. Yenə birinci dediyim məsələyə qayıdıram, səmimiyyət mütləqdir və heç vaxt dayanmaq olmaz.

- Bu sahəyə gələn şəxslərə, gənc jurnalistlərə nə məsləhət görərdiniz?

- Hər dəfə ustadlardan kimisə gördükdə öyrənmək üçün soruşmağa nələrisə olsun. Öyrənməyi saxlasaq, inkişaf da dayanar. Öyrənməyə meyillilik olmalıdır. Mütaliə şərtdir. Özünü inkişaf, səmimiyyət vacibdir.

Fatma Abdulla

Foto: Yusif Eyvazlı

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok